THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal teleşəbəkələr: bəşəriyyət informasiya "əsarətində"

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7178
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 dekabr – Newtimes.az

Hazırkı tarixi mərhələdə insanın həyatında informasiya mühüm yer tutur. Telekanallar yüz milyonlarla insanın dünyagörüşünə, həyat tərzinə və mənəvi-əxlaqi keyfiyyətlərinə ciddi təsir edir. Bəşəriyyət, bir növ, özünə ekrandan baxmağa vərdiş edir.

İnformasiya uğrunda yarış

Müasir cəmiyyətlərdə informasiyanın oynadığı əhəmiyyətli rolu hər kəs qəbul edir. Hətta informasiyanın dünyanı idarə etdiyinə belə inam var. Doğrudan da, insanların hər gün məlumat almaq ehtiyacı yaranıb. Ancaq bu ehtiyacın ödənməsinin planlı olması və hansısa konkret məqsədlərə xidmət etməsi məsələsi heç də hər kəsə aydın deyil. Başqa sözlə, informasiyanın yayılması üsulları və bu zaman qarşıya qoyulan məqsədlər maraq doğurur.

İndi "teleşəbəkə” termini ilə kimsəni təəccübləndirmək real deyil. Əksinə, bu sözü eşitməyənə istehza ilə yanaşırlar. Lakin çoxlu sayda telekanalların mövcudluğunun insan şüuruna, hisslərinə, dünyagörüşünə və bütövlükdə həyat tərzinə necə təsir etdiyi təhlil olunmalıdır. Çünki həmin aspektdə maraqlı və düşündürücü məqamlar olduqca çoxdur.

Keçən əsrin ikinci yarısından dünyanın geosiyasi mənzərəsi köklü dəyişikliklərə uğramağa başladı. Bir-birindən coğrafi olaraq ən uzaq məsafədə yerləşən ölkələr arasında belə əlaqələr genişlənməyə başladı. Artıq görünürdü ki, dünya "qlobal kəndə” (Marşall Maklyüen) çevrilir. Onu iqtisadi və informasiya əlaqələri hörümçək toru kimi əhatə edir. Bu proses informasiyanı yayan sistemlərin də dəyişməsi ehtiyacını ortaya çıxarmalı idi.

Sosialist düşərgəsinin dağılması ilə həmin tendensiya daha da gücləndi. Təsadüfi deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət göstərən bir neçə informasiya vasitəsi formalaşdı. Onlardan CNBC (1989-cu il), ВВС World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü il), Al-Jazeera (1996-cı il) və başqalarını göstərə bilərik.

Həmin prosesin vüsət almasının geosiyasi şərtləri aydındır. Qloballaşan dünyada informasiyanın sürətli və genişmiqyaslı yayılması zərurətə çevrilir. Eyni zamanda, müxtəlif sahələrdə çalışan insanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki, bizneslə məşğul olan adamın daha çox uğur qazanması informasiya təminatı ilə sıx bağlıdır. O cümlədən, tansmilli şirkətlərin dünya miqyasında fəaliyyəti qlobal səviyyədə informasiya şəbəkələrinin fəaliyyətindən birbaşa asılıdır.

Bunlar dünyada gedən müxtəlif təbiətli proseslərin qlobal teleşəbəkələrin formalaşmasına əsas yaratdığını göstərir. Ona görə də, bir neçə informasiya vasitəsi arasında dünyada liderlik uğrunda yarış intensivləşdi. Nəticədə, çox dinamik informasiya məkanı yarandı. Milyonlarla insan özlərindən asılı olmayaraq həmin qlobal informasiya sahəsinin cazibəsinə düşdü. Ancaq burada açıq deyilməyən bir neçə məqam da vardı.

İnformasiya siyasəti: əsas hədəf beyinlərdir

Milyonlarla auditoriyası olan teleşirkətlər dünyaya obyektiv informasiya yaymaq xatirinə fəaliyyət göstərmirlər. Onların hər biri konkret məqsədə uyğun proqramlar tərtib edirlər. İlk baxışdan bunu duymaq çətindir. Çünki peşəkar jurnalistlər o dərəcədə maraqlı və diqqətçəkən verilişlər hazırlayırlar ki, tamaşaçının aldığı informasiyaları qiymətləndirmək imkanı olmur.

