THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyənin S-400 cavabı: qlobal geosiyasətdə yeni məqamlar

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1654
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 avqust 2017 – Newtimes.az

Ankaranın Rusiyadan hava hücumundan müdafiə sistemlərinin alınması haqqında bəyanatından sonra bir sıra dairələrdə narahatlıq artıb. Konkret olaraq, ABŞ və onun avropalı müttəfiqləri etiraz xarakterli fikirlər söyləyiblər. Onlar hesab edirlər ki, Türkiyə bu addımı ilə NATO-nun müdafiə imkanlarını məhdudlaşdırır. Lakin bu zaman nədənsə eyni sistemləri Yunanıstanın, Bolqarıstanın və Macarıstanın almasına göz yumurlar. Ekspertlər hesab edirlər ki, burada daha ciddi geosiyasi faktorlar rol oynayır. Söhbət Türkiyənin böyük dövlət kimi dünya miqyasında daha geniş mövqe tutmasından gedir. Ankara regionun böyük dövləti olaraq daha əhəmiyyətli geosiyasi statusa can atır. Bu kontekstdə onun atdığı hər bir addıma Qərb reaksiya verir. Lakin hər nə olursa-olsun, Türkiyə təhlükəsizliyinin təmini qayğısına özünün lazım bildiyi formada və çərçivədə qalacaq və qalmalıdır. Bütün bunların fonunda Yaxın Şərqdə gərgin geosiyasi mübarizənin getdiyini demək mümkündür. Məsələnin bu tərəfinin təhlili əhəmiyyət kəsb edir.

Vaşinqtonun narahatlığı: Ankara yeni silah alır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə S-400 "Triumf" tipli zenit-raket sisteminin alınması ilə bağlı müqavilənin imzalandığını bəyan etdikdən sonra NATO cəbhəsindən narazılıq və narahatlıq bildirən fikirlər səslənməyə başladı. Daha çox Vaşinqton etiraz xarakterli bəyanat verməkdədir. ABŞ bu sistemlərin NATO-ya uyğun olmadığını, əlavə olaraq, həmin silahların hansı bölgədə və nə məqsədlə yerləşdiriləcəyinin də aydın olmadığını ifadə edir. Bunları ümumiləşdirərək Vaşinqton S-400-lərin Türkiyə tərəfindən alınmasının müsbət hadisə olmadığına diqqət çəkir.

Ankaranın isə öz arqumentləri var. Türkiyə rəhbərliyi təhlükəsizliyin təminində NATO-nun ölkəni yalnız buraxdığını vurğulayır. Xüsusilə, terrorla mübarizədə hərbi bloka üzv olan bir sıra dövlətlər nəinki Ankaraya yardım etmir, hətta ona zərər verən radikal qruplara geniş miqyasda yardım da edirlər. Məsələn, ABŞ PKK-nın Suriya qolu olan PYD-yə ağır silahlar da daxil olmaqla müasir silahlar verib. Onların bir qismi artıq PKK-nın əlindədir. Hətta son zamanlar PKK-lı döyüşçülərə xüsusi geyimlər verirlər ki, terminal müşahidədən yayına bilsinlər. Onların əlindəki silahlar da Amerika istehsalıdır.

Bundan başqa, Almaniya PKK və FETÖ-yə hərtərəfli dəstək verir. Buraya maliyyə, silah və terror qruplarının kadrlarını öyrətmə və qoruma kimi funksiyalar daxildir. Hazırda bu proses o dərəcədə geniş vüsət alıb ki, Türkiyənin dövlətçiliyinə ciddi təhlükə meydana gəlib.

