THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na yeni yanaşması: İlham Əliyev diplomatiyasının strateji uğuru

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
26902
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 avqust 2021 – Newtimes.az

Qərbdə yeni dünya nizamının mərkəzinə çevrilmək hüququ uğrunda daxili rəqabətin geniş vüsət aldığı hazırkı tarixi şəraitdə Avropa İttifaqı özünün siyasi kursunda dəyişikliklər etməyə çalışır. Ekspertlər bunu qlobal miqyasda geosiyasi mənzərədə son illər özünü göstərən ciddi transformasiyalarla da əlaqələndirirlər. Bu çərçivədə Brüsselin "Şərq Tərəfdaşlığı" Proqramı ilə bağlı atdığı addımlar böyük maraq doğurur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesi bu baxımdan ekspertlərin diqqət mərkəzində qalmaqdadır. Bu səfərin coğrafi olaraq Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə etməsindən əlavə, Batumidə keçirilən beynəlxalq konfransa Ukrayna və Moldova prezidentlərinin də dəvət edilməsi ilə fərqlənməsi avropalı siyasətçinin əsas olaraq "Şərq Tərəfdaşlığı" Proqramı kontekstində hərəkət etdiyini göstərir. Üstəlik, Ş.Mişel həmin Proqramın üzvlərinin hər biri ilə bağlı konkret əməkdaşlıq tezisləri irəli sürdü. Üzv dövlətlərin başçıları da öz növbəsində mövqelərini aydın ifadə etdilər. Bütün bu məqamlar üzərində regional və qlobal geosiyasi transformasiyanın prizmasından təhlili dayanmağa ehtiyac vardır.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi proseslər: Brüsselin mövqeyi

Hələ keçən əsrin 90-cı illərindən ekspertlər Avropa İttifaqını postsovet məkanı ölkələrinə "eyni qəlib"də baxmaqda ittiham edirdilər. Xüsusilə Cənubi Qafqazda təcavüzə məruz qalmış Azərbaycanla təcavüzkar Ermənistana münasibətdə fərq qoyulmaması Brüsselə regiona münasibətdə ədalətli, balanslı və obyektiv mövqe tutmağa ciddi mane olurdu. İndi bu aspektdə hər hansı real dəyişiklik hiss edilirmi?

Bu suala Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri fonunda cavab tapmaq olar. Lakin əvvəlcə Aİ rəsmisinin səfəri öncəsi regionun geosiyasi mənzərəsinin bir sıra özəllikləri üzərində dayanaq. Əslində, burada regional miqyasla yanaşı, qlobal səviyyəli geosiyasi proseslər də nəzərə alınmalıdır.

Şübhəsiz ki, hər şeydən əvvəl, İkinci Qarabağ müharibəsi diqqətə alınmalıdır. Azərbaycan 44 günlük Vətən müharibəsinin gedişində ərazi bütövlüyünü təmin etmək məqsədi daşıyan hərbi əməliyyatlarla Cənubi Qafqazın geosiyasi mənzərəsinin dinamikasını və təkamül tendensiyasını yenilədi. Əldə edilən qələbə regionda sabitlik, əməkdaşlıq və davamlı təhlükəsizliyi təmin edə biləcək gücün (Azərbaycan-Rusiya-Türkiyə "strateji üçbucağı"nın) formalaşdığını göstərdi. 10 noyabr tarixli üçtərəfli razılaşma bunun real təsdiqi oldu.

Aydın idi ki, artıq regionda proseslər 44 günlük müharibəyə qədərki dövr ərzində mövcud olan məntiq çərçivəsində getməyəcək. Aİ uzun illər idi ki, region ölkələri istiqamətində məhz həmin məntiq üzərində siyasətini qururdu. Brüssel bunu həm ikitərəfli əlaqələr çərçivəsində, həm də "Şərq Tərəfdaşlığı" daxilində edirdi.

