THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Həmsədrləri haqlı tənqid: Azərbaycan Prezidentinin əsaslı, ədalətli və obyektiv mövqeyi

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10783
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyul 2020 – Newtimes.az

Ermənistan-Azərbaycan münaqişəsinin həlli onillərdir ki, uzanır. Faktiki olaraq, bu işlə məşğul olan ATƏT-in Minsk qrupu heç bir real nəticə əldə edə bilməyib. Bu qrupa həmsədrliyi dünyanın üç qüdrətli dövləti edir. Təsəvvür edin, bu üç dövlət Cənubi Qafqazda bir münaqişəni "həll edə bilmir"! Absurddur! Çünki qətiyyətli və ədalətli davransalar, çox qısa müddətdə məsələni yoluna qoya bilərlər. Necə ki, dünyanın müxtəlif regionlarında daha genişmiqyaslı münaqişələrin həlli üçün dəridən-qabıqdan çıxırlar və nələrəsə nail olurlar, burada iş görmək mümkün olur. Forpost Ermənistan bu qədər uzun müddətə təcavüzkar siyasət yürüdə bilməz. Yəni, məsələ Ermənistanda deyil, ona havadarlıq edən qüvvələrdədir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupunun fəaliyyəti ilə bağlı irad bildirməsi, kəskin tənqid etməsi və tələblər irəli sürməsi tam əsaslıdır. Dövlət başçısının Azərbaycan telekanallarına verdiyi son müsahibədə məsələ daha kəskinliyi və konkretliyi ilə qaldırılıb.

Passiv vasitəçilik: Minsk qrupu niyə susur?

İyulun 6-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər" Televiziyasına müsahibəsində ATƏT-in Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların heç bir nəticə verməməsi ilə bağlı kəskin tənqid etdi. Əslində, bu, yeni hadisə deyil, çünki dövlət başçısı bir neçə dəfə açıq bəyan edib ki, Minsk qrupunun həmsədrləri passivdirlər və bir sıra məqamlarda təcavüzkara yardım edir, ona bəraət qazandırırlar. Məsələn, 2016-cı ilin fevral ayında ölkə rəhbəri İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsində ifadə etmişdi ki, dünya birliyi münaqişəni beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll etmək üçün təcavüzkara qarşı heç bir real təsir mexanizmini işə salmayıb. İlk növbədə problemin həlli məqsədi ilə yaradılmış Minsk qrupunun fəaliyyəti də hələlik nəticəsizdir.

Bu kontekstdə fikirlərinə davam edən İlham Əliyev vurğulamışdı ki, "beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir". Bir sıra hallarda işğal faktı kəskin qınanır və dərhal da "problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır". Bu mexanizmlər "qısa zamanda tətbiq edilir". Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə, "passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan – dini ayrı-seçkilikdən qaynaqlanır".

Fikirlərini ümumiləşdirərək İlham Əliyev bu vəziyyəti lakonik olaraq belə qiymətləndirmişdi: "Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik".

O vaxtdan artıq dörd il keçib. Münaqişənin həlli istiqamətində hansı real dəyişiklik baş verib? Həmsədrlər fəallaşıblarmı? Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibədə bu kontekstdə konkret fikirlər yer alıb. Dövlət başçısı bütövlükdə Ermənistandakı ideologiyanı xarakterizə edərək, ifadə edib: "Bu gün Ermənistanda faşist ideologiyası üstünlük təşkil edir. Bu ideologiyanın hədəfi də bizik... Ancaq həmişə onlara himayədarlıq edənlər onları tənqiddən qoruyub...".

