THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Şərq tərəfdaşlığı": Azərbaycan Prezidentinin diplomatik uğurunun Brüssel səhifəsi (I yazı)

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11160
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 dekabr 2021 – Newtimes.az

Qlobal geosiyasi proseslər və "Şərq tərəfdaşlığı": kəsişməyən xətlər

Tanınmış Amerika dövlət xadimi Henri Kissincer 2014-cü ildə yazdığı "Dünya nizamı" kitabında vurğulayır: "bizi xaos təhdid edir...". Kitabın başqa bir yerində isə qeyd edir ki, "gəlin özümüzü aldatmayaq – qlobal dünya nizamı heç zaman mövcud olmayıb...". Amerikanın başqa tanınmış siyasətşünas-ideoloqları Riçard Haas və Çarlz Kapçan 2021-ci ildə dərc edilən məqalələrində vurğulayırlar: "Beynəlxalq sistem tarixi dəyişiklik nöqtəsindədir... Asiya iqtisadi yüksəlişə davam edir. Qərbin iki əsrlik dominantlığı başa çatır. Qərb yalnız iqtisadi dominantlığını deyil, həm də ideoloji hökmranlığını itirir... Yüksələn Çin aqressiv Rusiyanın dəstəyi ilə Qərbin nüfuzuna "əlcək atır""...

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına həsr edilmiş bir məqaləyə biz niyə siyasətşünasların qlobal dünya nizamına aid fikirləri ilə başlayırıq? 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən "Şərq tərəfdaşlığı"nın VI sammitində müzakirə edilən məsələlərin ümumi ruhu, məzmunu və məqsədləri kontekstində bunun səbəblərini aydın görmək olar.

Konkret desək, dünyanın tanınmış mütəxəssislərinin qlobal nizam və bütövlükdə dünyadakı geosiyasi proseslərin istiqaməti barədə fikirlərinin fonunda "Şərq tərəfdaşlığı" proqramı bir qədər "oyundankənar" vəziyyətdə görünür.

Perspektivi azalan Qərbin hər hansı siyasi strukturuna kənardan bir neçə dövləti inteqrasiya etməyin özünün perspektivi nədən ibarət ola bilər? Əgər indiyə qədər qlobal nizam yoxdursa, Avropa İttifaqı başqa ölkələri "hansı geosiyasi məkana" dəvət edir və bu prosesin sonu nə ola bilər?

Daha konkret ifadə etsək, əgər dünyanın geosiyasi aktivlik mərkəzi Şərqə keçirsə, bu məkanın hər hansı ölkəsinin Qərbdəki siyasi-hüquqi struktura inteqrasiyasının faydası nədən ibarətdir?

Təbii ki, praktiki aspekti də olan, lakin ümumi olaraq nəzəri xarakter daşıyan bu kimi sualların cavabını zaman özü verəcək. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın siyasi paytaxtında nümayiş etdirdiyi strateji uzaqgörənlik və yüksək diplomatik məharətin tam mənası H.Kissincer, R.Haas və Ç.Kapçan kimi ekspertlərin irəli sürdükləri tezislər fonunda daha aydın görünə bilər.

Məsələ ondan ibarətdir ki, "Şərq tərəfdaşlığı"nın VI sammitində İlham Əliyevin diplomatik və lider uğurlarının konkret tarixi vardır. Təsəvvür edin, keçən əsrin 90-cı illərində Azərbaycanla "sən kimsən?" məntiqi ilə danışan dünyanın böyük gücləri belə, indi İlham Əliyevin beynəlxalq səviyyədə vəziyyəti dəyişdiyindən danışır və bunun necə baş verdiyini anlamağa çalışırlar! Ötən əsrin 90-cı illərinin əvvəllərindən havadarlarının ciddi dəstəyi sayəsində "at oynadan" Ermənistan indi geridə qalmamaq üçün yollar axtarır!

