THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal geosiyasətdə inqilablar mərhələsi

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11511
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
Bakı, 5 mart 2013 – Newtimes.az
  
Yeni dünya nizamının formalaşması prosesinin getdiyi haqqında proqnozlar mövcuddur. Onun müxtəlif aspektləri ilə bağlı təhlillər aparılır. Həmin problemə həsr edilmiş yazılarda bəzən çox maraqlı məqamlara rast gəlinir. Amerikanın qabaqcıl analitiklərindən olan Cozef Nayın dərc edilmiş bir məqaləsi bu baxımdan diqqəti çox çəkir.
 
İnformasiya inqilabı və siyasət
 
Tanınmış analitik Cozef Nayın "Project Syndicate” (ABŞ) nəşrində "İnformasiya inqilabı siyasiləşir” adlı maraqlı məqaləsi dərc edilib (bax: Joseph S. Nye. The Information Revolution Gets Political. www. project-syndicate.org, 7 fevral 2012). Yazıda müasir tarixi mərhələdə geosiyasi proseslərin mahiyyəti aspektində diqqəti çəkən fikirlər yer alıb. Müəllif informasiya sahəsində baş verən sürətli dəyişikliklərin siyasi mühitə və dövlətlərin siyasətinə təsirini təhlil edib. C.Nayın irəli sürdüyü bir sıra tezisin üzərində geniş dayanmağa ehtiyac vardır.
 
Müəllif informasiya inqilabının davam etdiyi qənaətindədir. Bu proses sosial-mədəni həyatın bütün sahələrində köklü dəyişikliklərə səbəb olur. Məlumatların ötürülməsi tezliyi müqayisəedilməz dərəcədə artıb. Əgər keçmişdə adi telefonla bir saniyədə 1 informasiya ötürmək mümkün idisə, hazırda həmin müddətə 90 min cild məlumat göndərmək imkanı vardır. 1980-ci ildə bir geqabayt həcmdə informasiyanı saxlamaq üçün bütöv otaq tələb olunurdusa, indi 200 geqabaytı bir kiçik diskdə cibdə yerləşdirmək mümkündür.
 
İnformasiya-kommunikasiya vasitələrinin digər sferalarında da sürətli dəyişikliklər müşahidə edilir. Bütün bunlar cəmiyyətdə sosial münasibətlərin yeni məzmun kəsb etməsinə səbəb olur. O cümlədən, idarəetmə üsulları yeniləşir. Fərdlə kollektiv və vətəndaşla hökumət arasında yeni münasibətlər formalaşır. Dövlət informasiyanın yayılmasına əvvəlki kimi nəzarət edə bilmir. Meydana cəmiyyətin bütün sosial təbəqələrinin rolunun artması məsələsi çıxır. Yekunda bütün bunlar geosiyasi mühitə yeni dinamika verir.
 
C.Nay bu proseslərin dövlətlərarası münasibətlərə də ciddi təsir etdiyi qənaətindədir. Bununla yanaşı, informasiya-kommunikasiya vasitələrində özünü göstərən inqilabi yeniləşmələrdən hər bir ölkə öz maraqlarına uyğun istifadə etməyə çalışır. Məsələn, İran, Çin və Səudiyyə Ərəbistanı cəmiyyətə daha ciddi nəzarət etmək istiqamətində tutarlı addımlar atıblar. Həmin dövlətlər bununla kənardan olan informasiya təsirlərini müəyyən dərəcədə neytrallaşdıra biliblər.
 
Bunlarla yanaşı, informasiya inqilabı kütlələrin siyasi mühitə təsiri imkanlarını xeyli artırır. Məlumatların sürətlə ötürülməsi və informasiya mənbələrinə daxil olmaq imkanlarının genişlənməsi bu məsələdə xüsusi rol oynayır. Həmin fikrin işığında ərəb ölkələrində baş verən proseslərə nəzər yetirdikdə maraqlı qənaətlər əldə edilir.
 
