THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çin: yeni rəhbərliyin strateji planları

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1740
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr – Newtimes.az

Çində hakimiyyətə “beşinci nəsil” siyasətçilər gəlir. Ölkənin dünya lideri olmaq üçün yeni addımlar atacağı gözlənilir. Qlobal geosiyasi mənzərədə ciddi dəyişikliklər mümkündür.

Çin siyasətinin “kölgələri”

Dünyanın diqqəti Çinə yönəlib. Ölkənin hakim partiyasının 18-ci qurultayına bir neçə aspektdə tarixi hadisə kimi baxırlar. Əsas məsələ isə Kommunist Partiyasının rəhbərliyinin dəyişməsidir. Çünki bunu bütövlükdə Çinin öz siyasətində yenilik etməyə hazırlığı kimi qiymətləndirirlər. Əslində isə, ölkədə rəhbər dəyişikliyi bir tərəfdən dərin daxili sosial-siyasi, iqtisadi problemlərlə, digər tərəfdən isə getdikcə daha da mürəkkəbləşən qlobal geosiyasi dinamika ilə bağlıdır.

Çində hər bir siyasətçi Den Syaopinin bir tövsiyəsinə əməl edir – “kölgədə qalmaqla öz saatını gözlə!” Lakin ölkənin xarici siyasəti artıq bu müdrik mövqedə qala bilmir. Çünki Çin o dərəcədə inkişaf edib ki, əsas diqqətini daxili inkişafa yönəldib, beynəlxalq aləmdə “su kimi sakit axmaq” taktikası əvvəlki səmərəsini itirir. Pekin dünya bazarında öz mövqeyini qorumaq üçün böyük dövlətlərin amansız mübarizə oyunlarında iştirak etməlidir. Deməli, Çin siyasəti “kölgədən çıxmalıdır”. Onun siması görünməlidir.

Belə şəraitdə ölkə rəhbərliyinin dəyişməsi doğrudan da strateji məqamlarla əlaqəsi olan hadisədir. 18-ci qurultayda Çində sosial proqramların həyata keçirilməsində ciddi problemlərin qaldığı etiraf olundu. Cəmiyyətdə yaşlıların sayı artır. Hazırda yaşı 60-dan çox olanlar 185 milyondursa, 2015-ci ildə bu rəqəm 221 milyon olmalıdır. Belə bir vəziyyət Çində 1970-ci illərdən həyata keçirilən demoqrafik siyasət nəticəsində yaranıb. İndi bu siyasət dəyişməlidir.

Başqa ciddi problem sosial müdafiəsi zəif olan insanların sayının durmadan artması ilə əlaqəlidir. Onların sayı təqribən 300 milyondur. Çinin yeni rəhbərliyi üçün bu problemin həlli birinci dərəcəli məsələ hesab olunur. Təsadüfi deyil ki, ÇKP-nin qurultaydakı hesabatında ölkənin iqtisadi inkişaf modelinin dəyişməsindən söhbət gedib. Yeni iqtisadi model daxili bazarın genişlənməsinə, sərmayənin inkişafına və fərdi istehlak potensialının artırılmasına imkan verməlidir.

Qurultayda hesabat verən Xu Szintao Çin islahatlarının yerində saymasına son qoymaq zərurətini vurğulayıb. O, siyasi idarəetmədə yeniliklər etməyin lazımlığını qeyd edib. Hüquq qarşısında hamının bərabər olduğunu deyib. Siyasi islahatlar xalqa daha geniş demokratiya verilməsi istiqamətində olmalıdır. Bütövlükdə, Çində siyasi idarəetmədə yeniliklər həyata keçirilməlidir. Xu Szintao bütün bunların reallaşacağı halda 2049-cu ildə varlı, demokratik və güclü sosialist dövləti qurulacağını bəyan edib.

Xu Szintaonun dünyada geniş əks-səda doğuran fikri isə Çinin “dəniz dövləti” olması ilə bağlı etdiyi çağırışdır. Pekin başa düşür ki, dənizdə böyük gücə sahib olmaqla dünya lideri kimi qəbul edilə bilər. Artıq onun bir buzqıran gəmisi – “Syuelun” (“Qar əjdahası”) vardır. Çin ikinci belə bir gəmini hazırlayır. Onu deyək ki, ABŞ-ın cəmi 3 buzqıran gəmisi var.

