THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycana qarşı erməni lobbisi-islamofobiya alyansı

Siz buradasınız: Əsas səhifə »» Şərhlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2840
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 noyabr – Newtimes.az

Müstəqil dövlət quruculuğu mürəkkəb prosesdir. Dünyada elə bir cəmiyyət yoxdur ki, bu yolu asanlıqla keçsin. Hazırkı tarixi mərhələdə isə müsəlmanların müstəqil və inkişaf etmiş dövlət qurmasına əlavə çətinliklər törədilir.

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev söylədiyi nitqində müstəqil dövlət quruculuğunun əsas prinsiplərini dəqiqliklə ifadə etdi. Həmin sırada Azərbaycana qarşı düşmən mövqedə olan iki əsas qüvvə – erməni lobbisi və islamofobiyanı ayrıca vurğuladı.

Bu, tarixi qiymətləndirmədir. İlk dəfə olaraq müstəqil dövlət quruculuğuna kənardan mane olan dairələr konkret şəkildə göstərilir. Onun həm geosiyasi-nəzəri, həm də praktiki mənası vardır. Çünki postsovet məkanında müstəqil dövlət qurmağın fəlsəfəsi dünyanın digər regionlarında yerləşən ölkələrdən fərqlənir. Əsas məsələ bu fərqliliyin başlıca faktorlarını müəyyənləşdirib, dövlət quruculuğu konsepsiyasında tətbiq etməkdən ibarətdir. Həmin məqam üzərində düşünməyə ehtiyac vardır.

Azərbaycan mürəkkəb geosiyasi və hərbi mənzərənin hakim kəsildiyi bir məkanda müstəqilliyini əldə etdi. Kənardan ölkəyə böyük təsirlər vardı. Onların başında isə erməni lobbisinin Azərbaycana, ölkənin ərazi bütövlüyünə qarşı fəaliyyəti dururdu. Ulu öndər Heydər Əliyev bu məqamı çox gözəl dərk etdi və ona qarşı bütün tədbirləri aldı. Keçən əsrin 90-cı illərində Azərbaycanın xarici siyasəti erməni lobbisinə qarşı bir sıra parlaq qələbələr əldə etdi.

Burada bir mühüm məqamı vurğulamaq gərəkdir. Ermənilər əsasən iki istiqamətdə anti-Azərbaycan fəaliyyəti göstərirdilər. Onlardan birincisi ideoloji təbliğat əsasında azərbaycanlıların vəhşi, geridəqalmış, dövlət qurmağı bacarmayan cəmiyyət obrazını yaratmaqdan ibarət idi.

İkincisi isə regionda yaranmış geosiyasi ziddiyyətlərdən istifadə edərək, hər fürsətdə terrorla Azərbaycan dövlətçiliyinə zərbə vurmaqdır. İkinci istiqamətə ölkənin ərazisinin bir qismini işğal edib, yeni erməni dövləti yaratmaq daxil edilmişdi. Sonrakı mərhələdə isə, ümumiyyətlə, dünya xəritəsindən Azərbaycan adlı dövləti yox etmək məqsədi vardı.

Hər iki istiqamətə qarşı ölkə rəhbərliyi ciddi addımlar atdı. Tədricən Azərbaycana qarşı terror olayları səngidi. Ancaq itkilər az olmadı. Ölkə ərazisinin bir hissəsi isə işğal altında qalmaqdadır. Bu faktdan istifadə edən erməni lobbisi ideoloji təbliğat sahəsində fəaliyyətini daha da gücləndirdi. Hazırda əsas olaraq məhz həmin istiqamətdə ermənilər düşmən fəaliyyətlərini davam etdirirlər. Ona görə də Prezident İlham Əliyevin erməni lobbisini birinci düşmən adlandırması real vəziyyətə ciddi yanaşmanın nəticəsidir.

Erməni lobbisi son illər Azərbaycan dövləti tərəfindən güclü zərbələr aldı. Faktdır ki, o, artıq əvvəlki dövrlərdə olduğu kimi istədiyini edə bilmir. Dünyanın bütün regionlarında Azərbaycan dövlətinin müqaviməti ilə rastlaşır. Lakin hələ də bu cinayətkar dairəni aktiv müdafiə edən böyük dövlətlər vardır. Onlar müxtəlif üsullarla – siyasi, diplomatik, iqtisadi, hərbi, informasiya və s. – ermənilərə yardım göstərməklə onların tam iflas etməsinə əngəllər törədirlər. Bu mərhələdə erməni lobbisinə qarşı Azərbaycan dövlətinin mübarizəsi yeni çalarlar kəsb etməlidir. Cənab Prezident nitqində məhz bu məqamı vurğulamışdır.

