THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Brüssel müzakirələri: İlham Əliyevin tarixi-geosiyasi və diplomatik nailiyyəti

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
21531
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 iyun 2022 – Newtimes.az

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı müzakirələr müstəqil dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək. Ekspertlər indi bu görüşün geosiyasi nəticələrini analiz edirlər. Bunun tarixi perspektivdə Azərbaycanda müstəqil dövlət quruculuğunun hazırkı mərhələsinin diplomatiya və geosiyasətlə kəsişən mühüm faktorları aspektində də çox əhəmiyyətli hadisə olduğunu etiraf etməyimiz lazımdır. Brüssel müzakirələri Ermənistanla münasibətlərin yaradılması üçün Azərbaycanın irəli sürdüyü baza prinsiplərinə dair təklifin dəstəklənməsi ilə yanaşı, görüşdən sonra Avropa İttifaqının postmünaqişə mərhələsində Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərəni qəbul etdiyini bəyan etməsi baxımından da vacib olaydır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, üçüncü Brüssel görüşü ərəfəsində ABŞ, Rusiya, İran və Türkiyə Azərbaycanın mövqeyini ədalətli hesab etdiklərini ifadə etdilər. Görüşdən sonra isə ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubunda ölkəmizlə daha yaxından əməkdaşlıqda maraqlı olduqlarını bəyan etdi. Bununla keçən əsrin 90-cı illərindən bu yana ilk dəfə dünyanın bütün geosiyasi gücləri Azərbaycanın mövqeyinə mümkün qədər obyektiv yanaşmağa çalışdıqlarını nümayiş etdirdilər. Bu hadisənin regional və qlobal səviyyədə geosiyasi əhəmiyyəti hələ çox araşdırılacaq. Biz də məhz həmin bucaq altında üçüncü Brüssel görüşünün əhəmiyyəti və nəticələri üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Siyasi-diplomatik qətiyyət: Azərbaycan Prezidenti ədalətli və obyektivdir!

2022-ci il may ayının 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ekspertlərin böyük marağına səbəb olması təsadüfi deyil. Ekspertləri Cənubi Qafqazda geosiyasi mənzərənin bundan sonrakı dəyişmələri, Rusiya-Ukrayna savaşı fonunda regional təhlükəsizliyin taleyi, Azərbaycanın irəli sürdüyü kommunikasiya, təhlükəsizlik və əməkdaşlıq formullarının taleyi kimi vacib məsələlər maraqlandırırdı. Bunların fonunda son zamanlar İrəvanda aqressiv çağırışların artması və Ermənistanın barış üçün maneələr törətməyə cəhd göstərməsi müəyyən narahatlıq yaratmışdı.

Lakin rəsmi Bakının kifayət qədər sakit və təmkinli davranması proseslərin müsbət yöndə inkişaf edə biləcəyinə də müəyyən inam yaratmışdı. Bununla yanaşı, ekspertlər 44 günlük Vətən müharibəsindən sonra müşahidə edilən bir sıra prosesləri də nəzərə alırdılar. Biz, konkret olaraq, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmaları, 2021-ci ilin dekabrı və 2022-ci ilin aprelində İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşlərinin keçirilməsini nəzərdə tuturuq. Bu hadisələrin hər birində Azərbaycanın mövqeyi həlledici statusda olmuşdur. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməklə yanaşı, regionda sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar olması istiqamətində də konkret təkliflər irəli sürmüşdü.

Deməli, 2022-ci ilin may ayında baş tutan Brüssel görüşünün, faktiki olaraq, möhkəm təməli vardı. Və burada başlıca məqam Azərbaycanın hərb meydanında əldə etdiyi zəfəri diplomatiya müstəvisində regionun və bütövlükdə dünyanın siyasi, geosiyasi, iqtisadi və kommunikasiya-nəqliyyat istiqamətləri üzrə uğuruna çevirməyə doğru inamla irəliləməsindən ibarətdir. Həmin səbəbdən ekspertlər üçün Ermənistanın siyasi dairələrindən verilən aqressiv, qeyri-konstruktiv, reallıqdan uzaq və qeyri-sivil mahiyyətli təkliflər "bədbin epizodik riyakarlıq" kimi qiymətləndirilirdi.