Yaxın keçmişdə "The Independent" nəşri britaniyalı əsgərin PYD sıralarında döyüşdüyünü təsdiq edən materiallar dərc edib. Bu kimi nümunələrin çox olduğu barədə rəsmi informasiyalar mövcuddur. Qərb xüsusi xidmət orqanlarının terrorçulara təlim keçərək onları müsəlman ölkələrinə, o cümlədən Türkiyəyə qarşı hazırladığını sübut edən dəlillər kifayət qədərdir. Bunlara İsrail, Fransa, ABŞ, Almaniya və digər dövlətlərin gizli servisləri daxildir. Təbii ki, başqa ölkələr də antitürkiyə fəaliyyətlərini davam etdirirlər. Rəcəb Tayyib Ərdoğan FETÖ ilə mübarizə gününə həsr edilmiş tədbirdə açıq bəyan etdi ki, əgər Türkiyəni parçalamaq üçün pusquda durmuş ölkələrin adını açıqlasa, ciddi beynəlxalq böhran yarana bilər.

Deyilənlərin fonunda Ankaranın S-400 sistemini alması bunun yalnız silah məsələsi olmadığını təsdiq edir. Söhbət ciddi geosiyasi kursa düzəliş edilməsindən gedir. Konkret olaraq, Türkiyə bütün Qərb tərəfdaşlarına geosiyasi mesaj verir. Bunun mənası Ankaranın artıq qlobal geosiyasətin mərkəzinin Asiyaya "dəyişdiyini" qəbul etməsindən ibarətdir.

Yəni Türkiyə birqütblü dünya modelini qəbul etmir. İndi qlobal lider olaraq yalnız Amerikanın tanındığı zaman artıq arxada qalıb. Bu gün meydanda Çin, Rusiya, Hindistan, Türkiyə və b. kimi güclü oyunçular var. Sadalanan ölkələrin hər biri dünya səviyyəsində söz sahibi olmaq üçün gərgin mübarizə aparır. Türkiyənin bu statusda olduğunu hətta Qərbin bir sıra aparıcı analitikləri və "beyin mərkəzləri" (məsələn, C.Fridman, Z.Bjezinski, H.Kissincer, "Stratfor" korporasiyası və sair) belə qəbul edirlər. Təbii ki, yeni şərtlər daxilində Ankara əvvəlki dövrlərdən fərqli siyasət yeridəcək. O cümlədən o, kimdənsə razılıq almadan necə və hansı silahlar əldə edəcəyinə özü qərar verəcək.

Bu kontekstdə bir məqamı vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Rusiyanın istehsal etdiyi "S" tipli raketdənmüdafiə sistemini bir neçə ildir ki, Yunanıstan, Bolqarıstan və Macarıstan da tətbiq edir. Onlar da NATO-nun üzvüdürlər. Ancaq həmin ölkələri hərbi blok üzvləri içərisində qınayan yoxdur. Onların bu cür sistemlərə sahib olmasını müxtəlif arqumentlərlə əsaslandırmağa çalışırlar. Həm də Vaşinqton o silahların NATO-ya uyuşmadığını demir. Bəs məsələ nədən ibarətdir?

Geosiyasi mübarizə: daha gərgin səviyyədə

Məsələ Türkiyənin böyük geosiyasi oyunçu olması və ciddi hərbi potensiala sahiblənməsindən ibarətdir. Türkiyə Yaxın Şərqin ən güclü dövlətləri sırasındadır. Onun imkanları dünyanın əsas söz sahiblərindən biri olması üçün yetərlidir. Bundan başqa, Türkiyə NATO-nun cənub cinahının əsas dayaq nöqtəsidir. Bu nöqtəni əldən verməklə bütövlükdə Avropa müdafiəsiz qalır.

Belə olan halda yeni sual meydana çıxır – nəyə görə NATO bu dərəcədə əhəmiyyətli üzvünü lazımi səviyyədə müdafiə etmir? Onun da səbəbi aydındır. Birincisi, Türkiyə müsəlman ölkəsidir. İkincisi, Türkiyə Avropanın ən böyük dövlətlərinə belə rəqibdir. Biz İsrail faktorunu hələ demirik.

Bunlar o anlama gəlmir ki, elə bu gün Rusiya, yaxud Çin və ya Hindistan Türkiyə ilə səmimi strateji müttəfiq ola bilərlər. Təbii ki, elə deyil. Lakin sadalanan həmin ölkələr də ABŞ və Qərbin dünya ağası kimi davranmasına razı deyillər. Ankara ilə onları birləşdirən xətt bundan ibarətdir. Onda nəzəri olaraq bir variant seçmək məsələsi qalır ki, bu da müstəqil, dövlətin milli maraqlarına xidmət edən addımlar atmaqdır. Moskva, Pekin, Dehli kimi, Ankara da məhz bu xətti seçib!

