THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya: yeni geosiyasi güc mərkəzinə doğru

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12478
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

20 il bundan əvvəl Henri Kissincer "Diplomatiya” əsərində Rusiyanı nəzərdə tutaraq sual edirdi: "O, öz tarixi ritmini bərpa etməyə və itirilmiş imperiyanı yenidən qurmağa can atacaqmı? O, ağırlıq mərkəzini Şərqə keçirəcəkmi və Asiya diplomatiyasında aktiv iştirakçı olacaqmı? Öz sərhədləri yaxınlığında, xüsusilə dəyişkən-narahat Orta Şərqdəki qarışıqlığa hansı prinsip və metodlarla reaksiya verəcək?” (1, s.8).

Rusiya prezidenti Vladimir Putinin "Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşması tədbirləri haqqında” fərmanı (2) məşhur alim və siyasətçinin suallarının uzaqgörənliyini təsdiqləyir. Həmin fərmanda hər üç suala cavab vardır.

V.Putin yenidən prezident seçiləndən sonra ilk xarici səfər marşrutu belədir: Minsk, Berlin, Paris, Daşkənd, Pekin, Astana. Bu marşrutu Rusiya xarici siyasətinin əsas trayektoriyası kimi qəbul etmək olar. V.Putin ittifaqa daxil olan dövlətdən başlayır (Belarus), Avropa İttifaqının iki böyük dövlətinə baş çəkərək (Almaniya və Fransa), Mərkəzi Asiyada ayaq saxlayır (Özbəkistan), sonra Uzaq Şərqin böyük dövlətində danışıqlar aparır (Çin), nəhayət, Gömrük ittifaqına daxil olan Qazaxıstanda səfər başa çatır.

V.Putinin yuxarıda xatırladığımız fərmanına nəzər salsaq, ilk xarici səfərin xüsusi məna daşıdığını görərik. Rusiya üçün MDB məkanı xüsusi geosiyasi əhəmiyyət kəsb edir. Fərmandan bir bənd: "Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişafına Rusiya Federasiyasının xarici siyasətinin açar istiqaməti kimi baxmaq”. Bu məkanda əməkdaşlığın perspektivi Avrasiya İqtisadi Birliyinin formalaşmasına bağlı olmalıdır. Birliyin qapısı açıqdır. Yeni inteqrasiya strukturlarının beynəlxalq mövqeyinin konkretləşdirilməsi də Rusiya xarici siyasətinin əsas hədəflərindəndir.

Avropa İttifaqı ilə bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan yeni saziş imzalanmalıdır. Bunda məqsəd Aİ ilə əlaqələri iqtisadi və humanitar aspektdə cəmləşdirərək, siyasi aspektdə məsafə saxlamaqdır. Rusiya Aİ-nin postsovet məkanına siyasi-hərbi təsirini minimuma endirmək kursu götürür.

Rusiya Uzaq Şərq ölkələri ilə münasibətlərdə fərqli ritorikadan istifadə edir. Fərmanda deyilir: "Şanxay Əməkdaşlıq Təşkilatı ilə...çoxtərəfli diplomatiyanın müxtəlif formalarını fəal surətdə hərəkətə gətirmək”.

Avrasiya interqrasiyasının ilk "yol xəritəsi”

Rusiya xarici siyasətinin əsas hədəflərinin qısa xülasəsi göstərir ki, Avrasiya məkanında yeni geosiyasi proseslər başlaya bilər. Moskva MDB məkanında inteqrativ proseslərə yeni nəfəs verməyə çalışır. İnterqasiya iqtisadi və humanitar sahələri əhatə etməlidir. Minsk, Daşkənd və Astananın ilk xarici səfər marşrutu üzərində olması yalnız rəmzi məna daşımır. Belarus Avropa iqtiqamətində, Qazaxıstan və Özbəkistan isə Asiya və Uzaq Şərq istiqamətində Rusiyanın əsas tərəfdaşı kimi qəbul edilir. Belarus ilə bağlı situasiya aydındır – Rusiya bu dövlətlə "bütün mümkün istiqamətlərdə əlaqələri inkişaf etdirmək” strategiyasını seçib. Qeyd edək ki, fərmanda başqa heç bir dövlətlə bu səviyyədə əməkdaşlıqdan danışılmır.

