THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putinin İstanbul səfəri: geosiyasi dönüş nöqtəsi

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5131
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 dekabr – Newtimes.az

Dünyanın geosiyasi mənzərəsi sürətlə dəyişir. Bir və ya iki dövlətin aparıcı rolunu regional liderlərin səmərəli əməkdaşlığı əvəz edir. Bu prosesdə Moskva ilə Ankaranın xüsusi rolu var. Rusiya prezidentinin Türkiyəyə son səfəri bu mənada diqqətləri çox çəkdi.

Rusiya-Türkiyə münasibətlərində Suriya faktoru

Vladimir Putinin Türkiyəyə səfərini ilin diplomatik hadisəsi hesab edirlər. Bəlkə də burada bir qədər mübaliğə var. Müzakirə olunan məsələlərin əhatəsinə görə isə, doğrudan da bu, əhəmiyyətli səfərdir. Yaxın Şərqdə yaranmış geosiyasi mənzərə kontekstində Rusiya-Türkiyə münasibətləri bir neçə parametr üzrə maraq doğurur. Nəzərə alsaq ki, hər iki ölkə sürətlə inkişaf edən dövlətlər sırasındadır, onların əməkdaşlığına olan marağın daha bir aspekti aydınlaşar.

Məsələ ondan ibarətdir ki, Rusiya və Türkiyə böyük bir geosiyasi məkanın – Avrasiyanın çox mühüm ölkələrindən sayılırlar. Həmin ərazidə onların liderlik iddiaları mövcuddur. Problemlərin həllinə öz yanaşmaları vardır. Hazırda isə hər iki dövlət Suriya məsələsində fəallıq göstərən geosiyasi aktorlardır.

Putinin, bütün çətinliklərə baxmayaraq, Türkiyəyə səfər etməsinin bir çox səbəbi buradan aydın olur. Əldə edilən razılaşmalar və imzalanan sənədlər də bunu təsdiq edir. İki ölkə arasında müşahidə olunan fikir ayrılığı Moskva ilə Ankaranın geosiyasi iradəsinin bir növ göstəricisidir. Suriya ilə bağlı onlar bir-birinə güzəştə getmək istəmirlər. Onu Yaxın Şərqdəki geosiyasi proseslərin dönüş nöqtəsi kimi qiymətləndirirlər. Həmin regionda cərəyan edən hadisələrə qısa nəzər saldıqda məsələnin mahiyyəti aydınlaşır.

İsrail-HƏMAS münasibətləri qəfil gərginləşdi. Bir neçə günlük müharibə oldu. Əldə edilən atəşkəs hər an pozula bilər. Şimali İraq kürd muxtariyyəti ilə mərkəzi hökumət arasındakı gərginlik getdikcə artır. Artıq tərəflər bir-birinə qarşı silah işlətməyə hazır görünürlər. Bu prosesdə Suriya məsələsi ciddi rol oynayıb.

İranın HƏMAS-a yenə raketlər göndərdiyi haqqında məlumatlar yayılır. Qərb isə Tehrana qarşı yeni sanksiyalara hazırlaşır. Türkiyə Suriya tərəfdən ola biləcək hücumlardan ehtiyatlanaraq “Patriot” raketlərini sərhədə yerləşdirir. NATO artıq bu silahdan üçünü Ankaraya verməyi qərara alıb. Daha iki “Patriot”u ABŞ-ın Türkiyəyə göndərəcəyi haqqında informasiyalar yayılıb.

Bu hadisələrin fonunda İranın Bəşər Əsəddən imtina edə biləcəyindən danışırlar. Rəsmi Tehranın bununla bağlı bəzi ərəb diplomatları ilə müzakirə apardığını deyirlər. Maraqlıdır ki, Moskva haqqında da analoji informasiyalar yayılır. Rusiya B.Əsədin siyasi gələcəyinə ciddi şübhə ilə baxır.

Yuxarıda vurğuladığımız proseslər Yaxın Şərqin geosiyasi mənzərəsində Suriya faktorunun ciddi rol oynadığını göstərir. Bu şərt daxilində İstanbulda Putin-Ərdoğan görüşündə əsas müzakirə mövzularından birinin Dəməşqlə əlaqəli olması tamamilə təbiidir. Rusiya prezidentinin Türkiyənin həmin məsələdə mövqeyindən narazılığını açıq ifadə etməsi də başa düşüləndir.

