THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın və Orta Şərqəki hadisələr “barıt çəlləyi” olmağa davam edirmi?

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6361
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 dekabr – Newtimes.az

Yaxın və Orta Şərqdə 50 ildən çoxdur ki, ciddi siyasi və hərbi təlatümlər baş verməkdədir. Məhz son bir neçə ildə ``Ərəb Baharı`` adlanan prosesin başlaması da regionun özünəməxsusluğunu göstərir. Əlbəttə ki, buraya tarixi İsrail-Fələstin problemini, son illərdə ABŞ və müttəfiqləri tərəfindən İraqın işğalını və Suriya problemini də əlavə etmək olar. Belə ki, ``Ərəb Baharı`` ilə dəyişən şimali Afrika, Orta Şərqdəki siyasi balans və Fələstinin BMT-yə və beynəlxalq cəmiyyətə ``üzv olmayan müşahidəçi dövlət`` statusu ilə qoşulma yolunun açılması, vəziyyəti daha da dəyişdi. Bu mənada Türkiyə Baş naziri R.T. Ərdoğanın Misirə səfəri və iş adamları toplantısında da ifadə etdiyi kimi artıq Fələstin-İsrail problemi əvvəlkindən fərqli mahiyyət qazanmışdır. Belə ki, Ərəb dünyasında baş verən etirazlar və siyasi-hərbi təlatümlər bu konfliktə də öz təsirini göstərməkdədir. Nəticədə region ölkələri olan Misir, Suriya və İraqda da baş verən ciddi siyasi və hərbi çaxnaşmalar bir çox aspektdən təhlil edilməlidir. Yeri gəlmiş ikən qeyd etməliyəm ki, təbii olaraq Türkiyə də öz növbəsində regional güc olma istiqamətində Ərəb dünyası ilə birbaşa və dolaylı olaraq əməkdaşlıq edir. Məhz Suriya və Türkiyə arasında yaranan qarşıdurma nəticəsində Türkiyənin, NATO üzvü olaraq ``Patriot`` raketlərini öz ərazisində yerləşdirilməsini tələb etməsi də bu kontekstdə qiymətləndirilməlidir. İlkin olaraq siyasi və hərbi xətt olaraq Türkiyə Qərbə aid olduğunu dəfələrlə vurğulamaqdadır.  Bu səbəblə də Türkiyə Suriyadan gələ biləcək hava hücumu təhlükəsinin qarşısını almaq üçün NATO-ya müraciət etdi. Nəticədə şərtlərin bu mərhələyə gəlmiş olması ilə Türkiyənin NATO-dan ``Partiot`` raketlərini istəməsi, müdafiəsiz qalmasından daha yaxşıdır.

Digər tərəfdən İraqda da mərkəzi Bağdad hökuməti ilə Şimali Kürdüstan Əyaləti arasında konfliktlər mövcuddur. Nəticədə İraq Ərəb, Türkmən və Kürd etnik kimliyi ilə mozaik bir mahiyyət daşıyır. Bütün bunları nəzərə almadan İraqdakı siyasi gedişləri anlamaq mümkün deyil. Belə ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına görə İraq gələcək 10 il içində neftdən gələn gəlir ilə ildə 200 milyard dollar qazanacaqdır. Mərkəzi Bağdad höküməti, hakimiyyət mənim əlimdə deyərək Şimali Kürdistan Muxtar əyalətinin neft müqavilələrində tək başına hərəkət etməsinə qarşıdır. Məhz bir neçə gün əvvəl mərkəzi Bağdad hökümətinin, Türkiyə Energetika və Təbii Sərvətlər naziri Taner Yıldızın neft və qaz konfransı üçün Şimali Kürdistanın mərkəzi şəhəri Erbilə təyyarə ilə getməsinə icazə verməməsi də bu kontekstdə qiymətləndirilməlidir.

