THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bir daha "ərəb baharı" haqqında

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9679
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 dekabr – Newtimes.az

"Ərəb baharı" və demokratiyanın yeni dalğasının üzləşdiyi maneələr

2010-cu ilin sonunda Tunisdə kütləvi ixtişaşlarla başalanan və sürətlə digər ərəb ölkələrinə yayılaraq hakimiyyət və rejim dəyişiliyinə səbəb olan "ərəb baharı" həmin dövrdə bir çox tədqiqatçılar tərəfindən demokratiyanın yeni dalğası kimi səciyyələndirildi. Burada əsas fikir ayrılığı "ərəb baharı”nın demokratiyanın neçənci dalğası olması ilə bağlıdır. Belə ki, bəzi tədqiqatçılar bunu dördüncü, bir qismi isə beşinci dalğa adlandırır. ABŞ tarixçisi və politoloqu Samuel Hantinqton 1991-ci ildə çap olunan məqaləsində demokratiyanın üç dalğasını müəyyən edib. Dünyada geniş qəbul olunan bu yanaşmaya görə, 1820-ci illərdə ABŞ-da kişilərin səsvermə hüququ qazanması ilə başlayan birinci dalğa bir əsr, yəni 1920-ci illərədək davam edib. 30-cu illərdə müşahidə olunan geriləmədən və II Dünya müharibəsindən sonra demokratikləşmənin ikinci dalğası başlayaraq 60-cı illərədək davam edib. Demokratiyanın üçüncü dalğası isə öz başlanğıcını 1970-80-ci illərdə bir sıra ölkələrdə gedən proseslərdən götürüb (5).

1996-cı ildə alman alim Klaus von Beymenin SSRİ-nin dağılması nəticəsində yaranan dövlətlərdəki demokratik keçid prosesini demokratikləşmənin dördüncü dalğası adlandırması səbəbindən, bəzi alimlər "ərəb baharı"nı demokratiyanın beşinci dalğası hesab edirlər. Lakin S.Hantinqton adıçəkilən məqaləsində SSRİ-nin Şərqi Avropada təsir dairəsinin azalması ilə keçmiş Yuqoslaviyada, Çexoslovakiyada və Polşada gedən demokratikləşmə prosesini də üçüncü dalğanın tərkib hissəsi kimi görürdü. Üstəlik, o, 1996-cı ildə nəşr olunan məqaləsində SSRİ-nin dağılması nəticəsində meydana çıxan müstəqil dövlətlərin demokratiyaya keçidini də üçüncü dalğaya aid edir (4). Həqiqətən də, Şərqi Avropada və postsovet məkanında bir-birinin ardınca və fasiləsiz baş verən demokratikləşmə prosesinə üçüncü dalğanın tərkib hissəsi kimi baxmaq daha doğru olardı. Bu səbəbdən, Şimali Afrika və Yaxın Şərqin bir sıra ərəb dövlətlərini əhatə edən inqilabları demokratiyanın dördüncü dalğası hesab etmək olar.

Ərəb inqilabları ölkələri demokratiyaya yaxınlaşdırır, yoxsa ondan uzaqlaşdırır?

Ərəb ölkələrində diktatorların bir-birinin ardınca devrilməsi və yeni qüvvələrin hakimiyyətə gəlməsi ilə gedən proses ilk aylardan etibarən beynəlxalq ictimaiyyətdə yeni bir sual doğurdu: doğrudanmı, ərəb dünyasında gedən proseslər demokratiyaya istiqamətlənib, yoxsa, bu, yeni diktatorluqlara, avtoritar rejimlərə yol açan saxta demokratikləşmədir?

Bu sualın meydana çıxması və getdikcə daha tez-tez səslənməsinə səbəb inqilabların baş verdiyi ölkələrdə yaranan vəziyyətdir. "Ərəb baharı” nəticəsində hakimiyyətin devrildiyi dörd ərəb ölkəsindəki mövcud duruma qısaca nəzər salaq. İlk olaraq, Tunisdə etirazlar nəticəsində 2011-ci ilin yanvarında keçmiş prezident Zinə əl-Abidin ben Əlinin istefasından sonra həmin ilin oktyabrında yeni konstitusiyanı hazırlayacaq şuranın tərkibini müəyyənləşdirmək üçün keçirilən seçkilərdə ən çox səs toplayan üç siyasi partiya mülayim islamçı "Ennahda” partiyası başda olmaqla müvəqqəti hökumət formalaşdırıblar. Lakin Tunisdə hələ də sosial-iqtisadi vəziyyətdən narazı olan əhali ara-sıra etiraz aksiyaları keçirir, liberallar və qatı islamçılar isə öz tələbləri ilə hökumətə təzyiqləri artırırlar. 2013-cü ilin yazında keçirilməsi planlaşdırılan parlament və prezident seçkiləri dövründə siyasi mübarizənin daha da kəskinləşəcəyi gözlənilir.