Burada sivil üsullarla düşmənə qarşı mübarizə ön sıraya çıxır. Siyasi-diplomatik və informasiya aspektləri xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, dövlətin bütün sahələrinin gücləndirilməsi, o cümlədən qüdrətli ordunun qurulması prinsipial əhəmiyyət daşıyır. Azərbaycan hazırda bütün bu sferaların uzlaşdırılması şəraitində erməni lobbisinin təxribatlarının qarşısını alır. Həmin bağlılıqda ən vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdan ibarətdir.

Hesab etmək olar ki, münaqişənin həlli erməni lobbisini zəiflədəcəkdir. Son zamanlar sadə ermənilər və Ermənistandakı bəzi siyasi qurumlar lobbinin neqativ rolunu hiss edirlər. Onların etiraz səsləri ara-sıra eşidilir. Lakin Ermənistan hakimiyyəti hələ də tam olaraq lobbinin təsiri altındadır. Ona görə də müstəqil qərarlar verə bilən siyasətçilərin hakimiyyətə gəlməsi orada əsas siyasi problemdir. Bu aspektdə ümidverici tendensiyalar hələlik gözə dəymir. Həmin səbəbdən Azərbaycan erməni lobbisinə qarşı ayıq-sayıqlığını itirməməlidir.

Hazırda Dağlıq Qarabağdakı separatçı qurumu lobbi aktiv dəstəkləyir. Müxtəlif təxribatçı layihələrlə Azərbaycan ərazisində müstəqil erməni dövlətinin mövcud olduğu təəssüratı yaratmağa çalışır. Xocalıda hava limanı inşa etmək bu siyasətin tərkib hissəsidir.

Təəssüf ki, Qərbin siyasi-diplomatik dairələrində erməni lobbisinin bu kimi qanunsuz hərəkətlərinə arxa duranlar vardır. Onlar öz ölkələrində yaşayan ermənilərin seçici səsini qazanmaq üçün asanlıqla ədalətsiz addımlar atırlar. Bu da Prezident İlham Əliyevin YAP-ın qurulmasının 20 illiyinə həsr edilmiş tədbirdəki çıxışında ifadə etdiyi fikirlərin dərin mənalar daşıdığını bir daha sübut edir. Belə ki, Azərbaycan dövlət olaraq erməni lobbisinə dəstək verən güclü siyasi dairələrə qarşı da səmərəli addımlar atmalıdır. Bunun üçün ən müasir təbliğat texnologiyalarından istifadə etmək lazım gəlir.

Bu məqamda Prezidentin ifadə etdiyi ikinci tezisin əhəmiyyətini anlamaq gərəkdir. Erməni lobbisinə yardım edənlərin də müsəlmanlarla bağlı öz "dərdi” vardır. Həmin "nöqtədə” erməni lobbisinin anti-Azərbaycan əhval-ruhiyyəsi ilə Qərbin siyasi dairələrinin qarşıya qoyduqları məqsəd üst-üstə düşür. Söhbət Qərbdə getdikcə daha da genişlənən islamofobiyadan gedir.

Hazırda Qərbdə islamofobiyaların sayı artır. Onlar müsəlman dövlətlərinin inkişafını həzm edə bilmirlər. Bəzi inkişaf etmiş ölkələrdə siyasi hakimiyyətə gələnlər sırasında belə, bu xəstəliyə tutulmuşlar az deyil. Onlar, o cümlədən, Azərbaycanın sürətlə inkişaf etməsini həzm edə bilmirlər. Bu məqamda onların ən yaxşı tərəfdaşları erməni lobbisidir.

Dünyanın müsəlmanlar yaşayan regionlarında baş verən geosiyasi proseslərin səthi analizi belə, islamofobiyanın gücləndiyini təsdiq edir. Azərbaycan "Avroviziya-2012” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəndə bir sıra dairələr hansı təxribatlara əl atmadılar? Onlar ölkənin antidemokratik, qeyri-tolerant imicini formalaşdırmaq üçün xeyli çalışdılar.