Deməli, 44 günlük müharibə hər bir geosiyasi güc kimi, Avropa İttifaqı qarşısında da yeni reallığa hesablanmış siyasət yeritmək zərurətini qoydu. Ş.Mişelin regiona səfərinə, hər şeydən öncə, məhz bu fakt prizmasından qiymət vermək gərəkdir. Lakin həmin kontekstdə başqa bir əhəmiyyətli məqamı da vurğulamaq lazımdır. Biz, XXI əsrin gəlişi ilə Cənubi Qafqaz ölkələrinin hər birinin ayrılıqda Brüssellə münasibətləri qurma məntiqini nəzərdə tuturuq. Burada əvvəlcə iki xətt özünü göstərirdi. Bunlardan birincisi Ermənistan və Gürcüstanın yeritdikləri və Aİ ilə assosiativ üzvlüyü hədəfləyən xətt idi. Sonradan Ermənistan qəfil öz mövqeyini dəyişdi və Rusiyanın təklif etdiyi geosiyasi əməkdaşlıq modelini seçdi. Bununla Cənubi Qafqazda həm geosiyasi qeyri-müəyyənlik artdı, həm də Tbilisi təkləndi. Buna rəğmən, Gürcüstan "assosiativlik strategiyası"ndan kənara çıxmadı.

İkinci xətti Azərbaycan həyata keçirirdi. Rəsmi Bakı Aİ ilə assosiativ üzvlük çərçivəsində deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq məntiqi üzrə əlaqələr qurmağa üstünlük verdi. Azərbaycan Prezidenti Avropa İttifaqı ilə bir təşkilat kimi əlaqələri rasional müstəvidə inkişaf etdirdi. Bununla yanaşı, təşkilatın ayrı-ayrı üzvləri ilə strateji xarakterli əlaqələr quruldu. Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması bunun təsdiqidir. Bu məqamı Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri də çox müsbət qiymətləndirirlər. Və Azərbaycan rəhbəri bu siyasəti davamlı olaraq, qətiyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun reallaşdırmaqdadır.

Nəticədə, artıq 2013-cü ildə Brüssel seçim qarşısında qaldı. Əvvəla, anladı ki, Cənubi Qafqazın hər bir ölkəsi ilə "assosiativlik dili"ndə danışa bilməyəcək. İkincisi, region ölkələrini "eyni qəlib"də görməyin perspektivsizlyini dərk etdi. Həmin məqam təşkilatın 2015-ci ildə qonşuluq siyasətində etdiyi düzəlişlərdə öz əksini tapdı.

Bununla 2020-ci ilə Avropa İttifaqı Cənubi Qafqaz siyasətində qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün qəbul etdiyi bir sıra yeni konkret punktlarla qədəm qoydu. Üstəlik, Azərbaycanla bağlı siyasi, iqtisadi, enerji və nəqliyyat sferalarında tamamilə yeni situasiya yaranmışdı. Faktlar bunu sübut edir. Belə ki, 2020-ci ilə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və digər vacib sənədlər mövcuddur. Bunlar əhatəli əməkdaşlığın əsaslarını müəyyənləşdirən konkret faktlardır. Bu sırada mütləq qeyd etməliyik ki, Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması xüsusi əhəmiyyətə malikdir. Bu, faktiki olaraq, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının hüquqi təsbitidir. Bizim üçün ayrıca əhəmiyyət daşıyır ki, həmin sənəddə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin təmininə və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi yer alıb.

Bunlardan başqa, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Azərbaycan ticarətinin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard dollar təşkil edir. Təşkilata üzv olan dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda iş qurub.

Tərəflər arasında strateji əhəmiyyətli enerji və nəqliyyat əlaqələri yüksək səviyyədədir. Aİ rəsmiləri açıq etiraf edirlər ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu danılmazdır. Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Bu perspektivli və səmərəli layihəyə ümumilikdə 33 milyard ABŞ dollarından çox sərmayə yatırılıb.