“Divardan asılan silah mütləq atmalıdır”, - deyən V.Putin, Ankaranın NATO-dan “Patriot” istəməsini doğru hesab etmədikləri mesajını verib. Özü də bu, Rusiyanın Suriyaya silah satmasına ciddi əngəl törədən Türkiyəyə qarşı Moskvanın faktiki olaraq hec bir təzyiq edə bilməməsi fonunda baş verib. Bəlkə də bu məqamı mühüm siyasi hadisə hesab etmək olar.

Siyasətin iqtisadi “üzü”

Lakin yaranmış vəziyyətin başqa maraqlı bir özəlliyi var. Hətta bu cür mürəkkəb və dolaşıq situasiyada Rusiya Türkiyə ilə iqtisadi əlaqələri sürətlə inkişaf etdirmək kursundan dönməyib. “Türkiye” qəzeti Rusiyanın Türkiyədə ilk atom elektrik stansiyasını tikməsini “ən böyük iqtisadi layihə” adlandırır. “Akşam” nəşri isə iki ölkə arasında iqtisadi və sərmayə sahəsində əməkdaşlığın “ən yüksək həddə çatdığını” vurğulayır.

“Radikal” qəzeti Rusiyanın “Sberbank”ının Türkiyənin “Dənizbankı”nın sərmayələrinin 99,85 faizini almasını “nəhəng hadisə” adlandırır. Avropa İttifaqı ilə işlər üzrə nazir Egemen Baxış hesab edir ki, bu saziş Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatmasında həlledici rol oynayacaq. O, rusiyalı sərmayəçilərin Anadoluya axışacağına əmindir. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf edəcəyi haqqında rəsmi səviyyədə fikirlər bildirilir. Özü də bu, rəsmi Bağdadın Türkiyənin təbii sərvətlər və enerji naziri Taner Yıldızı Ərbildəki beynəlxalq konfransa buraxmaması fonunda baş verir.

Bunlar nəyi ifadə edir? Moskva ilə Ankara xarici siyasətdə iqtisadi faktoru digər amillərdən daha üstün hesab etməyə başlayıblar? Yoxsa Rusiya geosiyasi maraqlarını iqtisadi layihələrə qurbanmı verir? Düşünürük ki, burada bir çox amillərin təsiri özünü göstərir.

Hələ bir neçə ay əvvəl türkiyəli analitiklər Ankaranın xarici siyasətdə iqtisadi faktoru birinci sıraya yerləşdirdiyini vurğulayırdılar. Bunun səbəbini Ankaranın siyasi, hərbi, ideoloji, texnoloji və s. sahələr üzrə dünyanın böyük dövlətləri ilə rəqabət aparmaq imkanına malik olmaması ilə izah edirdilər. Ona görə də Türkiyə Rusiya və Çin kimi ölkələrlə münasibətini hər şeydən əvvəl iqtisadi sahədə əməkdaşlıq üzrə qurur. Analoji olaraq Rusiyanın da iqtisadi əməkdaşlığa üstünlük verdiyi görünür.

Rusiya və Türkiyənin iqtisadi sahədə əlaqələri genişləndirməyə üstünlük verməsi Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada hansı geosiyasi proseslərə rəvac verə bilər? Məsələ ondan ibarətdir ki, əgər həqiqi mənada Ankara-Moskva strateji tərəfdaşlığı yaransa, bunun böyük bir geosiyasi məkana ciddi təsirləri ola bilər. Məhz bu mənada indi Rusiyanın güzəşti kimi görünən bəzi iqtisadi sazişlər strateji maraq baxımından uğurlu addım təsiri bağışlayır. Bunun Moskva və Ankaraya geosiyasi səmərəsi ola bilər.

Onu da unutmaq olmaz ki, Türkiyə Yaxın Şərqin ən nüfuzlu dövlətinə çevrilir. Ankaranın regionda tədricən öz təsir gücünü artırdığı artıq qəbul edilir. Onun qarşısını nə İsrail, nə də İran kəsə bilmir. Regionda və Avropada böhran hökm sürdüyü bir vaxtda Türkiyə iqtisadiyyatı dinamik inkişaf edir. Belə çıxır ki, Putin İstanbula bel ağrıları ilə gəlsə də, ölkəsinin gələcəyini sağlam təməllər üzərində qurmağa çalışır. Bununla Rusiyanın dövlət kimi inkişafını öz sağlamlığından çox üstün tutduğunu nümayiş etdirir. Eyni zamanda, Putin Türkiyənin gələcəyinə inanır.

Maraqlıdır ki, Türkiyədə Putin-Ərdoğan danışıqlarının qlobal təsirlərinin olacağına inananlar vardır. Məsələn, “Akşam” qəzeti yazır ki, Obama ilə Putin arasında isti münasibətlər yaranmaqdadır. Bu da bütövlükdə Türkiyə-ABŞ-Rusiya əməkdaşlığını formalaşdıra bilər.