Yəməndə 2011-ci ilin yanvarından başlayan iğtişaşlar və silahlı qarşıdurmalar nəticəsində keçmiş prezident Əli Abdullah Salehin hakimiyyəti təhvil vermək qərarından sonra 2012-ci il fevralın 21-də keçirilən seçkidə iştirak edən yeganə namizəd Mənsur əl-Hadi prezident seçildi. Mənsur əl-Hadi yeni konstutisiyanın hazırlanmasına nəzarət edəcək. Ölkə, həmçinin 2014-cü ildə keçiriləcək parlament və prezident seçkilərinə hazırlaşır.

Misirdə vəziyyət daha mürəkkəbdir. Hüsnü Mübarəkin devrilməsindən sonra keçirilən parlament və prezident seçkiləri nəticəsində "Müsəlman qardaşlığı”na məxsus olan Ədalət və inkişaf partiyası namizədlərinin parlamentdə yerlərin çoxuna sahib olması və partiyanın üzvü Məhəmməd Mursinin prezident seçilməsi ölkədəki liberalları və dini azlıqları qane etmir. Yeni konstitusiyanın qəbulu məsələsi, demək olar ki, hər həftə etiraz aksiyaları ilə müşayiət olunan ciddi problemə çevrilib. Ölkədə hələ ki, daxili və xarici siyasət məsələləri ilə bağlı islamçılar, liberallar və xristianlar arasında ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Bildiyimiz kimi, Liviya inqilabı ən ağrılı yaşayan ölkələrdən oldu. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə nəticəsində baş verən rejim dəyişikliyindən sonra ölkə müvəqqəti hökumət tərəfindən idarə olunur. 2012-ci ilin yayında keçirilən parlament seçkisində gözlənilənin əksinə olaraq, liberlallar qalib gəldi. Buna baxmayaraq, ölkədə silahlı qruplararası münaqişə, mərkəzi hakimiyyətə tabe olmama, separatizm və "əl-Qaidə” qruplaşmasının mövqeyini möhkəmləndirməsi problemləri mövcuddur.

Hazırda, inqilab dalğasının ciddi maneə ilə üzləşdiyi Suriyada xaricdən hərbi, siyasi, iqtisadi dəstək alan müxalifətlə hakimiyyət və onun tərəfdarları arasında gedən müharibənin hansı nəticələrə gətirib çıxaracağı hələ ki, müəmalı qalır. Lakin inqilab yolu ilə hakimiyyətin dəyişildiyi ərəb ölkələrinə xas ümumi əlamətlər kimi siyasi keçidin hələ başa çatmamasını, bu səbəbdən mərkəzi hakimiyyətin xeyli zəif olmasını, siyasi və sosial qeyri-stabilliyi, iqtisadi durumun pisləşməsini göstərmək olar. Bu ölkələrin hər biri üçün səciyyəvi olan daha bir məqam isə ondan ibarətdir ki, inqilabsonrası siyasi proseslərin son nəticədə demokratiyanın qələbəsinə aparıb çıxaracağını qətiyyətlə söyləmək mümkün deyil. Çünki bu ölkələrdə demokratikləşmə prosesinə mane olan həm daxili, həm də xarici amillər mövcuddur.

Ərəb ölkələrindəki daxili şərtlər Qərb demokratiyası üçün nə dərəcədə münbitdir?

ABŞ politoloqu Hantinqtona görə, demokratiyanın bərqərar olması üçün siyasi, iqtisadi və mədəni amillərin mövcudluğu zəruridir (5). Təqribən, son iki ildə ərəb ölkələrində inqilab dalğası diktatorları devirərək siyasi hakimiyyətdə dəyişiklik yaratdı. Lakin eyni fikri iqtisadi və mədəni amillərlə bağlı söyləmək çətindir. İnqilabların bu vaxtadək arzu olunan nəticələri verməməsi ərəb ölkələrinin demokratikləşməyə nə dərəcədə hazır olması ilə bağlı suallar yaradır.

