
Bakı, 26 may 2022 – Newtimes.az
Özümüzə güvənirik, öz gücümüzlə təmin edirik!
Bu gün siyasətçilərin, siyasətşünasların diqqət yetirdikləri və müzakirə etdikləri problemlərdən biri milli təhlükəsizlik məsələləridir. Bu, əslində, bir ölkənin və ya regionun problemi deyil. Hər bir dövlətin strateji kursunun - daxili və xarici siyasətinin hədəfləri sırasında milli təhlükəsizliyin təmin olunması müstəsna yer tutur.
XXI əsrin üçüncü
onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül,
siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, xarici
müdaxilələr və digər mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil
edir. Səbəblər müxtəlifdir. Siyasi hakimiyyətin nüfuzunun olmaması, səmərəli
idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s.
Ona görə də "rəngli ssenari”lər, xaos planları, iğtişaşlar, inqilablar,
çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə,
"milli” adətə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb.
Çox uzağa getməyək.
Regionumuzda da iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə
ziddiyyətlər və digər problemlər ölkələri öz ağuşuna alıb. Cənubi Qafqazın 3
ölkəsindən ikisi - Gürcüstan və Ermənistanda zaman-zaman (və tez-tez) siyasi və
hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis halları
müşahidə edilir. Azərbaycanın digər bir sıra qonşuları da milli təhlükəsizliyə
təhdid yaradan hallardan (iqtisadi geriləmə, ictimai münasibətlərdə
etimadsızlıq, beynəlxalq müstəvidə problemlər və s.) əziyyət çəkirlər. Bu, əslində,
daxili və xarici siyasətin düzgün prinsiplər, hədəflər əsasında qurulmamasından
qaynaqlanır.
Azərbaycan nümunəsi
isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İlham Əliyevin
uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi
mübarizə poliqonuna, "demokratiya laboratoriyası”na, dini, etnik müstəvidə
qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini
artırıb. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin
strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında
diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası – təhlükəsizlik məkanıdır.
Ölkəmizdə bərqərar
olmuş təhlükəsizlikdən bəhs edərkən bir sıra "ekspert”lər, "siyasətçilər”, hətta
bəzi ölkələrin rəsmiləri qərəzli yanaşmalara və subyektiv mülahizələrə yol
verirlər. Amma əslində, yaxşı bilirlər ki, Azərbaycanın öz təhlükəsizlik
modeli var. Ölkəmiz heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən,
hansısa təşkilat və qurumdan asılı deyil, öz təhlükəsizliyini təmin edir, yaxın
və ya uzaq ölkələrin təsirinə məruz qalmır: Liderin uğurlu daxili və xarici
siyasəti hesabına. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə
assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl
geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin
güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin
mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına hədəflənib.
Təhlükəsizlik məsələsində
ölkələr üç qrupda təsnif edilir:
- öz təhlükəsizliklərini
təmin edənlər;
- sabitlik mühiti
bağlı olduğu geosiyasi mərkəzlərdən asılı olanlar;
- qeyri-sabitlikdən,
xaosdan mütəmadi olaraq əziyyət çəkənlər.
Bəzi qonşu ölkələrdən
və region dövlətlərindən fərqli olaraq Azərbaycan birinci qrupda yer alanlar
sırasındadır. Bəs ölkəmizin təhlükəsizlik modelinin əsasında nə dayanır?
Bir əsas səbəb və
bir neçə xüsusi amil var. Əsas səbəb, qeyd etdiyimiz kimi, uğurlu strateji
kursun həyata keçirilməsidir. Xüsusi amillər isə çoxdur.
Daxili siyasət
faktorlarından bəhs etsək, qeyd edə bilərik ki:
- Əvvəla, Azərbaycan
siyasi təkamül yolu tutub. Siyasi təkamülə nail olmaq üçün yenilənən islahat
kursu ilə yeniləşmək, ictimai münasibətlərdə keyfiyyət dəyişikliklərinə nail
olmaq, idarəetmə standartlarını yüksəltmək və digər innovativ metodlardan
istifadə etmək lazımdır. Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil
edən mühüm amillərdən biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində
yeni və təkmil standartların tətbiq olunmasıdır. Prezident İlham Əliyevin
siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin
idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti idarəetmədə bir sıra
neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, hakimiyyət
komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında,
qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində
həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması İlham Əliyevin
güclü dövlət konsepsiyasının uğurla reallaşdırılmasından xəbər verir. Bu, həm də
ictimai etimada əsaslanan yeni münasibətlərin təşəkkülüdür. Elə sabitlik, təhlükəsizlik
amilidir;
- İlham Əliyev
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə bildirir.
