
Bakı, 10 mart 2021 – Newtimes.az
Ermənistan hələ də Azərbaycan əsgərinin Vətən müharibəsində vurduğu zərbədən silkələnir.
Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın, sabiq baş nazir Vazgen Manukyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçılıq etdiyi müxalifət 8 gündən çoxdur baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirirlər.
Nikol Paşinyanın Rusiya istehsalı olan "İsgəndər'' raketlərinin 10 faizinin partlaması ilə bağlı verdiyi bəyanat və sonradan bunu təkzib etməsi gərginliyi daha da artırdı. Ona rişxənd etmiş Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın tutduğu vəzifədən azad edilməsi Ermənistandakı siyasi səhnəni daha da gərginləşdirdi.
Məlum oldu ki, Silahlı Qüvvələrdə də Nikol Paşinyan qarşı olan çox sayda yüksək rütbəli və vəzifəli zabitlər var. Onların başında Baş Qərargahın rəisi general-polkovnik Onik Qasparyan durur. O yaranmış vəziyyətlə bağlı yaydığı bəyanatda vurğulayıb: "Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir. Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhranlı vəziyyətdən çıxmağın yeganə yoludur”. O.Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədilə İnzibati Məhkəməyə müraciət edib.
O bildirib ki, başqa statusda xidməti davam etdirir. O.Qasparyan tərəfdarlarını xidməti vəzifələrinin icrasını davam etdirməyə çağırıb.
Ermənistan Silahlı Qüvvələrinin rəhbər heyəti də O.Qasparyanın bəyanatına qoşulub. Onlar da Nikol Paşinyanın istefasının və növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıblar. Bu, ordusunun generalları ilə müxalifətin bir mövqedən çıxış etdiklərini təsdiqləyir. Başqa sözlə, hərbçilər siyasətə qarışmadıqlarını bildirsələr də, sürükləndikləri proses bunun əksini təsdiqləyir.
Paşinyan Silahlı Qüvvələrdə vəziyyətə nəzarət etmək və orada "təmizlik aparmaq” üçün Qasparyanın tutduğu vəzifədən azad edilməsi ilə bağlı Ermənistan prezidenti Armen Sarkisyana təqdimat göndərmişdi.
Martın 10-da Nikol Paşinyan bəyan edib ki, Onik Qasparyan bu gündən etibarən vəzifəsindən azad edilmiş sayılır: "Belə ki, ölkə prezidenti Armen Sarkisyan baş nazir tərəfindən Onik Qasparyanın vəzifəsindən azad olunmasına dair təqdim edilmiş təklifi imzalamayıb və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib”.
Nikol Paşinyanın bəyanatında vurğulanıb ki, prezidentin baş nazir tərəfindən təqdim olunan layihəni imzalamamasını və "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini, habelə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanununun 35.1-ci maddəsinin 6-cı hissəsini və 40-cı maddəsinin 3-cü hissəsini əsas götürərək 10 mart 2021-ci ildən etibarən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur.
Bu bəyanatın ardınca Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-leytenant Artak Davtyanın yenidən bu vəzifəyə təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib.
Martın 10-da Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Mövcud qanunverciliyin tələblərinə uyğun olaraq Qasparyan artıq rəis sayılmır. Sarkisyan isə məsələyə Konstitusiya Məhkəməsində baxılmasını istəyir. Bu onu göstərir ki, Ermənistan qanunvericiliyində bu kimi məsələlər, o cümlədən baş nazirlə prezidentin səlahiyyət bölgüsü, belə vəziyyətlərdə mübahisələrin həlli ilə bağlı qanunvericilikdə boşluqlar var.
Qasparyanın məsələsi Ermənistandakı siyasi səhnədəki fiqurları təsnif etməyə də imkan verir. Səhnədə iki tərəfin olduğu sirr deyil. Bir tərəfdə baş nazir Nikol Paşinyan və keçmiş prezidenti Levon Ter-Petrosyan, qarşı tərəfdə isə Robert Koçaryan, Serj Sarqsyan, Vazgen Manukyan, "Vətənin xilası uğrunda hərəkat”, daşnaklar var.
Ter-Petrosyan Silahlı Qüvvələrin siyasətə qarışmasına qarşı çıxıb, Koçaryanı və onun kimi düşünənləri tənqid edib. Bildirib ki, hərbçilərin siyasətə müdaxiləsi Ermənistanı Suriya, İraq, Şimali Koreya, Misir və başqa bu kimi dövlətlərin gününə salar. O, hərbçiləri siyasətə qarışmamağa çağırıb. Paşinyanı isə onlara qarşı sərt davranşına görə tənqid edib.
Robert Koçaryan isə hərbçiləri çevriliş etməkdən çəkinməməyə, qorxmamağa çağırıb. Bildirib ki, Cənubi Koreya hərbçilərin sayəsində indiki səviyyəyə yüksəlib.
Bu onu göstərir ki, müxalifət sayılan revanşistlər Ermənistan Silahlı Qüvvələrindən N.Paşinyanın istefası, yaxud onun devrilməsi üçün alət olaraq yararlanmaq istəyir. Ancaq orduda baş nazirin tərəfdarları da az deyil. Hökumət-müxalifət qarşıdurmasının hərbçilərə sirayət etməsi hökumətin işini çətinləşdirir. Bu həm də 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın yerinə yetirilməsinə də problem yarada bilər.
