THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiyanın yeni xarici siyasət konsepsiyası: əsas müddəalar

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 4 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
23344
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
Bakı, 12 mart 2013 – Newtimes.az
  
Kreml xarici siyasət kursunun baza prinsiplərini özündə əks etdirən sənəd hazırlayıb. O, bir çox aspektdən diqqət çəkir. Söhbət faktiki olaraq dünyanın böyük dövlətlərindən birinin yaxın gələcəkdə yeridəcəyi siyasətin mühüm məqamlarından gedir. Bu səbəbdən xarici siyasət konsepsiyasını mütəxəssislər geniş təhlil edirlər. Biz əsas məqamlar üzərində dayanmağa çalışacağıq.
  
Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyası (bax: Концепция внешней политики Российской Федерации. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı: www.mid.ru, 18 fevral 2013) mütəxəssislərin marağına səbəb olub. Hər şeydən əvvəl, bu, böyük bir dövlətin müasir dünyada baş verən geosiyasi dəyişmələri nəzərə almaqla öz yerini və statusunu dəqiqləşdirməyə imkan verən sənəddir. Konsepsiyada baza tezislərdən biri "Rusiyanın öz xarici siyasətini sürətlə dəyişən qeyri-sabit dünyada qurmaq məcburiyyətində qalması”ndan ibarətdir.
  
Sənədin əsas müddəaları bu şərti nəzərə almaqla formalaşdırılıb. Sürətlə dəyişən qeyri-sabit dünyada xarici siyasət kursunda iki aspekt ifadə olunmalıdır. Əvvəla, çevik və çoxvektorlu fəaliyyət modelinə üstünlük verilməlidir. İkincisi, Rusiyaya qarşı əsas qüvvənin Qərb, ilk növbədə isə ABŞ olduğu qəbul edilməlidir. Konsepsiyanın ümumi yanaşmasında bu tezislər mühüm yer tutur.
  
Sənəd müəllifləri 2008-ci ildən sonra dünyanın "daha qeyri-sabit” və "proqnozlaşdırılmayan” olduğu fikrini irəli sürürlər. Bunun 5 səbəbi vardır. Birincisi, qlobal böhran. Bu faktor geosiyasi mühitdə dərin dəyişikliklərə təkan verir. İkincisi, Qərbin başqa ölkələrin daxili işlərinə qarışması. Məsələn, "ərəb baharı” prosesi bunun nəticəsidir. Həmin faktorun təsiri beynəlxalq münasibətləri xaosa və idarəedilməzliyə sürükləyir. Üçüncü faktor, BMT-nin rolunun laxlaması. Bu, böhranları BMT TŞ-nin çərçivəsindən kənarda birtərəfli sanksiyalar və zor tətbiqi vasitəsi ilə həll etməklə əlaqəlidir. Dördüncüsü, informasiya məkanında yaranmış təhlükələr. Beşincisi, beynəlxalq münasibətlərin ideoloji müstəvidə yenidən güclənməsi.
  
Göstərilən səbəblər qlobal geosiyasətin vacib aspektlərini əhatə edir. Bu əsasda konsepsiyada başlıca qənaət belə ifadə edilib – "qlobal turbulentlik ("turbulentlik” termini təbiətşünaslıqda işlədilir, prosesin xaotikliyini ifadə edir – Newtimes.az) və dövlətlərin qarşılıqlı asılılığının artması şəraitində ayrı-ayrı "sakitlik və təhlükəsizlik adaları” yaratmaq cəhdlərinin perspektivi yoxdur” (bax: Концепция внешней политики Российской Федерации. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı: www.mid.ru, 18 fevral 2013).
  
Bu şərtlər daxilində Rusiyanın üzərinə düşən vəzifə "beynəlxalq münasibətlərdə tarazlaşdırıcı rol oynamaqdan” ibarətdir. Bunu konsepsiya müəllifləri "Rusiyanın fövqəlmissiyası” adlandırırlar. Moskvanın hazırkı xarici siyasət kursu həmin məqsədə çatmağa xidmət etməyi qarşısına vəzifə kimi qoyur.
  
Rusiya faktiki olaraq dünyada fövqəldövlət statusuna iddia etdiyini rəsmi sənəddə ifadə edib. Qlobal miqyasda tarazlaşdırıcı rol oynamaq, şübhəsiz ki, çox geniş fəaliyyət göstərməyi tələb edir. Konsepsiyada ölkənin xarici siyasət kursu qarşısında duran əsas vəzifələr buna uyğun müəyyənləşdirilib: Birinci, dünya iqtisadiyyatının xilasına yardım etmək. Bunun üçün Rusiya qlobal səviyyədə ədalətli və demokratik iqtisadi-ticari, valyuta-maliyyə sisteminin formalaşmasına aktiv kömək etməlidir. İkinci, başqalarının daxili işlərinə qarışmaq cəhdlərinə qarşı mübarizə aparmaq. Moskva insan haqları və azadlıqlarına hörmət edilməsinə çalışacaq. Lakin hər bir dövlətin tarixi, mədəni və milli xüsusiyyətləri nəzərə alınmalıdır. Üçüncü, BMT-nin alternativsizliyini müdafiə etmək. O cümlədən, müxtəlif bəhanələrlə dövlətlərin daxili işlərinə müdaxilə etməyə qarşı çıxmaq.
  