Buna baxmayaraq, yenə də bir ehtiyatlılıq duyğusu yaranmışdı: rəsmi İrəvan Rusiya-Ukrayna münaqişəsi səbəbindən Moskva-Brüssel-Vaşinqton xəttində özünü göstərən sərt qarşıdurmadan öz mənfur marağı üçün yararlanmağa, müəyyən diplomatik-siyasi spekulyasiyalara baş vurmağa cəhdlər göstərməyəcək ki? Bu baş verdi. Ermənistan siyasi dairələri yaranmış gərgin durumdan öz maraqları naminə istifadə etməyə çalışdı, lakin... Bu dəfə də alınmadı. Bunun başlıca səbəbi Azərbaycan Prezidentinin qətiyyətli, müasir dövrün çağırışlarına cavab verən praqmatik siyasət xəttini inamla, ardıcıllıqla davam etdirməsidir.

Son Brüssel görüşü bunun əyani təsdiqidir. Həmin görüşə tərəflər bu ilin aprel ayında Brüsseldə apardıqları müzakirələrdə əldə edilən razılaşmalarla gəlmişdilər. Konkret olaraq, ikinci Brüssel görüşündə beş saat davam edən danışıqlarda Azərbaycanın irəli sürdüyü beş təklif qəbul edilmişdi. Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmiş, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyi öhdəsinə götürmüş, təhlükəsizliyə təhdid yaratmamağa söz vermiş, sərhədləri müəyyən etmək və nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etmək (Zəngəzur dəhlizini işə salmaq) məsələlərinin qəbuledilən olduğunu ifadə etmişdi.

Bu razılıqlar Azərbaycanın təklif etdiyi beş konkret müddəa əsasında əldə edilmişdir. Onlar aşağıdakılardır:

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlığın qurulması.

İlham Əliyev Avropada Cənubi Qafqazı xilas edir: region liderinin yeni uğuru

Baza prinsiplərinin liderlərin üçüncü Brüssel görüşündə qəbul edilməsi adi hadisə deyil. Bu, faktiki olaraq, regionun taleyini Azərbaycanın təklif etdiyi model üzrə müəyyən etməyə razılığın olması deməkdir. Nəzərə alsaq ki, hazırda Cənubi Qafqaz bir sıra geosiyasi məqamlara görə kifayət qədər həssas durumdadır, onda söhbətin regionun xilasından getdiyini deyə bilərik. Və bu təşəbbüsün təməlində Azərbaycan Prezidentinin siyasəti, qətiyyəti, konstruktiv və ədalətli mövqeyi dayanır.

Bu tezisi üçüncü Brüssel görüşündən sonra Şarl Mişelin onun nəticələri ilə bağlı ifadə etdiyi konkret fikirlər təsdiq edir. Avropa İttifaqı Şurasının Prezidenti aşağıdakı məzmunda nəticələrin əldə edildiyindən bəhs edib.

"Birincisi, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə reallaşacaq. Həmin iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq;

İkincisi, kommunikasiya ilə əlaqədar liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər;

Üçüncüsü, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirməyin zərurətini bildiriblər".

Bu ümumi müddəalar çərçivəsində humanitar məsələlərin həlli ciddi yer tutur. Bunlara minaların təmizlənməsi və itkin düşmüş insanların taleyi ilə bağlı məsələlərin müzakirəsi daxildir. Həmin məsələlər xüsusilə Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır. Çünki həm birinci, həm də ikinci Qarabağ savaşında ermənilər Azərbaycan ərazilərini minalamışdılar və çox sayda Azərbaycan vətəndaşının taleyi məlum deyil. Zaman-zaman aparılan araşdırmalar göstərir ki, işğalçılar azərbaycanlıları qətlə yetirərək kütləvi məzarlıqlarda basdırıblar. Bu kimi qeyri-insani vəhşiliklərin üzə çıxarılması və itkin hesab edilən insanların taleyinə aydınlıq gətirilməsi vacib işlərdəndir.

Rəsmi Bakının dəfələrlə bu məsələni qaldırmasına baxmayaraq, nə beynəlxalq təşkilatlar, nə də rəsmi İrəvan ciddi reaksiya vermirdilər. İndi isə Avropa İttifaqı rəsmi səviyyədə bu problemin olduğunu etiraf edir və onun həll edilməsi gərəkliyini bəyanlayır.

