Elmin siyasətə xidmət
etməsi müasir dövrdə qəbul olunan reallıqdır. Məhz müasir dövrdə humanitar və
texnoloji inkişaf dünyanın güc mərkəzləri tərəfindən siyasi maraqlar dairəsində
müxtəlif məqsədlər üçün istifadə olunur. Bu iddianın bariz nümunələrini Şərqə
dair aparılan tədqiqatlarda da görmək mümkündür.
Şərqə dair tədqiqatlar
ümumi elmi ədəbiyyatda oriyentalizm adlanır. Coğrafi və siyasi bölgü olaraq
Şərq dünyası, mozaik mahiyyətə malikdir. Bu məqalədə sadəcə müsəlman şərqi
kontekstində bir elm olaraq oriyentalizmin siyasi mahiyyətinə baxmağa
çalışacağıq.
Oriyentalizm, müsəlman Şərq
mədəniyyətini din, ədəbiyyat, dil, fəlsəfə, incəsənət və s. aspektlərdən tədqiq
edən İslam dünyası haqqında Qərb yanaşma tərzinə malik elmi cərəyandır. Belə
ki, ilk dövrlərdən etibarən islam dininin meydana gəlməsi avropalı xristianlar
üçün qəbul edilməz bir həqiqət və ciddi təhlükə idi. Avropalılar, XII əsrdən
etibarən artan ticarət və işğallar nəticəsində islam haqqında ətraflı
məlumatlar almağa başladılar. XV əsrdən isə oriyentalizm, müstəqil elmi ixtisas
olaraq formalaşmağa başladı. Başda Monteskyu olmaqla Marks, Veber, Hegel kimi
mütəfəkkirlər, Renan, Qoldzer, Gibb, Lyus, Səid və s. tədqiqatçılar tərəfindəm bu
sahədə böyük elmi ədəbiyyat yaradıldı. İlk ərəb dili kafedrası 1539-cu ildə
alim Qulliyam Postel tərəfindən College de France-da quruldu.
İslam və müsəlman
xalqları haqqında Avropada ciddi və sistemli tədqiqatlar orta əsrlərdən
başlayaraq aparılmağa başlanmışdır. Digər tərəfdən bu elmi mübadilə nəticəsində
ərəblərin mənimsədikləri antik, qədim şərq və ərəb-müsəlman ənənələri, Əndəlüs
vasitəsilə Avropaya yayılırdı (1). Bütün bu tədqiqatlar elmi obyektivlik
mahiyyəti daşımaqla bərabər, istifadə olunma məqsədləri baxımından siyasi
mahiyyətə də malik idi. Məhz bu sahədə aparılan bütün əksər tədqiatlarda, inkişaf
etmiş "ağ avropalıların” daha az inkişaf etmiş şərqliləri sivilizasiyaya
istiqamətləndirmə vəzifəsi əsas kateqoriya kimi qəbul olunurdu.
Siyasi arxa plan
Fələstin əsilli məşhur
Amerikalı tədqiqatçı Edvard Səidin 1978-ci ildə nəşr etdirdiyi "Oriyentalizm”
əsəri, Qərbdə Şərqə dair aparılan tədqiqatların, "məsum” elmi məlumatlardan
daha çox Qərbin Şərqə dair hegomoniya istəklərinə xidmət etdiyi düşüncəsini
arqumentlərlə ortaya qoydu. Səidə görə Qərb, iqtidar münasibətlərindən hərəkət
edərək özünü müəyyən etmək, müstəmləkə niyyətlərini haqlı göstərmək və bu
məqsəd ilə özünə sərf edəcək şəkildə Şərq fenomenindən istifadə edir.
"Mən və
başqası” kateqoriyasından yola çıxaraq özünü dünyanın mərkəzinə yerləşdirən
Qərb, Şərq-Qərb əlaqələri kontekstində özünün Şərqə dair istəklərini, siyasət,
humanitar və texniki elmlərdən tutmuş incəsənətə qədər həyatın bütün
sahələrində tətbiq etmişdir. Şərq ilə Qərb arasında hər sahədə ciddi
müxtəliflik mövcuddur. Belə ki, Qərb, rasional təfəkkür qabiliyyəti nəticəsində
insanlığın ən inkişaf etmiş mərhələsini təmsil edir. Şərqin isə, rasional
təfəkkürə malik olmayaraq müstəqil şəkildə öz inkişafını həyata keçirməsi mümkün
deyildir. Bu məqsədlə Qərb, Şərq üzərində idarə etmə hüququna malikdir.
