THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın hegemon gücünə tərs mütənasib humanist siyasəti

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4888
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 yanvar 2013 – Newtimes.az

Sovetlər İttifaqının dağılmasından sonra iki qütblü dünyanın yerini ABŞ hegemoniyası almışdır və bu dövlətin dünya miqyasında üstünlüyünün yaxın və orta müddətdə zəifləyəcəyini gözləmək sadəlövhlük olardı. Bu gün dünyanın 40 dövlətinin strateji əhəmiyyət daşıyan nöqtələrində hərbi bazası və Birləşmiş Millətlər Təşkilatına üzv olan 132 dövlətdə məhdud sayda hərbi gücü olan ABŞ, beynəlxalq aləmdə hadisələri istiqamətləndirən gücə, strategiya və taktikaya sahibdir.

ABŞ-ın 2012-ci il hərbi büdcəsi 768 milyard dollar olmuşdur və bu rəqəm dünyanın ən çox hərbi xərcləri olan 25 dövlətin hərbi xərclərinin cəminə bərabərdir. Bu statistikaya müdafiə və təhlükəsizlik üçün xərclənən digər pullar daxil deyildir. Onlar da hesablandıqda ABŞ-ın hərbi büdcəsinin təxminən bir trilyon dollar olduğu məlum olur. Statistikalar tez-tez dəyişsə də ABŞ-ın 1.435.000 əsgəri olduğu bilinir. 2012-ci statistikasına görə ABŞ-ın dünyanın 40 ölkədə hərbi bazası mövcuddur. Bu ölkələrdəki hərbi bazaları 2.202.735 hektar ərazini zəbt edir.

Əlbəttə, Sovet İttifaqının dağılmasına paralel olaraq dünya miqyasında ciddi dəyişikliklər yaşandı və başda Şərqi Avropa ölkələri olmaqla bir çox dövlət siyasi və iqtisadi liberal dəyərləri özündə ehtiva edən Qərb dünyasının yanında yer aldı. Ancaq Qərb dünyasında da ABŞ-a olan münasibətdə ciddi fikir ayrılığının olduğu və bunun bəzən ümumilikdə Avropanın siyasi-fəlsəfi və iqtisadi dəyərlərində əks etdirildiyini görmək mümkündür.

Avropa qitəsi Birinci Dünya Müharibəsindən sonra zəifləyən, İkinci Dünya Müharibəsindən sonra isə tamamən ağırlığını itirən Avropa mərkəzli dünya strategiyasını geri qaytarmağa çalışır. Avropa dövlətlərinin ABŞ-a münasibətlərinin birmənalı olaraq dəyişdiyini və ABŞ hegemonluğunun qarşısını almaq üçün vahid düşərgədə cəmləşdiklərini iddia etmək doğru olmazdı. Amma yenə də bu tendensiyanın xüsusilə iqtisadi və təhlükəsizlik məsələlərində var olduğunu  inkar etmək mümkün deyil.

ABŞ-ın dünya miqyasında bu üstünlükləri nəzərə alındığında beynəlxalq təhlükəsizliyin, dünya iqtisadiyyatında sabitliyin təmin edilməsində rolu da inkar edilməzdir. Ancaq bu zaman ABŞ-ın beynəlxalq hüquq normalarına və dünya iqtisadiyyatının tələblərinə əməl etməsi və yaxud etməməsi xüsisi rol oynayır. Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın beynəlxalq təhlükəsizlik və dünya iqtisadiyyatı siyasətinə diqqət yetirdikdə əslində bu normalara əməl etmədiyi məlum olur. Xüsusilə son zamanlarda dünyanın müxtəlif bölgələrində yaşanan münaqişələrə və dünya iqtisadiyyatında yaşanan son böhrana ABŞ-ın müdaxilə etmək və yönləndirmək imkanlarının olduğu bilinir.

Son iki ildir Yaxın Şərq ölkələrində yaşanan “ərəb baharı” bu coğrafiyada ABŞ-ın maraqlarının yenidən formalaşdığını göstərir. Xüsusilə Suriya böhranında ABŞ və İsrail Türkiyə və İrana qarşı yeni təzyiq mexanizminə sahib olub və İranı Əsad rejiminə dəstək verməklə günahlandırır. Əslində ABŞ və İsrail Suriya müxalifətinə verdikləri dəstəklə bölgə təhlükəsizliyini daha çox təhdid edirlər.

Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində dövlətlərin daxili işlərinə qarışmaq qadağan edilsə də, xüsusilə Sovet İttifaqının dağılmasından sonra insan haqları Qərbin və ABŞ-ın maraqlarına uyğun şəkildə şərh edildiyi üçün insan haqlarının pozulmasının qarşısının alınması iddiasıyla dövlətlərin daxili işlərinə müdaxilə imkanları daha da artmışdır. Bu günə qədər Qərb dövlətlərində və ABŞ-da etnik və dini azlıqlara qarşı edilən təzyiqlərin qarşısının alınması üçün heç bir dövlət bu ölkələrin daxili işlərinə qarışmağa cürət etməyərək səssiz qalmağa üstünlük vermişdir.

ABŞ və İsrail bölgədə cərəyan edən hadisələrə müdaxilə etmək istəyən Türkiyənin də onların istəyinə uyğun siyasət həyata keçirməsini tələb edirlər. İran nümunəsində olduğu kimi bu da Türkiyəyə qarşı əlavə təzyiq mexanizmidir. Daha əvvəlcədən Türkiyənin Malatya şəhərində NATO-nun (əsasən ABŞ və İsrailin) havadan müdafiə sisteminin, son zamanlarda isə  Suriyadan raket zərbəsi təhlükəsi iddiası ilə “Patriot” raketdən müdafiə sistemlərinin yerləşdirilməsi bu məsələ ilə bağlı Türkiyənin geri addım atması olaraq dəyərləndirilə bilər. Əslində qeyd olunan bu sistemlərin Türkiyəyə yerləşdirilməsi Suriyadan çox İranı nəzarətdə saxlamağa xidmət edir.

Suriyada vətəndaş müharibəsi davam edərkən ABŞ Prezidenti Administrasiyasının internet səhifəsində Suriya ermənilərinin Türkiyə üzərindən Ermənistana köçmələri üçün Türkiyənin Suriya və Ermənistan ilə sərhədini açması üçün petisiya-elektron səsvermə yerləşdirilib. Əlbəttə bu məsələnin gündəmə gətirilməsi təsadüfi deyil. Bu Suriya ermənilərinin Türkiyə üzərindən Ermənistana keçmək məsələsi yox, Suriya ermənilərinin ən azından bir qisminin Türkiyəyə köçürülməsi məsələsinin gizli planının başlanğıcı kimi dəyərləndirilə bilər.

Suriyada vəziyyətin daha gərginləşdiyi təqdirdə ermənilər kütləvi olaraq ölkəni tərk edərlərsə, beynəlxalq aləmdən onların tarixi torpaqları olduğunu iddia etdikləri Türkiyə ərazisinə köçmələri üçün Türkiyəyə təzyiq etmələrini tələb edə bilərlər. Son zamanlarda Türkiyə hökumətinin düzgün hesablanmamış daxili və xarici siyasətinin nəticəsində PKK terror liderlərinin danışıqlarda tərəf-müqabil olaraq qəbul edilməsi, Kərkük və Ərbildə nəzarəti əhəmiyyətli dərəcədə itirməsi ərəfəsində bu məsələ barəsində Türkiyə hökumətinin necə reaksiya verəcəyi maraqlıdır.

Əlbəttə Suriyada yaşanan vətəndaş müharibəsi faciədir və nəticəsi sadəcə erməni əsilli vətəndaşlar üzərində hiss edilmir. Suriya ərəbləri ilə bərabər etnik azlıqlar da vətəndaş müharibəsindən əziyyət çəkirlər. Onların da təhlükəsizliyinin təmin edilməsi vacibdir. Ancaq Suriyada vətəndaş müharibəsindən əziyyət çəkən insanlara qarşı ABŞ Prezidenti Administrasiyası ikili münasibət göstərir. Belə çıxır ki Suriya erməniləri digər etniklərdən və millətlərdən daha “üstün təbəqədir” və sadəcə onların təhlükəsizliyi ABŞ hökumətini narahat edir.

Qeyri rəsmi mənbələrə görə, ABŞ-da 1.4 milyon erməni yaşayır. ABŞ hökuməti Suriya ermənilərinin təhlükəsizliyindən bu qədər narahat olursa, sayları 60-70 min təxmin edilən erməniləri müharibə bataqlığından “xilas” edərək, Ermənistanın antidemokratik rejimində və iqtisadi bataqlığında “boğulmağa” göndərməməli, onların ABŞ-a köçmələrinə imkan verməli və dəstəkləməlidir. Bu zaman ABŞ-ın insan haqlarına və həyatına həqiqətən dəyər verdiyi təsdiqlənmiş olar.

İnsan haqları və demokratiyanın “qoruyucusu” rolunu öhdəsinə götürən ABŞ Prezidenti Administrasiyası sadəcə Suriya erməniləri üçün deyil, ölkəni tərk etmək istəyən bütün insanlar üçün Türkiyədən tranzit keçid haqqı tələb etsəydi, bu beynəlxalq hüquqa və etik dəyərlərə daha uyğun olardı.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...