THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Ordusu Dağlıq Qarabağda Klauzevitsin konvensional müharibə paradiqmasını modernləşdirir

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5445
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 oktyabr 2020 – Newtimes.az

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq əks-hücuma keçməklə öz ərazilərini erməni işğalından təmizləməyə başlayıb. Bu müharibə XXI əsrin hərb tarixinə düşəcək legitim və müasir konvensional müharibədir. Adətən "Soyuq müharibə"dən sonra belə bir fikir dominantlıq təşkil etməyə başlamışdır ki, yeni dövrün müharibələri daha çox dövlətdaxili parametrlərdən: etnik-dini, ərazi və resurs, həmçinin siyasi statusların (hakimiyyət) ziddiyyətlərindən doğan setsessiya və vətəndaş münaqişələri olacaq. Klauzevitsin banisi olduğu simmetrik müharibə-dövlətlərarası hərbi qarşıdurmanın isə getdikcə tarix səhnəsindən silinəcəyinə dair elmi dairələr arasında müxtəlif fikirlər səslənirdi. Həqiqətən Klauzevits irsinin tarixin arxivinə göndərilməsinə rəvac verən hərbi-siyasi proseslər baş verməkdə idi. Belə ki, əksər beynəlxalq araşdırma mərkəzlərinin statistikasında mütləq üstünlük daxili münaqişələrin xeyrinə öz əksini tapırdı. Çoxmillətli imperiyaların çökməsi nəticəsində etnik identikliklərin və ekstremist ideologiyaların sürətlə yayılması, yeni meydana gələn dövlətlərin özündə milli məsələnin kəskinləşməsi, qloballaşma nəticəsində zorakı qeyri-hökumət aktorların sürətlə dövlətlərarası münasibətlər sisteminə daxil olması və transmilli zorakılığın yayılmasına təkan verməsi – bütün bunlar konvensional müharibə erasının sona çatmasına və ya onun nadir tarixi hadisəyə çevrilməsinə dəlalət edirdi. Lakin sentyabrın 27-dən işğal olunmuş torpaqlarının azad edilməsinə qalxan Azərbaycan Ordusu konvensional müharibə praktikasını əsas tutmaqla onu yeni elementlərlə – yüksək dəqiqlikli silahların tətbiqini genişləndirmək, "vertikal zərbə'' taktikasına (döyüşün müqəddəratının həllində dronların rolu) üstünlük vermək, mülki əhaliyə və dinc infrastruktura heç bir zərər vurmamaq və dolayı fəaliyyətlər strategiyasından yalnız legitim hərbi hədəflər üçün istifadə etmək və s. zənginləşdirmiş oldu. Yüksək peşəkarlıqla öz vəzifəsini yerinə yetirən Azərbaycan Ordusu hərbi əməliyyatların lokal müharibə hüdudlarından kənara çıxmamasına, üçüncü dövlətlərə müdaxiləsinə yol verməməyə və döyüş zamanı beynəlxalq qaydalara və normalara əməl etməyə çalışır.

Milli Ordumuzun apardığı hərbi əməliyyatlar "altıncı nəsil'' müharibələrə aid edilir. Həmin müharibələrdə yüksək dəqiqliyə malik zərbə və müdafiə silahları həlledici rol oynayır. Bu tip müharibələr kütləvi aviazərbələr və müxtəlif növlü Yüksək dəqiqlikli silahlardan (YDS) zərbələr endirməklə düşmənin iqtisadi obyektlərini məhv etməyə hesablanır. Dövlətlərin Silahlı Qüvvələrində YDS-in peyda olması gələcəkdə genişmiqyaslı müharibənin aparılmasına kifayət edir. Düşmənin iqtisadi və digər mühüm (dövlət idarəetmə sisteminə, enerji mərkəzi) obyektlərinə kütləvi yüksək dəqiqlikli atəş zərbəsi endirilə bilər. Belə olan təqdirdə düşmən ərazisini işğal etmək zərurəti aradan qalxır, onun iqtisadiyyatı və siyasi sistemi həmin zərbələrin təsiri nəticəsində özü çökə bilər. Müasir YDS bir sıra dövlətlərdə silahlı mübarizənin və müharibədə qələbənin həlledici amilinə çevrilir.