Aydın görünür ki, nə Ermənistanda ideoloji-siyasi mühit müsbətə doğru dəyişib, nə onun havadarları himayəçilik xəttindən imtina ediblər. Belə bir vəziyyətdə münaqişənin dinc yolla həlli ilə bağlı hansı perspektivlər açıla bilər? Müxtəlif ölkələrdən olan ekspertlər bu suala cavab axtarır, müxtəlif proqnozlar verirlər. Ancaq burada Azərbaycan Prezidentinin ifadə etdiyi elə gerçəklər var ki, onları prinsipial səviyyədə nəzərə almadan analiz aparmaq absurddur. İstənilən halda gerçəkliyə söykənməyən proqnozun reallaşması mümkün olmayan sözdür. Bu baxımdan öncə biz, dövlət başçısının fikirləri kontekstində əhəmiyyətli saydığımız bir sıra məqamların üzərində dayanmaq istərdik.

Birincisi, Azərbaycan Prezidenti münaqişənin həllindən danışanda tam haqlı olaraq bütövlükdə həmsədrlərin fəaliyyətindən bəhs edir. Burada həmsədrlərdən hansınınsa yaxşı və ya hansınınsa pis olmasından söhbət gedə bilməz. Çünki onlar qərarları kollegial olaraq qəbul edirlər və hər hansı birinin razılaşmadığı məqam əlavə müzakirə olunur. Əgər uzun illərdir ki, Minsk qrupu və onun həmsədrləri münaqişənin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllində real nəticəyə nail ola bilməyiblərsə, bu, ümumən Minsk qrupunun və ilk növbədə, həmsədr ölkələrin (ABŞ, Fransa, Rusiya) nöqsanlarıdır.

Həmin səbəbdən həmsədrlərin içindən hansısa ölkəni ayırıb, "münaqişənin həlli açarı onun əlindədir" demək özünü aldatmaqdır. Konkret olaraq, Azərbaycanda da bir sıra KİV orqanlarında hətta "kompetent analitiklər"in yazılarında belə açıq və ya gizli Rusiyaya ümid ifadə edilir. Guya Vladimir Purin, Dmitri Medvedev və ya Sergey Lavrov "belə deyib, ancaq ermənilər onları eşitməyiblər". Bunlar oyundur. Çünki Ermənistan heç bir prinsipial geosiyasi, siyasi, ideoloji və hərbi məsələdə Kremlin qabağına söz çıxara bilməz. Ona nə gücü var, nə də iradəsi! Forpost və vassal bir ölkə nəhəng Rusiyanın iradəsindən kənara çıxa bilərmi? Deməli, münaqişənin həlli məsələsində Rusiya diplomatiyası kifayət qədər obyektiv, ədalətli və konkret nəticəyə yönələn kursu seçməyib. Hər halda hələlik belədir!

Burada bir sıra fürsət yoxsulları üçün kiçik izahata ehtiyac görürük. Söhbət həmsədrlərdən hansınınsa başqalarından daha ədalətsiz olmasından getmir. Başlıca olanı həmsədrlərin qrup, kollektiv halında münaqişənin danışıqlar yolu ilə həlli üçün real və konkret heç bir iş görməməsi, bir çox hallarda isə, təcavüzkarı qorumağa xidmət edən hərəkətləridir. Bununla bağlı müxtəlif səviyyələrdə, o cümlədən Prezident İlham Əliyevin müsahibə və çıxışlarında faktlar ifadə edilib.

İkincisi, məsələyə Minsk qrupunun və beynəlxalq təşkilatların münasibətinin tarixi xronologiyası nöqteyi-nəzərindən baxdıqda, ölkə rəhbəri İlham Əliyevin haqqında bəhs etdiyimiz müsahibəsində ifadə etdiyi fikirlərin tam ədalətli olduğuna, Azərbaycan rəhbərliyinin dərin və obyektiv təhlil əsasında hərəkət etdiyinə əmin oluruq. Bizim üçün məsələnin bu aspekti çox önəmlidir. Çünki beynəlxalq dairələrdə də bir sıra hallarda Azərbaycana qarşı haqsız mövqe tutanlar, ona təsir etməyə çalışanlar və müxtəlif üsullarla imicinə xələl gətirməyə cəhd göstərənlər vardır.

