THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyənin seçki qalibiyyəti: 2023-cü il hədəflərinə doğru

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2456
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 iyun 2018 – Newtimes.az

Qardaş ölkədə növbədənkənar prezident və parlament seçkiləri uğurla başa çatdı. Dünya türk dövlətində demokratiyanın nə dərəcədə yüksək səviyyəyə çatdığını gördü. Seçki sakitlik, qarşılıqlı anlaşma və beynəlxalq qaydalara riayət edilməklə keçdi. Hətta HDP belə insanları sakitliyə və demokratiyaya səsləyib, aranı qarışdırmaq istəyənlərə fürsət verilməməsini istədi. Vətəndaşlar bu kimi çağırışlara həssaslıq göstərdi və Türkiyə növbəti sınaqdan üzüağ çıxdı. Gözlənildiyi kimi, seçkidə "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan daha çox səs topladı. Bu ittifaqda Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyası birləşmişdi. Ana Vətən Partiyası və Muhsin Yazıcıoğlunun tərəfdarları da dəstək verirdilər. Son anda Tansu Çillər R.T.Ərdoğana dəstəyini ifadə etdi. Digər düşərgədə isə "Milli İttifaq" deyilən qrup vardı. Orada əsas olaraq CHP və HDP birləşmişdi. Ancaq onların hər birinin öz namizədi vardı. Onların yanında MHP-dən qopmuş, "İYİ Partiya" adlanan, Meral Akşenerin başçılıq etdiyi qrup vardı. Lakin M.Akşener hətta HDP-nin namizədindən az səs topladı. Bütün bunların Türkiyənin daxili və xarici siyasətinə mümkün təsiri üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Milli iradə: türklər dünyanı heyran qoydu

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərini dünya maraqla gözləyirdi. Bu prosesin nəticələri bütövlükdə Türkiyənin dövlət və cəmiyyət olaraq durumunu ortaya qoyacaqdı. Türk dövləti güclüdür, yoxsa daxili problemləri mövcuddur? Türk cəmiyyəti özünü toparlaya bilirmi? Ona kənardan təsirlər nəticə verirmi? Yaxud türk cəmiyyəti özünü inkişaf etdirmək qüdrətindədirmi?

Bu suallara cavablar seçicilərin səsvermələrində öz əksini tapmalı idi. Və tapdı! Türk milləti dünyaya tarixi sözünü dedi, iradəsini göstərdi. Alınan nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan təqribən 52,6 faiz səslə qalib gəlib. Məhərrəm İncə (ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizədi) 30,6 faiz səs toplayıb. Digərləri aşağı nəticələr göstəriblər. Parlamentə seçkidə hakim partiya təqribən 42,6 faizlik səslə 295 yerə sahib olub. CHP 146 yer alıb. Digər mandatların 67-si Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 43-ü isə "İYİ Partiya"nın payına düşüb. Seçki prosesi tam başa çatıb. Ali Seçki Komissiyası R.T.Ərdoğanın qalib gəldiyini bəyan edib.

Türkiyənin yenidən Prezidenti seçilən R.T.Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev təbrik edib. Azərbaycanın dövlət başçısı R.T.Ərdoğanı ölkəmizə səfərə dəvət edib və bu, məmnuniyyətlə qəbul edilib. CHP-nin namizədi Məhərrəm İncə də R.T.Ərdoğanın qalib gəldiyini bildirib, eyni zamanda, demokratik mübarizəni davam etdirəcəyini bəyanlayıb. Ümumiyyətlə, CHP rəhbərliyi öz tərəfdarlarına müraciət edərək təxribatlara getməməyə çağırıb.

Siyasi təcrübədə bu, çox müsbət qiymətləndirilən hərəkət olmaqla Türkiyənin yüksək demokratik mədəniyyət sahibi olduğunu göstərir. Bu baxımdan müxalif liderlərin qalibə uğurlar arzulaması təqdirəlayiqdir. Məsələnin ümumən türk dövlətçiliyinin taleyi ilə əlaqəli olduğunu, görünür, Türkiyədə siyasi dairələr yaxşı dərk edirlər. Lakin proseslərin bundan sonra necə davam edəcəyini də gözləmək lazım gəlir.

