THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyada vətəndaş müharibəsi: növbəti zəif bənd kimdir?

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4733
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 dekabr – Newtimes.az

Yaxın Şərqin ən qaynar nöqtəsi olan Suriyada gərginlik davam etməkdədir. İrimiqyaslı vətəndaş müharibəsi nəticəsində yaranmış xaosun nə qədər davam edəcəyini ehtimal etmək çətindir, bunu müəyyən edə biləcək şərtlər hələ ki mövcud deyil. Bəşər Əsədin hakimiyyətdən getməsinin isə nəyisə dəyişəcəyi şübhəli görünür.

Suriyada humanitar fəlakətin baş verdiyi artıq faktdır. Hesablamalara görə, ölkə daxilində 1.5 milyona yaxın insan evindən didərgin düşüb, 358000 nəfərdən artıq insan isə Türkiyə, İraq, İordaniya və Livanda qaçqın düşərgələrində yaşayır. Vətəndaş müharibəsi nəticəsində dövlətin siyasi, sosial və iqtisadi dayaqları ciddi şəkildə sarsılıb, şəhərlər və kəndlər dağıdılıb. Vəziyyəti çətinləşdirən digər bir məqam isə qarşıdan gələn qışdır. Yaxın aylarda böhranın daha da dərinləşəcəyi şübhə doğurmur.

Lakin nədənsə Suriyada baş verən humanitar fəlakət heç kimi ciddi şəkildə qayğılandırmır. Daha çox Bəşər Əsədin tezliklə hakimiyyətdən devrilməsi, onun yerinə gətiriləcək qüvvələrin hökumətinin formalaşdırılması üzərində baş sındırılır. Əslində burada təəccüblü heç nə yoxdur, böyük dövlətlərin maraqlarının hakim olduğu yerdə sadə insanların taleyi əhəmiyyət kəsb etmir. Bu, dünya siyasətinin reallığıdır.

Bütövlükdə, regionun gələcəyi baxımından ciddi təsir gücünə malik olan bu vətəndaş müharibəsi artıq çoxdan ölkə sərhədlərindən kənara çıxıb və bu məqam xaosun qarşısının alınmasında əsas maneəyə çevrilib. Əsəd rejimi ilə müxalifət arasında atəşkəsin əldə olunması və problemdən çıxış yolu tapmaq üçün dialoqun başladılmasına dair təkliflər münaqişənin fərqli məcrada davam etməsində maraqlı olan qüvvələr tərəfindən qəti şəkildə rədd edilir. BMT-nin Suriya üzrə keçmiş elçisi Kofi Annanın planı da bu səbəbdən iflasa uğramışdı. BMT-nin və Ərəb Dövlətləri Liqasının hazırkı elçisi Lakdar Brahiminin də bu istiqamətdəki təşəbbüslərinin uğur qazanacağı ehtimalı yoxdur. Ölkə daxilində hökumət qüvvələri ilə müharibə aparan dini və etnik qrupların, digər tərəfdən regional və böyük dövlətlərin fərqli maraqları vəziyyətin sabitləşdirilməsinə və təxirəsalınmaz məsələlərin həllinə imkan vermir. Görünən odur ki, indiki şəraitdə yeganə məqsəd Bəşər Əsədin hakimiyyətdən devrilməsidir.

Sözsüz ki, Suriyadakı böhran Əsədin hakimiyyətdən getməsini qaçılmaz edir və bu, gec-tez baş verəcək. Lakin hadisələrin bu cür inkişafı nəyisə dəyişəcəkmi? Əsədin yerinə hakimiyyətə gələcək qüvvələr ölkəni xaosdan çıxara biləcəklərmi? Müxalifət cəbhəsində baş verənlər hələlik bunu deməyə əsas vermir. Müxalifət daxilindəki pərakəndəlik, rejimə qarşı döyüşən qüvvələrin fərqli məqsədləri vahid müxalifətin formalaşdırılmasını çətinləşdirən faktorlardır. Region dövlətlərinin dəstəyi ilə əvvəlki illərdə ölkədən mühacirət etmiş suriyalılardan təşkil olunmuş və hətta bir sıra ölkələr tərəfindən “Suriyanın qanuni hökuməti” kimi tanınmış Suriya Milli Şurasını ölkə daxilindəki müxalif qüvvələr qəbul etmədiyindən, bu qurum real təsir gücünə malik olmadı. ABŞ-ın və regional dövlətlərin böyük səyi sayəsində yaradılmış və müxalifətin daha geniş cəbhəsini, o cümlədən Suriya Milli Şurasını, Azad Suriya Ordusunu və döyüşən ayrı-ayrı qüvvələri özündə birləşdirmiş Suriya Müxalifəti və İnqilab Qüvvələrinin Milli Koalisiyası isə Suriya müxalifətinin real vəziyyətini əks etdirir. “Ümumi düşmən” qarşısında birləşməkdə belə çətinlik çəkən, yaradılacaq keçid hökumətində indidən yerlər uğrunda mübarizə aparan müxaliflərin Əsəddən sonrakı Suriyada vahid qüvvə kimi çıxış etməsi perspektivini ciddi şəkildə şübhə altına alır.