Misirə gəldikdə isə ``Müsəlman Qardaşlar`` partiyasına mənsub olan Məhəmmdə Mursi prezident seçildikdən sonra Marşal Tantavi daxil yüksək rütbəli hərbçiləri vəzifələrindən uzaqlaşdıraraq orduya qarşı siyasi bir müvəffəqiyyət qazandı. Bunun nəticəsində Mursi, istədiyi geniş səlahiyyətlər əldə etdi. Xarici siyasətdə isə regional aktyor olaraq Qəzzada atəşkəsin elan olunmasına müvəffəq oldu. Ancaq son günlərdə Misirdə, xüsusilə ət-Təhrir meydanında yeni qəbul ediləcək konstitusiyaya qarşı baş verən etiraz aksiyaları, bir neçə nəfərin ölümü ilə nəticələn qarşıdurmalar və Məhəmməd Mursinin ``Misirin Yeni Firon``-u olaraq adlandırılması hələ də Misirdə həyata keçirilən demokratikləşmə prosesinin sancılı olacağını xəbər verir. Belə ki, Misir bir tərəfdən demokratikləşmə prosesindən keçərkən digər tərəfdən hakimiyyətdə olan ``Müsəlman Qardaşlar`` partiyası yeni qəbul ediləcək konstutisyada İslami şəriət qaydalarının da yer almasına səy edir. Halbuki hal-hazırdakı Misirdəki hakimiyyət, Misiri idarə etmək və vətandaş müharibəsinə imkan yaratmadan yeni konstutisiya üçün liberal və dünyəvi istiqamətlərdə addımlar atmalıdırlar. Əks təqdirdə azadlıq və ədalət prinsiplərinə sadiq qalmamaq Misirdə yeni hökümətin ciddi problemlər ilə qarşılaşacağından xəbər verir.

Bu kontekstdə qeyd etməliyəm ki, Misir və Türkiyənin dəstəyi ilə İsrail Qəzzaya bombardımanı dayandırdı və Qəzzada atəşkəs elan olundu. Həmas bu mənada siyasi güc olaraq öz manevr etmə istiqamətlərini genişləndirdi. Beləliklə Orta şərqdə meydana gələn yeni balanslar prosesi, müxtəlif aspektlərdən öz təsirini göstərməkdədir. Məhz bu mənada qarşıya çıxan problemlərdən biri də İsrail  və Fələstin probleminin son vəziyyəti ilə bağlıdır. Belə ki, yalnız Vatikanın malik olduğu ``üzv olmayan müşahidəçi dövlət`` statusu Fələstini müstəqil dövlət olma statusuna daha da yaxınlaşdırır. Fələstin Muxtariyyəti BMT-yə 2011-ci ildə tam üzv dövlət olma müraciətini etdi. Ancaq ABŞ-ın bu müraciəti Təhlükəsizlik Şurasında veto edəcəyi ilə müraciət gündəliyə alınmadı. Fələstin bu dəfə tam üzv dövlət statusundan bir mərtəbə aşağıda olan ``üzv olmayan müşahidəçi dövlət`` statusuna keçmək üçün müraciət etdi. Bu müraciətin əvvəlkindən fərqi odur ki, burada Təhlükəsizlik Şurasının təsdiqi vacib deyil. Bu səbəblə Fələstin ABŞ-ın veto gücünü diqqətə almadan Ümumi İclasda dəstəyi əldə etdi. Belə ki, `üzv olmayan müşahidəçi dovlət`` statusu Fələstinin İsrail haqqında beynəlxalq məhkəmələrə müraciət etmə şansını daha da gücləndirir. İsrail isə öz növbəsində buna etiraz edir və BMT-nin etirazına baxmayaraq Qəzzada yeni evlərin tikintisinə başlayacağını da elan etdi. Məsələ sülh yolu ilə həll olunmaz isə İsrail eyni zamanda  Türkiyə ilə də problem yaşayacaqdır. Digər cəhətdən İranın regiondakı nüfuz dairəsi və Hizbullaha verdiyi dəstək bu problemin başqa bir tərəfini də meydana çıxarır. Nəticədə İsrail mərkəzli Fələstin problemi dünyanı idarə edən güclər arasında bariz konfliktlərin olduğunu və yaxın zamanda bu konfliktlərin daha da qızışacağı ehtimalını göstərməkdədir.

Suriyadakı problemə gəldikdə isə bu ölkədə vətandaş müharibəsi hələ də acınacaqlı şəkildə davam etməkdədir. Məhz Rusiya prezidenti Vladimir Putinin Türkiyənin baş naziri R T. Ərdoğanla İstanbuldakı görüşməsində ifadə etdiyi fikirlər Rusiyanın Suriyadakı rejim dəyişikliyi haqqında fikrini dəyişmədiyini və eyni zamanda tərəddütlər içində olduğunu göstərir. Son təhlildə Rusiya, Əsəd rejiminin dəyişilməsini eyni zamanda ABŞ və müttəfiqləri tərəfindən Rusiyanın Orta və Yaxın Şərqdə siyasi-hərbi nüfuzunun aşağı düşürülmə səyi olaraq da qiymətləndirir. Nəticədə regionda baş verən daxili çəkişmələr və xarici qüvvələrin bu çəkişmələrdən istifadə edərək öz siyasi, iqtisadi və hərbi maraqları istiqamətində hərəkət etmələri hələ də regionun ``barıt çəlləyi`` olduğunu təsdiq edir.