Xatırladaq ki, cəmi 2 il öncə Ermənistan özünün strateji xarakterli sənədinə Gəncəni erməni şəhəri kimi daxil etmişdi. Bu kiçik ölkə konstitusiyasına elə müddəalar yazmışdı ki, Türkiyə və Azərbaycana qarşı aqressiya edə, "soyqırımı" nağılını istədiyi qədər "çeynəyə" bilərdi. Brüssel sammitindən sonra isə İrəvandan xəbərlər gəlir ki, Ermənistan əsas qanununu dəyişir! Əlbəttə, burada qardaş Türkiyənin böyük dövlət kimi apardığı siyasətin təsirini unutmaq olmaz. Lakin Azərbaycan Prezidentinin siyasi varislik prinsipi çərçivəsində davamlı olaraq həyata keçirdiyi səmərəli siyasət və virtuoz diplomatik fəaliyyət çox ciddi rol oynayıb. İlham Əliyev bütün görüşlərində olduqca uğurlu addımlar atıb və tədricən aqressiv erməni diplomatik ruhunu barış müstəvisinə gətirib. Bunu atıq bütün dünya bilir və etiraf edir.

Vurğulanan arqumentlərin fonunda Azərbaycanın yürütdüyü siyasətin Şərq tərəfdaşlığı fraqmentinin mənasının düzgün anlaşılması üçün bir neçə il əvvələ – "Şərq tərəfdaşlığı" proqramının təklif edildiyi illərə və onun ətrafında cərəyan edən proseslərin istiqaməti məsələsinə qayıdaq.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" layihəsi onun daha ümumi olan yeni qonşuluq siyasəti proqramının tərkib hissəsidir. "Şərq tərəfdaşlığı" konkret olaraq postsovet məkanının 6 ölkəsini – Azərbaycan, Ukrayna, Ermənistan, Gürcüstan, Moldova və Belarusu əhatə edir. Həm də bu aspektdə yeganə proqram deyil. Onu "Şimal ölçüsü" və "Aralıq dənizi ittifaqı" proqramlarının tamamlaması kimi qəbul edirlər. Bu məqamı da nəzərə alsaq, onda "Şərq tərəfdaşlığı"nın yeni qonşuluq siyasəti çərçivəsində yeri və rolunu aşağıdakı kimi təsvir etmək olar.

"Şərq tərəfdaşlığı" proqramı Avropanın siyasi-hüquqi, mənəvi-mədəni, iqtisadi, ideoloji, aksioloji olaraq postsovet məkanına nüfuz etməsi məqsədi ilə yaradılıb. Burada da başlıca məqsəd Avropa İttifaqının siyasi, geosiyasi, iqtisadi və mədəni-tranzitar maraqlarını universal dəyərlər kimi Avrasiya məkanına yaymaqdan ibarətdir. Digər addımlar bu əsas məqsədə çatmaq üçün atılmaqdadır.

Assosiativ üzvlük: suverenliyə maneə, yoxsa inkişaf üçün yeni şans?

Deməli, "Şərq tərəfdaşlığı"nı ümumi xeyirxah proqram kimi təsəvvür etmək yanlışdır. Bu mənada Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına assosiativ üzv olmaları onların daha da müasirləşməsi, demokratikləşməsi və ya inkişaf etməsi əlaməti deyil. Əksinə, bu ölkələrin Avropanın siyasi-diplomatik və hüquqi "tələsinə" düşmələridir. 2009-cu ildə "Şərq tərəfdaşlığı"nın qəbul edildiyi vaxtdan bu yana baş verənlər vurğuladığımız tezisi təsdiq edir. Onların da üzərində qısa dayanmaq lazım gəlir.

2008-ci ildən iki əyaləti qonşu dövlət tərəfindən zəbt olunmuş Gürcüstan üçün Avropa İttifaqı hansı addımları atıb? Onun işi bu günə qədər Rusiyanı ittiham edib, Gürcüstana vəd verməkdən o tərəfə getmir. Gürcüstan "Şərq tərəfdaşlığı" çərçivəsində maliyyə yardımından və iqtisadi vədlərdən başqa hansı dividend götürüb? "Vestnik Kavkaza" agentliyinin baş redaktoru, ekspert Andrey Petrov yazır: "...2012-ci ildən başlayaraq Gürcüstanda hakimiyyət və müxalifət kimin daha çox avropamərkəzçi olması ətrafında yarışırlar".