Almaniya və Fransanın, Avopa ölkələri kimi geosiysi aspektdə Rusiya üçün xüsusi geosiyasi əhəmiyyəti vardır. İlk növbədə ABŞ-a alternativ güc olmaq baxımından Berlin və Paris Moskvaya çox lazımdırlar. Bununla yanaşı, Çin məsələsində Rusiyanın ehtiyatlı davranması lazım gəlir ki, bu yöndə də Fransa və Almaniyadan sərfəli tərəfdaş yoxdur. Çünki Avropa "Çin dalğasından” çox qorxur və Rusiyadan "divar” kimi istifadə etməyə çalışır.

Rusiyanın Mərkəzi Asiyada Qazaxıstan və Özbəkistanı seçməsinin geosiyasi səbəbləri var. Özbəkistan həmin regionda ABŞ-a ən çox müqavimət göstərən dövlətdir. Bu ölkə GUAM-dan da çıxıb və xarici siyasətdə Rusiya faktorunu çox nəzərə alır. Özbəkistan potensial imkanlarına görə, Mərkəzi Asiyada Qazaxıstandan sonra ikinci dövlətdir. Digər tərəfdən, bu ölkə Uzaq Şərqə gedən enerji marşrutlarının üstündədir. Özbəkistan Türkmənistan, Qırğızıstan və Tacikistanla həssas münasibətlərə malikdir. İstənilən vaxt həmin dövlətlərə təsir etmək olar. Əfqanıstan istiqamətində də Özbəkistan əsas məntəqələrdən biridir. Bütün bunlara görə, Özbəkistanı Mərkəzi Asiyanın geosiyasi konfiqurasiyasında əsas punkt kimi götürmək olar.

Qazaxstan Belarusdan sonra Rusiya ilə ən sıx əlaqəsi olan ölkədir. Bu dövləti ümumiyyətlə, Uzaq Şərqə açılan qapı hesab etmək olar. Rusiya həmin istiqamətdə bütün geosiyasi planlarının əsas punktlarından biri kimi Astananı görür. V.Putinin ilk xarici səfərə Belarusdan başlayıb, Qazaxıstanda nöqtə qoymasının incə geosiyasi mənası vardır. O, sanki Rusiyanın ətrafında formalaşa biləcək gələcək geosiyasi konfiqurasiyanın sərhədini göstərir. Elə bu aspektdə də Pekinin ayrıca rolu vardır.

Böyük Çin səddinə doğru

Rusiya prezidentinin ilk xarici səfər marşrutuna Z.Bzejinskinin "dünyanın geosiyasi ağırlıq mərkəzi Qərbdən Şərqə doğru sürüşür” (3) fikrinin işığında baxanda düşündürücü məqamları görürük. Rusiya ABŞ-la Çin arasında gedən qlobal liderlik oyununda xüsusi bir mövqe seçir. İlk növbədə Moskva dünyanın iki böyük iqtisadi gücünün yarışına birbaşa qarışmır. Əksinə, bir qədər kənarda durub, onların mübarizəsini izləyir və eyni zamanda, hər ikisi ilə əməkdaşlığı inkişaf etdirir. Rusiya Mərkəzi Asiyanı nə ABŞ-a, nə də Çinə güzəştə getmək istəmir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Moskva Pekinlə yaxın tərəfdaşdır. Keçən il bu təşkilatın yaradılmasının 10 ili tamam oldu. İndi ŞƏT-in qlobal geosiyasi miqyasda rolunu yeni səviyyəyə qaldırmaq vəzifəsi qarşıda durur. V.Putinin Çinə səfərində bu məsələ əsas yerdə durmalıdır. Bu addımla Rusiya və Çin Mərkəzi Asiya və Uzaq Şərqdə amerikan idarəçiliyinin qarşısına sədd çəkmək niyyətindədirlər. ŞƏT hər şeydən öncə Mərkəzi Asiyanın enerji daşıyıcıları məsələsində Qərbin planlarına qarşı durmaqda rol oynamalıdır. Burada Çinin ayrıca əhəmiyyəti vardır.