Regiondakı hadisələrin arxa planına (back round) dair bəzi mülahizələr

Məhz Yaxın və Orta şərqi, xüsusilə ``Ərəb Baharı`` adı altında baş verən hadisələri lokal və qlobal aspektlərdən təhlil etmək vacibdir. Belə ki, bu regionun özünə məxsusluğunu, buradakı ərəb qəbilələrinin və ya hakimiyyətdə təmsil olunan tayfaların daxili dinamikasını, onların xarici qüvvələrlə olan münasibətlərini dəqiq bilmədən ciddi analizlər etmək mümkün deyil. Digər tərəfdən isə bu hadisələrin modern dövlət anlayışı və müxtəlif kimlikləri bir yerdə mühafizə etmə proyekti ilə birbaşa əlaqəsi vardır. Məhz müasir dövrdə regional millətçilik tərəfindən modern dövlətlərə qarşı etirazların yüksəlməsi, modernizmin siyasi krizini də meydana gətirmişdir. Belə ki, regionda artan etnik və millərçilik anlayışları eyni zamanda regionda baş verən hadisələrə də özünəməxsus şəkildə təsir göstərir. Bu mənada ``Ərəb Baharı`` adlandırılan proses artıq yeni mahiyyət qazanaraq özünəməxsus hərəkət istiqamətlərinin yaranmasına səbəb olmuşdur. Xüsusilə regionda baş verən hadisələrin arxa planında fərqli və yeni tarix anlayışları yatır. Təsadüfi deyildir ki, məşhur siyasət fəlsəfəcisi Lev Strausdan sonra Fransa Akademiyasındakı kürsünün sədirliyinə seçilən əslən Livanlı olan Amin Malof Qərbin, tarixin müəyyən kəsiyində dünyanı ələ keçirdiyini və tarix anlayışını da özünə aid dəyərlər kontekstində şəkilləndirdiyini ifadə etməsi qeyd olunan həqiqətə işarə edir. Ancaq hal-hazırda isə Qərb mərkəzli tarix anlayışından fərqli olaraq region ölkələrinin tarixə dair müxtəlif baxış tərzləri mövcuddur. Nəticədə artıq sadəcə Qərb mərkəzli tarix anlayışı tərk edilməyə başlanır. Bu mənada Amin Malofa görə region ölkələrindən hər biri müxtəif etnik kimliklərə mənsub olaraq onları öz daxilində mühafizə etməlidir. Yeri gəlmiş ikən İsrail xarici işlər naziri Libermanın da bu yaxınlarda ABŞ-da iştirak etdiyi bir toplantıda ``Əvvəlcə, Hz. Musanı Yəhudiləri Orta Şərqə gətirdiyi üçün tənqid edirəm. Niyə Hollandiya, Belçika və s. ərazilərə getmədik. Regionumuzda bir çox problem var`` deməsi eyni zamanda mövcud tarix anlayışları ilə birbaşa bağlıdır. Məhz bəzi siyasi ekspertlərə görə Ərəb dövlətləri ilə əhatə olunmuş İsrail dövləti hər zaman təhlükəsizlik prblemi ilə qarşı-qarşıya qalacaqdır. Nəticədə Libermanın da ifadələri bunu təsdiqləməkdədir.

Digər tərəfdən regiondakı neft və qaz ehtiyatları, dünya siyasətinə təsir edən nüfuzlu dövlətlərin regiona dair siyasi və iqtisadi maraqları da region ölkələrinin daxili və xarici siyasətini şəkilləndirməkdədir. Bu mənada regionda sülhün bərqarar olması və demokratik prinsiplər ilə region ölkələrinin idarə olunması iqtisadi, siyasi və tarixi amillərdən asılıdır. Məhz bu amillərin düzgün olaraq qiymətləndirilməsi, regionun ``barıt çəlləyi`` olma statusunu müsbət istiqamətdə dəyişdirəcəkdir.

Rəşad İlyasov, Fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...