İlk baxışdan elə də inandırıcı görünməyən bu tezisi tam inkar etmək də çətindir. Çünki qlobal miqyasda geosiyasi proseslərin sürətlə getdiyi faktdır. Geosiyasi güc mərkəzinin Uzaq Şərqə tərəf dəyişdiyi bir mərhələdə müxtəlif əməkdaşlıq formulları meydana gələ bilər. Cəmi bir neçə il əvvəl çox az adam inanırdı ki, Rusiyanın dövlət başçıları Türkiyəyə getsinlər! İndi nəinki bu cür səfərlər olur, hətta iki ölkənin strateji tərəfdaşlığından danışılır.

Qafqaz və Mərkəzi Asiya: geosiyasi uzlaşma sahəsi mövcuddurmu?

V.Putinin İstanbul səfərini təhlil edən analitiklər Qafqaz məsələsinə az toxunurlar. Əbdülhəmid Bilici “Zaman” qəzetindəki köşə yazısında vurğulayıb ki, “Dağlıq Qarabağ məsələsinin Ankara-Moskva əməkdaşlığı əsasında həll edilə biləcəyini təsəvvür edin” (bax: Abdülhamit Bilici. Stratejik ortaklığın eksik halkası!).

Türkiyə mətbuatında Qafqaz məsələsinə Putinin səfəri kontekstində bu cür ehtiyatlı yanaşmanın müşahidə edilməsi başa düşüləndir. Çünki indi Yaxın Şərq-Qafqaz-Mərkəzi Asiya geosiyasi xəttində çox ziddiyyətli proseslər gedir. Lakin bu o demək deyil ki, Moskva ilə Ankara Qafqaz məsələsini münasibətlərində arxa plana atırlar. Əksinə, Putinin İstanbul səfəri göstərdi ki, regionun iki böyük dövləti bu məsələdə üzərlərinə böyük məsuliyyət götürə bilərlər.

Söhbət Suriyadan sonra İran probleminin daha da kəskinləşməsi variantında Rusiya və Türkiyənin Qafqaz məkanında maraqlarını uzlaşdırmaq məcburiyyətində qala bilməsindən gedir. Burada ya onlar razılaşacaq, ya da indiyə qədər əldə edilən əməkdaşlıq nailiyyətləri heç olacaq. Bu mənada Qafqaz Rusiya və Türkiyə üçün geosiyasi sınma nöqtəsidir – buranın məsuliyyəti olduqca böyükdür.

Hələlik Qafqazla bağlı Moskva və Ankaranın tam olaraq ortaq mövqeyə gəldiyini demək çətindir. Ən azından Suriya və İran məsələsi həllini tapmayıb. Bundan başqa, Türkiyə Qərb faktorunu, Rusiya isə İran və Çin amilini nəzərə almağa məcburdurlar. Lakin bütün digər faktorlara baxmayaraq, tarixin bu dönəmində Moskva-Ankara cütlüyü təşəbbüsü ələ ala bilər. Əgər bu baş versə, regionun tarixində yeni bir mərhələnin əsasının qoyulacağına şübhə yoxdur.

Mərkəzi Asiya məsələsi Qafqazda geosiyasi mənzərənin necə olacağından çox asılıdır. Rusiya və Türkiyənin bu regionla bağlı öz planlarının olduğu da sirr deyil. Düşünürük ki, burada enerji faktoru çox ciddi təsirə malik olacaq. Qafqazla Mərkəzi Asiyanı geosiyasi mənada bir-birinə bağlayan ən güclü amil də məhz enerji daşıyıcılarının istifadəsi məsələsidir. Bu sahədə iki ölkənin ortaq razılığa gəlməsi halında bir çox geosiyasi ziddiyyətlər həllini tapa bilər. Ancaq hazırkı mərhələdə onların ümumi dil tapması şansının olduğunu demək çətindir.

Şübhə yoxdur ki, müasir tarixi dövrdə geosiyasi proseslərin dinamikasının yüksək olması hər an ümumi situasiyanı dəyişə bilər. Buna baxmayaraq, V.Putinin İstanbul səfəri mühüm hadisədir. Bunun həm regional, həm də qlobal miqyasda əhəmiyyəti vardır. Bütövlükdə isə qlobal miqyasda regional liderlərin rolunun ciddi surətdə artması aspektində böyük maraq doğurur. Ola bilsin ki, Putinin İstanbul səfəri dünyanın yeni geosiyasi modelinin formalaşmasında dönüş nöqtələrindən biri kimi tarixə düşsün.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...