THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ diplomatiyasında xüsusi elçi statusu

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3980
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 noyabr – Newtimes.az

Ceymstaun Fondunun aparıcı elmi işçisi Vladimir Sokor bu yaxınlarda Bakıda keçirilən tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni addımlar atılmasının zəruriliyini bildirmişdir. Onun fikrincə, ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir.

Münaqişənin həllində ATƏT Minsk Qrupunun vasitəçiliyinin 20 ilə yaxındır ki, yekun nəticəyə gətirib çıxarmadığını nəzərə aldıqda ayrı-ayrı vaxtlarda yeni yanaşmalarla bağlı təşəbbüs və ideyaların səslənməsi təbii görünür və zamanın tələbidir. Minsk Qrupu münaqişə ilə bağlı beynəlxalq hüquq normalarının, o cümlədən BMT çərçivəsində qəbul olunmuş qətnamələrin yerinə yetirilməsi istiqamətində də heç bir səy göstərmir. Hələlik danışıqlar əvvəlki formatda aparılsa da, Vladimir Sokorun bu fikri ətrafında müəyyən araşdırma aparılması oxucular üçün maraqlı olar.

Ümumiyyətlə, beynəlxalq təcrübədə regional münaqişələrlə bağlı xüsusi elçi və ya nümayəndədən daha çox keçən əsrin 80-90-cı illərindən istifadə olunmağa başlanmışdır. Böyük dövlətlər, beynəlxalq və regional təşkilatlar münaqişələrin həllində vasitəçilik etmək, bəzən isə müharibədən sonrakı dövr üçün “ad hoc” statusda elçi və ya nümayəndə təyin edirlər. Bu cür yanaşmanı həmin dövlətlərin regionla və ya münaqişənin həllində hansı səviyyədə maraqlı olması kimi qiymətləndirmək olar.

Son 200 ilin dünyada əsas söz sahiblərindən olan ABŞ diplomatiyasında da bu təcrübədən istifadə olunur. Xüsusən də, Prezident Niksonun dövründə (1969-1974) Kissincerin ayrı-ayrı münaqişələrlə bağlı danışıqlarda ABŞ-ın nümayəndəsi kimi iştirakı ilə bu missiya başlanmışdır. ABŞ-da bu cür xüsusi nümayəndə Prezident, Dövlət Katibi və hətta bəzi hallarda Konqres qarşısında cavabdehlik daşıyır. Yəni, bu vəzifə Prezidentin deyil, hökumətin xüsusi nümayəndəsi olaraq müəyyənləşir. Eyni zamanda hər bir Prezidentin yeritdiyi xarici siyasət kursundan asılı olaraq xüsusi nümayəndələrin sayı dəyişir. Misal üçün Buş Administrasiyası bu mexanizmdən çox nadir hallarda istifadə etdiyi halda, Obama Administrasiyasında müxtəlif məsələlərlə bağlı 24 xüsusi elçi vardır. Bunların arasında Şimali İrlandiya, Orta Şərqdə sülh prosesi, Birma, Şimali Koreya siyasəti, Cənubi Sudan və Sudan üzrə, Afrika məsələləri üzrə xüsusi elçilər sırf münaqişə bölgələrində vasitəçilik və ya ABŞ siyasətinin koordinasiyası məqsədilə təsis olunmuşlar.

Münaqişələrlə bağlı xüsusi elçi təyin etməsi ABŞ-ın dünyadan artan rolunu və həmin regionda xüsusi maraqlarını əks etdirir. ABŞ-ın ənənəvi diplomatik orqanlardan əlavə belə bir nümayəndə təyin etməsi proseslərə daha çevik reaksiya vermək imkanı yaradır. Amerika cəmiyyətinin daxilində də isə bu  təcrübədən istifadə olunmasına səfirlərin təyinatında icra orqanı ilə Konqres arasında mübahisələrdən, Senatın Prezident təyinatlarını təsdiq zamanı yaratdığı maneələrdən yan keçmək vasitəsi kimi baxırlar. Çünki ABŞ-da səfirlərin təyinatından fərqli olaraq “ad hoc” missiyalar Prezident və Dövlət Katibinin təşəbbüsü əsasında müəyyənləşdirilirlər və əksər hallarda qanunverici orqanda təsdiq olunmaları zəruri deyil.

