THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazda xaos gözləyənlər: müharibə ssenariləri və təhlükəli proqnozlar

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1186
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 may 2018 – Newtimes.az

Dünyanın müxtəlif analitik mərkəzləri Cənubi Qafqazda geosiyasi dinamikanın təhlilinə dair məruzələr dərc edirlər. Onlar ilk baxışdan obyektiv və maraqlı təsir bağışlayırlar. Lakin məsələyə bir qədər geniş aspektdə yanaşdıqda, başqa məqamlar ortaya çıxır. Aydın olur ki, obyektiv təhlil kimi təqdim edilən həmin materiallarda, əslində, böyük güclərdən hansınınsa maraqları ifadə olunub. Ancaq bu kimi analiz və proqnozlar reallığı gizlədərək insanların şüuruna mənfi təsir göstərir. Nəticədə, Dağlıq Qarabağ kimi münaqişələr həll edilməmiş qalır və bütövlükdə Cənubi Qafqaz təhdidlərlə üzləşir. Rusiyanın analitik mərkəzlərindən birinin hazırladığı məruzə bu baxımdan diqqətimizi çəkdi və orada ifadə edilən bir sıra fikirlər üzərində dayanmağı lazım bildik.

Silahlanma: Ermənistan niyə uduzur?

Ekspertlərin Cənubi Qafqazda geosiyasi mənzərənin yeniləşmə ehtimalı ilə bağlı irəli sürdüyü proqnozlar diqqəti çəkir. Onları ümumiləşdirsək, ortaq bir məqamı görmüş olarıq: bu regionda vəziyyət gərginləşə bilər! Fərqli səbəblər göstərilir, lakin, təəssüf ki, nikbin nəticə çıxaran yoxdur. Analitiklər, nədənsə, yalnız bədbin ssenarilərdən bəhs edirlər. Bunun səbəbi nədir?

Təbii ki, hər bir analitik mərkəzin öz maraqları var. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında subyektiv qənaətlərə yer verilir. Düşündürücüdür ki, onların böyük əksəriyyətində problemə obyektiv yanaşma gözə dəymir. Doğrudur, təcavüzkarın zəbt etdiyi torpaqların Azərbaycana məxsusluğu inkar edilmir. Ancaq mətnlərdə "dqr" ordusu kimi ifadələr işlədilir ki, bu da real mənzərənin tam təhrif olunmasıdır. Çünki münaqişə Ermənistan ordusunun xarici havadarlarının birbaşa yardımı ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meydana gəlib. Burada mifik ""dqr" ordusu" deyimi bu həqiqəti ört-basdır etməkdən başqa bir şey deyil.

Bütün proqnozların təhrifi də həmin çıxış nöqtəsindən başlayır. Münaqişənin real mənzərəsini yaratmadan nə onun səbəbləri, nə də ədalətli həlli yolları barədə elmi proqnozlar vermək mümkün deyil. Burada başlıca olaraq hansısa dairələrin dəyirmanına su tökməkdən söhbət gedə bilər. Rusiyanın Strategiyalar və Texnologiyaların Analizi Mərkəzinin mütəxəssislərinin hazırladıqları "Tufan gözləntisi: Cənubi Qafqaz" adlı hesabat-məruzə də belə ciddi nöqsandan xali deyil (bax: В ожидании бури: Южный Кавказ. Под редакцией: К.В. Макиенко – М.: Центр анализа стратегий и технологий, 2018. – 200 c.).

Məruzədə Dağlıq Qarabağ münaqişəsinin həm tarixinə nəzər salınır, həm də müəyyən proqnozlar verilir. Lakin müəlliflər "dqr" adlanan qondarma qurumu münaqişə tərəfi kimi göstərməyə çalışır və onun "ordu quruculuğu"ndan Azərbaycanla müqayisədə bəhs edirlər. Belə təəssürat yaranır ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisində yaradılmış bir qanunsuz rejimi de-fakto və de-yure qəbul etməklə münaqişənin taleyinə baxmaq lazımdır. Xüsusilə Mixail Barabanovun "Gələcək müharibə: texniki üstünlük və insan kapitalı" adlı məqaləsində həmin qeyri-obyektiv və qərəzli mövqe daha qabarıq ifadə olunub (bax: əvvəlki mənbə, s. 168-172).