Bunlar tərəflərin 2020-ci ilin payızına perspektivli əməkdaşlığı davam etdirmək üçün kifayət qədər real əlaqələr bazasına malik olduğunu nümayiş etdirir. Məhz bu tezisdən çıxış edərək deyə bilərik ki, Brüsseli daha böyük sürprizlər məhz 2020-ci ildə gözləyirmiş. Həmin ildə Azərbaycan ortaya yeni geosiyasi reallıqları qoydu və bu faktla hər kəsin barışması tələbi qətiyyətlə irəli sürüldü. Şübhəsiz, həmin reallıq təcrübəli siyasətçi Ş.Mişelin nə dərəcədə mürəkkəb və yeni situasiyada Brüsseli qane edə bilən addım atmalı olduğu zərurətini də meydana gətirirdi.

Üstəlik, Avropa İttifaqı iki yeni məqamı nəzərə almalı idi. Birincisi, Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycan rəhbərliyi hərbi-siyasi yolla təkbaşına tarixi ədaləti bərpa etməklə həll etmişdi. İkincisi, regionda güclü Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq modeli meydana gəlmişdi. Hər iki məqam Aİ-dən iddialı geosiyasi mərkəz kimi region istiqamətindəki kursuna yenidən baxmağı, daha realist olmağı tələb edirdi. Eyni zamanda, Avropa İttifaqı Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq modeli ilə yanaşı, ABŞ-ı da yeni reallığa uyğun şəkildə diqqətə almalı idi. Proseslər göstərir ki, Brüssel məhz bu iki şərti ciddi surətdə nəzərə alaraq Cənubi Qafqazda fəallaşmağa çalışır.

Vurğulanan aspektdə görünən odur ki, Brüssel Vaşinqtonun geosiyasi, diplomatik və siyasi dəstəyindən istifadə edərək regionda daha da fəallaşmağa can atmaqla bərabər, Rusiyanın təsirinin azalmasına da çalışır. Bunun nə dərəcədə perspektivli olduğu üzərində dayanmırıq. Onu vurğulamaq istərdik ki, Ş.Mişelin regiona səfəri yuxarıda qeyd edilən məqamları təsdiq edən konkret faktlarla zəngindir. Onların üzərində bir qədər geniş dayanaq.

"Mişel modeli": Avropa İttifaqı mövqeyinə düzəlişlər edir

Ekspertlər Ş.Mişelin Cənubi Qafqaza səfərini iki aspektdə analiz edirlər. Onlardan birincisi təşkilatın bu regiona yanaşma səviyyəsini ifadə edir. İkinci aspekt isə postmünaqişə mərhələsində Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin başlıca prinsiplərinin təsbiti ilə əlaqəlidir. Həmin aspektdə bir sıra ekspertlər Aİ-nin təkliflərini qarşılıqlı əlaqələrin "Mişel modeli" kimi ifadə edirlər. Təbii ki, bu, şərti ifadədir. Lakin burada bir incə məqam vardır.

Məsələ ondan ibarətdir ki, Ş.Mişelin timsalında Aİ-nin etdiyi təkliflər məzmun və mahiyyət etibarı ilə Azərbaycan Prezidentinin bir neçə ildir ki, Aİ-Azərbaycan münasibətlərinin inkişafı ilə əlaqədar irəli sürdüyü tezislərə Brüsselin bir qədər də yaxınlaşdığını göstərir. Bu məqam iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyevin ifadə etdiyi tezislərdə və onlara Ş.Mişelin münasibətində özünü göstərdi. Konkret olaraq, İlham Əliyev Ş.Mişellə birgə keçirdiyi mətbuat konfransında təşkilatla Azərbaycanın əməkdaşlığının ana istiqamətlərini bir daha açıqladı.

Ümumi səviyyədə Aİ-Azərbaycan münasibətləri geniş və əhatəlidir. Azərbaycan Prezidenti bu münasibətləri geosiyasi aspektdə "yaxın tərəfdaş" münasibətləri kimi qiymətləndirir. Əlaqələr "müxtəlif sahələri" əhatə edir. Tərəflər arasında "güclü siyasi təmaslar" mövcuddur. Bütün bunlar "əlaqələrin şaxələndirilməsi üçün yaxşı təməl yaradır".

