THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11137
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 yanvar 2020 – Newtimes.az

Avropa Parlamenti bu il yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyasında ekspertlərin diqqətini çəkən sənəd qəbul edib. Orada təşkilatın fəaliyyəti ilə bağlı bir sıra məsələlər qoyulub. Sənəddə Avropa İttifaqının (Aİ) qonşuluq siyasətinin müəyyən məqamları da öz ifadəsini tapıb. Bizim üçün maraqlı olan təşkilatın "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrlə bağlı tutduğu mövqedir. Belə görünür ki, Brüssel bu təşəbbüsə çox böyük ümid bəsləyir, onun reallaşması üçün yeni addımlar atmağa hazırlaşır. O cümlədən postsovet məkanındakı bir sıra ölkələrin ərazi bütövlüyünün bərpasının vacibliyi vurğulanır. Konkret olaraq Ukrayna, Moldova və Gürcüstanın adı çəkilir. Ümumi kontekstdə isə bütövlükdə həmin təşəbbüsə daxil olan hər bir ölkədən söhbət gedir. Məsələnin sənəddə bu cür qoyuluşunun geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

Bir addım: Brüsselin "Şərq tərəfdaşlığı"na diqqəti

Avropa İttifaqının bir təşkilat kimi xarici siyasət kursunun inkişaf istiqamətləri ilə bağlı təhlillər aparılır. Son bir neçə ildə Brüssel bu sferada dəyişikliklər edir. Son olaraq "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrlə bağlı siyasətində düzəlişlər edib. Aİ-nin rəhbərliyinin yenilənməsi ilə bu prosesdə növbəti mərhələnin başladığını müşahidə edirik. Həmin aspektdə Avropa Parlamentinin plenar sessiyasında "Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə" adlı qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi ekspert dairələrində ciddi maraq doğurub.

Sənədin 36-cı bəndində Aİ-nin "Şərq tərəfdaşlığı"na üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyini dəstəklədiyi ifadə edilib. Ayrıca qeyd edək ki, sənəddə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər kontekstində qoyulub. 36-cı bənddə deyilir: "Aİ Ukrayna və "Şərq tərəfdaşlığı"nın bütün ölkələrinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini beynəlxalq hüququn norma və prinsiplərə uyğun olaraq, onların beynəlxalq tanınmış sərhədləri çərçivəsində dəstəkləməyə sadiqliyini yenidən təsdiq edir...".

Həmin bəndin sonrakı hissələrində "Şərq tərəfdaşlığı"na üzv ölkələr üçün ən böyük təhlükəni Rusiyanın yaratdığı vurğulanır. Münaqişələrin beynəlxalq hüquq normaları və qaydaları əsasında həll edilməsinin zəruriliyi göstərilir. Silahlı toqquşmalara yol verilməməsi ayrıca qeyd edilir. Nəhayət, orada Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırılır. Bundan başqa, qətnamədə Rusiyanın Gürcüstana qarşı təcavüz etdiyi də qeyd edilir. Aİ öz tərəfindən şərq qonşuluğundakı süründürməçi münaqişələr məsələsində beynəlxalq hüquqa əsaslanan "aktiv mövqe tutmağı qətiyyətlə qeyd etdiyi"ni xüsusi vurğulayır.

Bununla da təşkilatın qəbul etdiyi yeni sənəddə "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Brüsselin mövqeyi tam öz əksini tapmış olur. Onu da vurğulayaq ki, Avropa Parlamentinin bu sənədi Aİ üçün tövsiyə xarakterli deyil, məcburi xarakterlidir. Yəni, Aİ-nin bütün qurumları həmin məsələlərə sənəddə qoyulan aspektdə yanaşmağa borcludur. Bu isə o deməkdir ki, hazırlanan hər bir sənəddə "Şərq tərəfdaşlığı"na üzv dövlətlərin ərazi bütövlüyünün bərpası mütləq şəkildə nəzərə alınmalıdır.

Bütövlükdə Aİ-nin yanaşması konstruktivdir. Müstəqil dövlətlərin suverenliyinə hörmət olmalı və ərazi bütövlükləri qorunmalıdır. Burada konkret olaraq Ukrayna və Gürcüstan məsələsinin qabardılması və birbaşa Rusiyanın hədəfə alınması təşkilatın öz işidir. Ancaq məsələyə geniş aspektdə baxdıqda, ortaya bir sıra suallar çıxır.

Həmin bağlılıqda iki məqamı vurğulamaq istərdik. Birincisi, "Şərq tərəfdaşlığı" proqramına daxil olan Ermənistan həmin proqramın digər iştirakçısı Azərbaycanın ərazi bütövlüyünü pozub. Bununla bağlı isə sənəddə heç nə qeyd olunmayıb. İkincisi, konkret olaraq Ermənistanın təcavüzkar ölkə kimi adı çəkilməyib. Baxmayaraq ki, Rusiya Ermənistandan dəfələrlə güclüdür (müqayisə belə gülüncdür), onun adı hallanır. Özü də kifayət qədər sərt ifadələrlə. Ancaq forpost Ermənistanın adı çəkilmir, təcavüzkarlığı konkret qeyd olunmur və onun da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsi tələb edilmir. Sənəddə Krımın, Donbasın, Abxaziyanın və Cənubi Osetiyanın adı çəkilir, lakin Dağlıq Qarabağdan söz açılmır. Bu, nəyi ifadə edir?