Qərbin bəzi aparıcı media orqanlarında belə Azərbaycana qarşı qərəzli məlumatlar yaydılar, saxta faktlara dayanan təhlillər apardılar. Cəmiyyətin vəhşi obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxdılar. Onların bütün ümidlərini yarış iştirakçılarının və qonaqların Bakıda gördükləri alt-üst etdi.

Azərbaycanın BMT TŞ-yə müvəqqəti üzv seçilməsindən pərişan olanların qərəzli hərəkətləri də yaddan çıxmayıb. Onlar ölkəyə qarşı müxtəlif şər-böhtan atdılar. Bakının BMT-dəki nüfuzunun qarşılığında çox cılız görünən Ermənistanın zavallı obrazını dəyişməyə cəhdlər etdilər.

Məsələyə qlobal miqyasda müsləman ölkələrinə qarşı atılan addımlar prizmasında yanaşmağın faydası vardır. Təəssüf ki, bu tendensiya çox genişlənib. Bir xristian dövlətinin problemlərinə verilən reaksiya ilə müsəlmanlara qarşı olan münasibət arasında böyük fərqlər özünü göstərir.

Məsələn, Yaxın Şərqdə nələr baş verdiyini hər kəs bilir. Müsəlmanlara atılan bombalara "kiminsə özünümüdafiə haqqı” adını qoyurlar. Bir müsəlman dövləti özünü müdafiə etmək istədikdə, dərhal başqa meyarlar ortaya çıxır. Əslində, bizlər üçün bu məsələ çoxdan aydındır. Çünki 20 ildən çoxdur ki, təcavüzkar Ermənistana qarşı tutarlı addım atmayan böyük dövlətlər, hər fürsətdə Azərbaycana təzyiq göstərməyə çalışırlar.

Bunlar erməni lobbisi ilə islamofobiyanın ortaq maraqlarını yaxşı ifadə edir. Gözləmək olar ki, bu iki şər qüvvənin əməkdaşlığı daha da genişlənəcək. İslama qarşı olanlar erməni lobbisi sırasından özlərinə tərəfdarlar tapacaqlar. Hər ikisini birləşdirən məqsədlərdən biri isə Azərbaycanda müstəqil, güclü və demokratik dövlət quruculuğuna mane olmaqdır. Azərbaycan Prezidentinin bu məqama ayrıca diqqət yetirməsi problemin ciddiliyindən xəbər verir.

Həmin tendensiyanın təhlükəli tərəfi ondan ibarətdir ki, islamofobiyanın yayılması bütövlükdə xristian dünyasında müsəlmanlar haqqında yanlış təsəvvür yaradır. Məlumdur ki, erməni terrorunu qidalandıran ideoloji qaynaq da məhz bu faktora əsaslanır. Demək olar ki, islamofobiyanın güclənməsi başqa fəsadlarla yanaşı, erməni terroruna da yeni güc verə bilər. Son nəticədə isə bundan bütün dünyanın zərər görəcəyinə şübhə yoxdur.

Erməni lobbisinin islamofobiyadan geniş yararlanmağa cəhdlər edəcəyinə şübhə etmirik. Xüsusilə, Azərbaycan mədəniyyətinə qarşı təxribatlarda, işğal siyasətini əsaslandırmaqda və cəmiyyəti dözümsüzlükdə ittiham etməkdə onlar ortaq hərəkət edə bilərlər. Ermənilər lap əvvəllərdən azərbaycanlıların fərqli dinin nümayəndələrini təqib etdiklərini deyirdilər. Hətta bir zamanlar Dağlıq Qarabağ münaqişəsinin səbəbini dini faktora bağlamağa çalışdılar. İslamofobiyanın genişlənməsi ermənilərin bu böhtanlarının ayaq tutmasına rəvac verə bilər. Şübhə yoxdur ki, dini faktor bundan sonra da aktual olaraq qalacaq. Ona görə də məsələnin bu tərəfinə diqqət daim olmalıdır.

Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan dövlətinə qarşı düşmənçilikdə erməni lobbisi ilə islamofobiyanı bir yerdə vurğulamasının dərin səbəblərə dayandığını göstərir. Bunu yeni formalaşan geosiyasi faktor hesab etmək olar. Həmin təhlükəyə qarşı uyğun addımların atılması zərurətini dərk etmək gərəkdir. Bütün cəmiyyət bu mübarizədə Prezident ilə birdir. Azərbaycan birləşəndə istənilən problemin öhdəsindən gələ bilir. Tarix bu həqiqəti dəfələrlə sübut edib. O bizə növbəti qələbəni də göstərəcək!

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...