THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Afrinə "Zeytun budağı": Ankara terrorla mübarizəni dərinləşdirir

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1533
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 fevral 2018 – Newtimes.az

Türkiyə Silahlı Qüvvələri 2018-ci il yanvarın 20-də Suriyanın Afrin əyalətində yuva salmış terror qruplarına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. İlkin məlumatlara görə, orada 8-10 min arası terrorçu vardır. Hərəkatın ilk günlərində Azad Suriya Ordusu və Türkiyənin xüsusi təyinatlıları bir neçə kilometr irəliləyiblər. Lakin terrorçular müxtəlif yayındırıcı üsullardan istifadə etməyə çalışırlar. Onlar mülki əhali arasına qarışır və ya kəndlərə və şəhərlərə çəkilirlər. Belə şəraitdə savaş aparmaq xüsusi bir ustalıq tələb edir. Bu hadisələrə dünya dövlətləri reaksiya veriblər. ABŞ, Rusiya, Almaniya, İran və NATO faktiki olaraq Ankaranın hərəkatına mane olmurlar. Ancaq Fransa məsələni BMT-yə çıxarıb. Bütövlükdə Türkiyənin hərbi əməliyyatına açıqca "yox" demirlər. Bununla yanaşı, ekspertlər iki məqamdan ehtiyat edirlər. Birincisi, Türkiyəni Afrində tələyə sala bilərlər. İkincisi, vəziyyəti müxtəlif gizli yollarla süründürüb, Türkiyəni daha ciddi problemlərlə üzləşdirməyə cəhd edərlər. Lakin Türkiyə rəhbərliyinin verdikləri bəyanatlardan aydın olur ki, Ankara bütün variantları nəzərə alıb və açıq olaraq riskə getməyə qərar verib. Yaranmış vəziyyətin mümkün geosiyasi təsirlərini analiz etməyə ehtiyac duyulur.

Terror və onun arxasında duranlarla savaş: Türkiyənin qətiyyəti

Təxmin edildiyi kimi, Türkiyə Afrinə hərbi hərəkata başladı. Onu da proqnozlaşdırırlar ki, bu hadisəyə reaksiyalar olduqca müxtəlif və aktiv olacaq. Bu bağlılıqda yaranmış vəziyyətə baxmaq iki aspektdə maraqlı olardı. Birincisi, hərbi əməliyyata Türkiyə daxilində (əsas olaraq siyasi qüvvələrin) münasibəti. İkincisi, böyük dövlətlərin və qonşuların Ankaranın atdığı addıma münasibəti.

Burada maraqlı və düşündürücü faktları görmək mümkündür. Türkiyə ictimaiyyəti bu hərəkatı demək olar ki, tam dəstəkləyir. Türkiyə vətəndaşları dövlətçiliyə olan təhdidi aradan qaldırmaq üçün belə bir addımı zəruri hesab edir. İnformasiya qaynaqları Suriyanın şimal hissəsinə yola salınan hərbi texnikanı adi vətəndaşların bayraqlarla müşayiət etməsini əks etdirən fotolar yayır. Suriyanın Afrin bölgəsində yaşayan insanların da böyük əksəriyyəti türk əsgərlərinə isti münasibət göstərirlər.

Türkiyənin siyasi səhnəsində hərbi əməliyyata münasibətlə bağlı maraqlı proseslər gedir. Təbii ki, Ədalət və İnkişaf Partiyası (AKP) Ankaranın qəbul etdiyi qərara tam dəstək verir. Onunla yanaşı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı hökumət və ordunun arxasında olduqlarını bəyan edib. Eyni zamanda, D.Bağçalı Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edib. Onun sözlərinə görə, CHP rəhbərliyi Atatürk ruhunu itirərək separatçılara dəstək verir. Ancaq yanvarın 21-də CHP sədrinin köməkçisi və partiya sözçüsü Bülənt Tezcan bəyanat verərək "Zeytun budağı" əməliyyatının vaxtında atılmış addım olduğunu bildirərək "Doğru bir hərəkatdır. Biz dəstəkləyirik, Allah dövlətimizə və ordumuza kömək etsin", – deyib (bax: CHP'li Tezcan'dan Afrin harekatı açıklaması: Millet olarak arkasındayız, destekliyoruz / "Habertürk", 21 yanvar 2018).