"Ərəb baharı”nın mahiyyəti
 
C.Nay hesab edir ki, ərəb ölkələrində inqilabi proses gedir. Burada hər hansı mövsümi dəyişiklikdən söhbət gedə bilməz. Uzun illərdir ki, ərəb dövlətlərində yığılmış problemlərin sosial partlayışlarla müşayiət olunan həlli gedişatını müşahidə edirik. Misir bunun tipik nümunəsidir.
 
İki il əvvəl Təhrir meydanı aşıb-daşırdı. O dalğa "Müsəlman qardaşları”nı hakimiyyətə gətirdi. Ölkəni 40 ildən çox müddətdə avtoritar rejimlə idarə edən iqtidar çökdü. Lakin proses bununla yekunlaşmadı. Təhrir indi də insanların etiraz meydanına çevrilib. Onlar sadəcə hakimiyyətə yeni qüvvələrin gəlməsi ilə kifayətlənmirlər. Misirlilər problemlərin həll edilməsini istəyirlər.
 
Bu o deməkdir ki, söhbət "bahar”dan yox, inqilabi dəyişiklikdən gedir. Məhəmməd Mursi iqtidarının həyata keçirdiyi yeniləşmə proqramları vətəndaşları qane etmir. Bu məntiqlə digər ərəb ölkələrində baş verən proseslərə yanaşdıqda bütövlükdə regionun inqilaba büründüyü nəticəsini almaq olar.
 
Suriyada müşahidə edilən silahlı qarşıdurmaların bu səbəbdən qısa zamanda sona çatması gözlənilən deyil. Bəşər Əsəd rejimi çöksə belə, cəmiyyətdə toqquşmalar davam edəcək. Çünki əsas məsələ ümumilikdə cəmiyyətdə köklü dəyişikliklərin həyata keçirilməsinə bağlıdır. Bu isə öz növbəsində hazırda siyasi səhnədə olan və savaşan qrupların öz aralarında razılığa gəlməsinin çətin olacağı mənasını verir.
 
İraq məsələsinə də C.Nay bu mülahizələr prizmasında diqqət yetirir. Həmin ölkədən amerikan əsgərlərinin çıxarılmasının problemi həll etməyəcəyinə müəllifin inamı var. İraq cəmiyyət olaraq bütün sahələrdə modernləşməlidir. Bu proses isə ciddi ziddiyyətlərlə müşayiət olunur. Daxili siyasi qüvvələrin bir-birinə münasibəti sivil və demokratik qaydalar üzərində qurulmur. Nəticədə, siyasi fikir ayrılığı silahlı toqquşmalar müstəvisinə keçir. Hazırda İraqda şiələr, sünnilər və kürdlər demək olar ki, bir-biri ilə barışmaz mövqedədirlər. Onlardan heç birinin güzəştə getmək niyyəti yoxdur. Belə bir vəziyyətdə ölkənin uzun müddət gərginlik içində qalma ehtimalı böyükdür.
 
Bütün bunlardan müəllif maraqlı nəzəri qənaət əldə edir. Belə bir nəticəyə gəlir ki, ərəb ölkələrində informasiya inqilabi siyasiləşir. Başqa sözlə, artıq proseslər köklü siyasi yeniləşmələr mərhələsinə keçib. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər cəsarətli tezisdir. Çünki söhbət böyük bir geosiyasi regionda sosial-mədəni, iqtisadi və siyasi həyatın kardinal transformasiyalara uğradığından gedir. Tarixi təcrübə göstərir ki, bu cür proseslər, birincisi, konkret bir regionla məhdudlaşmır, ikincisi, onun geosiyasi təsirləri son dərəcə güclü olur.
 