Bu prosesin bir ucu, nə qədər qəribə də olsa, həmişə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə gəlib çıxır. Konkret desək, erməni lobbisinin ciddi-cəhdi ilə Avropadakı müəyyən dairələr müxtəlif yollarla ermənilərin Azərbaycan dövlətinin vətəndaşı olaraq Dağlıq Qarabağda yaşamasının "sivilliyə", "demokratiyaya" və "mədəniyyətə" uyğun olmadığı təəssüratı yaratmağa çalışırlar. Ümumiləşdirsək, belə alınır ki, indi Avropanı bürümüş islamofobiyadan münaqişənin ədalətli həllinə maneə kimi istifadə etməyə cəhd edirlər. Halbuki BMT-nin Nizamnaməsində də dəqiq ifadə edilib ki, təcavüzə məruz qalmış istənilən ölkənin özünümüdafiə hüququ var və ona bundan istifadə etməyi qadağan etmək yolverilməzdir.

Ermənistan danışıqları pozur, həmsədrlər niyə reaksiya vermir?

Məhz həmin çərçivədə Azərbaycan Prezidentinin həmsədrlərin Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" açıqlamasına reaksiya verməməsini ciddi qüsur kimi vurğulaması tamamilə əsaslıdır. Prezident haqlı olaraq bu məqamı belə ifadə edib: "Halbuki, bu açıqlama bölgədə gərginliyin artmasına xidmət etdi... Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir".

Həmin məqamla bağlı iki faktı da ölkə rəhbəri diqqətə çatdırıb. Onlardan biri N.Paşinyanın "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın" açıqlaması ilə danışıqlar formatını dəyişmək cəhdidir. İkincisi isə Ermənistanın baş nazirinin Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimində iştirakına həmsədrlərin səssiz qalmasıdır. Əlbəttə, həmsədrlər sözdə N.Paşinyanın danışıqlar formatını dəyişmək fikri ilə razılaşa bilməzdilər. Çünki o halda açıqca tərəf tutmuş olurdular və ümumiyyətlə, bu növ danışıqlar üçün belə təkliflərin öz qəbul mexanizmi var. Bu mexanizm illər öncə müzakirə olunub və artıq neçə illərdir ki, işləkdir. Ona görə də N.Paşinyanın bu sərsəmləmələrinə açıq "hə" deyə bilməzdilər. Lakin real olaraq həmsədrlərin münaqişənin tənzimlənməsinə münasibəti müsbətə doğru dəyişməyib. Onlar yenə də söz çərçivəsində qalırlar.

Bunu ikinci fakt da sübut edir. Normal halda başqa bir dövlətin başçısının Azərbaycana rəsmi Bakının icazəsi olmadan daxil olması beynəlxalq hüquqa ziddir. N.Paşinyan Ermənistan hökumətinin başçısı qismində separatçı rejimin "seçki" şousunun iştirakçısı kimi Şuşaya gəlir. Buna da həmsədrlər heç bir reaksiya vermirlər. Həmin səbəbdən Azərbaycan Prezidentinin aşağıdakı sualı tamamilə yerindədir. İlham Əliyev müsahibəsində birbaşa soruşur: "Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq?". Lakin həmsədrlər məsələni sülh yolu ilə həll etmək istəyirlərsə, bunu deməlidirlər.

Amma demirlər... Üstəlik, bu kimi hallara konkret reaksiya vermək əvəzinə ATƏT-in Minsk qrupunun həmsədrləri ümumi xarakterli bəyanatlar verirlər. Prezident bu kontekstdə sual edir: "Nədir bunların bəyanatındakı əsas tezis?". Və bu sualın dəqiq cavabını da verir: "...hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır".