Rusiya xarici işlər nazirinin müavini Andery Rudenko bildirib ki, Ermənistandakı daxili böhran Qarabağda heç kimə, ilk növbədə, Ermənistan lazım deyil.
Hökumət nümayəndələri iddia edir ki, Baş Qərargah generallar və ayrı-ayrı şəxslərin deyil, dövlət qurumudur. Onlar əminliklə bildirib ki, 40 nəfər isə ordu deyil, Silahlı Qüvvələr Paşinyanın yanındadır.
Deməli, baş nazir Paşinyan, Koçaryan və Sarqsyan dəstəsinin iddia etdiyi kimi, zəif deyil. Elə indiyədək keçirilən etiraz aksiyaları fonunda Paşinyanın hökumət başında qala bilməsi də bunu təsdiqləyir.
"Sputnik Armeniya”nın "Sizin fikrinizcə, Ermənistanı indiki böhrandan kim çıxara bilər?” sualı əsasında keçirdiyi interaktiv rəy sorğusunun nəticəsi aşağıdakı kimidir: Nikol Paşinyan 47,6 faiz, Robert Koçaryan 22 faiz, Serj Sarqsyan 0,6 faiz, Vazgen Manukyan 1,2 faiz, Karen Karapetyan 3,3 faiz, Levon Ter-Petrosyan 3 faiz, Edmon Manukyan 0,4 faiz, heç biri 13,9 faiz, başqa variant 8 faiz.
Belə çıxır Ermənistan ictimaiyyətinin fəal hissəsi daha çox Paşinyanın tərəfindədir.
Qeyd edək ki, ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşdə rəsmi Vaşinqtonun ölkədəki demokratik təsisatları və prosesləri dəstəklədiyini bildirib. Bundan bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Nikol Paşinyan arasında telefon danışığı olmuşdu. Hər iki hadisə Paşinyan hökumətinin dəstəkləndiyini ehtimal etməyə əsas verir.
Andrey Rudenko isə bildirib ki, Rusiya Ermənistandakı proseslərə müdaxilə etmir, tərəflərdən heç birini dəstəkləmir və baş verənləri ölkənin daxili işi sayır.
Deməli, ABŞ və Rusiya prosesə kənardan nəzarət edir. Belə çıxır Moskva və Vaşinqton "Ermənistanda kim güclüdür, qoy, hakimiyyətə o gəlsin” prinsipi ilə hərəkət edirlər. Ancaq Ermənistanın Rusiya üçün təkcə siyasi məsələ deyil, həm də ərazi məsələsi olduğunu nəzərə alsaq, Kremlin yanaşmasının belə sadə olmayacağı qənaətinə gəlmək olar.
Odur ki Baş Qərargahın 40 yüksək rütbəli zabiti "bombası”nın qəlpələri ölkənin siyasi meydanında yenə də revanşistlərə dəyib. N.Qasparyan məsələsində prezident Armen Sarkisyanın israrı da təsadüfi deyil. Paşinyana qarşı etiraz aksiyaları başlayan günlərdə o, baş nazirin istefası tələbini açıq-açığına dəstəkləmiş, onu hakimiyyətdən getməyə çağırmışdı. Bununla da prezident hadisələr zamanı tərəfsizliyini qoruya bilməmişdi. Odur ki, O.Qasparyanın istefaya göndərilməsi və Paşinyanın mövqeyinin möhkəmlənməsi Sarkisyanın prezident masasını yerindən oynada bilər.
Bundan başqa, o həm də Koçaryan və Sarqsyanla eyni komandanın üzvləridir. Paşinyana qarşı israrlı müqavimət göstərməsi onun Koçaryan və Sarqsyana sədaqətli olduğunu deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, o, bu vəzifəyə Serj Sarqsyanın təqdimatı ilə gətirilib.
Beləliklə, Nikol Paşinyanı ictimaiyyətin tələbi ilə istefaya göndərə bilməyən revanşistlər oyuna hərbçiləri daxil edib. Ancaq Linn Treysinin açıqlaması müxalifətin bu "bombasının” da partlamayacağını deməyə əsas verir. Ermənistanda hərbçilərin prosesə müdaxiləsi ölkənin vəziyyətini daha da ağırlaşdırar. İkinci Qarabağ müharibəsində məğlub olan Silahlı Qüvvələrin cəmiyyətdə güclü nüfuzunun olması az inandırıcıdır. Bir də Ermənistan hərbi çevriliş etmiş ölkələrdən zəifdir. Azından bu ölkənin ordusunun xərclərini, silahlarını və hərbi texnikasını başqa dövlət ianə olaraq verir. Bu halda baş verə biləcək hərbi çevriliş o dövlətin adına da yazıla bilər. Odur ki hərbçilərin də qatıldığı müxalifət düşərgəsi hələ ki Nikol Paşinyanı istefaya göndərə bilmir. Baş nazir isə bu istiqamətdə öz istəklərini reallaşdırır. Ona görə ehtimal etmək olar ki, bundan sonra növbə "40 zabitin'' və prezidentindir.
Sədrəddin İsmayılov
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...