THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xocalı hava limanı probleminin düşündürdükləri

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3907
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 fevral 2013 – Newtimes.az

Ermənistan 20 ildir işğal altında saxladığı Azərbaycan torpaqlarını tərk etmədiyi kimi yeni problemlər çıxarmağa davam edir. Bu problemlərdən biri də işğal altında saxladığı Xocalı şəhərində hava limanını yenidən istifadəyə verməyə çalışmasıdır. Bunun üçün son zamanlarda həm bölgədə həm də beynəlxalq aləmdə təbliğata davam edir.

Ermənistan Azərbaycan torpaqlarının təxminən 20%-ni işğal etmişdir. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupunun 20 ilə yaxındır davam edən vasitəçilik missiyası da istənilən nəticəni verməyib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistanın işğalçılıq siyasətini qınayan və Ermənistan ordusunun qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmir və aidiyyəti beynəlxalq təşkilatlar Ermənistanın bu qətnamənin şərtlərinə əməl etməsi üçün təzyiq göstərmir. Ermənistan bu cür təzyiqi hiss etmədiyi üçün bölgədə təhlükəsizliyi təhdid etməyə davam edir. Ermənistanın Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin separatizm tələblərini dəstəkləməsi, Türkiyəyə qarşı qondarma soyqırımı təbliğatı, torpaq və təzminat tələbi Cənubi Qafqaz dövlətlərinin bir-biri ilə və eləcə də qonşu dövlətlərlə iqtisadi, siyasi inteqrasiyası qarşısında ciddi maneədir.

1974-cü ildə Xocalıda inşa edilən hava limanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra fəaliyyətini təxminən 20 ildir dayandırıb. Ermənistan bu hava limanını yenidən istifadəyə vermək üçün yenidənqurma və bərpa işlərini başa çatdırıb. Verilən məlumata görə, Xocalı hava limanını “Air Artshakh” hava yolu şirkəti işlədəcək. Hava limanının rəsmi açılışı olsa da, Azərbaycan hökumətinin məsələ ilə bağlı sərt bəyanatlarından sonra istifadəsi hələ də mümkün olmayıb.

Azərbaycan hökuməti məsələni daim diqqət mərkəzində saxlayır və işğal altında olan ərazilərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) başda olmaqla bir sıra beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın hüquqa zidd hərəkətləri barədə məlumatlar verir. Belə ki, “Azərbaycan Hava Yolları” qapalı səhmdar cəmiyyətinin (AZAL) mətbuat xidmətindən verilən bəyanatda işğal altında olan bölgələrin hava məkanının müharibə zonası olduğu və buna görə mülki təyyarələrin bu hava məkanından istifadə etməsinin mümkün olmadığını, sadəcə AZAL-ın Azərbaycan hava  məkanını istifadə etməyə haqqı olduğunu bildirmişdir. Ermənistanın Azərbaycanın hava məkanını istifadə etmək istəməsi 1994-cü ildə imzalanmış Çikaqo konvensiyasının şərtlərini kobud şəkildə pozur. Hava məkanı hüquqən Azərbaycan yuridiksiyasına aid olduğu üçün heç bir dövlət və yaxud təşkilat hətta İCAO olsa belə, bu hava məkanından istifadə olunması üçün Azərbaycanın icazəsi olmadan qondarma rejimə və yaxud Ermənistana sertifikat verə bilməz.

Qondarma rejim rəsmiləri İCAO-dan belə bir sertifikat aldıqlarını iddia etsələr də, Azərbaycan tərəfi bunu dezinformasiya kimi qəbul edir və İCAO belə bir sertifikat vermədiyini bildirir. İCAO-nun öz nizamnaməsini və 1944-cü il Çikaqo konvensiyasının şərtlərini bu cür kobud və məsuliyyətsiz şəkildə pozacağı ehtimalı olduqca zəifdir.

Azərbaycan hökumətinin məsələyə sərt reaksiya verməsi və beynəlxalq aləmdə müzakirəyə çıxarmasından sonra Ermənistan Prezidenti Serj Sərkisyan məsələni siyasiləşdirmək məqsədi ilə Xocalı hava limanına enəcək ilk təyyarənin sərnişini olacağını bildirmişdi.

ABŞ-ın Minsk Qrupu həmsədr ölkələrindən biri olmasına baxmayaraq bu ölkənin bəzi Senat nümayəndələri də Xocalı hava limanının açılmasına siyasi dəstək verir. Belə ki, ABŞ Konqresinin üzvü Berd Şerman da Azərbaycanın mülki təyyarəni vurmaqdan çəkindirərək, bunun olacağı təqdirdə ABŞ-ın Azərbaycana iqtisadi, humanitar və hərbi yardımlarının dayandırılması məsələsini müzakirəyə çıxaracağını qeyd etmişdir.

