THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyanın irəli sürdüyü 7 şərtin qaranlıq məqamları

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12123
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 avqust 2020 – Newtimes.az

12 iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi təxribata başlayan, lakin 2-3 gün ərzində öz layiqli cavabını alan və hətta öz yaxın tərəfdaşları tərəfindən dəstəksiz qalan, sonra isə 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasının toplantısından Azərbaycanla "sülh danışıqlarına hazır olduğunu'' bəyan edən N.Paşinyanın birdən-birə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkəmizin və beynəlxalq ictimaiyyətin qarşısında 7 şərt irəli sürməsi olduqca gülüncdür. Beynəlxalq münasibətlərdə adətən şərtləri qalib tərəflər diqtə edir. Lakin son əməliyyatlar zamanı heç 1 santimetr torpaq almayan N.Paşinyanın belə bir iddiada olması heç şübhəsiz daxili auditoriyayanın və xaricdə yaşayan diaspor nümayəndələrinin dəstəyini qazanmaq naminə atdığı düşünülmüş addımdan savayı bir şey deyil. Həmin şərtləri təhlil etməklə onların əsil mahiyyəti haqqında fikir söyləmək mümkündür.

Birinci şərt Ermənistanla separatçı ''DQR'' arasında unifikasiyalı təhlükəsizlik sisteminin yaradılmasını nəzərdə tutur. Bu şərtin ideya məzmunu "Miatsum''la (erməni dilində birləşmə) sıx bağlıdır. "DQR''ə münasibətdə Ermənistanın setsessiya (ayrılmaq) planında separatçı rejimin müstəqilliyi deyil, Ermənistana enozisi (yunanca ittifaq, birlik) əsas yer tutur. N.Paşinyanın məqsədi separatçı DQR-ı Ermənistanın təhlükəsizlik sisteminə inteqrasiya etməklə "Miatsum''u leqallaşdırmaq, qondarma qurumu anklav vəziyyətindən çıxartmaq, bütün parametrlər üzrə onu rəsmi İrəvanın tabeliyinə keçirtməkdir. Ermənistan separatçı rejimin müstəqilliyini tanımasa da, özünü onun fiziki mövcudluğunun qarantı hesab edir. Bu barədə Ermənistanın 2007-ci ildə qəbul edilmiş Milli təhlükəsizlik Strategiyasında ayrıca bənddə geniş bəhs edilib. Haqqında danışdığımız bu şərt beynəlxalq sərhəd rejiminin pozulması (Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması), insan hüquqlarının kobud şəkildə tapdanması (muxtar vilayətdə yaşayan azərbaycanlıların rəyinin nəzərə alınmaması və s), ən əsası isə destruktiv virus olan separatizmin legitimləşdirilməsi hesabına təmin edilə bilər. İrəli sürülmüş şərtin təmin edilməsinin qorxulu tərəfi ondan ibarətdir ki, o mürəkkəb etnik və dini coğrafiyaya malik regionlarda və ölkələrdə ərazi-status müharibələrinin, etnik millətçiliyin və antoqonizmin, dini ekstremizm və radikalizmin əsasını qoya bilər. Bununla belə, postsoyuq müharibə dövründə formalaşmış "antiseparatist konsensus” coxmillətli dövlətləri milli azlıqların destruktiv fəaliyyətlərindən qorumaq, milli dövlət sərhədlərinin etnik sərhədlərlə əvəzlənməsinə imkan verməmək məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsini zəruri hesab edir.

İkinci şərtdə "DQR''i danışıqların bərabərhüquqlu tərəfinə çevrilməklə üfüqi qarşıdurmanın şaquli münaqişə ilə əvəzlənməsi məqsədi güdülür. Burada əsas məqam məlum qarşıdurmanın dövlətlərarası (beynəlxalq)  statusunu daxili münaqişə ilə əvəz etmək, danışıqların tərəfi qismində separatçı və kriminal rejimin mövqeyini möhkəmləndirməkdir. Bu addımı atmaqla Ermənistan aşağıdakı məqsədləri güdür: 1. Daxili münaqişələrin (xüsusən də milli və dini zəmində) həllinin mümkünsüzlüyü və olduca çətin həll edilməsi. 2. Bu cür münaqişələrə beynəlxalq hüquq normaların çətinliklə adaptasiyası. 3. Polietnik ölkələrdə daxili münaqişələrin istər ölkə daxilində, istərsə də xaricdə "domino effetki''nə səbəb olma ehtimalı.