Vətəndaş fərdi, cəmiyyət isə ictimai anlam daşıyır. Dolayısıyla, siyasətin mərkəzində
dayanan vətəndaşın rifahının yüksəldilməsi, mənafeyinin təmin olunması mühüm
ictimai-siyasi əhəmiyyət daşıyır. Dövlət başçısı güclü dövlət konsepsiyasının tərkib
hissəsi olan bu siyasətin reallaşdırılmasında ictimai amillərə xüsusi önəm
verir. Yəni vətəndaş fəallığının, təşəbbüskarlığının və iştirakçılığının təmin
olunması. Bu, bürokratiyanı və stereotipləri istisna edir, dövlət-vətəndaş ahəngdarlığını
yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir. Beləliklə,
insanların rifahının yüksəldilməsi, vətəndaşla dövlət arasında qarşılıqlı inam
və etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın sabitlik adası kimi
inkişafına təkan verir, ölkədə təhlükəsizlik mühiti möhkəmlənir;
- Üçüncüsü, ölkəmizdə
müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq
şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və
tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında
sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa,
inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Bir sözlə,
tolerant Azərbaycan yol və nümunə göstərir - islamofoblara, irqçi və mürtəce
qüvvələrə. Daha yaxşı dünya - sağlam bəşəriyyət naminə;
- Dördüncüsü,
ictimai-siyasi həmrəylik, xüsusilə də xalq-iqtidar birliyi milli təhlükəsizliyin
əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyev "Uzun illərdir ki, Azərbaycanda
sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim
siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki,
islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”,-
deyə qeyd edib. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin
Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və
etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini
göstərir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin
və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir,
bu siyasətə alternativ görmür.
İlham Əliyevin
milli maraqlara əsaslanan xarici siyasət strategiyası isə milli təhlükəsizliyin
fundamenti - möhkəm sütunlarından biridir. Başqa sözlə, Azərbaycan Liderinin
uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiya siyasəti Azərbaycanın
gücünü artırır, nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir.
Reallıqlar bəllidir:
- Dövlət başçısı
prinsipial, ardıcıl, milli maraqlara yönəlik siyasət həyata keçirir, beynəlxalq
arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında
xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün
ciddi iradə və əzm nümayiş etdirir. Müstəqil strateji kurs Azərbaycanın öz
inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına və
beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı inamla və qətiyyətlə
deyir: "Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç
kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm
ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik”;
- Regionda yeni təhlükəsizlik
və əməkdaşlıq arxitekturası məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında
formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, İlham Əliyevin
strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində
mümkün olur: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına
salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Prezidentimiz müdrik
dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də
vaxtı düzgün seçir: Azərbaycan nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara,
sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili
standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmir;
- İlham Əliyevin
strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara
adekvat cavab verən strateji kursu nəticəsində Azərbaycan, hətta bir-biri ilə əks
mövqelərdə dayanan qütblər - güc mərkəzləri tərəfindən perspektivli tərəfdaş
kimi qəbul edilir, Bakının mövqeyinə üstünlük, İlham Əliyevin rəyinə önəm
verilir. Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm
halqalarından biridir. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi zamanı
olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik,
əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur.
Üstəlik, Şərqi Avropada III Dünya müharibəsi və "yeni dünya düzəninə keçid”
kimi dəyərləndirilən Rusiya-Ukrayna savaşının davam etdiyi vaxtda və şəraitdə
geosiyasi diqqət yenə də Cənubi Qafqazın diplomatiya paytaxtı olan Bakıya yönəlib.