Məlum olduğu kimi, inqilab dalğasının sürətlə yayılmasının əsas təkanvericilərindən biri məhz iqtisadi problemlər və kütlələrin yoxsulluq həddində yaşamasıdır. "Ərəb baharı"nı yaşayan ölkələrin əksəriyyətində inqilabdan öncə adambaşına düşən illik ümumi daxili məhsulun həcmi yüksək olsa da, əhalinin böyük əksəriyyətinin real həyat şəraiti kifayət qədər aşağı olub (Liviya istisna olmaqla), iqtisadiyyat isə aqrar sahənin üstünlüyü, sənayenin zəif inkişafı ilə səciyyələnir.

Qərb alimlərinin tədqiqatlarına nəzər saldıqda məlum olur ki, iqtisadi gerilik və yoxsulluq şəraiti demokratiyanın bərqərar olması üçün olduqca əlverişsiz mühit hesab olunur. Çünki demokratiya iqtisadi inkişafla sıx bağlıdır. Demokratiya nəzəriyyəçiləri hər hansı cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması üçün ilk növbədə iqtisadi modernləşmənin zəruriliyini əsas gətirirlər. İqtisadi modernləşmə cəmiyyətin həyat şəraitinin və təhsil səviyyəsinin yüksəlməsinə gətirib çıxarır və məhz belə mühitdə insanlar layiqli həyat şəraiti və özünütəsdiq üçün hüquqlarının müdafiəsinə daha çox maraq göstərirlər. Hantinqtonun təbirincə desək, əksər zəngin və inkişaf etmiş ölkələr demokratikdir, demokratik ölkələrin isə əksəriyyəti varlıdır. Onun fikrincə, yoxsul ölkə demokratiya üçün əlverişli deyil (5). Digər bir məşhur politoloq Frensis Fukuyama belə yanaşmanın əleyhinə çıxır və hesab edir ki, demokratiyanın bərqərar olması üçün iqtisadi vəziyyət və mədəni xüsusiyyətlər həlledici rol oynamır, demokratiya üçün demokratlar lazımdır (2).

Lakin kifayət qədər geniş yayılmış fikrə görə, inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrdə demokratiyanın bərqərar olması və onun qorunub saxlanması daha asandır. İqtisadi problemlər qarşısında isə demokratiya çox zaman gücsüz olur. Belə şəraitdə diktator rejimlər daha səmərəli fəaliyyət göstərə bilir (1). ABŞ alimi Seymur Lipset də demokratiyanı iqtisadi inkişafın məhsulu hesab edirdi. O, anqlo-sakson, Avropa və Latın Amerikası ölkələrində iqtisadi inkişafın sərvət (wealth), sənayeləşmə, urbanizasiya və təhsil olmaqla dörd əsas göstəricisi üzrə statistikaları müqayisə edərək demokratik ölkələrdə bu sahələrdə uğurların daha yüksək olması qənaətinə gəlmişdir (6).

Beləliklə, ərəb inqilabları nəticəsində hakimiyyətlərin dəyişməsinə baxmayaraq, iqtisadi problemlərin çoxluğu və siyasi hərcmərclik burada yeni diktatorların meydana çıxmasına şərait yaradır. Tarixi təcrübə də göstərir ki, iqtisadiyyat zəiflədikdə, böhranlar baş verdikdə avtoritar, hətta totalitar rejimlərin meydana çıxması üçün əlverişli şərait yaranır. Belə ki, 1920-30-cu illərdə Avropada faşist və nasional-sosialist rejimlərin hakimiyyətə gəlməsi ilə birinci demokratikləşmə dalğasının qarşısı alındı. Bir çox alimlərin fikrincə, 1929-1933-cü illəri əhatə edən "Böyük depressiya" bu prosesdə mühüm rol oynayıb. Bənzər durum 1970-ci illərdə də müşahidə olunub. Ümumiyyətlə, iqtisadi böhranların meydana gəlməsi ilə diktator rejimlərin yaranması arasındakı düz mütənasiblik XX əsr boyunca özünü göstərmişdir.