Məlumdur ki, dövlətlərarası (konvensional) silahlı qarşıdurmada iki suveren ölkənin Silahlı Qüvvələri üz-üzə dayanır. Həmin qarşıdurmalarda təcavüzkar tərəfi müəyyən etmək, ona qarşı sanksiya tətbiq etmək və münaqişəni beynəlxalq normalar əsasında həll etmək daha rahatdır. Lakin bu gün qeyri-konvensional qarşıdurma kimi tanınan daxili münaqişələr beynəlxalq normalarla hesablaşmır, asimmetrik savaş üsulu ilə mübarizəyə üstünlük verir, xarici müdaxilə üçün münbit zəmin yaradır. Məhz bu baxımdan daxili münaqişələr "üçüncü tərəflərin'' maraqları arasında uyğunsuzluğa görə uzun müddət həll edilməmiş qalır, daxili problemlərin həlli, siyasi rejimlərin mövcudluğunun saxlanılması vasitəsinə və xarici qüvvələrin  geosiyasi maraqlarının rəqabət meydanına çevrilir. Texnologiyanın inkişafı fonunda KİV-lərin qloballaşması milli və dini zəmində toqquşmaları ölkə hüdudlarından kənara ixrac edir və orada da milli və dini identikliklərin qarşıdurması səbəbindən meydana gələn destruktiv hadisələr asanlıqla iqtisadi, kriminal və konfessional zorakılıqlara transformasiya olunur. Hadisələrin bu səviyyədə inkişafı separatizmin daxili və xarici resurslarının mobilizasiyasına, qarşıduran tərəflər arasında düşmən obrazının və ksenofobiyanın yenidən canlanmasına və setsessiya tərəfdarlarınının fəallaşmasına stimul verir. 12 iyulda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş vermiş hərbi avantüra ABŞ-da, Rusiya, Belçika və s. ölkələrdə Azərbaycan və erməni icmaları arasında milli, iqtisadi, psixoloji və informasiya qarşıdurmalarına ciddi təkan verib. Həmin ölkələrdə ictimai asayişin pozulması yaxın gələcəkdə qastrbayterlərin ölkədən çıxarılmasına zəmin yarada bilər ki, bundan da soydaşlarımıza ciddi ziyan dəyə bilər.

Üçüncü şərt Azərbaycanın rəsmi olaraq güc tətbiqindən və antierməni ritorikasından əl çəkməsi kimi xarakterizə edilir. Həmin şərt altında Ermənistanın açıq-aşkar hərbi sahədə Azərbaycanın üstünlüyünü etiraf etməsi və özünü labüd qarşıdurmanın yeni mərhələsindən sığortalamaq istəyi dayanır. Maraq doğuran məqam ondan ibarətdir ki, işğalçılıq siyasətinə görə cəzalandırılmayan Ermənistan 20 faiz torpaqlarını itirmiş Azərbaycanı güc yolu ilə öz ərazilərini geri qaytarmaq hüququndan imtina etməyə çağırır. Lakin Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinin ona vermiş olduğu fərdi və kollektiv özünümüdafiə hüququna malikdir və ondan istifadə etməklə ərazisini işğaldan azad etməkdə və suverenliyini bərpa etməkdə qərar sahibidir. Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın məlum sərhəd təxribatından sonra "biz mənasız danışıqları davam etdirməyəcəyik'' fikrini dilə gətirməklə, dolayısı ilə ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsindən hər an istifadə edə bilməsinə işarə edib.

