THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Merkelin Ankara səfəri: Berlin fəallaşır və qüvvələr nisbətini yeniləyir

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6931
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 fevral 2020 – Newtimes.az

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfərinə münasibət birmənalı olmadı. Avropa mediası alman hökumətinin başçısını tənqid etdi. Ekspertlər də onu "Ərdoğanın imicinə yardım etməkdə" suçladı. Lakin digərləri Almaniya rəhbərliyinin atdığı addımın geosiyasi əhəmiyyətini dərk edirlər. Onlar hesab edirlər ki, bununla Berlin Yaxın Şərqdə sabitliyin yaranmasına töhfə verə bilər. Eyni zamanda, digər regionlarda analoji vəziyyətin yaranmaması üçün müəyyən mexanizm yaradıla bilər. Hər bir halda Berlin və Ankara bir sıra vacib məqamlar üzrə ortaq mövqeyə gəliblər. Bu isə müsbət hal sayılır. Vurğulanan məqamlara geosiyasi kontekstdə geniş yanaşmağa ehtiyac görürük.

Rasional lider: Merkel nümunəsi

Almaniya-Türkiyə münasibətləri ənənəvi olaraq Avropa məkanı üçün əhəmiyyətli olub. İndi də bütövlükdə Avrasiya geosiyasi mühitində bu ölkələr arasındakı əlaqələrin dinamikası ciddi təsir potensialına malikdir. Xüsusilə ABŞ-Avropa İttifaqı, ABŞ-Rusiya və Avropa İttifaqı-Rusiya münasibətləri kontekstində Berlinlə Ankaranın əlaqələri əhəmiyyət kəsb edir. Ekspertlər son illər bütün bunlara Yaxın Şərqdə cərəyan edən geosiyasi-hərbi proseslərin ciddi təsir göstərdiyini də vurğulayırlar. Xüsusən miqrasiya sferasında Almaniya ilə Türkiyənin müzakirə etməli olduqları çox sayda məqamlar mövcuddur.

Həmin məsələlər Avropa mətbuatında da ayrıca yer tutur. Alman mediası iki ölkənin qarşılıqlı əlaqələrinə həm çox diqqət yetirir, həm də kifayət qədər tənqidi yanaşır. Burada Türkiyəyə qarşı ifrat mənfi münasibət özünü daha çox göstərir. Alman jurnalistlər Türkiyədən dövlət kimi danışmaqdan çox, məsələləri Rəcəb Tayyib Ərdoğanın şəxsiyyəti ilə bağlamağa çalışırlar. Almaniyadan bəhs edəndə, dövlət maraqlarını ortaya qoyur, Türkiyəyə gəldikdə isə, onu bir şəxsin kaprizləri prizmasından təqdim etməyə cəhd göstərirlər.

Bu cür ikili yanaşma təbii ki, ilk növbədə, almanlarda Türkiyə kimi böyük və güclü dövlətin siyasəti haqqında yanlış təsəvvürlərə yol açır. Almaniya bir cəmiyyət olaraq Türkiyəni dövlət kimi dumanlı görür. Onu da vurğulayaq ki, bu cür yanaşma bütün Avropa ölkələri üçün səciyyəvidir. Bunun açıq deyilməyən səbəbləri vardır.

Məsələ belədir ki, əsrlərdir Qərb Türkiyəyə ya düşmən kimi baxır, ya da özündən asılı olmağa məhkum edilmiş və geridə qalmış bir ölkə olaraq ona yanaşır. Son 100 ildə buna müəyyən dərəcədə nail olublar. Osmanlını parçaladılar və ondan sonra Türkiyə əksər sahələrdə Qərb-Rusiya geosiyasi intriqasında "başını saxlaya bilmək" taktikasını seçməli oldu. Bu, avropalılarda və rusiyalılarda Türkiyəni aşağılamaq kimi yanlış bir psixoloji apatiyaya sürüklədi.