Ancaq bunu edə bilməzlər, çünki hər kəsə aydındır ki, təcavüzə məruz qalmış istənilən dövlətin özünümüdafiə haqqı təbiidir. O cümlədən ABŞ, Fransa və Rusiya özlərinə qarşı olan təcavüzə əsla dözmürlər. Bütün bunlara görə də, hansı haqla Azərbaycanın hərbi əməliyyatlarla öz torpaqlarını işğalçılardan təmizləməsinin qarşısını kəsməyə çalışırlar? Bu suala Minsk qrupunun həmsədrləri dəqiq və konkret cavab tapmasa, münaqişənin həllini gözləmək əbəsdir.

Dövlət başçısı Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyini sübut edən başqa bir vacib faktı da xatırladıb. Söhbət Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasətindən gedir. ATƏT-in faktaraşdırıcı missiyasının 10 il bundan əvvəl işğal olunmuş torpaqlarda olduğunu xatırladan İlham Əliyev fikrinə davam edib: "On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu on il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!".

Belə çıxır ki, artıq on ildir ki, təcavüzkarlar Azərbaycanın işğal olunmuş ərazilərində həm xaricdən gətirdikləri erməniləri məskunlaşdırırlar, həm də kilsələr tikirlər. Yəni, demoqrafik və mədəni ekspansiya siyasəti həyata keçirilir. Buna isə həmsədrlər reaksiya vermirlər. Hətta Azərbaycanın təkidlərinə baxmayaraq, addım atmırlar. Bu faktın fonunda hansı üzlə Amerika, Fransa və ya Rusiyanın vasitəçiliyindən, ədalətindən, guya münaqişəni dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək niyyətlərindən danışmaq olar? Azərbaycanın bəzi "analitikləri" hansı vicdan və vətənpərvərliklə medvedevlərə, lavrovlara ümid edirlər?

Tarixi ədalət və beynəlxalq hüquq: Azərbaycanın mövqeyi dəyişməzdir!

Əlbəttə, bütün bunların fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşlərinin heç bir əhəmiyyətinin olmadığı aşkar görünür və bu barədə dövlət başçısı açıq fikir bildirib. Danışıqları imitasiya etməyin zamanının çoxdan keçdiyini deyən İlham Əliyev, belə davam etməycəyini də bəyan edib. Bu, kifayət qədər güclü və cəsarətli bəyanatdır. Azərbaycan Prezidenti qəti şəkildə danışıqların mahiyyəti üzrə və real nəticəyə istiqamətlənmiş olaraq aparılması şərtini qoyur. Bununla ölkə rəhbəri Azərbaycanın həmsədrlərin sadəcə öz varlıqlarını göstərmək üçün təşkil etdikləri mənasız və nəticəsiz danışıqlardan imtina edə biləcəyinə işarə edib. İlham Əliyev fikirlərini belə yekunlaşdırıb: "...öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın".

Prezident ayrıca vurğulayıb ki, Azərbaycanın dəyişilməz mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Bakının tələbi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edilməsidir ki, bu da BMT-nin Nizamnaməsinə, Madrid prinsiplərinə, Helsinki Yekun Aktının müddəalarına tam uyğundur. Bu səbəbdən əgər ATƏT-in Minsk qrupu imitasiyalarla məşğul olmağa davam edəcəksə, Azərbaycan başqa yollar seçmək məcburiyyəti qarşısında qalacaq. Bütün hallarda isə: "Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır… Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir".

Azərbaycanın dövlət başçısının yüksək dərəcədə ədalətli, beynəlxalq hüquqa uyğun və obyektiv mövqeyi fonunda həmsədrlərin böyük yanlışlıq etdiyini əslində rəsmi İrəvan atdığı addımlarla da təsdiq edir. Belə ki, indi erməni siyasi və ekspert dairələri, KİV orqanları leksikonlarında özlərinin uydurduqları "Münhen prinsipləri" adı altında absurd müddəaları "çeynəyirlər". Həmin müddəalar əslində N.Paşinyanın danışıqların formatını dəyişmək iddiası ilə ortaya atdığı və Prezident İlham Əliyevin kəskin tənqid etdiyi tezislərdir. Onları ATƏT-in Minsk qrupu da qəbul etməyib (heç olmazsa, sözdə).