Dördüncü şərt "DQR''in öz müqəddəratını müəyyənetmə hüququnun Azərbaycan tərəfindən tanınması, separatçı rejimin və Ermənistanın təhlükəsizliyinin heç bir halda müzakirə və güzəşt obyekti olmamasıdır. Bu şərt Ermənistanın işğalçılıq siyasətinin "DQR''in öz müqəddəratını müəyyənetmə hüququ altında gizlədilməsi və bu yolla beynəlxalq təzyiqlərdən sığortalanması anlamına gəlir. Ermənistanın bu addımının arxasında onun milli öz müqəddəratını məyyənetmə hüququndan vasitə kimi istifadə etməsi, kriminal fəaliyyətləri (etnik təmizləmə, terrorizm, insan alveri, silah ticarəti, qeyri-qanuni məskunlaşma) bu ad altında ört-basdır etməsi dayanır. Heç bir rəsmi sənədlərdə öz müqəddəratını məyyənetmə hüququnun destruktiv (dezinteqrativ) potensialına və kriminallaşmasına bəraət qazandırılmır, onun realizəsinə yalnız ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində icazə verilir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini gec-tez hərb yolu və bütün mümkün vasitələrlə bərpa etmək niyyəti Ermənistanın və onun əlaltısı "DQR''i ciddi narahat edir. Məlum şərti irəli sürməklə Ermənistan regional səviyyədə təhlükəsizliyin bölünməzliyi prinsipinə qarşı çıxır, militarizasiya və qızğın silahlanma kursunun dominantlığına təkan verir, Cənubi Qafqazın demilitarizasiyasına zidd siyasi xətt yürüdür. Azərbaycan hakimiyyəti münaqişənin həllini rəsmi Bakı ilə separatçı rejim arasında vertikal asılılıq prinsipinin saxlanılması fonunda mümkün hesab edir və ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyini israrlı şəkildə bəyan edir.

Beşinci şərt münaqişə zonasında yaşayan insanların problemlərinin danışıqların predmetinə çevrilməsidir. Şübhə yoxdur ki, həmin şərtdə söhbət münaqişə zonasında yaşayan erməni əhalisindən gedir. Onların arasında Suriyadan gətirilmiş erməni ailələri və PKK-ya məxsus terrorçu ailələrin olması haqqında da məlumatlar müxtəlif illərdə KİV-də yer alıb. Ermənistan hakimiyyəti həmin ərazilərdə qeyri-qanuni məskunlaşmanı stimullaşdıran dövlət proqramları həyata keçirməkdədir. Məqsəd qeyri-qanuni məskunlaşma hesabına işğal olunmuş əraziləri insanlarla doldurmaq, demoqrafik balansı ermənilərin mütləq üstünlüyü prinsipi əsasında təmin etmək və gələcəkdə Dağlıq Qarabağın  hüquqi statusunun həlli zamanı gələcəkdə keçirməli olan plebisitdə setsessiya tərəfdarlarının üstünlüyünü təmin etməkdir.  Bundan əlavə, Ermənistan qeyri-qanuni yolla apardığı məskunlaşma siyasətini ört-basdır etmək məqsədilə münaqişə zonasında yaşayan ermənilərin problemlərini danışıqların gündəliyinə daxil etmək və onları beynəlmiləlləşdirməklə separatçı qurumun tanınması istiqamətində zəruri addımlar atmağa çalışır.

Altıncı şərt atəşkəs rejimini pozan tərəfi aşkar edən daimi nəzarət mexanizminə malik beynəlxalq monitorinq sisteminin tətbiq edilməsindən bəhs edir. Bu problem yeni deyil. Dəfələrlə münaqişənin nizamlanması məqsədilə keçirilmiş sammitlərdə yer alıb. Xüsusən də 2016-cı ilin "Aprel döyüşləri''ndən sonra keçirilmiş Vyana və Sankt-Peterburq görüşlərində bu barədə razılıq əldə edilmiş, lakin 2018-ci ilin yazında hakimiyyətə gələn N.Paşinyan həmin razılaşmalardan imtina etmişdir. Maraqlı burasıdır ki, elə həmin ilin sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyevlə atəşkəs pozuntularının araşdırılması və bu istiqamətdə hər iki ölkənin müvafiq strukturları arasında operativ əlaqənin qurulması üzrə mexanizmlərin yaradılması məsələsini müzakirə etmişdir. Ermənistan rəhbərliyi məlum insidentdən sonra belə bir mexanizmin yaradılması vacibliyini əsas şərtlərdən biri kimi irəli sürməklə özünü sülhsevər və atəşkəs rejiminə sadiq tərəf kimi qələmə verməyə çalışır. Həmin monitorinqin həyata keçirilməsinin ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinin ofisinə həvalə edilməsi təklifi də maraq doğurmaya bilməz. Belə ki, 1992-cı ilin martından bu günədək fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə nəinki real hüquqi qiymət verməmiş, əksinə 1998-ci ildə BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun aktına zidd "Ümumi dövlət'' adlı nizamlanma planını qəbul etməsi, 1999-cu ildə isə Prezidentlər səviyyəsində danışıqlara start verməklə özünü məsuliyyətdən kənara çəkməsi onun nizamlanma prosesinə hansısa bir müsbət töhfə verəcəyinə olan inamın üstündən çarpaz xətt çəkib. Şübhəsiz ki, münaqişənin taleyinin qarşıduran tərəflərə ciddi təsiretmə mexanizminə malik olmayan belə bir təşkilatın inhisarında saxlanılması Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə, onun "yeni müharibə – yeni torpaqlar” planının həyata keçirməsinə heç bir maneçilik törətmir.