İndi nələr müşahidə edilir? Türkiyə artıq 16 ildir ki, öz iradəsini tədricən ortaya qoyan və müstəqil siyasəti ilə dünya miqyasında sözünü deyən, dinamik inkişafda olan dövlətdir. Bu qüdrətini Ankara hər addımda və hər regional geosiyasi məsələdə nümayiş etdirir. İndi Moskva onunla "sən kimsən?" məntiqi ilə danışa bilmir. Amerika çox təzyiq göstərə bilmir. İran daha sıx əməkdaşlıq təklif edir. Avropa isə hələ düşünür. Türkiyə Yaxın Şərqdə söz sahibi olduğunu diplomatik-hərbi sahədə bütün dünyaya sübut etdi və bu proses davam edir.

Belə görünür ki, Avropada yenə də Almaniya daha rasional düşünməyə qabil olduğunu göstərir. Bu ölkənin kansleri Türkiyənin Aİ-yə üzvlüyünü qəbul etməsə də, onunla daha sıx əməkdaşlığa meylli görünür. Bu səbəbdən A.Merkelin Ankaraya səfərinə həm alman mediası, həm də ekspertlər böyük maraq göstərdilər. KİV əsasən A.Merkeli tənqid etdi. Alman jurnalistlər və ekspertlər hesab edirlər ki, Berlin R.T.Ərdoğanla sərt danışmalıdır. Onun qarşısına demokratik qaydalarla bağlı şərtlər qoymalıdır. O cümlədən insan haqları, söz azadlığı kimi sahələrdə Almaniya iradəsini göstərməlidir. Məsələn, Türkiyədə saxlanılan Almaniya vətəndaşı olan türklər azad edilməlidirlər və s.

Alman ekspertləri hesab edir ki, bu kimi məsələləri qoyub, A.Merkelin Türkiyəni bir sıra geosiyasi məsələlərdə və miqrasiya problemində dəstəkləməsi Avropa dəyərlərinə uyğun deyil. Ancaq bu, yaranmış vəziyyətə birtərəfli və qərəzli yanaşma təsiri bağışlayır. Çünki dövlət təkcə Almaniya deyildir, Türkiyə də dövlətdir və onun da öz maraqları vardır. Bu baxımdan Ankaranın Almaniyaya çoxlu əsaslı iradları vardır.

Məsələn, hansı səbəbdən Berlin PKK-ya yardım edir və Türkiyədə dövlət çevrilişində iştirak edən bir çox adamı himayəsinə alıb? Almaniya hansı əsasla özünün terrorçu saydığını Türkiyənin də terrorçu saymasını tələb edir, lakin Türkiyənin də eyni haqqa sahib olduğunu qəbul etmək istəmir? İŞİD Avropa üçün təhlükədir, PKK/PYD-YPG, FETÖ Türkiyə üçün təhlükə deyil? Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələlər insan haqlarıdır, Avropa ilə bağlı olanlar terrordur?

Geosiyasi aspekt: Berlin-Ankara xəttində aktivliyin səbəbləri

Bütün bunları təbii ki, Ankara çox gözəl bilir və ardıcıl olaraq hər kəsə çatdırır. A.Merkelin Türkiyəyə son səfəri həm də həmin kontekstdə əhəmiyyət daşıyır ki, Berlinin bu vəziyyətdən çıxardığı nəticələrin məlum olması maraqlı idi. Danışıqlarda tərəflər miqrasiya, Suriyada təhlükəsizlik zonasının yaradılması, Liviya probleminin həlli və ticari əlaqələri daha da inkişaf etdirmək sahəsində razılığa gəliblər.

Almaniya Suriyanın şimalında yurdlarını tərk etmiş suriyalıların yerləşdirilməsi üçün Türkiyənin tikməyə başladığı sığınacaqlara yardım edəcək. Qəribədir ki, almaniyalı ekspertlər bu məsələdə də A.Merkeli tənqid etməyə meyllidirlər. Onları öz vətənlərindən didərgin düşmüş insanların taleyi yox, R.T.Ərdoğanın siyasi iradəsi narahat edir. Hesab edirlər ki, Türkiyəyə bu məsələdə dəstək vermək R.T.Ərdoğanın xeyrinədir. Bu cür primitiv və qərəzli yanaşma ilə, əlbəttə, uzağa getmək olmaz. Həm də humanizmdən danışan bir toplumun xarici siyasət məsələlərinə ikili yanaşmasının göstəricisidir.