Xüsusilə XIX əsrdən etibarən, Qərbin Şərqdə həyata keçirdiyi müstəmləkə və
işğal bu idarə etmə hüququnun, özünü haqlı görmə təşəbbüslərinin nəticəsindədir
(2).
Müasir dövrdə Şərqə dair
elmi məlumat zənginliyi nəticəsində, Qərbin radikal siyasətinin müstəmləkəçilik
niyyətlərindən əl çəkmədiyini, beynəlxalq münasibətlərdə cərəyan hadisələr göstərir.
Belə ki, II dünya müharibəsindən sonra ABŞ-ın hegomon güc olması ilə, ideoloji
təbliğat mərkəzləri bu gücə tabe oldu. Bununla bərabər İsrailin qurulması və
böyük enerji yataqlarının nəzarət altına alınması ABŞ-ın Orta Şərq siyasətinin
əsasını təşkil etdi. Məhz Orta Şərq Tədqiqatları Mərkəzi, Orta Şərq İnstitutu,
Şərq Tədqiqatları adları altında qurulan elmi beyin mərkəzləri siyasi məqsədlər
üçün hər zaman elmi-hərbi məlumat mənblələri funksiyasını yerinə yetirir.
Digər tərəfdən məşhur 11
sentyabr hadisəsindən sonra "terrorist müsəlman” təbliğatı daha da yayıldı.
İslamın terrorizm ilə bərabər tutulması, Avropada meydana gələn karikatura
krizləri, "müsəlmanların məsumiyyəti” kimi filmlərin çəkilməsi və tətbiq olunan
irqçi siyasət tərzləri, oriyentalizm ilə birbaşa bağlıdır. Belə ki, oriyentalizm
nəticəsində İslam və müsəlmanlar barəsində səhv məlumatların yayılması eyni
zamanda islamafobiyanın da meydana gəlməsinə səbəb olmuşdur. Məhz Samuel Hantinqtonun:
"Dünya siyasətinin gələcəkdəki əsas mövzusu, Qərb və başqaları arasındakı
konflikt və Qərbli olmayan sivilizasiyaların Qərb gücünə və dəyərlərinə qarşı
gəlmələri olacaqdır”(3) fikri də bu kontekstdə anlaşılmalıdır.
Məsələn, İraq işğal
edilərkən ABŞ və müttəfiq orduları tərəfindən muzey və kitabxanaların
yağmalanması, yandırılması və daşınaraq aparılması müasir tarixin silinməz səhifələrindəndir.
Təsadüfi deyildir ki, müxtəlif vaxtlarda İslam dünyasından daşınan əlyazmalar
və incəsənət əsərləri hal-hazırda Ermitaj, Luvr və Britaniya muzeyi kimi məşhur
muzeylərdə sərgi olaraq nümayiş etdirilir.
İki ildən artıqdır ki "Ərəb
Baharı” adlanan hərbi-siyasi təlatümlərin baş verməsi və xarici qüvvlərin
bundan istifadə etmələrini müəyyən aspektdən oriyentalizm əsaslı
müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Belə ki, regiondakı
neft və qaz ehtiyatları, dünya siyasətinə təsir edən nüfuzlu dövlətlərin
regiona dair siyasi və iqtsiadi maraqları da region ölkələrinin daxili və
xarici siyasətini şəkilləndirməkdədir. Məhz bu regionda davamlı olaraq
konfliktlərin çıxması və çıxarılması, bu regiona hakim olmağa çalışan qlobal
güclərin də istəklərinə cavab verir.
Nəticədə oriyentalizm,
Şərqə dair elmi tədqiqatların məcmu adı olmaqla bərabər, müstəmləkəçilik
siyasəti baxımında da funksional rola malikdir və hazırda da bu reallıq davam
edir. Bu mənada oriyentalizm, eyni zamanda lazım gəldiyində Şərqə dair Qərbin
müstəmləkə siyasətinin elmi arxa planını təşkil edir.
Dr. Rəşad İlyasov
Ədəbiyyat
-
Aida İmanquliyeva, Yeni Ərəb Ədəbiyyatı Korifeyləri, Bakı: Elm nəşr.,
2003.
-
Edward Said, Oriantalism, USA: Random House, 1978.
-
Samuel Huntington, "The Clash of Civilizations”, Foreign Affairs, Summer
1993.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...