THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qarabağda yeni müharibə kimə lazımdır?

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3473
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 noyabr 2020 – Newtimes.az

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin keçirdiyi mətbuat konfransında ABŞ və müttəfiqlərini Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa çalışmaqda ittiham edib.

Narışkin hesab edir ki, ABŞ və müttəfiqləri Moskvanın vasitəçiliyi ilə müharibənin dayandırılmasından narahat olublar. "Nə Vaşinqton, nə də "Vahid Avropa" bölgədə yaranmış mövcud qüvvələr nisbətinə dözmək istəmirlər. Bunu "dağıtmaq" üçün Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmaqdan başqa bir yol görmürlər".

Rusiyanın ən məlumatlı şəxslərindən biri olan Narışkinin bu iddiasının həqiqətdən çox da uzaq olmadığını söyləmək mümkündür. Xüsusilə Fransanın noyabr ayının 10-dan sonrakı fəaliyyəti bu ölkənin Dağlıq Qarabağda atəşkəsin elan edilməsindən və bölgədə yaranmış qüvvələr nisbətindən narazı olduğunu, bunu pozmaq üçün bütün imkanlardan istifadə etməyə çalışdığını açıq-aydın ortaya qoyur. Rusiyanın vasitəçiliyi ilə atəşkəsin elan olunmasından dərhal sonra Fransa bəyanat yayaraq Ermənistanın və ermənilərin maraqlarının nəzərə alınması "tələb"ini irəli sürdü. Daha sonra Qarabağdakı xristian abidələri ilə bağlı məsələni gündəmə gətirməklə bir yandan Azərbaycana təsir göstərmək, digər yandan isə erməniləri qızışdırmaq yolunu seçdi. Bunun ardınca isə Fransa ABŞ-ı onunla birgə Türkiyənin atəşkəs və ondan sonra baş verən proseslərdə roluna aydınlıq gətirilməsi tələbilə bağlı Moskvaya müraciət etdi. Bu son olay Fransanın təkbaşına bölgədəki proseslərə təsir imkanın tamamilə itirdiyini göstərməklə yanaşı, Parisin hətta ənənəvi rəqibinə sığınmaqla da olsa, bölgədə təsir imkanlarını qoruyub saxlamağa çalışdığını göstərir. Lakin Fransanın Türkiyə və Pakistanın ardınca Azərbaycanla da münasibətlərini qırılma nöqtəsinə gətirməsi Parisin bölgədəki təsir imkanlarını minimuma endirir. Fransa parlamentinin yuxarı palatası Senatın "Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması" ilə bağlı heç bir hüquqi qüvvəsi olmayan qətnamə qəbul etməyə çalışması isə həqiqətən də Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş kövrək atəşkəsin pozulmasına yol aça bilər. Ermənistandakı qisas tərəfdarları Fransanın bu mövqeyindən daha da ruhlanırlar. Ermənistanın atəşkəs haqqında bəyanatdan geri çəkilməsinin intihar olacağı haqqında Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığı Ermənistandakı çılğınlığı tam söndürməyib. Fransanın bəyanatları isə müharibəni sona kimi davam etdirməyin tərəfdarı olanları daha da çılğınlaşdırır.

Ermənistan prezidentinin köməkçisi Sergey Melkonyan atəşkəsin sülh müqaviləsi olmadığını, erməni tərəfinin alçaldıcı təslimçiliyi qəbul etməsilə intiqam üçün ilkin şərtlərin yarandığını bildirib. Yeni hərbi toqquşmaları qaçılmaz sayan Sergey Melkonyan soydaşlarını silahlanmağın zəruriliyinə inanmağa çağırıb.

Yeni hərbi toqquşmaların qaçılmaz olduğunu bəyan edən, qisas hissi ilə yaşayan yalnız Ermənistan prezidentinin köməkçisi deyil. Ermənistanda böyük təsirə malik din xadimləri də yeni müharibəyə çağırışlar edirlər. Məsələn, "Böyük Kilikiya" katolikosu I Aram müharibənin hələ bitmədiyini, mövcud hakimiyyətin axmaqlığı və xəyanəti nəticəsində itirilən hər şeyin qaytarılması üçün ermənilərin qarşısında uzun bir yolun olduğunu vurğulayıb.

Bütün bunların nəticəsi olaraq imzalanan bəyanatın rədd edilməsi ilə bağlı çağırışlar günü-gündən artır. Belə görünür ki, Fransa kimi dövlətlərin təsirləri artıq öz nəticəsini verməkdədir. Aydın görünür ki, böyük dövlətlərin bölgədəki mövqe savaşları yenidən başlayır.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunun açıq mətnlə ABŞ və "Vahid Avropa"nı Qarabağda yeni münaqişə yaratmaqda ittiham etməsi də Moskvanın bölgədə qüvvələr nisbətinin dəyişməsindən narahat olduğunu göstərir. Türkiyənin Qarabağda sülhyaratma prosesinə cəlb olunmasında Rusiyanın da marağı əslində, məhz buradan qaynaqlanır. Belə görünür ki, Rusiya bölgədə ABŞ və "Vahid Avropa"nın təmsil olunmasını Türkiyənin təmsilçiliyi ilə əngəlləyir. Xüsusilə də Ankaranın Vaşinqton və Parislə münasibətlərin gərginləşən xətlə davam etdiyi bir zamanda Türkiyə daha uyğun tərəfdaş hesab olunur. Kremldə anlayırlar ki, bölgədə tək söz sahibi olmaq zamanı keçib. Rusiya üçün çox əhəmiyyətli bir bölgəyə, Cənubi Qafqaza Qərbin daxil olmasına mane olmaq istəyən Moskva bu vəzifənin öhdəsindən yalnız Türkiyə ilə birlikdə gələ biləcəyinin fərqindədir. Ona görə Rusiya prezidenti Vladimir Putin Türkiyənin bölgəyə ordu göndərməsinin beynəlxalq hüquqa uyğun olmaqla ATƏT-in Minsk qrupunun təməl prinsiplərinə də zidd olmadığını çox açıq mətnlə bəyan etməkdən çəkinmir.

ABŞ və "Vahid Avropa"nı Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmaqda ittiham edən Sergey Narışkinin Rusiya mətbuatının bu məsələdəki rolunu "görməməsi" isə Moskvanın özünün də bölgədə yaranmış vəziyyətə tam hazır olmadığını göstərir. Qarabağda yeni bir müharibə təhlükəsindən narahat olan Moskva Rusiya mətbuatında aparılan total təbliğatın atəşkəs nəticəsində əldə olunan kövrək sülhə ən böyük təhlükə olduğunun fərqinə varmalı, vəziyyəti əks istiqamətə dəyişməlidir. Əks halda, ABŞ və "Vahid Avropa" məhz Rusiya mətbuatının geniş yardımı ilə Azərbaycan və erməni xalqı arasında düşmənçiliyi daha da dərinləşdirə bilər.

Xaqani Cəfərli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...