Hazırda, Avropanı iqtisadi böhranın bürüdüyü bir vaxtda region dövlətlərində demokratik dəyərləri təhlükə altına alan irqçilik və separatizm kimi radikal meyillərin güclənməsi və bunun tədricən, özünü siyasi həyatda daha qabarıq şəkildə büruzə verməsi heç də təsadüfi deyil. İndiki iqtisadi böhran hələ ki, ayrı-ayrı ölkələrdə bütövlükdə demokratiyanı təhlükə altına almasa da, onun vacib mənəvi dəyərləri olan dözümlülük və çoxmədəniyyətliliyə (multikulturalizmə) zərbə vurmuşdur.

Demokratiyanın təşəkkül tapmasında mədəniyyətin roluna gəlincə, qeyd edək ki, demokratiya təkcə siyasi təsisatlardan ibarət deyil, burada mənəvi dəyərlər çox böyük önəm daşıyır. Müxtəlif mədəniyyətlər arasındakı fərq demokratiyaya yanaşmada da özünü göstərir. Müasir Qərb cəmiyyətlərində insan haqlarının və azadlıqlarının ifadəsi kimi qəbul olunan bəzi qanunlar Şərqdə, daha dəqiq desək, ərəb cəmiyyətlərində müsbət qarşılanmaya bilər. Tədqiqatçılar çox zaman İslam amilini mədəniyyət fərqinin əsas səbəbi və demokratiyaya mane olan amil kimi göstərirlər. Doğrudur, din mədəniyyətə təsir göstərir, lakin eyni zamanda, mədəniyyət də dinin qavranılmasına təsir edir. Bu səbəbdən də eyni dinin müxtəlif cəmiyyətlərdə fərqli formalarda təzahürünə rast gəlmək mümkündür. Digər tərəfdən, ənənələrə bağlılıq və mühafizəkarlıq dinindən asılı olmayaraq əksər Şərq cəmiyyətlərinə məxsus olan xüsusiyyətdir.

Diktator rejimlərin devrildiyi ölkələrə gəlincə, burada keçmiş rejimlərin təsiri altında formalaşan ictimai şüurda və siyasi mədəniyyətdə müəyyən dəyişikliklərə ehtiyac var. Uzun müddət diktatorluq mühitində yaşayan insanlar arasında qəfil rejim dəyişikliyindən sonra azadlıqlardan sui-istifadə, qanunlara tabe olmama meyilləri güclü olur. Şüurda qanunçuluğun və vətəndaş məsuliyyətinin kök salması, demokratik dəyərlərə hörmət edən siyasi mədəniyyətin formalaşması zaman tələb edir. Ümumiyyətlə isə müsəlman cəmiyyətlərində demokratiya mümkündür, lakin bu, təbii olaraq, Uzaq Şərqdəki konfutsiçilik mühitində təşəkkül tapan demokratiya kimi, müasir qərb demokratiyasından bir qədər fərqlənəcək.

F.Fukuyamanın "demokratlarsız demokratiya yoxdur" fikrinə qayıdaraq belə bir sual vermək olar: ərəb ölkələrindəki inqilablarda demokratiya tələbi ilə çıxış edən müxalif qüvvələr nə dərəcədə demokratdırlar? Bunu onların hakimiyyətə gəldikdən sonra həyata keçirdikləri demokratik islahatlar göstərə bilər. Hələ ki, yeni islahlar o qədər də sürətlə və demokratik dəyərlərə uyğun həyata keçirilmir. Tunisdəki və Misirdəki proseslər buna misaldır. Beynəlxalq ictimaiyyətin hadisələri daha diqqətlə izlədiyi Misirdəki inqilabda aparıcı qüvvə kimi islamçılar çıxış edirdi. Həmin dövrdə xaricdən ciddi dəstək alan "Müsəlman qardaşlığı"nın indi iqtidarda olması və liberalları narazı salan qərarlar qəbul etməsi təəccüblü görünməməlidir.