Münaqişə tərəflərinin özləri də ABŞ xüsusi nümayəndəsini bu dövlətin münaqişənin həllində marağı kimi qiymətləndirirlər. Lakin tarixi təcrübə göstərir ki, bir çox hallarda xüsusi nümayəndələrin göndərildiyi münaqişələr həll olunmamış qalır. İsrail-Fələstin münaqişəsində ABŞ-ın missiyasını bu baxımdan xüsusi fərqləndirmək olar. Məlum olduğu kimi, ABŞ Fələstini dövlət kimi tanımadığından, ölkələr arasında diplomatik münasibətlər də yoxdur. Belə olan halda bu münaqişədə ABŞ-ın vasitəçilik missiyası xüsusi nümayəndənin üzərinə düşür. Lakin münaqişə tərəflərinə - İsrail və Fələstinə fərqli münasibət göstərən ABŞ-dan ədalətli həll üçün vasitəçilik gözləmək sadəlövhlük olardı. Bu cür yanaşma dəyişmədikcə Yaxın Şərqdə davamlı sülhə nail olmaq mümkün olmayacdır və bütün tərəflər bu reallığı bilirlər.

ABŞ-ın xüsusi elçilərinin təyin olunduğu münaqişələr arasında nisbətən uğurlu vasitəçilik olaraq Şimali İrlandiya və Bosniya üzrə missiyaları fərqləndirmək olar. Məlum olduğu kimi, ABŞ əsas müttəfiqi Britaniyanın iştirakçısı olduğu bu münaqişəyə uzun illər qarışmamışdır. Yalnız Prezident Bill Klinton Şimali İrlandiya üzrə xüsusi elçi təyin etmişdir və bu missiya tərəflər arasında atəşkəsin təmin olunmasında əsas söz sahibi olmuşdur. Bosniya münaqişəsini tənzimləyən 1995-ci il Deyton sülh sazişini də ABŞ diplomatı Riçard Holbrukun əsəri hesab edirlər.

Lakin günümüzdə baş verən hadisələr göstərir ki, əksər hallarda ABŞ-ın vasitəçilik missiyası olduğu münaqişələr tam həll olunmamış və ya dondurulmuş vəziyyətdə qalmaqda davam edir. Balkanlarda Kosovanın bu günkü problemləri, eləcə Afrika ölkələrində vətəndaş müharibələri ABŞ-ın vasitəçiliyinin çox zaman qısa müddətli perspektivə hesablanmış addımlar olduğunu göstərir. Həmin dövr hadisələrinin təhlili göstərir ki, bu cür xüsusi missiyalar ABŞ-da daxili auditoriyanın rəğbətini qazanmağa yönəlir. Münaqişə ilə bağlı xüsusi missiyalar daha çox ABŞ-da Prezident seçkiləri ərəfəsində aktivləşirlər. Seçki debatlarında da namizədlərin arqumentləri bu yanaşma üzərindən qurulur. Reallıqda isə İsrail-Fələstin münaqişəsi davam edir, Myanmada insanların dini etiqad ayrı-seçkiliyi ucbatından qırğınına göz yumulur, Orta Şərqdə yeni münaqişə ocaqları yaranır. Sudanda isə münaqişənin bundan sonra hansı çalar alacağını heç proqnozlaşdırmaq belə mümkün deyil. Bunlar Obama Administrasiyasının xüsusi nümayəndə təyin etdiyi regionlardır. Yəqin ki, qeyd olunan regionlarda hazırkı status-kvo Vaşinqtonu razı salır. ABŞ-da Prezident seçkilərində kimin qalib gəlməsindən asılı olaraq xüsusi nümayəndələr dəyişdirilə bilər. Dəyişməz qalan isə yalnız həll olunmamış münaqişələr olacaq.

Belə bir halda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın xüsusi nümayəndəsi olsa belə, proseslərdən hər hansı yenilik və ya irəliləyiş gözləməyə dəyməz. Əslində Minsk Qrupunda ABŞ-ın həmsədrlik funksiyası real iş görmək üçün kifayət qədər mövqeyə malikdir. Lakin vasitəçilərin öz maraqları ilə münaqişənin ədalətli həlli üst-üstə düşmədiyi üçün gələcək dumanlı görünür.

Ərəstü Həbibbəyli,

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...