THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyənin Avropa İttifaqına üzvlüyü və ya qazanarkən itirənlər

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14412
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bu ilin aprel ayının 14-də Türkiyənin Avropa İttifaqına üzvlüyü üçün rəsmi müraciətinin düz 25 ili tamam olur. Bu müddət ərzində təşkilata 15 yeni üzv qəbul edilmiş, 4 ölkə əlavə namizəd olmuş, digər 4 ölkənin isə namizədliyi gündəmə gəlmişdir.

Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi bu gün Avropa məkanında gedən diskussiyaların məhək daşını təşkil edir. Tarixə nəzər salsaq, görərik ki, Türkiyənin bu quruma üzvlüyü məsələsi hələ təşkilatın yeni yarandığı dönəmdə, 1959-cu ildə onun Avropa İqtisadi Birliyinə ortaqlıq məqsədilə rəsmi müraciət etməsi ilə gündəmə gəlmişdir. 1963-cü ildə imzalanan Ankara müqaviləsi ilə Türkiyə ilk mərhələni keçərək təşkilata ortaqlığa qəbul edildi. 1980-ci illərdə ölkədə baş verən dövlət çevrilişi münasibətlərdə durğunluq yaşatsa da, 1983-cü ildə çoxpartiyalılığa keçid müzakirələri canlandırdı. 14 aprel 1987-ci ildə isə Türkiyə rəsmi olaraq təşkilata üzvlük üçün müraciət etdi. Üzvlüyün ilk mərhələsi olan Gömrük birliyinə 1996-cı ildə daxil olan Türkiyənin üzvlük məsələsi 2000-ci ildə aktivləşməyə başladı. 2004-cü ildə təşkilat daxilində qəbul edilən qərar müzakirələrə 2005-ci ildən başlanılması üçün yaşıl işıq yandırdı. Lakin təəssüflər olsun ki, bu günə qədər bu istiqamətdə real irəliləyiş əldə edilməmişdir.

O zaman belə bir sual ortaya çıxır: 25 il ərzində Türkiyənin təşkilata üzvlüyünü əngəlləyən əsas faktor nə olmuşdur. Təbii ki, bunun müxtəlif səbəbləri mövcuddur və onları aşağıda bir-bir sadalayacağıq. Lakin, fikrimizcə, bu məsələdə ən önəmli faktor dünya düzəninin dəyişməsi və bu zaman lider dövlətlərin yeni maraqları oldu.

Beynəlxalq münasibətlər sisteminə nəzər salarsaq, aydın şəkildə görə bilərik ki, bir birinə qarşı dayanan ikiqütblü sistem dönəmində Türkiyə öz səmimiyyətini və sədaqətini ortaya qoyaraq, Qərb dünyası üçün totalitar sovet rejiminə qarşı "qalxan rolunu” oynamışdı. Təbii ki, Türkiyənin NATO-ya bu qədər asanlıqla qəbul edilməsinin səbəbi də bu idi. Qərbə öz təhlükəsizliyini təmin etmək üçün bufer bölgə, "özlərindən olmayan özününkü” lazım idi: Ehtiyac yarandığı anda tam qətiyyətlə mübarizə aparacaq, lazım gələrsə də fəda ediləcək bir dövlət. Türkiyə isə bu missiyanı layiqincə yerinə yetirə bilərdi. Çünki Türkiyə dostluğa sədaqətli, qorxmaz, qəhrəman, rəşadətli, 16 imperiya yaratmış, 6 əsr imperiya yaşatmış bir millətin qurduğu və o dönəmdə haradasa bütün Şərqi Avropaya bərabər bir dövlət idi.

Lakin Varşava blokunun çökməsi vəziyyəti dəyişdi. Artıq Rusiya NATO üçün təhlükə mənbəyi olaraq görünmürdü. Dolayısıyla da, Türkiyəyə ehtiyac qalmırdı. Ona görə də Türkiyənin üzvlük məsələsi uzandıqca uzandı.

İndi də gəlin Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində Qərbi qorxudan amillərə nəzər salaq və bu amillərə də avropalıların gözü ilə baxmağa çalışaq.

Qərb bunu açıqca etiraf etməsə də, Türkiyənin islam kimliyinə sahib olması tərəddüdlərin ilk kateqoriyasında yer alır. Bu gün Avropada yaşayan müsəlman immiqrantların həqiqətən də yaşadıqları cəmiyyətə inteqrasiyasında problemlər yaşandığını görə bilərik. Bunu Fransada yaşayan Ərəblər, Almaniyada yaşayan Türklər üçün də qeyd etmək olar. Bu insanlar cəmiyyətə tam inteqrasiya olmaq əvəzinə, öz məhəllələrində kompakt şəkildə yaşamağa üstünlük verir. Bir də nəzərə alsaq ki, Türkiyə üzv olduqdan sonra Avropaya mühacirət edənlərin əksəriyyəti Türkiyənin az inkişaf etmiş bölgələrində yaşayan, təhsil səviyyəsi nisbətən aşağı olan insanlar olacaq, vəziyyətin nə qədər mürəkkəb olması aydınlaşır. Qısacası, Avropa İttifaqı təşkilat daxilində "Clash of civilizations” yaşamaq istəmir.