Konsepsiyada bu vəzifələri həyata keçirmək üçün Rusiyanın istifadə edəcəyi üsullar da yer alıb. Moskva rəsmi sənəddə ilk dəfə olaraq "yumşaq güc” anlayışından istifadə edir. Həmin termini V.Putin öz proqram məqaləsində (Burada söhbət V.Putinin prezident seçkisində iştirak etdiyi zaman bəyan etdiyi fəaliyyət proqramının məqalə formasından gedir – Newtimes.az; Daha ətraflı bax: Владимир Путин. Россия и меняющийся мир. "Московские новости”, 27 fevral 2012) işlətmişdi.
  
Maraqlıdır ki, xarici siyasət konsepsiyasında həmin anlayışın ayrıca izahı verilir. Orada "yumşaq güc” dedikdə xarici siyasətdə vətəndaş cəmiyyətinin imkanlarına, informasiya-kommunikasiya, humanitar və klassik diplomatiyaya alternativ olan digər metodlar və texnologiyalara əsaslanmaq nəzərdə tutulub (bax: Концепция внешней политики Российской Федерации. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytı: www.mid.ru, 18 fevral 2013).
  
Bunların vasitəsi ilə Moskva "ölkənin obyektiv obrazını” yaratmağa ümid edir. Rusiya həmin prosesdə yeni informasiya texnologiyaları və rus diasporunun imkanlarından geniş istifadə etməyə çalışacaq. Qeyd edək ki, yeni konsepsiyada xaricdə yaşayan ruslara (ümumilikdə isə Rusiya vətəndaşlarına) xüsusi yer verilir. İndi aydın olur ki, nəyə görə bir qədər əvvəl V.Putin özünü SSRİ-nin varisi sayan və postsovet məkanında yaşayan hər bir insana Rusiya vətəndaşlığının verilməsi məsələsini qaldırmışdı. Görünür, Moskva "yaxın xaric” adlandırdığı məkanda həmin qrup insanlardan geniş şəkildə istifadə etmək niyyətindədir.
  
Bu kontekstdə konsepsiyada "Regional prioritetlər” bölməsi ayrıca əhəmiyyət kəsb edir. Rusiya Federasiyasının postsovet məkanında xarici siyasətinin mütləq prioriteti inteqrasiyaya nail olmaq kimi müəyyənləşib. Burada MDB, Gömrük İttifaqı, AvroAzES, KTMT və RF ilə Belarus İttifaq dövlətinə böyük diqqət yetirilir. Moskva Ukraynanı dərin inteqrasiya proseslərinə cəlb etməyi nəzərdə tutub. Sənəddə vurğulanır ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarda əksini tapan prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək.
  
Prioritetlərdə ikinci yeri Avropa İttifaqı tutur. Burada isə vizasız gediş-gəlişin təmin edilməsinə əhəmiyyət verilir. Avropada əsas tərəfdaşlar kimi Almaniya, Fransa, İtaliya və Niderlandın adı çəkilir. Bu ölkələr Rusiyanın qaz sahəsində əsas tərəfdaşlarıdır. Sonra ATƏT, NATO, Şimali Avropa ölkələri, Baltikyanı dövlətlər və Balkanlar gəlir.
  
Bütün bunlardan sonra konsepsiyada ABŞ haqqında danışılır. Moskva Amerikanı geosiyasətdə əsas rəqib kimi görür və beynəlxalq hüquq normalarına əməl edilməsi zərurətindən bəhs edir. O cümlədən, başqa dövlətlərin daxili işlərinə qarışmamaq şərtini qoyur.
  
Çin və Hindistanla bağlı isə dost ölkələr kimi əlaqələrin inkişaf etdirilməsi vacibliyi kontekstində müddəalar yer alıb. Təsadüfi deyil ki, sənəddə Asiya-Sakit okean regionu "ən dinamik inkişaf edən geosiyasi məkan” kimi bəyan edilib. Dünya iqtisadiyyatı və siyasətinin əsas ağırlıq mərkəzinin məhz həmin bölgə olacağı vurğulanıb.
  
Bunlardan görünür ki, Rusiyanın yeni xarici siyasət konsepsiyası müasir tarixi mərhələnin geosiyasi təkamül tendensiyaları, qlobal miqyasda özünü göstərən ziddiyyətli məqamlar nəzərə alınaraq hazırlanıb. Bu cür mürəkkəb bir prosesdə Moskvanın dünya səviyyəsində barışdırıcı, inteqrasiyaya xidmət edən siyasət yeritməsi zərurət kimi qəbul edilib. Reallığın necə olacağını isə zaman göstərəcək.
 
Newtimes.az
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...