THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropada irqçilik və ksenofobiya

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8299
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr – Newtimes.az

Son bir neçə ildə əksər Avropa ölkələrində irqçilik və diskriminasiya hiss olunacaq dərəcədə artıb. Neo-nasistlərin ənənə halını alan mitinqləri, miqrantlara qarşı artan hücumlar, irqçi və radikal sağ yönümlü təşkilatların çoxalması və siyasi aktivlik nümayiş etdirməsi bunun göstəriciləridir.

İrqçiliyin artdığını göstərən ilkin əlamətlər 90-cı illərdə Avstriya, Fransa, Almaniya, İsveç, Hollandiya, Bolqarıstan və digər ölkələrdə neo-nasist təşkilatların artması, müxtəlif etnik və dini mənsubiyyətə malik olan insanların, xüsusən də miqrantların tez-tez hücumlara və təhqirlərə məruz qalması idi. 2001-ci il 11 sentyabr hadisəsindən sonra dünyada sürətlə yayılan islamafobiya da Avropadakı irqçi və neo-nasist hərəkatların genişlənməsinə güclü təkan verdi. Ənənəvi irqçi ideyalarla islamafobiyanın birləşməsi daha təhlükəli tendensiyalara gətirib çıxara bilər. 2011-ci ilin iyulunda Norveçdə terrorçu Anders Breyvikin törətdiyi 77 nəfərin ölümünə səbəb olan kütləvi qətl bunun nəticəsi idi.

“Qoca qitə”də irqçiliyin kökləri

Əslində, irqçilik Avropa qitəsində müxtəlif təzahür formasında qədim zamanlardan mövcud olub. Özündən olmayanları, başqa mədəniyyət sahiblərini barbar, vəhşi adlandırmaq, irqi xüsusiyyətlərinə görə insanları ali və aşağı dərəcəli qruplara ayırmaq ənənəsi burada dərin köklərə malikdir. Avropalıların irqçi təfəkkürü orta əsrlərdə böyük coğrafi kəşflər dövründə ayrı-ayrı qitələrdəki yerli əhalinin kütləvi şəkildə məhvi ilə də özünü göstərdi.

XIX əsrin ikinci yarısından etibarən Avropada rasizmi nəzəri cəhətdən əsaslandırmağa çalışan ideya cərəyanları daha da genişləndi. Belə ki, Çarlz Darvinin təkamül prosesində yalnız güclülərin yaşamını sürdürməsi və təkmilləşməsi ilə bağlı bioloji nəzəriyyəsi sosioloqlar tərəfindən cəmiyyətin sosial-siyasi həyatına tətbiq edilməyə başlandı. Herbert Spenser, Frensis Qalton kimi sosioloqlar guya şüur baxımından daha çox inkişaf etmiş, mədəni irqlərin digər xalqlar üzərindəki sosial, siyasi ağalığına haqq qazandırırdılar.

Təsadüfi deyil ki, sosial darvinizm XX əsrin I yarısında Avropada faşizmin və nasional-sosializmin ideya əsaslarına çevrildi. II Dünya müharibəsində milyonlarla günahsız insanın ölümünə səbəb olan bu cərəyanlar məhz irqçi dünyagörüşünün məhsulu idi.

Faşizm üzərində qələbədən sonra Avropada irqi düşmənçiliyə aparan bütün ideyaların təbliği qadağan edildi, irqçi təşkilatlanmalar aradan qaldırıldı, xalqlar arasında bərabərlik, humanizm, tolerantlıq, insan haqları kimi ali prinsiplər qitə sakinlərini və bütün bəşəriyyəti birləşdirən dəyərlər olaraq önə çəkildi.

Avropa dünyaya yaydığı dəyərlərdən imtina edir?

Lakin görünən odur ki, son illərdə əksər Avropa cəmiyyətlərində qeyd olunan dəyərlər, xüsusən də tolerantlıq, yəni dini, etnik dözümlülük əvvəlki əhəmiyyətini itirməkdədir. Avropa İttifaqı və onun tərkibindəki qurumların dünyanın müxtəlif regionlarında, hətta irqi və dini zəmində ciddi münaqişələrin yaşanmadığı ölkələrdə insanlara tolerantlıq, humanizm dərsləri keçdiyi bir vaxtda İttifaqa üzv ölkələrin özündə bu dəyərlər aşınmaqdadır. Burada artan miqrasiya ilə yanaşı, iqtisadi böhranın rolunu xüsusi vurğulamaq lazımdır.

Avropada dərinləşən böhran on minlərlə insanın işsiz qalması, milyonlarla işçinin əmək haqqının miqdarının azalması nəticəsində işsizlik və yoxsulluğun artması kimi sosial problemlərə səbəb olur. Aİ-də, xüsusən də vahid valyutadan istifadə edən avrozona ölkələrində gənclər iş tapmaqda çətinlik çəkir. Belə bir vəziyyətdə böhrandan əziyyət çəkən ölkələrə xaricdən əmək miqrantlarının axınının davam etməsi yerli əhalidə narazılıq və qəzəb hissini artırır.

