THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tarixin gələcəyi

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
25837
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

XX yüzillikdə Qərbdə bir neçə əsr şüurlarda hakim klassik meyarlar şübhə altına alındı. Nəticədə, ilk baxışdan paradoksal görünən yeni yanaşmalar meydana gəldi. Həmin yanaşmalar nizamlılıqdan xaosa, pozitivdən neqativə keçidi ifadə edən və klassik dövr üçün ziddiyyətli hesab olunan nəzəri təhlil üsullarna üstünlük verdi. Onu qeyd edək ki, həmin dalğa yeni elmi dil çərçivəsində bir-birinə zidd ideyaları orijinal kontekstdə təqdim etməyə başladı. Qərbin məşhur ideoloqlarından olan Frensis Fukuyama da eyni yolu seçdi. O, elmi təfəkkür üçün qeyri-adi olan "tarixin sonu” terminini ortaya atdı və sonra isə heç nə olmamış kimi "tarixin gələcəyi” haqqında təhlil yazdı. Hər iki termin postmodernist elmi dilin inciləri sırasında dura bilər. Lakin hansı terminlərdən istifadə olunmasına baxmayaraq, tarixin obyektiv gedişatı vardır. Məhz bu bucaq altında F.Fukuyamanın "Foreign Affairs” jurnalının 2012-ci il yanvar buraxılışında dərc edilmiş "Tarixin gələcəyi. Liberal demokratiya orta təbəqənin tənəzzülünə davam gətirə biləcəkmi? ("The Future of History. Can Liberal Democracy Survive the Decline of the Middle Class?”) məqaləsində irəli sürülən fikirlərinə nəzər salanda nələri görə bilirik?

Həmin məqalədə F.Fukuyama 2012-ci ilin ən böyük siyasi problemi kimi ABŞ-da və dünyada orta sinfin zəifləməsini gördüyünü yazır. O qeyd edir ki, orta sinif olmazsa, liberal demokratiya özünün aparıcı mövqeyini itirə bilər. Yapon əsilli amerikan filosofu və yazıçısının bu ehtiyatının əsasında son vaxtlar ABŞ və Avropada özünü göstərən etiraz dalğaları durur. Etirazçılar məhz gəlirlərin bölünməsində müşahidə etdikləri ədalətsizliyə qarşı çıxdıqlarını bildirirlər. F.Fukuyama bu etirazları ümumiləşdirərək indi də onları universal tarixin gələcəyi ifadəsi altında təqdim etmək istəyir. Çox yaxşı. Ancaq bu günə qədər dünyanın başqa ölkələrində olan etirazların təhlili necə olsun? Əgər dünyanın taleyi yenə də onun bir regionunun sosial-mədəni və iqtisadi inkişaf dinamikasından asılı olan elmi dilin təqdimatında verilirsə, burada risk amilini qeyd etmək lazım gəlir. Lakin dünya bütöv bir sistemdir, onun istənilən guşəsi potensial olaraq lider rolunu oynamaq imkanına sahibdir.