Seçkinin nəticələrinin geosiyasi vəziyyətə təsiri məsələsi isə ekspertlərin təhlil predmetidir. Hər şeydən əvvəl, Türkiyənin hazırkı siyasi kursu davam edəcəyi güman edilir. Bu kursun 2023-cü il hədəflərini R.T.Ərdoğan bir neçə dəfə bəyan edib. Burada ölkənin dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəldilməsi başlıca məqsəd olaraq müəyyənləşib. Türkiyə yerləşdiyi regionun lideri olmaqla yanaşı, qlobal geosiyasi proseslərə də ciddi təsir edə bilən dövlət statusu uğrunda mübarizə aparır. Və bu istiqamətdə böyük uğurlar əldə edib. Şübhə yoxdur ki, bu proses davam edəcək.

2023-cü il hədəfləri sırasında Türkiyənin dünyanın 10 ən inkişaf etmiş iqtisadi gücləri sırasına daxil olmaq istəyi də vardır. Bu, bütövlükdə iqtisadi infrastrukturun daha yüksək səviyyəyə qaldırılması, yeni texnologiyaların tətbiqi və yerli istehsal sisteminin gücləndirilməsi ilə əlaqələndirilir. Həmin bağlılıqda Türkiyənin hərbi sənayesinin sürətli inkişafı xüsusi yer tutur. Yeni silahların kəşfinə bu sırada böyük diqqət yetirilir. Təcrübə göstərir ki, Ankara həmin vəzifənin öhdəsindən uğurla gəlir. İndi Türkiyə kosmik sənaye və yeni nəsil təyyarələrin istehsalı üzərində işləyir. Müasir texnologiyaların tətbiqinə ayrıca diqqət yetirilir.

İnkişafa yeni təkanlar: Ankaranın strateji məqsədləri

2023-cü il hədəfləri sırasında ölkənin terrordan təmizlənməsi aktual yer tutmaqdadır. Hazırda Mehmetcik Suriya və İraqda terrorla böyük savaş aparır. Afrindən sonra Münbicin azad olunması prosesi başlayıb. Eyni zamanda, türk əsgəri Kandildə PKK ilə müharibə aparır. KİV-də yayılan məlumatlara görə, həmin istiqamətdə də ciddi irəliləyişlər vardır. Artıq türk ordusu Şimali İraq ərazisinə daxil olub, orada əməliyyat aparır. Yerli sakinlərin verdikləri informasiyalara görə, PKK-nın rəhbərliyi İrana yaxın əraziyə köçüb. Bir qisim də Ərbil istiqamətində cənuba çəkilib. Bu, terror təşkilatının düzəninin pozulması deməkdir. İllərdir ki, onlar Kandildə bu cür sıxışdırılmırdı. Bu prosesin necə sonuclanacağını zaman göstərəcək. Lakin ekspertlər əmindirlər ki, Ankara terrorla mübarizəni səngitməyəcək, onun kökünü qazıyana qədər fəaliyyət göstərəcək.

Onu vurğulayaq ki, qonşu dövlətlər də Türkiyənin terror əməliyyatlarına etiraz etmirlər, çünki bu, həm də onların xeyrinədir. Hətta Şimali İraqdakı kürd muxtariyyəti belə PKK-dan şikayətçidir. Bu səbəbdən İraqın şimalında əməliyyatların sona qədər davam edəcəyinə inam böyükdür.

Türkiyənin 2023-cü il hədəfləri sırasında xarici siyasətdə aktivlik də öz yerini tutub. Bu bağlılıqda Avropa İttifaqına üzvlük məsələsi öz aktuallığını saxlayacaq. Ankara israr etmir, lakin seçdiyi geosiyasi kursu da dəyişmək fikrində deyil. O, Yaxın Şərqin lider dövləti kimi, Aİ ilə ən yaxın münasibətləri saxlamağa çalışacaq. Yaxın Şərq istiqamətində də Türkiyənin fəallığını təmin edəcəyi gözlənilir. Ekspertlərə görə, Ankara daha aktiv formada regionun problemlərinə təsir etmək fikrindədir. Burada əsas məqsəd regionda mövcud mədəni-demoqrafik balansı saxlamaqla sabitliyi təmin etmək və davamlı inkişafa nail olmaqdan ibarətdir.