CNN-də tok-şou aparan Larri Kinq və ya ВВС World News-dakı Tim Sebastian çoxlu sayda tamaşaçı auditoriyası toplaya biliblər. Onların danışıqları heyrətedici, nəfəskəsən və natiqlik məharəti aspektində "gözlənilməz” olduğundan pərəstişkarları çoxdur. Dünyanın aktual problemlərinə həsr edilən həmin tok-şoular, şübhəsiz ki, tamaşaçılarda hadisələr haqqında konkret fikir formalaşdırır.

Larri Kinq və Tim Sebastianın tok-şouları, məsələn, "ərəb baharı” haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. CNN-in yaradıcısı Ted Törner bir dəfə vurğulamışdı ki, televiziya cəmiyyətə təsir etmək üçün güclü vasitədir. O, informasiyanı heç bir mövqeni müdafiə etmədən, obyektiv qaydada yaydıqlarını desə də, faktlar tamamilə başqa mənzərəni ortaya qoyur.

Dünyanın demək olar ki, bütün regionlarını əhatə edən qlobal televiziya kanalları dəyərlər, zövqlər və həyat tərzlərindən asılı olaraq xüsusi auditoriyaların yaranmasına təsir ediblər. Məsələn, MTV musiqi teleşəbəkəsinin yeniyetmələrdən ibarət 500 milyonluq tamaşaçısı vardır. Onların həyat tərzi və davranışlarına bu musiqi telekanalı ciddi təsir edir. Gənclərin zövqləri və ritorikalarının formalaşmasında bu kimi informasiya vasitələrinin rolu böyükdür.

CNN-in verilişləri isə siyasəti, iqtisadiyyatı, ekologiyanı, sosial məsələləri və mədəniyyəti əhatə edir. "Sizin bugünkü dünyanız”, "Diplomatik lisenziya”, "İnsayt”, "Larri Kinq canlı yayımda”, "Larri Kinqlə uikend” kimi verilişlər dünyada məşhurdur. Bu proqramların hər birinin də özəl xüsusiyyətləri var. Onlar sosial həyat, cəmiyyət, siyasət, ünsiyyət, mədəniyyət və s. haqqında konkret fikir formalaşdırırlar. CNN şirkəti dünyada ilk dəfə olaraq 24 saat informasiya yaymaq konsepsiyasını təklif edib. 2005-ci ildə onun 37 xarici bürosu vardı. Onun xəbərlər verilişinə dünyanın 212 ölkəsindən 200 milyon insan baxa bilir. CNN-in xəbərlərini 38 kosmik peyk yayır. Bu teleşirkətin taleyində 1991-ci ildə Fars körfəzində olan müharibəni canlı yayımla vermək və 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terror aktı haqqında təcili məlumatlar yaymaq ayrıca yer tutur.

ВВС World News, Bloomberg TV, CNBC, Al-Jazeera, Euronews və digər məşhur informasiya vasitələri də eyni üsulla fəaliyyət göstərirlər. ВВС Britaniya yayım korporasiyasının birbaşa varisidir. Hazırda bu teleşəbəkənin əsas vəzifələrindən biri tamaşaçı auditoriyasını informasiya ilə "zənginləşdirməkdən” ibarətdir. İndi ВВС ilə ciddi rəqabət aparan şəbəkələr formalaşıb. Ancaq bu teleşəbəkə xəbərlər proqramının yüksək keyfiyyəti, analitikanın yüksək səviyyəsi, aparıcıların peşəkarlığı sayəsində nüfuzunu saxyala bilir. Maraqlıdır ki, BBC informasiyalarında tamaşaçının hadisələrə reaksiyasını nəzərə alır. Məsələn, telekanal zorakılıq səhnələrini ciddi seçim əsasında göstərir və bəzən bunu etmir.

