THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Bir kəmər, bir yol": Çin dünyanın geosiyasi-iqtisadi mənzərəsini yeniləşdirir

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3314
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 aprel 2019 – Newtimes.az

Pekində aprelin 25-27-də "Bir kəmər, bir yol" ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilib. Forumda 150 ölkənin nümayəndələri iştirak edib. Onların 30-dan çoxu dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri olub. Bu nəhəng tədbirin təşkil edilməsi Çin üçün çox vacib idi. Pekin tərəfindən həm son dövrlərdə meydana çıxan suallara cavab verilməli, həm də "Bir kəmər, bir yol" layihəsinin reallaşması istiqamətində konkret addımlar atılmalı idi. Ekspertlərin rəyinə görə, hər iki məsələdə Çin istədiyinə nail olub. Ölkə rəhbəri Si Cinpin proqram xarakterli geniş məruzə edib. Məruzəsində layihənin məzmun və məqsədi barədə konkret tezislər ifadə edib. Bununla yanaşı, bir sıra dövlət başçıları da bütün dünyanı maraqlandıran geosiyasi və iqtisadi məsələlərə toxunublar. Bütün bunların fonunda forumun dünya üçün geosiyasi və iqtisadi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac duyulur.

İkinci forum: çətinliklər və perspektivlər

Qədim İpək Yolunun bərpasına yönəlmiş "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ikinci beynəlxalq foruma siyasətçilərin və ekspertlərin marağı çox böyük idi. Bu, yalnız tədbirin 150-dən çox ölkəni əhatə etməsi və Çinin faktiki olaraq XXI əsrin meqalayihəsini reallaşdırmağa çalışması ilə bağlı deyildi. Məsələnin digər tərəfi bu layihə haqqında son zamanlar müəyyən sualların meydana çıxmasına bağlıdır. Bir çox ekspertlər hesab edirlər ki, "Bir kəmər, bir yol" layihəsinin coğrafiyası genişləndikcə, onun məzmunu qeyri-müəyyən olur. Belə ki, həmin təşəbbüsün arxasında Çinin geosiyasi maraqlarının və öz iqtisadiyyatını dünya dövlətləri hesabına daha da möhkəmləndirmək istəyinin dayandığı barədə fikirlər bildirilir.

Aprel ayının 22-də Pekinin xüsusi bir bəyanat yaymasını da məhz bu kimi şübhələrə cavab kimi qiymətləndirirlər. Həmin bəyanatda "Kəmər və yol" layihəsində Çinin başlıca məqsədləri bir daha izah olunur. Orada iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, maliyyə, biznes, ekologiya və humanitar sahələrə verilən diqqət ayrıca qeyd olunur. Bir sözlə, Pekin geosiyasi ambisiyalarının və bu kontekstdə qlobal geosiyasətin mərkəzində olmaq planının olmadığını dünyaya çatdırmağa çalışır.

Buna baxmayaraq, hələ də ABŞ və Hindistan "Bir kəmər, bir yol" layihəsinə qoşulmaq fikrində deyillər. Amerikanın Çinlə geosiyasi, Hindistanın isə ərazi problemi var. Belə çıxır ki, verilən vədlərə və yüksək pafoslu sözlərə baxmayaraq, bu layihənin mənbəyində ən azı iki problem var ki, bütövlükdə hadisələrin gedişatına təsir edə bilər. Bunlara digər regionlarda olan münaqişələri də əlavə etsək, layihənin coğrafiyasında risklər və təhdidlərin mövcudluğu faktını qəbul etməliyik. Bu da onun reallaşması məsələsində çətinliklərin və qeyri-müəyyənliklərin qaldığına dəlalət edir. Bəlkə də məhz bu kontekstdə ikinci forum Çin üçün daha böyük önəm daşıyırdı. Onun necə keçməsindən layihənin taleyi asılı idi.