Bu proseslərin başlıca istiqamətlərini isə dövlət başçısı aşağıdakı kimi təsnifatlaşdırır. Birincisi, "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır". İkincisi, Aİ və Azərbaycan enerji təhlükəsizliyi məsələsi ilə bağlıdırlar. Üçüncüsü, Azərbaycan-Aİ münasibətlərində nəhəng enerji layihələri xüsusi yer tutur. Dördüncüsü, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə yönəlmiş 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin yaratdığı yeni reallıqlar tərəflər arasında münasibətlərdə ciddi surətdə nəzərə alınmalıdır və daim gündəlikdə olmalıdır.

Azərbaycanın dövlət başçısı vurğulanan aspektdə onu da ifadə edib ki, ölkəmiz Aİ ilə münasibətlərdə etibarlı tərəfdaş olduğunu həyata keçirdiyi konkret layihələrlə sübut edib. Belə ki, ötən ilin son günlərində istismara verilən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti – Trans-Adriatik kəməri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə artıq 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində tutduğu yerin müstəsnalığına dəlalət edir. Ələt Beynəlxalq Ticarət Limanının açılışı ölkəmizin logistik və nəqliyyat imkanlarını genişləndirib. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə irimiqyaslı investisiyalar yatırıb.

Nəhayət, bütün bunları ümumiləşdirərək İlham Əliyev qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı olduqca dəqiq, dolğun və lakonik fikir irəli sürüb. Azərbaycan Prezidenti deyib: "Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq".

Bu fikirlərdə rəsmi Bakının Brüssellə münasibətləri inkişaf etdirmək niyyətinin başlıca məqamları aydın ifadə olunub. İndi məsələyə Ş.Mişelin söylədiklərinin prizmasından baxaq. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın dövlət başçısını dinlədikdən sonra təmsil etdiyi təşkilatın mövqeyini belə ifadə edib: "...biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik". Burada avropalı diplomatın "yeni təkan" dedikdə, nələri nəzərdə tutduğunu vurğulamaq lazımdır.

Hər şeydən öncə, bu tezis onu göstərir ki, Brüssel Azərbaycan rəhbərliyinin əlaqələri "yaxın tərəfdaşlıq" kimi qiymətləndirməsi ilə razıdır. Bununla yanaşı, rəsmi Bakı kimi, Brüssel də meydana gələn yeni reallıqların məntiqinə uyğun olaraq münasibətləri yeni səviyyəyə qaldırmaqda maraqlıdır. Bunun üçün Brüssel iki istiqaməti vacib hesab edir. Onları Ş.Mişel belə ifadə edib:

Birincisi, "Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır".

İkincisi, "digər mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"na həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir".

Şərti olaraq "Mişel modeli" dediyimiz konseptual müddəada onun (Ş.Mişelin) yanaşmasının iki istiqaməti ifadə olunub. Onlardan birincisi Aİ-nin Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi nəzərdən keçirməsindən ibarətdir. Bu çərçivədə Brüssel Azərbaycanı müstəqil inkişaf edən, yeni texnologiyalara həssas yanaşan və müasir tələblər çərçivəsində bu istiqamətdə əməkdaşlıq edən dövlət olaraq qəbul edir. Həmin səbəbdən də Ş.Mişel qarşılıqlı əlaqələrdə konkret olaraq "innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlığı" vurğulayır. Bu cür əməkdaşlıqda isə münasibətlərin təməl daşını "iqlim dəyişmələri və rəqəmsal inqilab" təşkil etməlidir.

Sonuncu fikir Aİ-nin Azərbaycana münasibətinin strateji aspektinin vacib bir cəhətini ifadə edir. Daha doğrusu, Brüssel iqlim dəyişməsi kimi qlobal xarakterli mürəkkəb bir problemin həllində Azərbaycanla birgə fəaliyyətdə maraqlıdır. Bu, təşkilatın Azərbaycanın bu istiqamətdə nəzəri və praktiki potensialına inamını ifadə edir. Ayrılıqda rəqəmsal inqilabdan bəhs etmək isə, Avropanın Azərbaycanı dünyanın qabaqcıl elm, texnologiya və innovasiya məkanlarından biri kimi gördüyünə işarədir. Məsələnin bu cəhəti üzərində bir qədər geniş dayanaq.