Azərbaycan diplomatiyası bu məsələni Qarabağın yenidən qurulması və insanların öz yurdlarına qayıtması zərurəti ilə uğurlu şəkildə əlaqələndirə bilib. Əgər Avropa İttifaqı bu prosesdə iştirak etmək istəyirsə, onda itkin düşən Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılmasına və minalanmış sahələrin təmizlənməsi işinə dəstək verməlidir. Azərbaycan Prezidenti üçüncü Brüssel görüşündə buna tam nail oldu və Şarl Mişel açıqlama verdi.

Bu bağlılıqda Şarl Mişelin açıqlamasında sərhəd məsələlərinin həllinin xüsusi yer tutması təsadüfi deyil. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası üçün birgə komissiya yaratmalı və bu komissiya təcili iclaslarına başlamalıdır. Şübhə yoxdur ki, bu da Azərbaycan Prezidentinin ciddi səylərinin nəticəsidir. Uzun müddətdir ki, İlham Əliyev ən yüksək səviyyələrdə həmin məsələnin həll edilməsi zərurətini vurğulayır.

Azərbaycan tərəfi bu məsələni Cənubi Qafqazda sülh, sabitlik, təhlükəsizliyin təmini və əməkdaşlıq üçün başlıca maneə adlandırır. Çünki sərhədlər qarşılıqlı surətdə tanınmasa, regionda heç bir halda qalıcı sülhdən və sabitlikdən danışmaq mümkün olmayacaq. Ermənistan rəhbərliyi mütəmadi olaraq müxtəlif bəhanələrlə yeni ərazi iddialarını irəli sürəcək. Azərbaycan rəhbərinin bu uzaqgörən mövqeyinin əsaslı olduğunu üçüncü Brüssel görüşündən sonra Ermənistandan yayılan informasiyalar da təsdiq etdi.

Məsələ ondan ibarətdir ki, Ermənistanın bir sıra siyasiləri və hətta rəsmi şəxslər Brüsseldə əldə edilən razılıqların bir qismini inkar etməyə çalışdılar. O cümlədən "Zəngəzur dəhlizi" adlı ifadənin müzakirə olunmadığından dəm vurdular. Onlar Ermənistan ərazisindən heç bir dəhlizin açıla bilməyəcəyi kimi absurd fikir ifadə etdilər. Lakin eyni həyasızlıqla "istəsəniz Naxçıvan dəhlizindən bəhs edə bilərik" kimi təxribatçı və əsassız fikirlər səsləndirdilər.

Erməni tərəfinin bu təxribatçı, qeyri-konstruktiv və aqressiv ritorikalı mövqeyinə Azərbaycan Prezidenti Zəngilandan təmkinli, lakin çox ciddi cavab verdi. İlham Əliyev bildirdi ki, əgər Azərbaycanın ərazi bütövlüyü tanınmasa, onda Azərbaycan da Ermənistanın sərhədlərini tanımayacaq. Və bizə qədim Azərbaycan torpağı olan Qərbi Zəngəzur çox yaxındır!

Hadisələrin gedişartı göstərdi ki, bu cür qətiyyətli mövqe erməniləri əməlli-başlı təlaşa salıb. Onlar dərhal susdular və hətta ən radikal müxaliflərdən bəziləri Ermənistanı tərk etməyə məcbur oldu. Yəni, Brüsseldə əldə edilən razılaşmalara əməl olunmasını rəsmi İrəvandan ciddi surətdə tələb edirlər. Deməli, üçüncü Brüssel görüşü bir daha göstərdi ki, Azərbaycanın Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaratmaq istiqamətində təşəbbüslərinin qarşısını heç kim bir qüvvə ala bilməyəcək!

Əksinə, indi dünyanın ən qüdrətli dövlətləri belə Bakı ilə əməkdaşlığa can atır və Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirirlər. Bunun bariz nümunələrindən biri ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə ünvanladığı məktubda ifadə edilən fikirlərdir.

Cozef Bayden Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda ifadə edir ki, son 30 il ərzində iki ölkə arasında enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrindəki əməkdaşlıq "tarixin mühüm anında" səmərəsini göstərir. Bunun nəticəsində hazırda Azərbaycan dünyanın enerji bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu fikir onu göstərir ki, Amerika Azərbaycanın region ilə yanaşı, dünya miqyasında fəaliyyətinin əhəmiyyətini qəbul edir və onunla əlaqələri inkişaf etdirməkdə qərarlıdır.

Azərbaycan: geosiyasətdə daha geniş statusa doğru...