Yayılan informasiyalara görə, bütövlükdə tədbir uğurlu alınıb. Hər şeydən öncə, Çin rəhbəri Si Cinpin proqram xarakterli məruzə edib. O, Pekinin bu təşəbbüsü reallaşdırmaqda güddüyü əsas məqsədləri bir daha vurğulayıb. "Çin bütün dünyaya açıq olmağa hazırdır" mesajını verən Si Cinpin faktiki olaraq Qərbə səslənib. Bunu ekspertlər Pekinin irəli sürülən iradlara ümumi cavabı adlandırırlar. Belə ki, bununla Çin bütün dünya dövlətləri üçün əməkdaşlıq qapısının açıq olduğunu bəyan edir. Bu, həm də iqtisadiyyatda proteksionizmə qarşı mübarizə baxımından əhəmiyyətlidir. Artıq heç kim ÇXR-i hansısa qapalı əməkdaşlıq klubu yaratmaqda və ya ayrı-seçkilik etməkdə günahlandıra bilməz.

Digər maraqlı məqam Çinin yuanın devalvasiyası nəticəsində öz inkişafını başqa dövlətlərin çiyninə qoymaq fikrində olmaması ilə bağlıdır. Yəni Si Cinpinin sözlərinə görə, Pekin istənilən situasiyada səmimi, açıq və hər bir iştirakçının xeyrinə olan maliyyə siyasəti yeridəcək. Bu, həm də ekoloji aspektə aiddir. "Yaşıl iqtisadiyyat" "Kəmər və yol" layihəsinin əsas prinsipi olaraq qalacaq. Buraya vergi siyasəti də daxildir. Çin vergiləri artırmaq deyil, azaltmaq, bütün dövlətlər üçün uyğun şərait yaratmaq üzərində düşünür. Bundan başqa, Çin ehtiyacı olan dövlətlərə dəstək üçün kreditlər və xüsusi proqramlar üzrə maliyyə yardımı etməyə hazırdır. Bunun üçün Çin hər cür fədakarlığa hazırdır.

Çin dövlət başçısı nitqində Pekinin beynəlxalq qanunçuluğu genişləndirmək sayəsində azad ticarət zonası ideyasını daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib. Yaradılacaq azad ticarət zonaları çox sayda dövlətlərin inkişafına təkan verəcək. İstehsal olunan malların insanların rifahı naminə daha geniş satılması imkanı yaranacaq.

Pekin ticarət və sərmayə qoyuluşunun liberallaşması və sadələşməsinə yardım edəcəyini ifadə edib. Bununla iqtisadi qloballaşma daha açıq, tolerant, əlçatan, balanslaşmış və hamı üçün faydalı olan məzmun kəsb edə bilər. Si Cinpin sivilizasiyaların qarşılıqlı zənginləşdirilməsi və humanitar əməkdaşlığın gücləndirilməsini də vurğulayıb. Bununla Çin qlobal miqyasda qarşılıqlı əlaqədə olan tərəfdaşlıq münasibətləri qurmağın mümkünlüyünə inanır. Nəticədə, birgə inkişaf və çiçəklənməyə nail olmaq imkanı yaranır.

İsternizasiya: dünyanın geosiyasi ağırlıq mərkəzi dəyişirmi?

Bunlar Çin rəhbərinin məruzəsinin ümumi müddəalarına aiddir. Maraqlıdır ki, tədbirdə iştirak edən bir sıra dövlətlərin başçıları da həmin çıxışın ruhuna uyğun fikirlər bildiriblər. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin çıxışında müəyyən fikirlər irəli sürülüb. İlham Əliyev lakonik və dərin məzmunlu çıxışında Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində oynadığı rolu dolğun ifadə edib, Bakının atdığı konkret addımları bir daha diqqətə çatdırıb. Yəni Azərbaycan bu layihənin ticari, iqtisadi, nəqliyyat-logistik və sair aspektləri üzrə konkret proqramlar həyata keçirməkdə davam edəcək. (Yeri gəlmişkən, Azərbaycan Prezidentinin "Bir kəmər, bir yol" forumundakı çıxışının konkret müddəaları ilə bağlı ayrıca məqaləmiz dərc olunacaq – red.).