Qərbi təlaşa salan ikinci məqam iqtisadi yükdür. Haradasa bütün Şərqi Avropaya bərabər olan Türkiyə Avropa İttifaqı üçün ağır maliyyə xərcləri mənasını verir. Ölkənin yüksək həcmdə investisiya tələb edən az inkişaf etmiş bölgələri mövcuddur. Bu cür böyük dövlətlərdə isə gələcəkdə iqtisadi böhran yaranarsa, onun təsiri bütün təşkilat üzvlərini əhatə edə bilər.

Avropa İttifaqının ehtiyat etdiyi üçüncü məqam daha çox geosiyasi təmayüllüdür. Bu gün təşkilat daxilində də müəyyən bölünmələr vardır. İttifaqın ən güclü üzvlərindən olan Fransa və Almaniya cütlüyü daha çox müstəqil Avropa İttifaqı görmək niyyətindədirlər. Digər güc olan İngiltərə isə Avropa məkanını Transatlantik komponenti kimi təsəvvür edir. Bu baxımdan, Türkiyənin təşkilata üzv olacağı təqdirdə İngiltərənin yanında yer alması təşkilatı iflic edə bilər, çünki Fransa və Alaniya İngiltərəyə qarşı müqavimət göstərdikləri halda, Türkiyənin dəstəyini almış İngiltərənin qarşısında aciz qala bilər. Türkiyənin Avropa İttifaqına üzvlüyünün daha çox ABŞ tərəfindən dəstəklənməsi bu nəzəriyyənin tərəfdarlarının haqlı olduğuna dəlalət edir.

Lakin Avropa İttifaqı yanılır və fərqində deyil ki, onun ən böyük itkisi elə Türkiyənin quruma üzv olmaması ilə başlayır.

Əgər Türkiyə quruma üzv olarsa, Qərb beynəlxalq aləmdə formalaşmaqda olan sivilizasiyalararası toqquşma nəzəriyyəsinin əsassız olduğunu isbat etmiş olacaq. O, Avropanın bir xristian klubu olmadığını, demokratiyanın, insan hüquqlarının, ədalətin universal dəyər olaraq mənimsənilməsinin üstünlüyünü sərgiləmiş olacaq və isbat edəcək ki, Avropa İttifaqı həqiqətən də bu dəyərlərə sadiq olan insanlar üçün heç də əlçatmaz deyildir. Bu da Türkiyənin qonşuluğunda yerləşən region dövlətləri üçün nümunə təşkil edərək, yuxarıda qeyd edilən universal dəyərlərin özü özlüyündə təntənəsinə rəvac verəcəkdir. Regionda isə etimad atmosferi yaranacaqdır.

Türkiyənin quruma üzv olması Avropa İttifaqının Türkiyə vasitəsilə Yaxın Şərqdə yerləşən müsəlman, eləcə də Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələr ilə münasibətlərinə ciddi şəkildə müsbət təsir edə bilər. Bu da həm təşkilatın o regionlarda nüfuzunun yüksəlməsinə, həm də bu ölkələrin universal dəyərləri mənimsəməsinə möhkəm zəmin yaradacaqdır.

Türkiyənin Avropa İttifaqına üzv olmasının digər bir üstünlüyü isə İttifaq üzvləri üçün yeni bir bazarın açılmasıdır ki, bunun da iqtisadi səmərəliliyi şübhə doğurmur. Bu bazar sənayedən kənd təsərrüfatına, oradan isə xidmət sektoruna qədər bütün sahəni əhatə edir.

Və ən nəhayət, Türkiyənin bu quruma üzv olması Avropa İttifaqı, eləcə də bütün Qərb üçün geostrateji əhəmiyyət daşıyır. Belə ki, bu gün dünyanın təkqütblülüyünə beynəlxalq aləmdə etirazlar və reaksiyalar özünü büruzə verir. Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS kimi yeni bloklar yaranır ki, bunlar Qərb üçün alternativ təşkil edir. Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi halında, həmin bloklara meyl edə biləcəyi ehtimalı böyükdür və iqtisadi, hərbi, demoqrafik və geosiyasi gücə malik olan Türkiyənin bu kimi dövlətlərlə alyans yaratması Qərbin gələcəyi üçün arzuedilməzdir. Məhz elə bu baxımdan, gələcək inkişafının təmin edilməsi məqsədilə Türkiyəni qarşısına deyil, daxilinə almaq Avropa İttifaqının maraqlarına uyğundur. Qoy Avropa özü düşünsün, qısa dönəmdəki çətinlikləri və ya qazancı deyil, uzun dönəmdəki qüdrətini və ya təhlükəni dərk etsin.

 New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...