Bəs onda assosiativ üzvlüyün faydası nədən ibarətdir? Ekspertlər bu suala hələ də birmənalı və konkret cavab tapa bilmirlər. Onu deyək ki, rəsmi olaraq "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrlə əlaqələrdə islahatların prioritetləri və Avropa İttifaqı ilə əməkdaşlıqda aşağıdakı istiqamətlər müəyyənləşdirilib:

1) idarəetmə sisteminin təkmilləşdirilməsi və sabitliyin təmin edilməsi (demokratiya);

2) Aİ-nin sahə iqtisadi siyasəti ilə konvergensiya və inteqrasiya (buraya azad ticarət zonaları da daxildir);

3) insanlar arasında əlaqələrin inkişaf etdirilməsi (viza rejiminin liberallaşması və qanunsuz miqrasiya ilə mübarizənin güclənməsi).

Gürcüstanla bağlı aydındır ki, onların heç biri yerinə yetirilməyib. Mixeil Saakaşvilinin hakimiyyətdən getməsindən sonra bu ölkədə proseslər xeyli zəifləyib, Avropa İttifaqının iqtisadi sisteminə heç bir köklü inteqrasiya baş verməyib (azad ticarət zonasının isə nişanəsi belə yoxdur) və viza rejiminin yumşaldılmasından başqa bir irəliləyiş gözə dəymir. Bunun fonunda Brüssel Tbilisini seçki sistemində islahat aparmadığı halda cəza ilə hədələyir və maliyyə yardımını da ciddi şərtlərlə verir.

İndi Ukraynanın vəziyyətinə baxaq. Bu ölkə ciddi təhlükə qarşısındadır və Avropa İttifaqı heç bir əks addım ata bilmir. Konkret desək, Brüssel assosiativ üzvünü kənar müdaxilədən qoruya bilmədiyini nümayiş etdirir. Ortada ABŞ-ın hədə-qorxuları var ki, ona da Kreml aydın cavab verir.

Ukraynanın iqtisadi, sosial, maliyyə vəziyyəti də göz qabağındadır. Yuxarıda vurğulanan punktların heç biri Ukrayna üçün də yerinə yetirilməyib. Ukraynada demokratiyadan deyil, oliqarxlarla mübarizədən danışırlar. Bu barədə Ukrayna Prezidenti ağzını açan kimi çox ciddi hədələr eşidilir. Politoloqlar isə Ukraynada neopatrimonial demokratiyadan bəhs edirlər.

Neopatrimonializm "patrimonializm" sözündən götürülüb. "Patrimonializm" latıncadan tərcümədə "irsi varidata əsaslanan siyasi rejim" deməkdir. Neopatrimonializm ənənəvi patrimonializmlə bir sıra müasir idarəetmə elementlərinin sintezindən ibarətdir. Demokratiya sahəsində Ukraynanın hələ bir çox problemləri həll etməsi lazımdır. Ancaq artıq 12 ildir ki, "Şərq tərəfdaşlığı" proqramının üzvü olan və son bir neçə ildir ki, ona assosiativ üzv olan Şərqi Avropa ölkəsi nə üçün neopatrimonial rejimlə idarə olunur? Hansı səbəblərdən dəyişiklik baş vermir? "Demokratik" Aİ öz daxilində yer almış neopatrimonial Ukraynaya necə dözür?

Bundan başqa, hətta rəsmi Kiyev hərbi-müdafiə sahəsində Aİ-dən çox Türkiyəyə müraciət edir, onunla sazişlər imzalayır. Ukrayna çətinə düşəndə Brüssel, Berlin, Paris demir, Ankara deyir! Ekspertlər yaxın perspektivdə Ukraynanın bu vəziyyətdən Aİ-nin yardımı ilə çaxacağına şübhə ilə yanaşırlar. Maraqlıdır: Ukrayna nəyə görə "Şərq tərəfdaşlığı" proqramında qalır?