Bir neçə il bundan öncə (2016-cı ildə) dünyada tanınmış alimlərdən olan Klaus Şvabın dördüncü sənaye inqilabı ilə bağlı fundamental əsəri işıq üzü gördü. Bu əsər 2020-ci ildə Azərbaycan dilinə tərcümə edilib. "Dördüncü Sənaye İnqilabı" adlı məşhur əsərə mütəxəssislərin böyük marağının əsas səbəbi isveçrəli alimin müasir dünyanın inkişafında yeni mərhələnin başladığını əsaslandırması və onu "dördüncü sənaye inqilabı" kimi ifadə etməsidir. Həmin hadisənin başqa ifadəsi "rəqəmsal inqilab"dır. K.Şvab hesab edir ki, rəqəmsal inqilabı dərk edib, ona uyğun davranmayan dövlətlərin perspektivi yoxdur. Azərbaycan Prezidenti isə bir neçə il bundan əvvəl Azərbaycanın inkişafını rəqəmsal inqilabla birbaşa əlaqələndirib. Və Azərbaycanda artıq məhz bu faktor nəzərə alınaraq inkişaf proqramları hazırlanıb. Deməli, Avropa İttifaqı da həmin məqamı görür, qəbul edir və bu əsasda Azərbaycanla münasibətlərin perspektivini rəqəmsal inqilab sahəsində sıx əməkdaşlıqda görür.

"Şərq Tərəfdaşlığı" Proqramının üç "seqmenti": müstəqil tərəfdaş, "inteqrasiya trio"su və qeyri-müəyyənlik sahəsi

Təbii ki, bu cəhət tərəflər arasında münasibətlərin strateji aspektinin ana xəttini təşkil edir. Bundan başqa, Ş.Mişelin həmin bağlılıqda "Şərq Tərəfdaşlığı" Proqramından bəhs etməsi geosiyasi kontekstdə diqqəti cəlb edən özəllikdir. Ş.Mişel məsələnin bu aspektini aşağıdakı kimi izah edib: "Siz haqlı qeyd etdiniz ki, çox sayda "Şərq Tərəfdaşlığı" ölkələrinə səfərim bir işarədir. Bu, Avropa İttifaqının bu regionda apardığı işinin işarəsidir, mesajıdır. Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və "Şərq Tərəfdaşlığı"na aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir".

Brüsselin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində atdığı bu addım geosiyasi kontekstdə bir sıra prinsipial məqamları gündəmə gətirir. Onların bir qrupu təşkilatın həmin Proqrama daxil olan ölkələr istiqamətində yeritdiyi siyasətin məzmununa aiddir. Digər qrupu isə "Şərq Tərəfdaşlığı" Proqramının öz daxilində lokallaşmanın meydana çıxdığını göstərir. Birinci qrup məqamlar onu göstərir ki, Aİ postsovet məkanında, o cümlədən Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları nəzərə alaraq "Şərq Tərəfdaşlığı" ölkələrinə yönəlik siyasətində düzəlişlər edir. İkinci qrup geosiyasi məqamlar isə ondan xəbər verir ki, bu Proqrama daxil olanların üçü (Ukrayna, Moldova və Gürcüstan) özlərini digər üzvlərdən "fərqləndirməyə" başlayıblar. Onlar hesab edirlər ki, Aİ-yə inteqrasiya üçün onların daha çox əsasları var. Onun konkret ifadəsi bu il mayın 17-də Kiyevdə Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirlərinin görüşərək "assosiasiya edilmiş üçlük" adlı qrup yaratmaları oldu.