M.Barabanov Azərbaycanla Ermənistanın silahlanması prosesini təsvir etməyə çalışır. O, Azərbaycanın getdikcə daha çox texniki üstünlüyə malik olduğunu ifadə edir. Lakin bunun əsas olaraq kəmiyyət göstəricisi olduğunu vurğulayır. Yəni Azərbaycan neft gəlirlərindən istifadə edərək, Ermənistandan daha çox – ildə 3 milyard dollara qədər silah almağa pul xərcləyir. Ermənistan isə maksimum 450 milyon dollarlıq silah ala bilir. Doğrudur, 2016-cı ildən başlayaraq Azərbaycan silah almağa bir qədər az vəsait ayırmağa "məcbur olub". Ancaq Ermənistan daha pis vəziyyətdədir. Nəticədə, silahların kəmiyyəti və texniki göstəriciləri sahəsində Azərbaycanın Ermənistandan üstünlüyü getdikcə daha çox olur.

Bunlara demoqrafik dinamikanı da əlavə etmək gərəkdir. Belə ki, Ermənistan əhalisi həm doğumun azlığı, həm də miqrasiya sayəsində getdikcə azalır. Hətta 2030-cu ildə orada insanların sayının 3 milyona düşə biləcəyi proqnozlaşdırılır. Azərbaycanda isə əksinə, hər il artım müşahidə edilir və 2030-cu ildə burada əhalinin sayının 10,7 milyon olması gözlənilir. Beləliklə, indi də demoqrafik vəziyyət Azərbaycanda yaxşıdır, Ermənistanda isə faciəvidir.

Yaxın perspektivdə də həmin tendensiya davam edəcək. Belə çıxır ki, Azərbaycan həm silahlanma, həm də demoqrafik inkişaf baxımından Ermənistandan qat-qat üstün olacaq. Azərbaycanda hazırda 250 min nəfəri silah altına almaq mümkündürsə, Ermənistanda bu rəqəm 50 mini keçmir (bax: Эксперты предрекли эскалацию военного конфликта между Ереваном и Баку / РБК, 24 mart 2018).

Qüsurlu müqayisələr: ədalət pozulanda...

Bu kimi müqayisələr əsasında məruzədə belə nəticə çıxarırlar ki, gələcəkdə müharibə olarsa, Azərbaycan qısa müddətdə Ermənistanı məğlub edə bilər. Savaş uzansa, Azərbaycanın qalib gəlmək şansı azalar. Səbəb? Sən demə, ermənilər azərbaycanlılara nisbətən daha "cəsarətlidirlər və keyfiyyətli" döyüşürlərmiş! (bax: В ожидании бури: Южный Кавказ. Под редакцией: К.В. Макиенко – М.: Центр анализа стратегий и технологий, 2018, s. 169). Bax, buna deyərlər dünyanın ən böyük yalanı və uydurması!

Birincisi, tarixən türklər mərd və cəsarətli döyüşçülər kimi tanınıblar. Türkləri Şərqdə də, Avropada da yaxşı tanıyırlar və yəqin ki, xatırlayırlar da! Ermənilər haqqında isə "Sən köləsən, sən qorxaqsan, sən ermənisən" (A.S.Puşkin) deyimi yaddaşlarda qalıb. İkincisi, Aprel döyüşləri də göstərdi ki, erməni əsgərlər savaşda bir-bir qaçıb aradan çıxırlar. Onlar hətta paltarlarını atıb döyüş meydanını tərk edirlər. Üçüncüsü, heç kəsə sirr deyil ki, nə "dqr" ordusu var, nə də əməli-saleh Ermənistan ordusu – reallıqda Rusiyanın və Qərbin böyük dövlətlərinin planları mövcuddur. Dağlıq Qarabağdakı vəziyyəti də onlar müəyyənləşdirirlər. Yuxarıda adı çəkilən məruzənin müəllifləri də yaxşı bilirlər ki, Azərbaycan Ordusu sürətlə erməni ordusunu darmadağın edər. Ancaq müəyyən xarici qüvvələr buna əngəl olurlar.