Biz Moldovanın da "Şərq tərəfdaşlığı" proqramına daxil olduğu müddətdə "başına gələnləri" xatırlaya bilərik. Onun vəziyyəti Gürcüstan və Ukraynadan elə də fərqlənmir. Deməli, Aİ-nin də dəstəklədiyi və assosiativ üzv olan ölkələr 2022-ci ilə faktiki olaraq problemlərini (o cümlədən ərazi bütövlüyünün təminini) həll etməmiş və həm də əlavə bir çox problemi olan dövlət kimi gəliblər.

Üstəlik, üzvlük müddətində meydana çıxan 2013-2014-cü illər böhranı, 2015-ci ildə Aİ-nin qonşuluq siyasətinə düzəliş etməsi, 2020-ci ilə qədər konkret hədəflərin seçilməsi və BMT-nin 2030-cu il prioritetlərini özünün xarici siyasətinin də məqsədləri elan etməsi ciddi nəticə verməyib. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində assosiativ üzv olan ölkələr oraya daxil olmayan postsovet məkanı ölkələrindən heç bir geosiyasi, siyasi, iqtisadi və mədəni üstünlüyə malik deyillər. Əksinə, Belarus 2021-ci ilin yayında "Şərq tərəfdaşlığı" proqramını tərk etdiyini bəyanladı və Aİ heç bir ciddi əks tədbir görə bilmədi.

Azərbaycanın "Şərq tərəfdaşlığı"nda yolu: uğurlu addımların səbəbləri

Əlbəttə, bütün bu məqamları "Şərq tərəfdaşlığı" proqramının hər bir assosiativ üzvü görürdü. Bu səbəbdən 2017-ci il Brüssel görüşündə məsələlər təkrar müzakirə edildi. Ekspertlər müzakirələrin nəticəsi kimi iki məqamı vurğulayırdılar: birincisi, Aİ etiraf etdi ki, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində hər bir üzvün ehtiyacı tam ödənilmir, ikincisi, Aİ üzv dövlətləri əvvəlki illərdə daha az səviyyədə ortaq məxrəcə gətirə bilir. Ona görə də "Brüssel sammiti nə irəliyə addım ata bildi, nə də üzv dövlətlərin sabitliyi və dayanıqlığını əsas götürərək sürprizlər edə bildi".

Diqqət edək, 2009-cu ildən start verilən prosesdə 2017-ci ilədək üzv dövlətlərin nə sabitliyinə, nə də dayanıqlı inkişafına təminat verilmir. Bundan başqa, sammit ərəfəsi Aİ informasiya yayır ki, "Şərq tərəfdaşlığı" proqramı təşkilata üzvlüyü nəzərdə tutmur. "Onun məqsədi ümumi demokratiya məkanını genişləndirmək, çiçəklənmə (inkişaf mənasında – müəllif) və sıx əməkdaşlıqdır".

Nəhayət, 2021-ci ilin dekabr ayında keçirilən VI sammitdə üzvlərə nələr vəd edildi? Sammitin yekunlarına dair birgə bəyannamənin müddəalarına baxdıqda, faktiki olaraq müsbət mənada assosiativ üzvlər üçün yeni heç bir vədin olmadığı görünür. Ekspertlər yalnız təşkilatın 2,3 milyard avro yardımını vurğulayırlar.

Reallıqda isə sonuncu sammitdə Brüsselin bir sıra yeni geosiyasi addımlar atmağa hazırlaşdığı aydın olur. Maraqlıdır ki, həmin addımlar assosiativ üzvlərdən çox Azərbaycanla münasibətlərdə transformasiyalardan xəbər verir. Həm də, qürurludur ki, bu, illərdir rəsmi Bakının ifadə etdiyi mövqeyə uyğun şəkildə baş verir. Sanki Avropa İttifaqı Azərbaycanın strateji geosiyasi məqsədlərinə təkan verməyə meyllənib. "Şərq tərəfdaşlığı"nın sonuncu sammitinə bu qənaət prizmasından nəzər saldıqda, yuxarıda qeyd etdiyimiz məqamları daha dərindən anlaya və Azərbaycan Prezidentinin Realpolitik-ə əsaslanan siyasətinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində verdiyi siyasi, geosiyasi, iqtisadi və mədəni bəhrələri aydın təsəvvür edə bilərik.