Lakin rasizmin güclənməsini yalnız iqtisadi böhranla əlaqələndirmək doğru olmazdı. Məsələn, neo-nasist hərəkatının kifayət qədər güclü olduğu Avstriyada bu ənənə gizli və açıq formalarda öz mövcudluğunu daim sürdürüb.

Sağçı radikallara olan ictimai dəstəyin son illərdə daha da artmasının mühüm səbəbi kimi qloballaşmanın xalqları bir-birinə yaxınlaşdırması nəticəsində meydana gələn sivilizasiyalararası toqquşmanı göstərmək olar. Avropa ölkələrinə gələn fərqli mədəniyyət daşıyıcıları olan insanların toplu halda məskunlaşması onların yerli mühitə uyğunlaşmasını və assimilyasiyasını çətinləşdirir. Britaniyanın baş naziri Devid Kameronun miqrasiya tendensiyaları ilə bağlı böyük marağa səbəb olan 2011-ci il aprel çıxışı bu məsələnin mühafizəkarları nə dərəcədə narahat etdiyini gözlər önünə sərir (bax).

Beləliklə, bir vaxtlar xaricilərə qucaq açan və onların əməyinin sosial, iqtisadi, mədəni inkişafa verdiyi töhfələrdən yararlanan Avropa ölkələri indi immiqrasiya templərini aşağı salmaq üçün yollar axtarır.

Neo-nasistlərin və irqçilərin siyasi arenadakı dirçəlişi

İrqçi düşüncələrə dəstəyin artması sosial barometr rolunu oynayan seçkilərdə özünü daha qabarıq göstərməyə başlayıb. Belə ki, seçki kampaniyaları dövründə namizədlər miqrantlara qarşı sərt mövqeləri və millətçi çıxışları ilə seçicilərin dəstəyini qazanmağa çalışır, səsvermənin nəticələrində isə irqçi partiyaların göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəldiyi görünür. Təkcə son ildə bir sıra ölkələrdə gedən siyasi proseslərdə qeydə alınan faktlar radikal sağçıların gücləndiyini təsdiq edir. Bu prosesin qarşısının alınması üçün hökumətlər səviyyəsində ciddi addımların atılmadığı da sirr deyil. Fransada ultra-sağçı "Milli cəbhə" partiyası ilk dəfə olaraq builki parlament seçkisində 13%-dən artıq səs toplayıb. Partiyanın lideri Marina le Pen öz millətçi çıxışları ilə məşhurdur.

Yunanıstanda 2012-ci ilin may ayında keçirilən parlament sesçkisinin nəticələrindən məlum olub ki, ümumilikdə, səslərin 20 faizi sağçı partiyalara verilib. Onların içərisində ən radikal və irqçi "Qızıl Şəfəq" partiyası 7%-ə yaxın səs toplayaraq, ilk dəfə parlamentə daxil olaraq, 300 nəfərlik parlamentdə 18 yerə sahib olub. Partiyanın nüfuzu isə sürətlə artmaqda davam edir. Oktyabrda Yunanıstanda əhali arasında keçirilən sorğu göstərib ki, əgər yenidən seçki keçirilsə idi, "Qızıl Şəfəq" səslərin 14%-ni qazanaraq Yunanıstanın üçüncü böyük siyasi partiyası olardı. Sentyabrda keçirilən sorğu isə göstərib ki, may ayı ilə müqayisədə "Qızıl Şəfəq"ə rəğbət bəsləyənlər 12%-dən 22%-ə yüksəlib (bax).

Ukraynada ultra-sağçı "Svoboda" partiyası 2007-ci il növbədənkənar parlament seçkisində 0,76 % səslə yer tuta bilməmişdisə, 2012-ci il oktyabrın 28-də keçirilən növbəti parlament seçkisinin nəticələrinə əsasən, ksenofob mövqeyi ilə seçilən partiya 10 %-dən bir qədər çox səs toplayaraq, 450 nəfərlik parlamentdə yerlərin 37-nə sahib olmaq imkanı qazanıb.

Doğrudur, Avropada radikal millətçiliyə, irqçiliyə qarşı çıxanlar da kifayət qədər çoxdur. Lakin ictimai şüurdakı radikallığa doğru artan meyilliliyi danmaq mümkün deyil. Əgər seçkilərdəki qeyd olunan tendensiya bu sürətlə davam edərsə, yaxın gələcəkdə bir sıra Avropa ölkələrində irqçi siyasi partiyalar hökumətin qərarlarına təsir göstərmək gücünə, yaxud koalisiyalar tərkibində hakimiyyətdə təmsil olunmaq imkanına sahib ola bilərlər. O zaman Avropanın öyündüyü tolerantlıq, bərabərlik, insan haqları və s. demokratik dəyərlərin aqibətinin necə olacağını indidən təsəvvür etmək mümkündür.

Hülya Məmmədli

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...