Maraqlı və əhəmiyyətlidir ki, ABŞ-ın dövlət başçısı Azərbaycanın regional və qlobal miqyaslardakı rolunu artıq yalnız enerji təhlükəsizliyi ilə çərçivələmir. Cozef Bayden açıq vurğulayır ki, "Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik".

Bu onu göstərir ki, rəsmi Vaşinqton Azərbaycanın qlobal geosiyasi proseslərdə rolunu daha geniş aspektdə qəbul etməyə başlayıb. Azərbaycanın Ukrayna-Rusiya münaqişəsi kimi ciddi bir məsələdə müstəqil dövlət kimi öz siyasətini yeritməsi olduqca vacib faktordur. Bu o deməkdir ki, Azərbaycan qlobal geosiyasi-hərbi təhlükəsizlik məsələsində öz mövqeyi olan dövlət kimi tanınır. Üçüncü Brüssel görüşündə Azərbaycanın tələblərinin tam yerinə yetirilməsinin arxasında dayanan faktorlardan biri də məhz bununla bağlıdır!

Bütün bunlara görə təsadüfi deyildir ki, dünyanın ən qüdrətli dövlətinin başçısının məktubunda Azərbaycanın faydalı geosiyasi fəaliyyətində Ermənistanla barışın əldə olunması məsələsinin xüsusi yer tutduğu vurğulanıb. Cozef Bayden həmin aspektdə qeyd edir ki, "Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır".

Amerikanın həm Azərbaycana, həm də üçüncü Brüssel görüşündə əldə edilən razılaşmalara münasibəti, bizcə, tamamilə aydındır. Ağ ev administrasiyası Cənubi Qafqazda heç bir geosiyasi, iqtisadi, təhlükəsizlik, əməkdaşlıq məsələlərinin Azərbaycanın razılığı olmadan həll edilə bilməyəcəyini anlamaqdadır. Və bu, ancaq Amerikaya aid deyil. Son zamanlar İranın siyasətində müşahidə edilən bir sıra məqamlar rəsmi Tehranın da konstruktiv düşünməyə başladığını nümayiş etdirir.

Belə ki, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıları yaradılması haqqında Bakı ilə Tehran arasında razılıq əldə olunub. Bu məqam xüsusi olaraq "İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu"nda öz əksini tapıb. Xatırladaq ki, İranda bir qədər əvvəl, ümumiyyətlə, Zəngəzur dəhlizindən bəhs etməyi İran üçün təhlükə hesab edirdilər. Lakin Azərbaycan Prezidentinin məntiqli, əsaslı və milli maraqlara söykənən siyasəti rəsmi Tehranın da mövqeyinə yenidən nəzər salmasına əsas yaratdı. Və indi İran rəhbərliyi Zəngəzur dəhlizinin yaradılmasında iştirak etməyə hazırdır.

Bu o deməkdir ki, faktiki olaraq, Avropa və Amerika dayandırılması mümkün olmayan və Azərbaycanın iradəsi ilə həyata keçən regional geosiyasi prosesdən kənarda qalmamağa çalışır. Həm üçüncü Brüssel görüşünün nəticələri, həm də ABŞ Prezidenti Cozef Baydenin məktubu bu baxımdan gözlənilən idi.

Məsələnin digər tərəfi Azərbaycanın Cənubi Qafqazda Rusiya və Türkiyənin maraqlarını balanslaşdıra bilməsi ilə bağlıdır. Burada Gürcüstan faktorunu da unutmaq olmaz. Çünki rəsmi Tbilisi dəfələrlə bəyan edib ki, regional təhlükəsizlik məsələsində Azərbaycanla Türkiyənin atdığı addımları dəstəkləyir. Rusiya da Azərbaycanın fəaliyyətinə son dərəcə həssaslıqla yanaşır.

Rəsmi Moskva dəfələrlə bildirib ki, Azərbaycanın irəli sürdüyü "3+3" əməkdaşlıq formatını dəstəkləyir. Bundan başqa, Rusiya Azərbaycanla strateji müttəfiqlik sənədini imzalayıb. Hazırda Rusiya ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişlərinin imzalanması ilə bağlı müzakirələr aparılır. Bir sözlə, rəsmi Moskvanın Azərbaycanın regiondakı rolu ilə əlaqəli tamamilə müsbət mövqeyi mövcuddur.