Daxildə hərbi əməliyyata qarşı Xalqların Demokratik Partiyası (HDP) çıxır. Ona separatçı təşkilat olan KCK dəstək verir. Bu iki təşkilat Diyarbəkirdə konqres keçirərək, vəziyyəti müzakirə ediblər. Onlar hərbi əməliyyatların dayandırılmasını tələb edirlər. Ancaq bu mövqe Türkiyədə yaşayan kürdlərə aid deyil. Onlar HDP-nin təşəbbüsünü sükutla qarşılayıblar. Suriyada yaşayan kürdlər arasında da türk ordusuna haqq qazandıranlar kifayət qədərdir. Lakin burada bir incə məqam vardır.

Məsələ burasındadır ki, bir sıra xarici və daxili dairələr hərbi əməliyyatın terrora qarşı deyil, kürdlərə qarşı aparıldığını iddia edirlər. Bu bağlılıqda da müəyyən təbliğat işləri aparmağa çalışırlar. O cümlədən Rusiyada məskunlaşmış bir sıra kürd təşkilatlarının nümayəndələri hökumətə müraciət edərək, Türkiyənin hərbi əməliyyatı dayandırmasını tələb etməsini istəyirlər.

Ancaq real vəziyyət necədir? Doğrudanmı, Türkiyənin atdığı addım etnik faktorla bağlı olub, hansısa konkret bir etnosa qarşı yönəlib? Bu, tamamilə uydurma, yalan, böhtan və real əsası olmayan iddiadır. Türkiyə bir cəmiyyət və dövlət olaraq təhlükə ilə üz-üzədir. Xaricdəki məlum dairələr ölkənin daxilinə intriqa alovu, müxtəlif xalqların nümayəndələrini qarşı-qarşıya qoymağı hədəfləyiblər. Bu istiqamətdə də konkret işlər görülür. Müxtəlif radikal təşkilatları silahlandıraraq Türkiyəyə qarşı hərəkət etməyə sövq edirlər. Bütün bunların qarşılığında Ankara qətiyyətli addım atmağa məcburdur.

Böyük dövlətlərin münasibəti: açıq və gizli məqamlar

Digər tərəfdən, Suriyada Qərb, Rusiya və İran öz maraqları üçün çox fəal addımlar atmaqdadırlar. Yanvarın 30-da isə Soçidə Rusiyanın təşkilatçılığı ilə Suriya məsələsi ilə bağlı konfrans keçirilməlidir. Həmin konfransa ABŞ-ın dəstək verdiyi YPG (yaxud SDG) də dəvət edilmişdi. Bunun fonunda Rusiya Amerikanı Suriyadakı terrorçulara silah verməklə Türkiyəni hərbi əməliyyata təhrik etməkdə suçlayıb. Yəni, belə çıxır ki, Amerika Soçi tədbirini pozmaq üçün hərbi təxribata əl atıb. Suriyanın şimalında terrorçulara silah verib sonra da bəyan edib ki, sərhədi qoruyacaq ordu yaradır. Onun sayını 30 min göstərib. Lakin hazırda yalnız 250 nəfərdən bir az çox adama təlim keçirilir.

Rusiyanın bu ittihamları maraqlıdır, lakin Moskvanın özü də türklərin hərbi əməliyyat keçirməsinə və Afrinə daxil olmasına qarşı çıxmır. Hətta Kreml həmin bölgədə olan əsgərlərini oradan dərhal çıxarıb. Bunun fonunda Moskva yumşaq formada etirazını bildirir. O da maraqlıdır ki, Bəşər Əsədin etirazı da güclü olmayıb. Dəməşq türk qırıcılarının vurulacağını və quruda Suriya ordusunun müqavimət göstərəcəyini bəyan etmişdi. Lakin hərbi əməliyyatın ilk günü 32 türk qırıcısı Suriya hava sahəsində PYD və İŞİD-in hədəflərini bombalayıb. Müqavimət isə olmayıb. Deməli, Moskva prinsipcə türk ordusunun qarşısında durmamağa qərar verib.