Qlobal geosiyasətin iki aspekti
 
Belə şərtlər daxilində inqilabi proseslərin dünyanın digər regionlarına yayıla bilməsi ehtimalı artır. Özlüyündə bu proses meydana çoxlu sayda ziddiyyətli məqamlar çıxara bilər. Xüsusilə, proseslərə ədalətli yanaşmanın olmadığı, ikili standart siyasətinin hökm sürdüyü bir dövrdə risklərin mövcudluğunu istisna etmək olmaz. Dolayısı ilə müasir dövrdə böyük dövlətlərin üzərinə daha çox məsuliyyət düşdüyü qənaətinə gəlmək olar. Təəssüf ki, C.Nay problemin bu aspektinə məqalədə toxunmur. Burada müəyyən məqsədlərin olması şübhəsizdir.
 
Məsələ bir tərəfdən, ABŞ-ın dünyadakı yeni geosiyasi rolu ilə əlaqəlidir. Son zamanlar müxtəlif regionlarda baş verən təhlükəli proseslərdə kimlərin məsuliyyət daşıması haqqında daha çox danışılır. Hər bir böyük dövlət bu mənada yaxasını qırağa çəkməyə üstünlük verir. Onlar öz geosiyasi rəqiblərini ittiham edirlər. Məsələn, Yaxın və Orta Şərqdə yaranmış gərginlikdə Rusiya və Çin ABŞ-ı günahkar kimi göstərir. Öz növbəsində Vaşinqton Moskvanı Avrasiya məkanında gərginlik mənbəyi sayır, Pekini isə Sakit okean hövzəsində qarşıdurma yaratmaqda ittiham edir.
 
Bütün hallarda böyük dövlətlər artıq regionlarda meydana çıxan gərginliklərin səbəbkarı qismində görünmək istəmirlər. Məsuliyyətdən bu şəkildə qaçmaq qlobal miqyasda təhlükəlidir. Çünki geosiyasi qeyri-müəyyənlik yaranır. Proseslər müəyyən həddən sonra tamamilə nəzarətdən çıxa bilər. Bundan isə bütövlükdə bəşəriyyət zərər görər.
 
Bunlar istər-istəməz yuxarıda qeyd etdiyimiz ikinci məqama daha çox diqqət yetirməyin vacib olduğu qənaətini yaradır. Biz, regionlarda cərəyan edən geosiyasi proseslərin tam olaraq dünyaya mümkün təsirini nəzərdə tuturuq. C.Nay məqaləsində həmin məqam üzərində də dayanmır. Sadəcə, siyasi inqilabların uzun illər davam edə biləcəyi ehtimalından söz açır. Lakin belə olan halda həmin zaman çərçivəsində qlobal geosiyasi mənzərənin necə dəyişə biləcəyi məsələsi çox aktuallaşır. Nəyə görə, müəllif həmin problemi üzərindən sükutla keçir? Demək çətindir.
 
Ancaq şübhə yoxdur ki, informasiya inqilabının siyasiləşməsi geosiyasi problemə çevrilərək yalnız böyük dövlətlərin maraqlarına xidmət etdiyi üçün bütövlükdə dünyanı əhatə edən proseslərə yol açacaq. Bunun isə ən qüdrətli dövlətə belə təsiri olacaq. Çünki yalnız münaqişələrin baş verdiyi regionların yox, bəşəriyyətin yeni geosiyasi nizama keçməsinə ehtiyac vardır. Eyni zamanda, bütün ölkələrin qarşılıqlı asılılığının yeni səviyyəyə qalxdığını dərk etmək gərəkdir. Həmin mənada hansısa ərəb dövlətinin problemi həm də bütün dünyanın məsələsidir.
 
Bəlkə də Cozef Nayın adıçəkilən yazısının ən vacib aspekti vurğuladığımız iki məqamla bağlıdır. Söhbət faktiki olaraq qlobal miqyasda baş verə biləcək mühüm geosiyasi dəyişikliklərdən gedir. Müəllif bu prosesdə böyük dövlətlərin məsuliyyət daşıdıqları məsələsini qaldırır. Lakin bu prosesin bütün təfərrüatı məlum deyil və buna görə də geosiyasi qeyri-müəyyənliklər qalmaqdadır. Qarşıya bəşəriyyət üçün gözlənilməz risklərin çıxa bilməsi istisna edilmir.
 
Newtimes.az
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...