Bu hadisəyə həsr edilmiş mətbuat konfransında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan etmişdi ki, bu format bütövlükdə Avropa inteqrasiyası istiqamətində gücləndirilmiş əməkdaşlığı ifadə edir. Bu, üç dövlətin Avropa inteqrasiyasını qarant altına almalarını göstərir. Nəhayət, həmin dövlətlərin Aİ-yə üzv olmaq iddiasını ortaya qoyur. İyunun 24-də isə "üçlüy"ün Brüsselə səfəri zamanı rəqəmsal keçiddə əməkdaşlıqla bağlı razılıq əldə edilib. Bu proseslərin əsl geosiyasi mahiyyətini D.Kuleba belə izah edib: başlıca məqsədləri "rus dünyası"ndan təcrid olaraq, Avropaya inteqrasiya etməkdir.

Beləliklə, "Şərq Tərəfdaşlığı"na üzv dövlətlərin Aİ siyasətində konkret fərqlərin meydana gəldiyi nəticəsini ala bilərik. İndi Ukrayna, Gürcüstan və Moldova "daha güclü inteqrasiya" müstəvisinə keçdiklərini düşünür və bu aspektdə digər üzvlərdən "fərqləndiklərini" hesab edirlər. Belarus, ümumiyyətlə, bu Proqramdan çıxıb. Ermənistan hələ də ikili oyun aparır – nə Rusiyanın irəli sürdüyü Avrasiya inteqrasiya modelindən imtina edir, nə də Aİ-dən imtina etdiyini konkret söyləmir. Bununla Ermənistan Cənubi Qafqaz regionunda qeyri-müəyyən geosiyasi mənzərənin qalmasına çalışır.

Bunlardan fərqli olaraq, Azərbaycan müstəqil dövlət olaraq Aİ ilə sıx əməkdaşlıq xəttini davam etdirir və hətta "assosiasiya edilmiş üçlüy"ün də iştirak etdiyi rəqəmsal keçiddə aktiv iştirakçıdır. Yəni Brüssel Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi müasir inkişaf istiqamətləri üzrə əməkdaşlıqda maraqlıdır.

Vurğulanan yeni məqamları nəzərə alsaq, "Şərq Tərəfdaşlığı" Proqramının üç seqmentə bölündüyünü görərik. Birinci seqment üç üzvün "daha sürətli inteqrasiya" yolunu seçməsi ilə əlaqəlidir. İkinci seqmenti bir üzvün – Ermənistanın Proqramın taleyinə qeyri-müəyyənlik gətirməkdə davam etməsi ilə bağlıdır. Üçüncü seqment isə Azərbaycanın timsalında qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan perspektivli əməkdaşlıq sahəsindən ibarətdir. Biz Belarusu nəzərə almırıq, çünki onu artıq "oyun xaricində olan faktor" kimi qəbul etmək olar.

Bunların fonunda Ş.Mişelin Cənubi Qafqaz turnesi zamanı Azərbaycanda səsləndirdiyi fikirlər maraq doğurmaya bilməz. Yuxarıda vurğuladığımız kimi, avropalı siyasətçi, faktiki olaraq, Azərbaycan Prezidentinin mövqeyinə yaxın olan tezislər söyləyib. Bu o deməkdir ki, Azərbaycanla Aİ arasında ziddiyyətlərdən deyil, qarşılıqlı fayda verən əməkdaşlığın yeni səviyyəyə yüksəlməsindən danışmaq daha doğru olardı. İqlim dəyişməsi və rəqəmsal inqilab sahələri ilə yanaşı, Ş.Mişel Azərbaycan və Ermənistanla bağlı vəziyyəti və regional əməkdaşlığın vacibliyini də vurğulayıb.

Azərbaycan və Ermənistanla bağlı vəziyyət kontekstində Ş.Mişel deyib: "Üçüncü məsələ, Siz onu qeyd etdiniz, Azərbaycan və Ermənistanla bağlı vəziyyətdir. Sizə, əslində, təşəkkürümü bildirmək istəyirəm ki, hətta, bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu".