BBC-nin əsas şüarı baş verən hər bir şeyi dərk etmək və ona məna verməkdən ibarətdir. Təbii ki, teleşəbəkə bunu Avropa dəyərləri çərçivəsində edir. Ona görə də yüksək səviyyəli analitik verilişlərdə Qərb siyasi və mədəni maraqlarına cavab verən ideyalar daha çox yer alır. BBC-nin "Tim Sebastianla ciddi söhbət”, "Müxbir”, "Koni haqqında söhbət” və başqa daimi verilişləri mövcuddur.

Euronews konkret bir regionun – Avropanın teleşirkəti olmasına baxmayaraq, təsir dairəsi bütün dünyanı əhatə edir. Bu teleşəbəkənin əsas şüarı belədir: "Biz 7 dildə danışırıq, ancaq bir istiqamətə baxırıq”. Bu cümlədə Euronews-un əsas məqsədi ifadə olunub. Yəni Avropa İttifaqının siyasi, iqtisadi, mədəni həyatı haqqında insanlarda müsbət rəylər formalaşdıran informasiyalar yaymağa üstünlük verilir. Analitiklər bu teleşəbəkənin Şərqi Avropada populyarlığının səbəbini həmin məkanda yerləşən ölkələrin Avropa İttifaqına üzv olmaq istəyi ilə izah edirlər. Ona görə də o ölkələrin vətəndaşları Euronews-a baxmağı vəzifə hesab edirlər.

Bu teleşəbəkədə verilişlərin böyük hissəsi Avropa həyat tərzinə həsr edilib. "Avropa” və "Avropalılar” verilişində Avropa İttifaqı quruculuğundan danışılır, əhalinin həyatının aktual problemlərinə toxunulur. "Parlament”də Avropa Parlamentinin fəaliyyəti işıqlandırılır. "Perspektiv” verilişində isə müxtəlif sahələr aid mövzular üzrə geniş müzakirələr aparılır.

CNBC və Bloomberg TV əsasən maliyyə və iqtisadi sahələrə aid məlumatlar yayır. Bu şəbəkələr biznes dünyasına ünvanlanıb. Onlar müxtəlif xarakterli aktual informasiyalar vasitəsi ilə iş dünyasının nəbzini müəyyənləşdirməyə çalışırlar. Bu üsulla uğurlu biznesmen və ölkə imici formalaşdırırlar. Həmin teleşəbəkə, təbii ki, konkret olaraq iş adamlarına güclü informasiya dəstəyi verir. Ancaq hər bir halda əvvəlcədən müəyyənləşmiş dəqiq fəaliyyət kursuna uyğun hərəkət edilir.

Al-Jazeera son dövrlər çox populyarlıq qazanmış telekanallardan biridir. Onun tamaşaçı auditoriyası 35 milyonu keçir. Bu telekanal Qətərindir, lakin qlobal miqyasda nüfuz əldə edə bilib. Maraqlıdır ki, Al-Jazeera-ni nə ABŞ, nə də ərəb ölkələrinin əksəriyyəti tam qəbul edir. Amerika ona müəyyən informasiya məhdudiyyətləri qoymağa çalışır. Çünki Al-Jazeera-nin yaydığı məlumatlarda ABŞ-ın maraqlarına uyğun gəlməyən məqamlar olur.

Ərəb dövlətlərinin bir çoxu da öz maraqları naminə Al-Jazeera-nin bürolarını bağlayırlar. Məsələn, Küveyt və İordaniya belə edib. Bunlara baxmayaraq, həmin telekanal öz populyarlığını saxlaya bilir.

Beləliklə, teleşəbəkələr qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edirlər. Onlar faktiki olaraq bəşəriyyətin informasiya məkanını formalaşdırırlar. Bu, məşhur Kanada sosioloqu M.Maklyüenin dünya "qlobal kəndə çevrilə bilər” proqnozunu təsdiqləyir. Bəşəriyyət bütövlükdə öz həyatına "ekrandan baxmağa” vərdiş edir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...