Çin onu əhatə edən dövlətlərlə münasibətində ehtiyatlıdır. Çinin ətrafında böyük güclər (Hindistan, Rusiya və Yaponiya), müharibə ocaqları (Əfqanıstan) və inkişaf edən dövlətlər qrupu (Koreya, Vyetnam, Sinqapur, Malayziya və s.) vardır. ABŞ isə Sakit okean regionuna nəzarət planlarını həyata keçirməkdədir. Bütün bunlara görə, Çin bir tərəfdən, ətrafındakı dövlətlərin çox qabağa getməsini istəmir və bu aspektdə ABŞ ona lazımdır. Digər tərəfdən isə, Çin ABŞ-ın tək hegemonluğunu qəbul etmir. Təmkinli, hiyləgər və səbrli Çin siyasəti bu dilemma üzərində qurulub. H.Kissincer və A.Fridberq (Priston Universitetinin professoru, Dik Çeyninin xarici siyasət üzrə məsləhətçisi) son kitablarında Çin siyasətinin bu tərəfini təhlil ediblər (bax: 4 və 5).

Geosiyasi qüvvələr nisbəti dəyişə bilərmi?

Rusiya prezidentinin xarici səfər marşrutu və onun arxasında duran bəzi məqamlar meydana bir neçə sual çıxarır. Rusiyanın Avrasiya interqasiyası planı konkret məzmun kəsb edə bilərmi? Belə görünür ki, Moskva MDB məkanında getdikcə iqtisadi və humanitar məsələlərə daha çox diqqət yetirəcək. Qərbin postosovet məkanı ölkələrinə qarşı qərəzli mövqeyi, münaqişlərin həllinə ikili standartlarla yanaşması, Avropanın böhran zolağına düşməsi, ABŞ-ın "rəngli inqilablar” siyasətindən əl çəkməməsi və müsəlman dövlətlərə qarşı tutduğu mövqedə ziddiyyətli məqamların çox olması, Rusiyanın şansını artırır. Moskvanın bu prosesdə müəyyən yerə qədər Çindən istifadə etmək niyyəti başa düşüləndir. Dünyanın geosiyasi aktivliyi Şərqə doğru genişlənirsə, Qərbi Mərkəzi Asiyada başda Rusiya və Çin olmaqla dövlətlər qrupunun qarşılaması maraqlı olardı. Təxmin etmək olar ki, yaxın perspektivdə geosiyasi hadisələrin əsas mərkəzi məhz Mərkəzi Asiya olacaq. Cənubi Qafqaz bu halda aktiv mübarizə meydanının arxa cəbhəsi olur ki, bu da situasiyanı son dərəcə həssas edir. Münaqişələrin həllində qeyri-müəyyənliklər arta bilər. Böyük güclərin onlardan süni istifadə etmək istəyinin güclənməsini gözləmək olar. Belə vəziyyət postsovet məkanı ölkələrinin bəzilərini strateji seçimlərində dəyişiklik etməyə meylləndirə bilər.

Dünyanın Qərb və Rusiya-Çin ikiliyinin başçılıq etdiyi geosiyasi güc mərkəzlərinə bölünməsi "çoxqütblülük” modelini sual altına alır. Lakin hər bir halda Rusiyanın xarici siyasətdə yeni mərhələyə qədəm qoymasının qlobal miqyasda geosiyasi mənzərədə ciddi dəyişikliklərə təkan verəcəyi şübhəsizdir. Artıq yeni mərhələdə aktorlar kimi planlar və məqsədlər də dəyişir. Avrasiya geosiyasi məkanında hər bir dövlətin öz yerini müəyyənləşdirməsi məsələsi aktuallaşır. Z.Bzejinskinin "böyük şahmat taxtası”nda yeni partiyanı Putin başlayır. Növbəti gedişi kim edəcək?

Newtimes.az

Mənbələr

  1. Henry Kissinger. Diplomacy. New York: Simon & Schuster, 1994, 912 pp.
  2. Модест Колеров. Новая внешняя политика Путина. URL: http://www.regnum.ru/news/1528564.html.
  3. Zbigniew Brzezinski. Balancing the East, Upgrading the West. U.S. Grand Strategy in an Age of Upheaval // Foreign Affairs, January/February 2012. URL: http://www.foreignaffairs.com/articles/136754/zbigniew-brzezinski/balancing-the-east-upgrading-the-west.
  4. Henry Kissinger. On China. New York: Penguin Press, 2011, 608 pp.
  5. Aaron Louis Friedberg. A Contest for Supremacy: China, America, and the Struggle for Mastery in Asia. New York: Norton, 2011, 352 pp.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...