Bunlara baxmayaraq, Fukuyamanın orta siniflə bağlı söylədiyi fikirlər olduqca səmərəlidir. Müasir cəmiyyətlərdə proseslərin sürətlə getməsi, onun strukturunun son dərəcə mütəhərrik olmasına səbəb olur. Cəmiyyət indi sürətlə dəyişən tərkibə malik açıq sistemdir. Onun bütövlüyünü təmin edə biləcək təbəqə isə orta sinifdir. Başqa sözlə, cəmiyyətin "yuxarı” və "aşağı” təbəqələrini birləşdirən sinfə ehtiyac vardır. Bu sinif həm də rəqabətə dayanıqlı olmalıdır. Ona görə də müasir qlobal inkişafda orta sinfin taleyi müəyyən mənada həm də bəşəriyyətin gələcək tarixinə təsir edə bilər. Fukuyamanın öz məqaləsində bu kimi ümumnəzəri məsələləri ABŞ-dakı indiki durum prizmasında təqdim etməsi konkret situasiya ilə əlaqəlidir. O baxımdan demək olar ki, "orta sinfi qorumaq" prezident seçkilərinin keçiriləcəyi bu ildə ABŞ-ın hər iki partiyası üçün mexaniki söylənilən şüardır. Ancaq Fukuyama israr edir ki, təhlükə heç bir partiyanın spesifik vergi və ya xərclər siyasətindən deyil, müasir qlobal iqtisadiyyatın dinamikliyindən irəli gəlir. Bu yeni dünya elitalara tərəf qeyri-mütənasib axan gəlirlər səbəbindən uğur qazanmaya bilər. Fukuyama yazır ki, "istedadda və xarakterdə təbii fərqlərin nəticəsində bərabərsizlik həmişə mövcud olmuşdur... Ancaq bugünkü texnoloji dünya bu fərqləri xeyli böyüdür... Bu zaman "maliyyə sehrbazları” və ya bacarıqlı proqram təminatı mühəndisləri milli var-dövlətin daha böyük paylarını "ələ keçirə” bilərlər". Tamamilə mümkün variantdır, lakin daha çox ABŞ cəmiyyətinin müasir vəziyyətinin şərtlərindən qaynaqlanan prosesdir. Ona görə də bu məqamı universallaşdırmaq, bizcə, xeyli dərəcədə risklidir. Yəni Fukuyama faydalı "çərənçidir”. "Tarixin sonu" "soyuq müharibə” sonrası optimizmin apogeyi, geniş istinad mənbəyi idi. Ancaq 11 sentyabr 2001-ci ildən sonra tarix ona ikiqat gücü ilə intiqamçı qismində geri qayıtmış kimi görünür.

Fukuyama liberal demokratiya ideyalarının təntənəsinə ümid bəsləyir. Lakin, eyni zamanda, qlobal bazar xidmətçisi olmaq istədiyi halda, liberal demokratiyanın düşməni kimi görünməkdən ehtiyat edir. O, 1989-cu ildə texnologiya ilə idarə olunan qlobal bazarı və onun durmadan çoxalan zənginliyini əsas götürürdü. Bunlara F.Fukuyama demokratik dəyərlərin universal sahəsinin həlledici amili kimi baxırdı. İndi o narahat olur ki, qloballaşma tarixən liberal siyasi qaydanın dayağı olmuş orta sinifləri dağıdır. Bu, mühüm bir məqamdır. Məsələ ondan ibarətdir ki, Qərbin bir sıra ideoloqları özlərinin təsəvvür etdikləri meyarlar çərçivəsində liberal demokratiyanı universal fenomen sayırlar. Əslində isə, hər cəmiyyətin öz tarixi var və ən pozitiv ideologiya belə hər yerdə eyni effekti verə bilməz. Məsələn, dövlətçiliyi və sosial-mənəvi birliyi kifayət qədər olmayan cəmiyyətdə liberal dəyərlərin kəskin tətbiqi hansı nəticələri verə bilər? Bir çox hallarda yekun faciəvi olur – cəmiyyət dağılır. Buna misallar çoxdur. Qərbin özü yalnız güclü dövlət və inkişaf etmiş həmrəylik mərhələsindən sonra "kəmərləri boşaltmağa” başladı. Müstəqilliyini əldə etmiş cəmiyyətlər üçün güclü dövlət konsepti daha önəmlidir. Bunun yanında liberal demokratiya daha cəmərəli görünə bilər. Bu səbəbdən F.Fukuyamanın anlamında "tarixin gələcəyi” xeyli dərəcədə yayğın, birtərəfli və qarışıq məzmuna malikdir. O, faktiki olaraq, Fukuyama mənasında "tarixin sonu”nun astar üzüdür: Fukuyama tarixə sadəcə indi Uoll Stritin dar küçələrindən baxır.

F.Fukuyama belə bir sual qoyur: "Əgər texnologiyanın və qloballaşmanın staqnasiyası orta sinfi dağıdarsa və qabaqcıl cəmiyyətdə vətəndaşların daha çox hissəsini orta təbəqə statusuna nail olmaq imkanından məhrum edərsə, nə etməli?”. O qeyd edir ki, bu proses real mənfəətin orta göstəricilərinin 1970-ci illərdən bəri uğur qazandığı Birləşmiş Ştatlarda artıq başlayıb. O xəbərdar edir ki, inkişaf etmiş dünyada köhnə orta sinif tərəfindən görülən işlər indi hər yerdə daha ucuz qiymətə yerinə yetirilə bilər.

