
Bakı, 11
mart 2013 – Newtimes.az
Amerikanın
dünyanın müxtəlif regionları üçün ayırdığı ənənəvi yardım paketində dəyişikliklər
müşahidə edilir. Artıq rəsmi Vaşinqton iqtisadi inkişafa deyil, yerlərdə dövlətlərin
təhlükəsizliyinin təmininə üstünlük verməyə başlayıb. Bu dəyişikliyin səbəbləri
üzərində düşünməyə dəyər.
Coşua Kuçera
müstəqil jurnalistdir. Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq üzrə ixtisaslaşıb.
O, ABŞ mətbuatında həmin regionlarla bağlı maraqlı məqalələrlə çıxış edir. C.Kuçeranın
"EurasiaNet”-dəki "The Bug Pit” bloqunda növbəti yazısı dərc edilib (bax: Joshua
Kucera. U.S. Aid To Caucasus, Central Asia To Drop, Except For Security, www.eurasianet.org, 20
fevral 2013). Orada diqqəti çəkən bir sıra məqamlar vardır.
Məqalənin əsas
məzmunu Vaşinqtonun Mərkəzi Asiya və Qafqaz ölkələrinə yardımları azaltması
fonunda təhlükəsizlik məsələlərinə əvvəlki səviyyədə maliyyə dəstəyi verməsindən
ibarətdir. Birincisi, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Azərbaycan,
Ermənistan və Gürcüstana 2013-cü ildə əvvəlki illərə nisbətən daha az vəsait
ayrılması planlaşdırılır. İkincisi, indi ABŞ Müdafiə Nazirliyi həmin ölkələrə
daha çox maliyyə yardımı etməyə başlayıb.
Bu iki məqamı
C.Kuçera üzərində düşünülməli olan mühüm amillər kimi qiymətləndirib. Mərkəzi
Asiya və Qafqaz ölkələrinin təhlükəsizliyinə nəyə görə daha çox diqqət yetirilməyə
başlanıb? Vaşinqton hansısa təhlükələr və ya risklərimi nəzərə alır? Təhdidlər
nələrdən ibarətdir?
Müəllif bu
suallara rəqəmlərin dili ilə cavab verməyə çalışıb. Dövlət Departamenti Qafqaz
ölkələrinə yardımı 24 faiz azaltmağı nəzərdə tutub. Həmin dövlətlərin təhlükəsizliyinə
yardım üçün isə əvvəlki maliyyə miqdarı saxlanır. Mərkəzi Asiya ölkələri üçün
yardımların miqdarının 13 faiz azaldılması təklif edilir. Qafqazda olduğu kimi,
təhlükəsizlik xərcləri əvvəlki səviyyədə saxlanır.
Bütövlükdə
2012-ci illə müqayisədə Mərkəzi Asiya dövlətlərinə yardım 15,3 milyon ABŞ dolları
həcmində azaldılır. "Sülh və təhlükəsizlik” kateqoriyası üzrə isə əvvəlki 30,3
milyon dollar saxlanılır. Qafqaz dövlətləri üçün nəzərdə tutulan yardım keçən
illə müqayisədə 28,6 milyon ABŞ dolları azdır. Təhlükəsizlik sahəsinə isə 34,9
milyon dollar maliyyə yadımı göstərmək planlaşdırılıb.
Ən çox
ixtisarlar iqtisadi inkişaf üçün nəzərdə tutulan yardımlarda gözlənilir.
Gürcüstan daha çox kömək alacaq. Onun təhlükəsizliyi üçün ayrılacaq məbləğ əvvəlki
səviyyəsində qalacaq – 21,7 milyon dollar.
Gürcüstandan
sonra daha çox yardım alacaq ölkə Qırğızıstandır – 47 milyon dollar. Təhlükəsizlik
sahəsinə əvvəlki ildə ayrılmış 6,3 milyon dollar əvəzinə, 9,2 milyon dollar nəzərdə
tutulub.
Ermənistana
2012-ci ildə verilmiş 44,3 milyon dollar əvəzinə, 36,6 milyon dollar nəzərdə
tutulub. Təhlükəsizlik üçün yardımda isə təqribən əvvəlki miqdar saxlanıb – 8,9
milyon dollar. Azərbaycana keçən il 20,9 milyon dollar yardım ayrılmışdı. Bu il
həmin rəqəm 16,3 milyon dollar təşkil etməlidir. Təhlükəsizlik sferasına isə əvvəlki
kimi 4,3 milyon ABŞ dolları yardım ayırmaq planlaşdırılıb.
Bu rəqəmlərin
müqayisəsi göstərir ki, Amerika Mərkəzi Asiya və Qafqaz ölkələrinin təhlükəsizliyinin
təmin edilməsinə daha çox diqqət yetirməyə başlayır. Bunun səbəbi region
uğrunda böyük dövlətlərin mübarizəsinin güclənməsi ola bilər. Eyni zamanda,
Yaxın Şərqdən qaynaqlanan bir sıra təhdidləri nəzərə almaq lazım gəlir.
Məsələnin
digər tərəfi, mümkündür ki, İranın nüvə proqramı ilə əlaqəlidir. Tehran uranı zənginləşdirməkdə
davam edir. Qərb isə daha çox təhdidlər yağdırır. Belə proqnozlar var ki, İrana
qarşı sərt tədbirlər görüləcək. O halda regiondakı və ona yaxın bölgələrdəki
ölkələrin təhlükəsizliyinin təmin edilməsi məsələsi daha aktual olur. Artıq
böyük dövlətlərin Qafqaz və Mərkəzi Asiya istiqamətlərinə əlavə hərbi qüvvələr
cəlb etdiyi haqqında informasiyalar mövcuddur.
Bunlar onu
göstərir ki, həmin regionlarda tam və dayanıqlı sabitliyin təmin edilməsi hələlik
müəyyən şübhələr doğurur. Görünür, böyük dövlətlər öz maraqları üçün
başqalarının təhlükəsizliyini təhdid altında saxlamaq metodundan əl çəkmək
fikrində deyillər.
Newtimes.az
11780
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...