Məsələ ilə bağlı region mətbuatında müzakirələr davam edərkən, “Sobesednik Armenii” qəzeti “etibarlı mənbələrə” istinadən verdiyi məlumatlara görə qondarma DQR-in havadan müdafiə sistemi nəinki hava limanının təhlükəsizliyini təmin etməyə, hətta Bakı hava limanını vurmağa qadir olan raketlərə sahib olduğunu qeyd etmişdir.

Ermənistan hüquqi müstəvidə mövqeyinin zəif olduğunu bildiyi üçün bu barədə erməni diaspor təşkilatlarının köməkliyi ilə xarici dəstək arayışındadır.

Bu zaman insanların “səyahət azadlığı” arqumentini ön plana çıxarırlar. ABŞ Konqresinin ermənipərəst konqresmenləri və Avropadakı ermənipərəst siyasətçilər də bu arqumenti dəstəkləyirlər. Əlbəttə, ABŞ konqresi və Avropadakı ermənipərəst siyasətçilərin “səyahət azadlığı” məsələsini ön plana çıxarırkən, Ermənistanın işğalı nəticəsində qaçqın olan təxminən 1 milyona yaxın Azərbaycan vətəndaşının da “səyahət azadlığı” çərçivəsində doğma torpaqlarını geri dönmələri üçün Ermənistana təzyiq etsələrdi bu daha inandırıcı, ədalətli və siyasi əxlaq normalarına uyğun olardı. Amma təəssüflər olsun ki bu arqumenti ortaya atanlar bu məsələdən danışmağa belə cəsarət etmirlər. Ermənistan rəsmiləri və himayədarları “səyahət azadlığı” prinsipini ön plana çıxarırlarsa, ABŞ və Avropa dövlətləri 90-cı illərdə İraq problemi yaşandığı zaman İraqın şimal hissəsində “uçuşa qadağan edilmiş bölgə” yaradaraq İraq vətəndaşlarının səyahət azadlığını niyə məhdudlaşdırırdılar? Niyə İran, Suriya və Belarus nümunəsində olduğu kimi rəsmi dövlət nümayəndələrinin Avropa dövlətlərinə səfərlərini qadağan edərək rəsmi statusları olmasına baxmayaraq onların səyahət azadlığına əngəl törədirlər. Bu barədə qərarların hər hansı bir beynəlxalq məhkəmə tərəfindən deyil, dövlətlərin siyasi görüşü çərçivəsində alınması da qeyri-qanunidir.

Beynəlxalq mülki aviasiya nəqliyyatı 1944-cü il Çıkaqo konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsi əsasında tənzimlənir. Hər hansı bir dövlət mülki aviasiya nəqliyyatına başlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edir. Çikaqo konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının texniki və hüquqi tələbləri tam olaraq yerinə yetirilibsə, o dövlətə mülki aviasiya nəqliyyatı həyata keçirməyə icazə verilir. Qondarma rejim nə Çikaqo konvensiyasına tərəfdardır, nə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür. Ermənistan da Azərbaycan hava məkanından istifadə etmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edə bilməyəcəyinə görə, qondarma rejimin məsələnin hüquqi aspektləri ilə bağlı verdikləri bəyanat dezinformasiyadan başqa bir şey deyildir. Beynəlxalq hüquqa görə işğal altında olan bölgələr üzərindəki hava məkanı Azərbaycan yuridiksiyasına daxildir. Qondarma rejimin “müstəqilliyi” heç bir dövlət tərəfindən tanınmamışdır və dolayısı ilə onun hava məkanı da yoxdur.

Son vaxtlar Azərbaycanın öz hava məkanında qanunsuz uçuşlar edəcək təyyarələri vuracağı haqqında informasiyalar verilir.

Azərbaycan beynəlxalq qanunvericiliyə əsasən Xocalı hava limanına enmək üçün Azərbaycan hava sərhədini pozmağa cəhd edən mülki təyyarələri hərbi hava qüvvələrinə aid döyüş təyyarələri ilə müşayiət edərək Azərbaycanın hava sərhədlərini tərk etməyə məcbur edə bilər.

Bununla yanaşı Azərbaycan Xocalı hava limanı vasitəsilə işğal altında olan bölgələrə qanunsuz silah, terrorist gətirildiyini, buranın bir narkotik və qaçaqmalçılıq xətti olduğunu əsas alaraq hava limanını raket zərbəsi ilə vura bilər. Beynəlxalq hüquqda “önləyici zərbə” anlayışı vardır və Azərbaycan bu hüquqdan istifadə edə bilər. Buna isə heç bir dövlət və ya təşkilat irad tuta bilməz.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...