Ayrı-seçkilik: izi qalır

Bütövlükdə Aİ-nin ərazi bütövlüyü məsələsini qətiyyətlə qoyması ciddi irəliləyişdir. Avtomatik olaraq burada Azərbaycanın da ərazi bütövlüyünün təmin edilməsi məsələsinin qoyulduğuna şübhə yoxdur. Bununla yanaşı, Ermənistanın açıq surətdə təcavüzkarlığı qeyd olunmursa və Dağlıq Qarabağ münaqişəsinin həllindən bəhs edilmirsə, bu qüsur birmənalı olaraq Aİ-nin xarici siyasətinin zəif həlqəsidir.

Burada ekspertlər müxtəlif "arqument"lər gətirməyə çalışırlar. Məsələn, Brüsselin Ermənistanı özündən uzaqlaşdırmaq istəmədiyini yazırlar. Bu zaman, Rusiyanın dərhal bundan istifadə edib, Ermənistanı daha sıx özünə bağlayacağından danışırlar. Belə vəziyyət bütövlükdə "Şərq tərəfdaşlığı" proqramının iflası deməkdir. Bəlkə də nəzəri olaraq bu cür yanaşmada müəyyən məntiq vardır. Ancaq əgər Aİ ədalətli olmağı deyil, siyasi və geosiyasi oyunbazlığı əsas tutursa və bu zaman ikili standartlara yol verirsə, həmin mövqenin uğurlu olacağı mümkün deyildir.

Digər tərəfdən, nə üçün eyni məntiqlə Azərbaycanın Aİ-dən uzaqlaşa biləcəyini hesaba almırlar? Həm də müstəqil siyasət yeridən Azərbaycanın buna imkanı daha çoxdur. Ermənistan onsuz da Rusiyanın forpostudur və bundan artıq forpost olmaq mümkün deyildir. Deməli, Brüsselin nə etməsindən asılı olmayaraq, Ermənistan Rusiyanın pəncəsindən qurtula bilməz. Bu isə onu ifadə edir ki, Aİ yuxarıda vurğulanan taktika ilə real heç bir şey qazanmır, əksinə, Azərbaycanı itirmiş olur.

Onda belə çıxır ki, Ermənistanı uzaqlaşdırmamaq real arqument deyil, daha dərində olan ikili yanaşmanı ört-basdır etmək üçündür. Reallıq belədir ki, Qərbdə dini təəssübkeşlik qalır. Qərb Ermənistanı bütün yaramazlığı və haqsızlığı ilə "özününkü" sayır. Haqlı və Ermənistandan dəfələrlə inkişaf etmiş dünyəvi müsəlman ölkəsi olan Azərbaycan isə "yad"dır! Təəssüf ki, bu, belədir.

Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini özünün havadarlarının yaxından yardımı ilə işğal edəndən bu yana rəsmi İrəvandan sərt və dəqiq şəkildə tələb olunmayıb ki, işğalçı qüvvələrini geri çəksin. Keçən əsrin 90-cı illərdən bu yana bu və ya digər hərəkətlərinə görə İraqı, Suriyanı, Misiri, Liviyanı cəhənnəmə çeviriblər və bu prosesin bir hissəsi indi də davam edir, lakin vassal Ermənistana bir güllə belə atmayıblar, ya da Azərbaycanın öz haqlı savaşını aparması yolunda maneələr yaradırlar. Açıqca görünür ki, bir neçə böyük dövlət erməni təcavüzkarlığına himayədarlıq edir. Bu, artıq heç kəsə sirr deyil.

Bütün bunlara görə də, Aİ-nin son sənədində də Ermənistanın işğalçı kimi adının çəkilməməsi və konkret olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsinin vurğulanmaması Brüsselin böyük nöqsanıdır. Onu da deyək ki, bu, əhəmiyyətli olmasa idi, iki kəlmədən bir Rusiya kimi güclü bir dövlətin "təhlükə törətməsi"ndən, "aqressivliyi"ndən və Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyindən bəhs etməzdilər. Yəni, Aİ üçün Ermənistanın ondan uzaqlaşmasının Rusiyanı qatı düşmənə çevirməkdən daha ağır nəticələri ola biləcək bir iş olduğunu düşünmək böyük sadəlövhlük olardı. Bunları heç müqayisə belə etmək mümkün deyil. Əksinə, Rusiyaya qarşı sərt ritorika ilə danışmağın bədəli çox ağır ola bilər.

Bütün bunlardan iki nəticə çıxara bilərik. Könülsüz də olsa, Avropa Azərbaycanla bağlı mövqeyinə müəyyən düzəlişlər etməyə başlayır. Bunun səbəbi Brüsselin ədalətli mövqeyə gəlməsində deyil, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlardadır. Hamı aydın görür ki, Cənubi Qafqazda bir real güc, əsl müstəqil dövlət var – bu, Azərbaycandır! Elə bir dövlət ki, Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayır. Bunu kənara qoya bilmirlər. Əlacları olsa, bu imkanı alıb Ermənistana verərlər.

İkinci nəticə ondan ibarətdir ki, Aİ hələ kifayət qədər cəsarətli və obyektiv deyil. Brüssel ikili standartlara əsaslanan oyunlarına davam edir. Lakin bu yol uğurlu ola bilməz. Görünür, müəyyən müddətdən sonra Aİ daha bir addım atmalı olacaq. Bu addım Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə real yardımdan ibarətdir. Daha doğrusu, Azərbaycana mane olmasınlar, bitərəf olsunlar, bu yetər! Bizim dövlət işində kimsənin yardımına ehtiyacımız yoxdur!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...