Ekspertlər Çində rəhbərliyin dəyişməsinin səbəbini yalnız daxili vəziyyətlə əlaqələndirmirlər. Qurultayın qlobal miqyasda geosiyasətdə köklü dəyişikliklərin baş verdiyi zamanda keçirilməsinə diqqət çəkirlər. Ölkənin xarici siyasəti dövrün geosiyasi çağırışlarına cavab verə bilmək imkanına sahib olmalıdır. Bu aspektdə də Pekinin qarşısında ciddi və mürəkkəb vəzifələr durur. Çünki son vaxtlar Asiya-Sakit okean regionunda geosiyasi mənzərədə hiss ediləcək dəyişikliklər müşahidə edilir. Çin yeni yaranmış vəziyyətə ciddi müdaxilə etmək məcburiyyətindədir.

Regionda Pekinin rəqibləri az deyil – Yaponiya, Vyetnam, Tailand, Hindistan və digərləri. Amerika həmin regiondakı müttəfiqləri ilə Çin arasında müəyyən problemlərin yaranmasına laqeyd qalmır. Çinlə Yaponiya, Vyetnam və Tailand arasında artıq ziddiyyətlər meydana gəlib. Onların necə həll ediləcəyi məlum deyil. Hətta analitiklər müəyyən təhlükəli tendensiyaların ortaya çıxdığını vurğulayırlar.

Kommunistlərin “beşinci nəsil” siyasətçiləri və dünya liderliyi iddiası

Qərb “beşinci nəsil” kompyuterlərdən danışırsa, çinlilər “beşinci nəsil” siyasətçilərdən söz açır. Şərqin fərqi bundan ibarətdir. Pekin bütün strateji məqsədlərini yeni siyasətçilər nəslinə görə müəyyənləşdirir. İndi qurultay rəhbərliyi Si Szinpinə etibar edib. Bununla Çin yeni hədəflərə “beşinci nəsil” siyasətçilərin komandası ilə nail olmaq iradəsini nümayiş etdirdi.

Onların qarşısında isə mürəkkəb vəzifələr durur. “Beşinci nəsil” Çini dünyanın bir nömrəli iqtisadi gücünə çevirməlidir. Bu, özlüyündə dünyanın aparıcı geosiyasi gücləri ilə ciddi mübarizədə qalib gəlmək deməkdir. Hazırda bütün sahələr üzrə Çinlə ABŞ arasında yarışma gedir. Bu mübarizənin fonunda ortaya bir neçə ziddiyyətli məqamlar da çıxıb.

Analitiklərin qənaətinə görə, ABŞ Hind və Sakit okeanlarında hökmranlığa can atır (1). Vaşinqton Atlantik okeanında üstünlüyə sahibdir. Onun maraq dairəsinə Sakit okeanın qərb hissəsi və bütövlükdə Hind okeanı daxildir. Çin buna qarşı dənizdə öz gücünü artırmalıdır. Pekinin ilk buzqıran gəmini istifadə etməyə başlamasını Şimal buzlu okeanında yeni böyük oyunun fraqmenti kimi qiymətləndirirlər. Həmin oyunda Rusiyanın da aktiv iştirak etdiyini nəzərə alsaq, kifayət qədər mürəkkəb mənzərə yaranmış olur. Aydındır ki, Çin Şimal Buzlu okeanda çox güclü rəqiblərlə üz-üzədir.

Əslində, Pekin öz su sərhədləri yaxınlığında ciddi problemlərlə qarşılaşıb (bax: 2 və 3). Senkaku adalarına Çin, Yaponiya və Tailand iddia edirlər. Əsas qarşıdurma Yaponiya ilədir. Çində hesab edirlər ki, Tokionun hərəkətləri ümumiyyətlə, Asiyada təhlükəli tendensiyaya yol açır. Konkret olaraq, regionda ictimai rəy mənfi istiqamətdə dəyişir. Bölgə xalqları bir-birini düşmən kimi görürlər. Bu isə bütün region dövlətlərində “inkişaf ideyası”nı “rəqibi məhv etmək xilas yoludur” şüarı ilə əvəz edir. Son nəticədə belə bir ideya dəyişikliyi Asiyanı radikalizmə aparır. Cəmiyyətlər inkişaf etmək modelindən imtina edib, başqasını əzmək fikrinə düşür. Pekin bunu strateji məğlubiyyət hesab edir.