Türkiyəyə gəldikdə isə, bu ölkə Azərbaycanın ən yaxın müttəfiqidir. Ankara Bakının atdığı bütün regional addımları dəstəkləyir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və burada sülhün bərqərar olması üçün Türkiyə imkanları daxilində bütün addımları atır. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistanla barışına lazım olan dəstəyi verməyə hazırdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev üçüncü Brüssel görüşündə əldə edilən razılıqları Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Bütün bunlar üçüncü Brüssel görüşünün geosiyasi əhəmiyyəti haqqında müəyyən fikirlər ifadə etməyə imkan verir. Hər şeydən öncə, aydın olur ki, Rusiya-Ukrayna münaqişəsinin fonunda belə Azərbaycanın regional sülhə nail olmaq istiqamətində atdığı addımları dünyanın bütün böyük gücləri qəbul edirlər. ABŞ, Rusiya, Avropa İttifaqı, Türkiyə və İran rəsmi Bakının təşəbbüslərini dəstəkləyirlər. Brüsseldə əldə edilən razılıqlar bunu təsdiq edir. Həmin razılıqlara böyük güclər etiraz etmir, hətta onların yerinə yetirilməsi zərurətini vurğulayırlar. Bu, Ermənistanın qeyri-konstruktiv və təcavüzkar siyasətinin artıq beynəlxalq dəstəyini itirməsi əlamətidir.

Digər geosiyasi məqam Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq sahəsində Cənubi Qafqazın həlledici gücü olması faktının Avropa İttifaqı tərəfindən qəbul edilməsi ilə əlaqəlidir. Üçüncü Brüssel görüşü sübut etdi ki, Avropa İttifaqı Cənubi Qafqazda geosiyasi rolunun taleyini başlıca olaraq Azərbaycanla münasibətlərdən asılı hesab edir. Buradan Brüsselin iki prosesin eyni zamanda təsirini nəzərə aldığı nəticəsini çıxarmaq olar.

Onlardan biri – Rusiya-Ukrayna savaşı fonunda enerji təhlükəsizliyinin əhəmiyyətinin daha da artması və bu prosesdə Azərbaycanın rolunun yeni səviyyəyə yüksəlməsi ciddi qəbul edilir. Son dövrlərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı həm də Mərkəzi Asiyadakı enerjidaşıyıcılarının Xəzər vasitəsi ilə nəqli kontekstində qiymətləndirilir.

İkinci faktor Azərbaycanın regional və qlobal təhlükəsizlik sisteminin formalaşmasında rolunun yenidən qiymətləndirilməsi ilə əlaqəlidir. Bu məsələdə də Avropa İttifaqı konstruktiv mövqe tutmağa başlayıb. Belə ki, Azərbaycanın təhlükəsizliyinə geniş geosiyasi məkanda –Avropa, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya miqyasında yanaşma tendensiyası üstünlük təşkil edir. Bu məkanda Azərbaycanın rolu yeniləşir.

Nəhayət, geosiyasi aspektdə aydın olur ki, Ermənistanın Cənubi Qafqazda yeni situasiya yaradılmasının qarşısını almaq üçün manevr imkanları tükənməkdədir. Artıq Ermənistanın daxili siyasi qüvvələrinin bu prosesə qarşı çıxan dairələri fəallıqlarının nəticə verməyəcəyinə inanmağa meyllənirlər. Bu isə o deməkdir ki, Azərbaycan tarixi əhəmiyyəti olan dəyişikliklərə müəlliflik edir. Öncələr çox aqressiv və bir çox məqamlarda saymazyana davranan erməni siyasi dairələri sakitləşməyə məhkumdurlar. Üçüncü Brüssel görüşündən sonra İrəvanın küçələrində etiraz edən və heç bir şeyə nail ola bilməyən revanşist qüvvələr özləri üçün nəticə çıxarmalıdırlar. Son Brüssel görüşünün siyasi-psixoloji təsirlərindən biri də məhz bundan ibarətdir.

Beləliklə, üçüncü Brüssel görüşünün geosiyasi nəticələri kifayət qədər ciddidir. Onun ümumi mahiyyəti Azərbaycanın Cənubi Qafqazı təhlükəsizlik, sabitlik və əməkdaşlığa daha da yaxınlaşdırmasından ibarətdir. Prezident İlham Əliyevin ardıcıl, qətiyyətli və əməkdaşlığın inkişafına istiqamətlənmiş siyasəti konkret bəhrələrini verməkdədir. Müstəqil Azərbaycan artıq Cənubi Qafqazın parlayan ulduzudur!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...