Konkret olaraq, N.Paşinyan Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı bəzi "tezislər" formalaşdırmağa çalışmışdı. Onlar aşağıdakılardır:

1) Azərbaycan kimi, Dağlıq Qarabağ da müstəqillik əldə edib;

2) Dağlıq Qarabağ münaqişə və danışıqlarda müstəqil tərəfdir;

3) Ərazi yoxdur, təhlükəsizlik var;

4) Bir-iki hərəkətlə münaqişəni həll etmək olmaz: danışıqlar prosesində "mikroinqilablar", sonra "miniinqilablar", daha sonra isə sıçrayış lazımdır;

5) Münaqişənin istənilən həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün qəbuledilən olmalıdır;

6) Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Əgər kimsə desə ki, məsələnin hərbi həlli var, Dağlıq Qarabağ xalqı deyəcək ki, o, çoxdan həll olunub.

Az-çox siyasət və diplomatiyadan anlayışı olan adam üçün bu cümlələr məntiqsiz sözlərin yığnağıdır. Ermənistanın baş naziri bu səviyyədə düşünürsə, erməni xalqı dünyanın ən bədbəxtidir. "Obıvatel" səviyyəsində orta bilikli adam belə bu cür əlaqəsiz və mənasız cümlələr qurmaz.

Əvvəla, Azərbaycan öz müstəqilliyini SSRİ-nin bir respublikası kimi əldə edib. Müstəqillik N.Paşinyanın ət mağazasında pay kimi bölünmürdü ki, "erməni uşaq, al, biri də sənin" deyiləydi.

İkincisi, Dağlıq Qarabağ ancaq Azərbaycanın icazəsi ilə, onun bir bölgəsi statusunda nədəsə iştirak edə bilər!

Üçüncüsü, bu necə siyasətçidir ki, ərazi anlayışı ilə təhlükəsizlik anlayışını bir-birindən ayırmağın mümkün olmadığını anlamır. Siz ərazini işğal etməmisiniz, bəs nəyi işğal etmisiniz? Ərazini qanunsuz olaraq sizin tapdağınıza havadarlarınız salıblar ki, indi biz "münaqişə var" deyirik. Ərazi yoxdur? Onda nə sürünürsünüz o torpaqlarda, nəyiniz varsa, yığın, gedin xarabanıza!

Dördüncüsü, "inqilab" nağılını Avropada, Amerikada və Rusiyada danışarsınız, bu kimi cəfəngiyatların auditoriyası oralarda var. Azərbaycan cəmiyyəti üçün bir həqiqət var: işğal etdiyiniz torpaqlardan çıxmalısınız!

Beşincisi, tarixi zəif bilən üçün fakt odur ki, Dağlıq Qarabağın aborigen xalqı türklərdir. Ermənilər ora köçürülüblər. Türk xalqı Azərbaycanı seçib qədimdən.

Altıncısı, cənab Paşinyan, Dağlıq Qarabağdan öz xoşunla quldur dəstələrini çıxarmasan, Azərbaycan əsgəri əzə-əzə keçəcək. Və sən məhkəmə qarşısında cavab verəcəksən!

İndi təsəvvür edin – erməni siyasətçi və ekspertlərin "Münhen prinsipləri" dedikləri və Madrid prinsipləri ilə müqayisə etməyə çalışdıqları cəfəng fikirləri ATƏT-in Minsk qrupu niyə darmadağın etmir. Azərbaycan Prezidentinin həmsədrləri tənqid etməkdə nə dərəcədə haqlı olduğunu təkcə bu məqam aydınca ortaya qoyur.

Bütün bunlara rəğmən, Azərbaycanın daha qətiyyətli və konkret mövqe ortaya qoyduğu aydındır. Bakı qəti şəkildə tələb edir: həmsədrlər imitasiyadan imtina etməli və Ermənistan işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır! Bu, son və dinc xəbərdarlıqdır. Söz Azərbaycan Ordusuna keçir!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...