Xarici dəstək heç də hər zaman demokratiyaya xidmət etmir

"Ərəb baharı"nın yaşandığı ölkələrdə diktator rejimlərin mövcudluğu, insan haqları ilə bağlı problemlər, sosial-iqtisadi çətinliklər inqilabın baş verməsi üçün ilkin şərait yaratmışdı. Lakin ərəb inqilablarını yalnız daxili amillərin məhsulu kimi də qəbul etmək doğru olmazdı. "Ərəb baharı"nın Böyük Yaxın Şərq Layihəsinin (yaxud Böyük Orta Şərq Layihəsi) tərkib hissəsi olması ideyası da geniş yayılıb. Layihənin rəsmi olaraq elan edilən ana məqsədi azad olmayan ölkələrə demokratiya gətirmək olaraq açıqlanmışdır. ABŞ prezidenti Corc Buş (oğul) belə bir layihə ilə Orta Şərqə istiqamətlənmələrinin ən önəmli səbəblərini bir çox Orta Şərq ölkələrində var olan yoxsulluqla, qadın haqlarının pozulması ilə izah edib. Layihənin memarlarından olan ABŞ prezidentinin köməkçisi Dik Çeyninin sözlərinə görə, Böyük Orta Şərq Layihəsinin ana fikrinin bütün bölgəyə demokratiyanı yayaraq, regionu inkişaf etdirmək və sülhü qarantlaşdırmaqdan ibarətdir. ABŞ-ın keçmiş dövlət katibi Kondoleza Rays isə layihəni "Mərakeşdən Çin sərhəddinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasının dəyişdirilməsi" kimi səciyyələndirmişdi (3).

Bu baxımdan, "ərəb bahar"ının daha çax xaricdən idarə edilən proses olduğunu demək olar. Hadisələrin başlandığı andan etibarən bir çox region dövlətlərinin və qlobal güclərin prosesə öz maraqları çərçivəsindən yanaşması özünü büruzə verdi. Üsyançıların xaricdən siyasi, iqtisadi, informasiya və hərbi vasitələrlə dəstəklənməsi, hakimiyyət çevrilişindən sonra xarici dövlətlərin və onlara məxsus şirkətlərin ölkələrin neft-qaz yataqlarını yenidən bölüşdürməsi bunu təsdiq edir.

Xarici dövlətlərin tələskənliyi ilə daxili şəraitin demokratiyaya tam hazır olmaması arasındakı uyğunsuzluq inqilabın baş verdiyi ölkələrdə bugünkü siyasi-ictimai gərginlik, iqtisadi böhran və asılılıq, radikallıq, separatizm şəklində özünü göstərir. Bunun səbələrindən biri odur ki, diktatorların hər vasitə ilə devrilməsinə çalışan qərb dövlətlərinin müxalifətçilərə yardımından bəzən daha təhlükəli qüvvələr də yararlanır. Liviyadakı müharibə zamanı "əl-Qaidə" üzvlərinin bu ölkəyə axınına və xüsusi aktivlik nümayiş etdirməsinə Qərb siyasi dairələrində ciddi reaksiya verilməməsi buna sübutdur.

Nəticədə, ərəb ölkələrindəki inqilablardan sonra nəinki demokratiya sual altındadır, hətta milli dövlətçiliyin özünə təhlükə yaranmışdır.  Hələlik isə "ərəb baharı"ndan əsasən, bölgədə təsirini artırmağa çalışan qərb dövlətləri, daha çox gəlir qazanmaq istəyən transmilli şirkətlər, Əfqanıstanda və Pakistanda aparılan antiterror fəaliyyətində zərbə alan və öz "baharını" yaşamaq istəyən "əl-Qaidə" yararlanıb. Ərəblər isə hələ də baharın gəlişini gözləyir.

Hülya Məmmədli

Mənbələr

1. Adam Przeworski. Democracy and Economic Development. 2004.

2. Francis Fukuyama. The End of History and the Last Man. 1992.

3. Emin Kərimov. ABŞ-ın Böyük Orta Şərq layihəsindəki əsas istiqamətləri. Dirçəliş, 169-170, 2012, s.224-229.

4. Samuel P. Huntington. Democracy For The Long Haul. Journal of Democracy 7.2 (1996): 3-13.

5. Samuel P.Huntington. Democracy's Third Wave. Journal of Democracy 2 (1991): 12-34.

6. Seymour M.Lipset. Some Social Requisites of Democracy: Economic Development and Political Legitimacy. The American Political Science Review, Vol. 53, No. 1. (Mar., 1959), pp. 69-105.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...