Bütün bunları nəzərə almadan Ermənistanın silahlanması zərurətini qabartmağa çalışırlarsa, burada xüsusi məqsəd var. Məruzə müəllifləri Azərbaycanın sayca silahlarını artırması fonunda daim vurğulayırlar ki, Ermənistan da silahlanmalıdır. Əks halda, məğlub ola bilər. Deməli, Ermənistan Rusiyanın hərbi çətirindən çıxsa, fəlakətə düçar olacaq. Məsələ ondan ibarətdir ki, son zamanlar bir sıra erməni siyasətçisi və analitiki Qərbə yaxınlaşmaq xəttinə üstünlük verməyin lazım gəldiyini deyirlər. Onlar İrəvanın Rusiyanın təsiri altından çıxmalı olduğu fikrini tez-tez hallandırırlar. Buna qarşılıq da Rusiya analitikləri ermənilərə çatdırmağa çalışırlar ki, taleyiniz Moskvanın əlindədir. Çünki Azərbaycan sürətlə silahlanır, ordunun gücü artır.

Təsadüfi deyil ki, adıçəkilən məruzədə müəlliflər Azərbaycan Ordusunun hansı istiqamətlərdə necə hərəkət edə biləcəyini belə təsvir etməyə cəhd göstərir, erməni müdafiəsinin bu hücum qarşısında tab gətirə biləcəyinə inamın olmadığını ifadə edirlər. Xüsusilə düzənlik sahədə Azərbaycan Ordusu ildırım sürətli və yeni silahlara əsaslanan hücumla erməniləri ağır məğlubiyyətə uğrada bilər. Sonra, ifadə edirlər ki, Ermənistanın maliyyə, texniki və demoqrafik imkanları bu gücün qarşısında dayanmağa yetərli deyil. Nəticə: Ermənistan daim havadarından asılı olmalıdır, Qərbin təxribat xarakterli dəvətlərinə və çağırışlarına uymamalıdır!

Maraqlıdır ki, ABŞ-da da Ermənistan-Azərbaycan münasibətləri hərbi qarşıdurma kontekstində müzakirə edilib (bax: Vaşinqtonda "Ermənistanın yeni çağırışları: Qərb necə münasibət bildirməlidir?" mövzusunda "dəyirmi masa" keçirilib / AZƏRTAC, 3 aprel 2018). Burada da Ermənistan üçün fəlakətli ssenarilərdən bəhs ediblər. Çıxışçılar Azərbaycanın daha güclü olduğunu birbaşa ifadə ediblər. Lakin nəticə hissəsi xeyli dərəcədə düşündürücüdür.

Məsələ ondan ibarətdir ki, həm Qərb, həm də Rusiya analitikləri Ermənistanın məğlub olacağından danışır, bununla bağlı proqnozlar verirlər. Ancaq onların heç biri demir ki, bu məğlubiyyətdən qurtulmaq üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Real və ədalətli yol bundan ibarətdir. Əvəzində, hər iki böyük güc ermənilərə "mənə sığın" mesajını verir. Əgər sığınsan, sənə çoxlu silah verərik və işğal etdiyin torpaqlar səndə qalar!

Bu, çox təhlükəli və region xalqlarına fəlakət gətirə biləcək mövqedir. Artıq erməni xalqı düşünməlidir – kənardan verilən əmrləri yerinə yetirməkdə davam etmək tarixdə növbəti dəfə təxribat quyusuna düşmək deməkdir...

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...