İlk öncə, bir məqamı vurğulayaq. Yuxarıda ifadə etdiyimiz nüanslar özlüyündə "Şərq tərəfdaşlığı" proqramının "yararsız" olduğu anlamına gəlmir. Məsələ ondan ibarətdir ki, Avropa dünyanın ən inkişaf etmiş geosiyasi məkanıdır. Avropa İttifaqı hazırda dünyanın qlobal güclərindən biridir. Ona Almaniya, İtaliya və Fransa kimi yüksək inkişaf etmiş ölkələr daxildir. Bu səbəbdən də Avropa İttifaqı ilə yaxınlaşmaq, onunla əməkdaşlıq etmək olduqca vacibdir. Əsas məsələ bu prosesi postsovet ölkəsinin necə aparması ilə bağlıdır. Eyni məntiqlə deyə bilərik ki, Avropa İttifaqına assosiativ üzv olan və ondan davamlı olaraq yardımlar istəyən postsovet məkanı ölkələri bu proqram çərçivəsində fəaliyyət taktikaları və strategiyalarını düzgün seçməyiblər. Onlar nəticədə inkişaf əvəzinə özlərini geosiyasi "labirintə" salıblar. İndi oradan çıxmaq mürəkkəb bir işdir. Çünki vəziyyətə böyük geosiyasi güclər qarışır.

Bu qeydi göz önünə alaraq Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsindəki fəaliyyətinə baxaq. Rəsmi Bakı öncədən assosiativ üzvlüyə birmənalı reaksiya vermədi. 2013-cü ildə isə tam aydın oldu ki, bu xətt suverenliyə, müstəqilliyə və demokratikləşməyə ciddi mane olur. Bu səbəbdən Prezident İlham Əliyev 2013-cü ildə bəyan etdi ki, Azərbaycan assosiativ üzvlük sənədini imzalamayacaq və əməkdaşlığa fərdi yanaşılmasını təklif edir. Rəsmi Bakı "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlığa dair təkliflər paketini də Brüsselə təqdim etdi. 2015-ci il Riqa sammitində Aİ Azərbaycanın təklif etdiyi mövqeyi demək olar ki, qəbul etdi. Ona görə demək olar ki, Brüssel sözdə etiraz edə bilmirdi, tam olaraq da əmələ keçməkdə tərəddüd edirdi. Çünki onun o vaxta qədər qurduğu əlaqələr sxemi dağılmış olurdu.

Buna baxmayaraq, həm Aİ özünün yeni xarici siyasət kursunu hazırladı, həm də Azərbaycan mövqeyindən dönmədi. Artıq 2018-ci il iyulun 11-də tərəflər Azərbaycanın təklif etdiyi proqrama uyğun olan bir sənədi – "Tərəfdaşlıq prioritetləri"ni parafladılar! Bu sənəd faktiki olaraq bərabərhüquqlu əlaqələrin inkişafına əsaslanan əməkdaşlığın hüquqi təsbiti idi. Ondan sonrakı mərhələdə Aİ ilə münasibətlərin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində inkişafına yeni imkanlar açılırdı.

Hazırda sazişin imzalanması üçün məhdud sayda maneələr qalıb. Bu barədə Azərbaycan Prezidenti bir neçə dəfə fikir bildirib. Aydın olan odur ki, Azərbaycan nəinki müstəqil mövqeyindən dönəcək, əksinə, daha qətiyyətli olaraq nəzərdə tutduğuna nail olacaq.

Bu cür nikbin ovqat Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbənin fonunda çox real və əsaslı görünür. Brüssel sammitinə həmin prizmadan baxaraq orada İlham Əliyevin ən fəal lider olmasının səbəblərini müəyyən etmək üçün yuxarıda vurğulanan fikirlər kontekstində bir neçə arqument üzərində dayanmağı zəruri hesab edirik.

(davamı var)

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...