Regional vəziyyətlə əlaqədar Azərbaycan Prezidentinin tutduğu mövqeni Aİ qəbul edir. Bu, mühüm məqamdır. Əgər Brüssel bu mövqeyində qətiyyətli olsa, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən təhlükəsizlik modeli uğurlu olar. Ermənistanın konstruktiv mövqeyə gəlməsinə Brüssel yardım göstərə bilər. Bunun üçün Avropa İttifaqının Ermənistana təsir rıçaqları var. Onların əhəmiyyətli hissəsini Ş.Mişel İrəvanda erməni hakimiyyətinə ifadə edib. Aİ Ermənistana 2,6 milyard avro həcmində yardım göstərməyi öhdəsinə götürüb. Bu o deməkdir ki, Ermənistan kimi kiçik bir ölkə Avropa İttifaqının böyük ölçüdə mərhəmətinə sığınmaq istəyir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gedişata həssas yanaşıb. O deyib ki, Avropa Ermənistan və Gürcüstana böyük məbləğdə yardım etməklə, onları öz tərəfinə çəkir və təsiri altına alır. Bu fikirlərin kontekstində regional təhlükəsizliyin təminində Brüsselin İrəvana təzyiq etməsi ehtimalını istisna etmək olmaz.

Nəhayət, sonuncu məsələ regional əməkdaşlıqla əlaqəlidir. Ş.Mişel region ölkələrinin iqtisadi əməkdaşlığına, kommunikasiyaların açılmasına və bölgə dövlətlərinin Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib. O, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya məsələlərində ekspertlər səviyyəsində yardım göstərilməsinə razı olduğunu da vurğulayıb. Ş.Mişel nitqində Dağlıq Qarabağ, status və s. bu kimi ifadələri işlətməyib, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələləri "mübahisə" adlandırıb. Bununla bərabər, artıq qeyd etdiyimiz kimi, Avropa İttifaqının Prezidenti Azərbaycan dövlətinin başçısına regional vəziyyətlə bağlı məsələlərdə tutduğu konstruktiv mövqeyə görə təşəkkürünü bildirib. Ş.Mişel bu aspektdə ifadə edib: "...Enerji sektorunun bütün regionda və hətta onun sərhədlərindən kənarda əhəmiyyətini qeyd etdiniz. İnfrastrukturun əhəmiyyəti var. Bu, xüsusən də daşımalara, onların müxtəlif marşrutlarına aiddir. Bu mövzunu da müzakirə etdik. Bu halda, həmçinin Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır".

Bu fikirlərdən görünür ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır. Cənubi Qafqazda başlıca olaraq müstəqil tərəfdaş kimi Azərbaycanla əməkdaşlığa can atır. Ermənistana isə yardımlar etməyə üstünlük verir. Gürcüstanla "daha güclü inteqrasiya" modeli axtarışı çərçivəsində əlaqələri inkişaf etdirməyə cəhd göstərir.

Aİ-nin "Şərq Tərəfdaşlığı" çərçivəsində həyata keçirməyi hədəflədiyi yeni siyasi kursun əsas cəhətlərini ümumiləşdirmək olar. Hər şeydən öncə, aydın olur ki, Ş.Mişelin səfərinin trayektoriyası yuxarıda vurğuladığımız hər bir "seqmenti" ardıcıl qaydada ziyarətlə üst-üstə düşür: Ermənistana milyardlar vəd edildikdən sonra Azərbaycanda bərabərhüquqlu tərəfdaşlıq haqqında və bundan sonra da "assosiasiya edilmiş üçlük"lə aparılan danışıqlar. İyul ayında Batumidə keçirilən beynəlxalq konfransın "Avropa İttifaqının cəlbetmə gücü və regionun transformasiyası" adı altında keçməsi təsadüfi deyil. Təşkilatçılar bununla dünyaya iki məqamı bəyan edirdilər. Birincisi, Aİ-nin yeni iradə ilə cəlbetmə dərəcəsini artırmaq niyyəti ifadə olunur. İkincisi, bunun əsas nəticələrindən biri regionun transformasiyası, yəni yeni geosiyasi dinamikaya keçməsidir.

Bu faktın fonunda Batumi beynəlxalq konfransında Ukrayna, Gürcüstan və Moldova prezidentlərinin iştirakı və onların ortaq bəyannamə imzalaması "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində də maraq doğurur. "Üçlük", faktiki olaraq, bu Proqrama fərqli yanaşma zərurətini ortaya qoyur. Konkret olaraq, bir sıra ekspertlər artıq "Şərq Tərəfdaşlığı"na alternativin yaradıldığını, digərləri hətta onun parçalandığını, üçüncülər isə sadəcə yeni formata keçdiyini iddia edirlər.