Mütəxəssislər Türkiyənin xarici siyasətində Qafqaz və Mərkəzi Asiyanın da öncül yer tutacağından bəhs edirlər. Xüsusilə Azərbaycanla bağlı Ankaranın çox ciddi addımlar atması gözlənilir. Ancaq bu məsələnin daim Kremllə müzakirə əsasında aparılacağı da vurğulanır. İki böyük dövlətin hansı məqama qədər ortaq fikrə gələ biləcəklərini təcrübə göstərəcək. Ancaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə heç bir şübhə yeri qalmamalıdır. Türkiyə üçün bu məsələ "qırmızı xət"dir. Çox güman ki, Moskva da dost münasibətlərdə olduğu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına qarşı çıxmayacaq. Burada istifadə ediləcək üsul zamanın yaratdığı şəraitdən asılı olacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, hərbi əməliyyatlardan istifadəni istisna etmir. Rəsmi İrəvan qeyri-konstruktiv mövqeyində qalmaqda davam edəcəksə, cəzalandırılması qaçılmazdır. Çətin ki, kimsə bu məsələdə Azərbaycana mane olmaq istəsin. Çünki hər bir dövlətin öz ərazi bütövlüyünü təmin etmək hüququ vardır. BMT Nizamnaməsində də bu məqam aydın göstərilib.

Bunlarla yanaşı, Ankara və Bakının regionda iqtisadi, mədəni, enerji və nəqliyyat sahələrində əməkdaşlığa daha çox diqqət yetirdikləri şübhə doğurmur. Bütün dünya məhz bu üsulun daha səmərəli olduğunu anlamağa başlayıb. İki qardaş dövlətin reallaşdırdığı birgə layihələrin barış, əməkdaşlıq, sülh, inkişaf üçün nə dərəcədə əhəmiyyətli olduğunu böyük dövlətlər öz təcrübələrində hiss edirlər. Türkiyə və Azərbaycanla əməkdaşlıqdan hər kəs qazanır. Bu "yumşaq güc" siyasətinin 2023-cü ilə qədər daha da inkişaf etdiriləcəyi şübhə doğurmur.

Beləliklə, Türkiyədə son seçki ölkənin inkişafı aspektində yeni mərhələnin başlanğıcını qoyur. Ankara bütün istiqamətlərdə daha böyük uğurlar qazanmaqla dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmağa çalışır. Bu zaman o, müttəfiq dövlətlərin də təhlükəsizliyi və inkişafı üçün əlindən gələni etməyə hazırdır. Belə çıxır ki, Türkiyə 100 illik özünəqapanmadan artıq çıxır. Yaxın regionlara təsir etmək imkanlarını bərpa edir. Şübhə yoxdur ki, Türkiyənin regionda daha fəal olması barışa, iqtisadi inkişafa, ədalətə yeni təkan verəcək. Ankara-Moskva dostluğunun möhkəmlənməsi bu istiqamətdə tarixi zərurətdir. İki böyük gücün ortaq fəaliyyəti böyük bir geosiyasi məkanda çox fəlakətlərin və haqsızlıqların qarşısını ala bilər. O cümlədən separatizm və terrora ağır zərbələr vurular. Onu da nəzərə alaq ki, Rusiyada çoxlu sayda türkdilli xalqlar yaşayır ki, onlar da dostluq körpüsü rolunu oynaya bilərlər.

Deməli, Türkiyədə ədalət və inkişafın qalib gəlməsi beynəlxalq əhəmiyyətli hadisədir. Bu, geniş bir məkanda geosiyasi proseslərin məzmununu və istiqamətini dəyişə bilər. Barışın, ədalətin, sülhün və inkişafın təntənəsi naminə bu prosesin reallaşması lazımdır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...