Bütün bunlar Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas
qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir;
- Bu gün Azərbaycan
təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni
reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. Ölkəmizdə
mötəbər tədbirlərin, görüşlərin keçirilməsi, qlobal siyasi atmosferə təsir
imkanlarına malik elita tərəfindən taleyüklü məsələlərin müzakirəyə çıxarılması
və digər bu kimi nümunələr iki məqamı ifadə edir: ölkəmizə inam və etimad yüksəkdir;
Azərbaycandakı təhlükəsizlik mühiti yüksək dəyərləndirilir;
- Reallıqlar həm də
onu təsdiqləyir ki, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri
üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik
məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları
(dövlətimizin başçısına göndərilən məktublarda əksini tapan məqamlar xüsusi
qeyd edilməlidir) da bu səpkidə xüsusi əhəmiyyət daşıyır.
- Azərbaycan nəinki
öz təhlükəsizliyini təmin edir, hətta regional sabitliyə və inkişafa çox mühüm
töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə çoxtərəfli regional əməkdaşlıq
formatları yaradılır. 44 günlük müharibədə qalib gələn ölkəmiz 100 ilik
geostrateji arxitekturanı dəyişdirir;
- Regionda yeni
geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül
tapması isə diqqəti cəlb edir. Xüsusi vurğulamaq gərəkdir ki, iki dost, qardaş
və tərəfdaş ölkə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin
strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bəyannamə
regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən
yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi
təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik
mexanizmi yaratmasıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq
haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə
əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji
məzmun verib, bölgədə yeni təhlükəsizlik amilinə çevrilib. Yeri gəlmişkən,
Prezident Rəcəb Tayyib Ərdoğan 28 may - Müstəqillik Günü münasibətilə Prezident
İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib ki, "bir millət, iki dövlət”
şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə
uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi
keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz
qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın
və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram”.
- Azərbaycanın
geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat
dəhlizinin yaradılması isə regional təhlükəsizlik faktoru olmaqla yanaşı, mühüm
siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt
mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi
platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş
coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır.
Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik
davranış ortaya qoymaq lazımdır. İndi ölkəmizin təşəbbüsü ilə yaranan təhlükəsizlik
mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı
üçün geniş imkanlar açır.
Şübhəsiz ki, Azərbaycanın
yüksəlişi - siyasi üstünlüyünü möhkəmləndirməsi, iqtisadi imkanlarını
artırması, beynəlxalq mövqeyini gücləndirməsi və digər amillər müəyyən
geosiyasi planlara malik olan mərkəzləri, hətta bəzi region dövlətlərini
narahat edir. Sirr deyil ki, bundan öncə "rəngli inqilab” ssenarilərini,
xaos planlarını ölkəmizə qarşı tətbiq etmək cəhdləri olub. 2005-ci və 2012-ci
illərdə daxili marionetlərdən istifadə etməklə Azərbaycanda hərc-mərclik və
anarxiya yaratmaq cəhdləri iflasa uğrayıb. Din amilindən istifadə edərək ölkəmizdə
həmrəylik, birlik mühitinə zərbə vurmaq niyyəti də fiasko ilə nəticələnib. Və
bu günə qədər Azərbaycan sabitlik adası, təhlükəsizlik məkanı və inkişaf diyarı
kimi səciyyələndirilir. Xaossevərlər İlham Əliyevin milli birlik siyasətinə,
Liderlik fenomeninə, Azərbaycan xalqının qətiyyətinə - iradəsinə məğlub
olublar. Dövlət başçısı bu məqamlara toxunaraq deyib: "Hədəf Azərbaycandır, Azərbaycan
rəhbərliyidir. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab
alınmadı, çevriliş alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən
istifadə edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni
üsullar axtarılır...”.
Bu gün müstəqil,
qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycana qarşı informasiya təxribatları,
qara piar kampaniyası aparılsa da, ölkəni xaos meydanına çevirmək mümkün deyil.
Azərbaycan 4 sütun üzərində öz sarsılmazlığını təmin edib: İlham Əliyevin siyasəti;
xalqın iradəsi; xalq-Lider birliyi və ya milli həmrəylik; tarixi Qələbə - möhtəşəm
Zəfər! Nəhayət, Azərbaycanın sabitlik və təhlükəsizlik modeli "Özümüzə güvənirik,
öz gücümüzlə təmin edirik” formulu və prinsipi üzərində qurulub. Bunun fərqində
olan bəziləri qəbul etmək istəməsələr də... reallıq budur!
Nurlan Qələndərli
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...