Hər bir halda Berlin bu məsələdə rasional davranır. Öz doğma yurd-yuvasından didərgin salınmış insanlara yardım etmək humanizmdir. Bununla yanaşı, Almaniya burada geosiyasi dividend də güdür. Berlin qaçqınların Avropaya axınını əngəlləyir. Daha doğrusu, bu istiqamətdə Türkiyənin fədakarlığına az da olsa, dəstək verir. Artıq Avropada etiraf edirlər ki, miqrant məsələsi Yaxın Şərq ölkələrinin sərhədindən kənara çıxıb. Hazırda Türkiyə Əfqanıstan, Hindistan, Pakistan, İran və digər ölkələrdən olan miqrasiya axınının önünü kəsən ölkədir. Və bunun belə qalması mümkün deyildir. Avropa mütləq məsələyə qarışmalı və üzərinə düşəni etməlidir. A.Merkelin Türkiyəyə səfərindən əldə edilən mühüm nəticələrdən biri məhz bundan ibarətdir.

Suriya ilə yanaşı, Liviya məsələsində də Türkiyə-Almaniya əməkdaşlığı xüsusi aktuallıq kəsb edir. Liviya ilə bağlı konfransın Berlində keçirilməsi təsadüfi deyil. R.T.Ərdoğan həmin kontekstdə media təmsilçilərinin sualına cavab verərkən vurğulayıb ki, terrorçu Xəlifə Haftar ilə bir masaya oturmayacaq. Başqalarının da oturmasına izn verməyəcək. Bu o deməkdir ki, Türkiyə X.Haftarın silahlı üsyandan əl çəkməsi şərtini qəti qoyub və bu şərtə əməl olunmayınca, Liviyada sabitlik mümkün deyildir. Üsyançı generala kimlərin dəstək verməsinin burada elə bir əhəmiyyəti yoxdur. Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi məsələsini dünya maraqla izləyir. Real olanı odur ki, X.Haftar da artıq hərbi fəaliyyətini səngidib. Görünür, Türkiyənin gücünü hər kəs hiss edir.

Lakin orada sabitliyin yaranmasına işarə belə yoxdur. Gözləmək olar ki, beynəlxalq təşkilatlar Suriya və Liviya məsələlərində əlaqəli şəkildə siyasi həll yolu axtaracaqlar. Bununla bağlı müəyyən addımlar nəzərdə tutulub. İndi Liviyada əsgəri müşahidəçilərin yerləşdirilməsi məsələsi həll edilir.

Şübhə yoxdur ki, Almaniyanın aktiv şəkildə Liviya probleminin həllinə qoşulması onun geosiyasi nüfuzuna müsbət təsir edəcək. Berlin Şimali Afrikada fəallığını artıraraq Fransa ilə rəqabətə girə bilər. Bu isə bütövlükdə qlobal geosiyasi miqyasda qüvvələr nisbətinin yenilənməsinə təkan verə bilər. Həmin prosesdə Türkiyənin aktiv iştirakı ekspertlər üçün maraqlı mövzudur.

Beləliklə, A.Merkelin Türkiyəyə səfəri bir neçə məqama aydınlıq gətirdi. Hər şeydən öncə, Ankaranın regional və qlobal geosiyasi proseslərdə fəallığının artdığı və nüfuzunun daha da yüksəldiyi məlum oldu. Bir zamanlar Türkiyənin paytaxtına gəlməyə ehtiyac görməyənlər, indi sıraya düzülüblər. Digər tərəfdən, Almaniya Avropa miqyasında siyasi fəallığını artırmaqla yanaşı, Yaxın Şərqdə də söz sahibi olmaq istiqamətində inamla irəliləyir. Nəhayət, belə təəssürat yaranır ki, Yaxın Şərqdə yeni səviyyədə Fransa-Almaniya rəqabəti yarana bilər. Hər bir halda Almaniya kansleri vacib bir addım atdı ki, Aİ-nin digər ölkələri onun qədər uğurlu deyillər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...