Rusiya Prezidenti Vladimir Putin isə daha çox ölkəsinin həyata keçirdiyi proqramlardan bəhs edib. Bu sırada rəqəmsal texnologiyaların və nəqliyyat və logistika infrastrukturun inkişafı məsələsinə toxunulub. Özü də bütün bu məsələlər Çinin təşəbbüskarı olduğu layihə kontekstində təqdim edilib. Bununla Rusiya, ABŞ-dan fərqli olaraq, "Bir kəmər, bir yol" təşəbbüsünə ciddi dəstək verdiyini vurğulayıb.

Nursultan Nazarbayev isə bu layihənin ümumi geosiyasi kontekstini vurğulayaraq, maraqlı bir tezis ifadə edib. Onun dediyinə görə, "Bir kəmər, bir yol" təşəbbüsü göstərir ki, qlobal geosiyasət "Vesternizasiya"dan ("Qərbləşmə") "İsternizasiya"ya (bu prosesi "Şərqləşmə", "Asiyalaşma" da adlandırırlar) keçid edir. Yəni Şərq-Asiya dünya geosiyasətinin mərkəzinə çevrilir. Əslində, bu fikir Amerika politoloqu Zbiqnev Bjezinskinin məlum tezisinin başqa formada ifadəsidir. Lakin maraqlı cəhət ondan ibarətdir ki, bir çox siyasi liderlər "Kəmər və yol" layihəsini həmin prosesin konkret ifadəçisi hesab edirlər. Bu isə ona işarədir ki, qlobal geosiyasi mərkəzin bir mərkəzdən digərinə keçməsində aparıcı rolu Çin oynayır. Bu da həmin prosesə xüsusi məzmun və məqsəd verir.

Doğrudur, Nursultan Nazarbayev "Bir kəmər, bir yol" layihəsindən ancaq dialoq, əməkdaşlıq və qarşılıqlı əlaqələrin təşviqi aspektlərində bəhs edir. Forumda məruzə edənlər rəqabətdən bəhs etmirlər. Ancaq reallıq onu göstərir ki, qlobal səviyyədə rəqabətin, həm də amansız rəqabətin kökünü qazıyan hər hansı proses müşahidə edilmir. Çin nə qədər inkar etsə də, məsələnin geosiyasi aspekti göz önündədir. Mümkündür ki, bu prosesin "sinergetik effekti" (Vladimir Putin) yüksək olsun, çoxlu sayda dövlətlər arasında qarşılıqlı əlaqələr daha yüksək səviyyəyə qalxsın, ancaq bunun fonunda geosiyasi rəqabətin də güclənə biləcəyini istisna etmək olmaz.

Bunlar onu təsdiq edir ki, "Bir kəmər, bir yol" forumu dünya miqyasında aktual və maraqlı hadisə kimi qəbul edilməlidir. 150 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə əməkdaşlığın inkişaf etdirilməsinin hərtərəfli müzakirəsi sadə məsələ deyil. Həm də tədbir 64 milyard dollar həcmində müqavilələrin imzalanması ilə yekunlaşıb. Dünyanın bir sıra böyük şirkətləri bu prosesdə iştirak ediblər. Qəbul edilən yekun sənəddə də "Kəmər və yol" layihəsinin reallaşmasına olan inam ifadə edilib.

Bunlardan başqa, dünyanın bir neçə böyük dövləti bu prosesdə iştirakda maraqlı olduqlarını nümayiş etdiriblər. Əgər söhbət konkret əməkdaşlıq istiqamətlərindən və real müqavilələr çərçivəsində əlaqələrdən gedirsə, məsələ xeyli ciddidir. Pekin bu addımı atdı. Dünyanın qloballaşması təşəbbüsü Şərqin əlinə keçməkdədir. Əgər Amerika cəzalandırmağa, əlaqələri məhdudlaşdırmağa, ölkələri bir-birindən ayırmağa və öz marağını qabartmağa çalışırsa, Çin bütün istiqamətlərdə bunun əksini edir. Bu prizmadan Pekinin təşəbbüsləri daha perspektivli görünür. "Səmaaltı ölkə"nin tarixi baş şəhəri dünya iqtisadiyyatının paytaxtı olmaq istiqamətində irəliləməkdədir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...