Belə çıxır ki, S-400-ləri almaq birbaşa nə Rusiya, nə də Amerika faktoru ilə bağlıdır. Türkiyə öz dövlət maraqlarını və təhlükəsizliyini əsas tutaraq bu bahalı sistemi almağa qərar verib. Onun harada yerləşdirilməsi də önəmli məsələdir. Bunu Vaşinqtonun narahatlığı təsdiqləyir. Türkiyə Suriya, İraq, İran, İsrail istiqamətlərini "çətir" altına ala bilər. Əgər Balkanlar və bütövlükdə Avropa bu "çətir" altına düşsə, onda meydana başqa suallar çıxacaq. Onu da deyək ki, Türkiyə özü bu sistemləri istehsal etmək qərarına gəlib. O halda söhbət ölkənin bütövlükdə hansı hava hücumundan müdafiə sisteminə sahib olacağından gedir. Türkiyə hərbi dairələri strateji hədəfin özlərinin sistemini hazırlamaqdan ibarət olduğunu bildiriblər. Ankara ölkənin hava sahəsini amerikalılara olduğu kimi, ruslara da etibar etməz.

Bütün bunlardan maraqlı geosiyasi nəticələr əldə etmək olar. Təcrübə göstərir ki, qlobal miqyasda oyun qaydaları sürətlə yeniləşir. İndi ABŞ KİV-i də yazır ki, dünyanı Vaşinqton təkbaşına idarə edə bilmir. Yaxud artıq buna gücü çatmır. Belə bir vəziyyət potensialı yüksək olan dövlətləri özünəməxsus addımlar atmağa sövq edir. Türkiyə S-400 kimi müasir müdafiə sistemlərini almaqla regionda yeni geosiyasi-hərbi mənzərənin formalaşmasına təkan verir. Əslində, amerikalılar Səudiyyə Ərəbistanına külli miqdarda silah satmaqla, İsrail öz hərbi arsenalını daha da inkişaf etdirməklə və İran yeni silah növlərini sınaqdan keçirməklə bu prosesi çoxdan alovlandırıblar. Sadəcə, Ankara da öz sözünü demək məcburiyyətində qalıb.

Söz yox ki, proseslərin bu cür inkişafı Yaxın və Orta Şərqdə böyük dövlətlərin mübarizəsini daha da kəskinləşdirə bilər. Getdikcə daha çox güclü dövlət hərbi qüvvələrini oraya yönəldə bilər ki, bu da Yaxın Şərqdə yeni müharibə təhlükəsini yaradar.

Sonra, Türkiyənin atdığı bu addım ümumən qlobal geosiyasi mənzərədə yeni proseslərə təkan verə bilər. Məsələn, Ankara Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq üçün təşəbbüs göstərər. Əlavə olaraq onun Çin və Hindistanla əməkdaşlığı daha da genişlənər. Mümkündür ki, Türkiyə Rusiya ilə strateji xarakterli yeni müqavilə, o cümlədən hərbi sferaya aid müqavilə imzalasın.

Başqa bir tendensiya Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində daha fəal mövqe tutmasında öz əksini tapa bilər. Çünki Türkiyə geosiyasi təsir dairəsini genişləndirməsə, atdığı hərbi addımlar yarımçıq olacaq. Həm də Ankara iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik sferalarında daha ardıcıl və aktiv mövqe tutmalıdır ki, qlobal miqyasda söz sahibi ola bilsin.

Bütün bunlara çox güman ki, müəyyən dairələr əngəl törətməyə çalışacaq. Ümid edirik ki, Türkiyə dostları ilə birgə onları aşacaq. Çünki Ankaranın məqsədi hakim olmaq deyil, dünya siyasətinə ədalət gətirməkdir. Allah haqq yolçularını həmişə qoruyur!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...