Yeddinci şərtdə Ermənistan sülhün əldə edilməsi naminə Minsk qrupu ilə fəaliyyətini davam etdirməkdə maraqlı olmasını bəyan edir və Türkiyəni regionu sabitsizləşdirmək məqsədilə münaqişəni qızışdırmaqda ittiham edir. Şübhəsiz ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasında Ermənistanın niyə maraqlı olması sualına yuxarıda qismən aydınlıq gətirmişik. Lakin Ermənistanın Türkiyəni regionda sabitliyi pozmaqda və münaqişənin yenidən alovlanmasında maraqlı tərəf kimi ittiham edilməsi həqiqətə uyğun deyil. Məhz  Türkiyə 2009-cu ildə Ermənistanla barışmağa uğursuz cəhd etdi, ondan bir il öncə isə Cənubi Qafqaz regionunu gələcək müharibələrdən və hərbi təhdidlərdən xilas etmək məqsədilə "Əməkdaşlıq və Sabitlik Platforması'' adı altında regional təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu gün Türkiyə Cənubi Qafqazda Ermənistan istisna olmaqla, Azərbaycan və Gürcüstanla öz əlaqələrini Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirir. Ermənistanın Türkiyəyə olan ərazi iddiaları, "soyqırımı'' məsələsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı və Türkiyənin bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirməsi İrəvan-Ankara münasibətlərini gərginləşdirən məqamlar hesab edilir. Güclü Türkiyə Cənubi Qafqazı neoimperiya və ekspansionist planlardan çəkindirən və liberal-demokratik dəyərlərlə zənginləşdirən önəmli aktordur. Onun Rusiya ilə yaxınlaşması regionda geostrateji təsir imkanlarını artırır. Bundan əlavə, Türkiyə 1921-ci ildə imzalanmış Moskva və Qars müqaviləsinin şərtlərinə əsasən Azərbaycanın tərkib hissəsi olan Naxçıvanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu isə, Ermənistanın Naxçıvana qarşı işğalçılıq siyasətinə sədd çəkir. Məhz bu səbəbdən Ermənistan Türkiyəni beynəlxalq aləmdə gözdən salmaqla, regionda öz işğalçılıq fəaliyyətinin coğrafiyasını genişləndirməyə, "Böyük Ermənistan'' xülyasını gerçəkləşdirməyə səy göstərir. 

Paşinyanın irəli sürdüyü bu şərtlər beynəlxalq hüquq normalarının kobud şəkildə tapdanması, işğalçılıq, separatizm, davakar millətçilik, ksenofoboya, etnik təmizləmə və terrorizm, soyqırımı kimi neqativ anlayışlarla assosiasiya edildiyi üçün onların qəbul edilməsi yolverilməzdir. Artıq Azərbaycan və ATƏT-in Minsk qrupu işğalçı ölkənin məlum prinsiplərini rədd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeganə və beynəlxalq hüquq normalarını özündə əks etdirən əsas sənəd  1996-cı ildə ATƏT-in Lissabon sammitində qəbul edilmiş 3 prinsip əsasında qurulmuş baza formul hesab edilir.

Zəfər Nəcəfov,

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...