Pekinin Cənubi Çin (Qərbi Filippin) dənizində Vyetnam ilə də problemi var. Burada da ərazi məsələsində fikir ayrılığı getdikcə dərinləşir. Düşündürücü məqam odur ki, həm Yaponiya, həm də Vyetnam məsələsinin arxasından ABŞ çıxır. Amerika regiondakı müttəfiqlərini müdafiə edəcəyini deyir. Onlarla məsləhətləşmələr aparır və regiona əlavə hərbi güc göndərir. Hazırda Yaponiya ABŞ-la imzaladığı təhlükəsizlik müqaviləsinə yenidən baxmağa hazırlaşır (4).

Analitiklər bütün bunların Çinin xarici siyasətinə təsir edəcəyinə əmindirlər. Rusiyalı analitik Andrey Karneyev yeni hakimiyyətin daha sərt davranacağını söyləyir. Çinli siyasətşünas Çjen Veybin isə hər bir halda müəyyən dəyişikliklərin olacağına əmindir (5). Hərbi ekspert C.Lindli-Frenç Çinin qonşularla münasibətini “sərt güc” (ing. Hard power) tətbiqi əsasında qurduğunu önə çəkir. Pekinin Yaponiya ilə münaqişədə məhz bu cür davranacağını bildirir. “Stratfor”dan olan ekspert R.Beyker də təqribən eyni mövqedədir. O, Çin üçün ordunun xarici siyasətin aləti olduğu fikrindədir (3).

Bütün bunlar göstərir ki, Çində rəhbərliyə yeni komandanın gəlməsi adi dəyişiklik deyil. Pekin sözün həqiqi mənasında “beşinci nəsil siyasətçilərini” meydana çıxarır. Bununla o, Qərbin elmi-texnoloji liderliyinə qarşı siyasi müdrikliyi və kollektivçiliyi çıxarır. XXI əsr bu mənada siyasi təfəkkürlərin, orijinal diplomatik oyunların və hərbi gücdən “ağıllı” istifadənin yüzili olacaq.

Dünyanın geosiysi mərkəzi Asiyaya doğru getdikcə daha intensiv surətdə dəyişir. Bu, həm də Yaxın və Orta Şərqə Amerikanın diqqətinin azalacağı deməkdir. Həmin prosesin nəticələri ABŞ-Çin, ABŞ-Avropa İttifaqı və ABŞ-Rusiya münasibətlərinə necə təsir edəcək? Mürəkkəb sualdır. Ancaq bəşəriyyət ona da cavab tapmalı olacaq. Bəlkə də Çinin liderliyi məsələsi də bu sualda ifadə edilən mənalardan asılı olacaq. “Beşinci nəsil” siyasətçiləri çətin sınaqlar gözləyir. Qədim Şərq müdriklərindən biri deyib ki, “dağlar ucadır, ancaq buludlar onları maneəsiz ötüb keçirlər”. XXI əsrdə Çin bu ənənəni saxlaya biləcəkmi?

Newtimes.az

Mənbələr

  1. James R. Holmes. The New Great Game: The Arctic Ocean // “The Diplomat”, November 7, 2012.
  2. Японии не следует вести дело к “великому противостоянию” общественного мнения в Восточной Азии // "Газета Хуаньцю шибао". Редакционная статья. 17 июля 2012. URL: http://inosmi.ru/world/20120717/195082934.html.
  3. Виктор Денисенко. Конфликт из-за островов и его смыслы // “Geopolitika”. 22 октября 2012. URL: http://www.geopolitika.lt/?artc=5657.
  4. Япония хочет пересмотреть договор безопасности с США // “Коммерсантъ”, 9 ноября 2012. URL: http://www.kommersant.ru/news/2063111.
  5. Китай меняет руководство // “Известия”, 8 ноября 2012. URL: http://izvestia.ru/news/539189.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...