Vəziyyəti qəlizləşdirən digər bir məqam isə Suriyada dini ekstremizmin sürətlə artmasıdır. “Əl-Qaidə” terror təşkilatının üzvlərinin, ayrı-ayrı radikal qrupların da müxalifətlə birgə hökumətə qarşı vuruşduğu məlumdur. Qərb dairələri bunun əhəmiyyətini azaltmağa çalışsalar da, müşahidəçilər radikal islamçıların müxalif cəbhədə döyüşənlərin üçdə birini təşkil etdiyini və əhəmiyyətli qüvvəyə çevrilməyə başladığını bildirirlər. Milli Koalisiyanın yaranmasından dərhal sonra hakimiyyətə qarşı döyüşən 14 islamçı qruplaşma yeni quruma tabe olmayacaqlarını və onların məqsədinin “azad olunmuş ərazilərdə ədalətli İslam dövlətinin yaradılması” olduğunu bəyan ediblər. Göründüyü kimi, bu qüvvələr Suriyanın gələcək həyatında rol oynamaqda qətiyyətlidirlər və mövcud rejimin devrilməsindən sonra yarana biləcək hakimiyyət boşluğunda radikal islamçıların əyalətlərdə nəzarəti ələ keçirməsi təhlükəsi realdır.

Suriya əhalisinin 10 faizini təşkil edən kürdlərin necə davranacağı da müxalifət üçün aktual məsələdir. PKK ilə əlaqəsi olan və ölkənin şimalında bəzi yerlərdə idarəetməni əlinə keçirmiş kürdlərin “Demokratik İttifaqı” müxalifət qüvvələrinə tabe olmasa da, Suriya Kürdlərinin Milli Şurası müxalifətlə həmrəy olduğunu bəyan etmişdir. Nəticə etibarilə, Əsədin devrilməsindən sonrakı dövrdə kürdlərin vəziyyətdən istifadə edərək, muxtariyyət tələbləri irəli sürməsi istisna edilməməlidir ki, bu da onsuz da sünnilər, ələvilər və digər azlıqlar arasındakı ziddiyyətlərlə boğuşan Suriya cəmiyyəti üçün yeni bir parçalanma deməkdir.

Sözsüz ki, Qərb və region dövlətləri bunun fərqindədirlər, lakin bu faktorların Suriyadakı gələcək proseslərə təsir effektini azaltmaq üçün heç nə etmirlər. Bəlkə də Suriyanın bu şəkildə idarə olunması daha məqbul hesab edilir. İndiki vəziyyətdə yeganə məqsəd müxalifəti sürətlə silahlandırmaqla Əsəd rejimini devirməkdir. Silahların məqsədli şəkildə həm müxalifətə, həm də radikal islamçılara ötürülməsi isə o deməkdir ki, onları dəstəkləyən qüvvələr gələcəkdə Suriyada söz sahibi olacaqlar.

Regiondan kənar qüvvələrin baş verən proseslərdə davranışı da diqqəti cəlb edir. Münaqişə tərəflərindən hansısa birini öz maraqlarına uyğun şəkildə dəstəkləməklə, prosesləri regiondakı dövlətlərin əli ilə idarə etməklə minimum güc sərf etməyə və maksimum qazanc əldə etməyə çalışırlar. Təbii ki, bu qüvvələrin qlobal miqyasda rəqabəti də Suriyadakı vəziyyətə təsir edən faktorlardan biridir. Suriyada kimin qələbə qazanacağından asılı olmayaraq, maraqların növbəti hədəf üzərində toqquşacağı şübhəsizdir.

Bir çoxları “Ərəb baharı”nı “xalqın demokratiya tələbinin təzahürü” kimi görməkdə israrlıdır. Təbii ki, “Ərəb baharı”nın təsirinə məruz qalmış ölkələrdə müəyyən daxili şərtlər mövcud idi, lakin bu şərtlərin öz-özlüyündən hakimiyyət dəyişikliyi ilə nəticələnən proseslərə təkan verdiyini və Yaxın Şərq kimi geniş bir regionda “domino effekti” yaradaraq, başqa ölkələrə də sıçradığını düşünmək sadəlövhlük olardı. Görünən odur ki, bütün bu proseslər “gizli əllər” tərəfindən məharətlə idarə olunur və Suriyadakı vətəndaş müharibəsi də növbəti nümunədir. Lakin əvvəlki təcrübələr və Misir, Tunis və Liviya kimi ölkələrdəki mövcud vəziyyət nəzərə alınarsa, kənardan idarə olunan, ölkənin daxili reallıqları və tələbləri ilə ayaqlaşmayan proseslərin müsbət effekt vermədiyi, dövlətin əsaslarını sarsıtdığı, cəmiyyətin daxilində parçalanmaya səbəb olduğu və yalnız kənar qüvvənin və ona tabe olan qrupların maraqlarını təmin etdiyi müşahidə olunur. Başqa sözlə Əsəd rejimi devrilsə belə, mövcud reallıqlar və şərtlər Suriyadakı xaosun hələ bir müddət davam edəcəyini göstərir.

Bəzi müşahidəçilər Qərbin regiondakı maraqları qarşısında Suriyadan sonrakı növbəti zəif bəndin İran olduğunu düşünürlər. Hətta Suriyadakı prosesləri İrana müdaxilənin anonsu hesab edənlər də var. İranın regiondakı qüvvələr balansında yeri və daxili reallıqları isə tam fərqlidir. Bənzər proseslərin İranda təkrarlanması cəhdi regionda və daha geniş miqyasda ciddi təlatümlərə səbəb ola bilər.

Elmar Hüseynov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...