Fukuyama orta təbəqəyə mənsub amerikalılar arasında Uoll Stritə yönəlmiş yüksələn qəzəbi görür. Ancaq o, ümumi status-kvonu möhkəmləndirən "çay süfrəsi hərəkatı”nın Uoll Strit etirazçılarının işğalından daha çoxsaylı olduğu paradoksunu qeyd edir. Fukuyama daha sonra deyir ki, "bu dinamika solçuların, zəif və sağ cinaha aid edilən populist partiyaların hərəkətli olduğu Avropada da meydana gəlir”.

"Foreign Affairs” jurnalı bu tənqidi təhlili yaxşı təqdim etmək məqsədi ilə maraqlı müqayisə aparır. Jurnalın redaktorları 1930-cu illərdə özünü göstərmiş iqtisadi böhranı izah edən məqalələrin bəzilərindən sitatlar verirlər. Jurnal hesab edir ki, 1932-ci ildə Almaniyada Adolf Hitlerin nüfuzunun artması səbəblərini izah edən məqalələrdə gətirilən arqumentlərlə F.Fukuyamanın sözügedən essesinin süjeti arasında oxşarlıq vardır. Bu oxşarlıq narahatlıq yaradır, çünki 1932-ci ilin böhranı dünyaya A.Hitler kimi bəla yetişdirdisə, bu dəfə hansı fəlakət baş verə bilər? Jurnal qeyd edir ki, bu gün "Almaniyanın əsas dayağı olmuş orta sinfin həyat səviyyəsi müharibədən əvvəlki səviyyədən çox aşağıdır”. Bu məntiq çərçivəsində "Foreign Affairs”in müqayisəsi düşündürücüdür.

ABŞ-da növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası artıq başlamışdır. İndi ABŞ iqtisadiyyatında da problemlər vardır. Uoll Strit elitalarına kütlənin qəzəbi az deyil. Nə bu problemi həll etməyə cəhd edən Barak Obama, nə də onun aparıcı respublikaçı rəqibləri olan amerikan siyasətçilərinin proqramları kifayət qədər inandırıcı görünmürlər. Prezidentliyə hər bir namizəd iqtisadi yeniləşmə üçün mürəkkəb planlar qurur, lakin əsas çatışmayan cəhət hazırkı böhranlı vəziyyətdən çıxış yolu üçün modelin təklif edilməməsidir. F.Fukuyamanın essesi bu gerçəklik prizmasında da son dərəcə aktual görünür. Bu bağlılıqda Fukuyamanın 1980-ci illərdə "Foreign Affairs”də yer alan məqalələrdəki fikirlərlə səsləşən sözləri də diqqət çəkir. O yazır: "Çox adam hazırda Çin sisteminə sadəcə onun iqtisadi rekorduna görə heyran deyildir. Çin sistemi son bir neçə ildə Birləşmiş Ştatların və Avropanın müxtəlif çətinliklərlə üzləşərək iflic vəziyyətinə düşmüş siyasəti ilə müqayisədə böyük, mürəkkəb qərarları tez qəbul edə bilir”. Qərbin səmərəli işləyən və çevik qərarlar qəbul edən sistem yaratmaq üçün totalitar dövlətə (yəni Çinə) müraciət etməyə məcbur qalması xəbərdarlıq işarəsidir. O mənada ki, Qərbin kreativ və demokratik bir sosial-mədəni sistemə malik obrazı bundan zərər görür. Eyni zamanda, dünyanın demokratiyanın gücünə inamı zəifləyir.

Göründüyü kimi, bütün paradokslarına baxmayaraq, F.Fukuyama bu dəfə də elmi təfəkkürü silkələyə bilib. Ən azından ona görə ki, onun ideyaları müasir Qərb sosial-mədəni, siyasi və iqtisadi mühitinin barometrlərindən biridir. F.Fukuyama bu keyfiyyətdə doğurdan da fenomendir.

Ətraflı məlumat üçün http://www.foreignaffairs.com/articles/136782/francis-fukuyama/the-future-of-history internet saytına daxil olun.

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...