Hər bir halda, Aİ "trio"nu alqışlayır və münasibətlərin dərinləşməsi istiqamətində birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu deyir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bu hadisəni təşkilatla tərəfdaş ölkələr arasında əlaqələrin inkişafı çərçivəsində deyil, həm də tərəfdaş ölkələrin öz aralarında münasibətlərin inkişafı baxımından qiymətləndirir.

Bu cür yanaşmanın geosiyasi mənasının olduğunu düşünürük. Belə ki, Brüssel "Şərq Tərəfdaşlığı"na daxil olan üç ölkənin seçimini daha çox geosiyasi aspektdə qiymətləndirir. Yəni postsovet məkanının üç dövləti koordinasiyalı hərəkət edirlər və bu zaman üzlərini Avropaya tuturlarsa, arxalarını Rusiyaya çevirirlər. Bu isə təbii ki, Brüsselə "onlar özləri istəyirlər" tezisini irəli sürməyə imkan verir.

Lakin burada siyasi və geosiyasi olaraq bir incə məqam mövcuddur. Əgər yuxarıda aparılan təhlilə ümumi mövqedən baxsaq, "Şərq Tərəfdaşlığı"nın şərti olaraq "üç seqmenti" adlandırdığımız prosesdə üzv dövlətlərin yeritdikləri xətdə nə dərəcədə ardıcıl olduqlarını görərik.

Ermənistan bütövlükdə qeyri-müəyyənlik yaratmaq, ikili oynamaq müstəvisində dəyişməz olaraq qalır. Rəsmi İrəvan bu aspektdə zərrə qədər də dəyişməyib.

Ukrayna, Gürcüstan və Moldova isə münasibətlərdəki transformasiyaları meydana gələn situasiyalara uyğunlaşdırmağa çalışırlar. Onların hər üçünün bu istiqamətdə uğurları çox azdır. Ən azından bu üç dövlətin Rusiya ilə problemləri azalmayıb. Və hətta yumşalmayıb. Moskva Ukrayna, Gürcüstan və Moldovada münaqişə bölgələrində əsgəri gücünü saxlamaqdadır. "Trio"ya bu prizmadan baxdıqda, onların hansı potensial və güclə Aİ-yə inteqrasiya edəcəkləri elə də aydın görünmür. Həmin səbəbdən, onların bəyanatları deklarativ xarakter daşıyır və reallıqda hansı nəticələr verəcəyi məlum deyil.

Azərbaycana gəldikdə isə, ölkəmiz "Şərq Tərəfdaşlığı"nın yeganə üzvüdür ki, uzun illərdir ardıcıl mövqe nümayiş etdirir. Bu mövqenin bazasını müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaş olaraq qarşılıqlı faydalı əməkdaşlıq xətti təşkil edir. Azərbaycan həm də bu prosesə strateji xarakter verir. Təcrübə göstərir ki, Azərbaycan rəhbərliyinin tutduğu mövqe perspektivli, reallığa uyğun və səmərəlidir.

Beləliklə, Şarl Mişelin regiona səfəri göstərdi ki, Brüssel "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrlə münasibətlərə yeni təkan verməyə can atır. Bu zaman onlara, öncəki mərhələdə olduğu kimi, "eyni qəlib"də baxmır. Qlobal və regional miqyasda meydana gələn yeni geosiyasi reallıqlar prizmasından qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışır. Eyni zamanda, Aİ dünyanın digər güc mərkəzlərinin, transmilli korporasiyaların və çoxqütblü beynəlxalq münasibətlər sistemi çərçivəsində təmsil olunan yeni dünya nizamının iqtisadi seqmentlərinin regiondakı maraqlarını da nəzərə alır. Belə bir yanaşmanın Aİ üçün nə dərəcədə faydalı olacağını zaman göstərəcək!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...