İran rəsmi dairələri də çox qısa fikir bildiriblər. Onlar Türkiyənin Soçi prosesinə zərər verməməsinin doğru olacağını bildiriblər. Ankara isə Tehranın bu həssaslığını nəzərə alacağını ifadə edib. Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgənin altı ölkəsinin təmsilçilərini dəvət edərək hərbi əməliyyatdakı başlıca məqsədini anladıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə İraqa gedərək baş nazir Heydər əl-İbadi ilə danışıqlar aparıb. Eyni hərəkatın İraqda da keçirilməsi zərurətini vurğulayıb.

Bu proses onu göstərir ki, Türkiyə nəinki Afrin hərəkatını dayandıra bilər, hətta terrorçuları Suriyanın başqa bölgələrində və İraqın ərazisində məskunlaşdıqları yerlərdə vurmaqda qərarlıdır. Geniş geosiyasi aspektdə bu cür vəziyyət onu göstərir ki, Ankara faktiki olaraq ona qarşı yaradılan terror təşkilatlarının arxasında duranlara savaş elan edib. Və bu yolda qətiyyətli olmaqdadır. Görünür, məhz bu səbəbdəndir ki, Qərbdə, Şərqdə, Cənubda, dünyanın hər bir regionunda Türkiyənin atdığı addıma bir-birinin ardınca münasibət bildirilir. Onları nəzərdən keçirmək geosiyasi mənzərə baxımından çox maraqlıdır.

NATO bəyan edib ki, hər bir ölkənin özünü müdafiə etmək hüququ vardır. Türkiyə də haqlı olaraq özünə qarşı olan təhlükələri aradan qaldırmağa çalışır. ABŞ-ın Suriyadakı hərbi kontingentinin komandanı isə bəyan edib ki, Türkiyə Amerikanın hərbi əməliyyat zonasına daxil olmayıb, ona görə də müdaxilə etmək fikrində deyillər.

Ekspertləri daha çox Fransanın mövqeyi düşündürür. Paris məsələni BMT TŞ-nin müzakirəsinə çıxarmağa qərar verib. Buna Ankara dərhal reaksiya verərək kimliyindən asılı olmayaraq, Afrində Türkiyəyə mane olmaq istəyənin terrorçuların yanında olacağını bəyan edib. Bu isə avtomatik olaraq Türkiyənin adekvat reaksiya verməsi anlamına gəlir.

Avropa KİV-i də baş verənlərlə bağlı geniş analizlər aparır. Onlar daha çox bitərəf mövqe tutmağa çalışırlar. Belə ki, türk ordusunun Afrində əməliyyata başladığını yazırlar.

Türkiyənin Afrin hərəkatı ilə bağlı baş verən hadisələr göstərir ki, Ankara qətiyyətli şəkildə beynəlxalq aləmdə öz maraqlarını təmin etməyə başlayıb. O, açıqca göstərir ki, özünə qarşı olan silahlı qruplaşmaları Yaxın Şərqin bütün yerlərində məhv etmək niyyətindədir. Bunun üçün Ankara bütün riskləri göz önünə alıb. Çünki onun dünyadakı düşmənləri başqa çıxış yolu qoymayıblar. Gözləmək olar ki, Ankara Afrindən sonra digər ərazilərdəki terrorçuları da məhv etməyə çalışacaq.

Bunun hansı sonuclar verəcəyini indidən demək çətindir. Lakin Türkiyənin öz haqlarını təmin etməyə girişməsi də təbii hal kimi qəbul edilməlidir. Ola bilməz ki, Yaxın Şərq ölkələri, yaxud dünyanın başqa regionlarında olan ölkələrdən bəziləri türk dövlətinə qarşı terror qrupları yaratsınlar və bu, sonsuza qədər cavabsız qalsın. Bu cavabı Ankara bütün dünyaya verməkdədir. Yəqin ki, hər kəs baş verənlərdən nəticə çıxarmağa çalışacaq. Afrin, Münbic, İdlib, Rakka, Kərkük, Kandil və... nə zamansa, Azərbaycan ordusunun "Qarabağ hərəkatı"!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...