Azərbaycan Ordusunun yeni tipli konvensional müharibə aparmaq məharəti bir sıra hərbi ekspert və yüksək rütbəli şəxslərin maraqlı fikirləri ilə diqqəti cəlb edir. Rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona'' jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrinin baş qərargahları tərəfindən öyrənilir. Onun sözlərinə görə, dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-larının istifadəsinin miqyasına və intensivliyinə görə bu, dünyada ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də digər ölkələr bu miqyasda PUA-lardan istifadə etməyib. Bu cür münaqişələrdə PUA-lar öz üstünlüyünü təsdiq edib. Buna, həmçinin Azərbaycan Ordusunun düşmənin qüvvələrini və hava hücumundan müdafiə sistemlərini məhv etməsi, zirehli texnikanın, yüksək səviyyəli qoruması olan hədəflərin və canlı qüvvənin məhv edilməsində PUA-ların kütləvi istifadəsi üzrə taktikasını əlavə etmək lazımdır. Yüksək dəqiqlikli silahların istifadəsi mülki əhali arasında itkiləri azaldır.

Ekspert əlavə edib ki, "Bu baxımdan, Azərbaycan həm hərbi uğur əldə etdi, həm də Dağlıq Qarabağda yaşayan mülki əhalinin həyatını mühafizə etdi. Fikrimcə, döyüş əməliyyatlarının aparılması sahəsində dəyişikliklər olacaq. Şübhəsiz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək''.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının gedişi və istifadə olunan silahların effektivliyi Pentaqon tərəfindən də təhlil olunur. ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsini misal göstərib. Onun sözlərinə görə, Qarabağda pilotsuz uçuş aparatlarının aktiv istifadə olunması ABŞ Ordusunun, xüsusən, Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyub. Qarabağdakı döyüşlər, digər yerlərdə gedən döyüşlər gələcək müharibələrdə ölümcül PUA-larla üzbəüz gələcəyimizə dəlalət edir.

ABŞ komandanlığı Qarabağdakı döyüş əməliyyatlarının nümunələri əsasında özünün Hava və Raket Hücumundan Müdafiə sistemlərinin təkmilləşdirilməsini müzakirə edir. Pentaqon rəhbərliyi düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etməyə malik PUA-ların XXI əsrdə müharibələr zamanı əsas silah olacağını əlavə edib.

O həmçinin qeyd edib ki, ABŞ pilotsuz aparatların toplaşdığı hava məkanlarını öncədən müəyyən etmək və onları məhv etmək üçün yeni sistem hazırlayır. Amma tank və piyadalar üçün zirehli texnikanın da ortadan çıxacağı ehtimal edilmir. Onlar gələcəkdə də əsgərləri ölümcül döyüş meydanında qoruyacaq vasitə sayılacaq.

Başqa bir Qərb tədqiqatçısı, "Heritage Foundation" Beynəlxalq siyasət mərkəzinin direktoru Lük Koffi Azərbaycanın hər bir taktikasının düz olduğunu bildirib. O tvitter hesabında yazıb: 72 saat əvvələ kimi bir çox mütəxəssislər manevr müharibəsi hesabına pilotsuz təyyarələrə çox güvəndiyi üçün Azərbaycanın hücumunun uğurlu alınmadığını yazırdı. Xudafərin körpüsü, Füzuli, Hadrut, Cəbrayıl və s. kimi yerlər bu analizin səhv olduğunu sübut etdi.

Türkiyənin aviasiya generalı Ərdoğan Karakuşun da fikirləri maraqlıdır. General bildirib ki, Ermənistanın hava hücumundan müdafiə sistemi PUA-larla, kamikadze dronlarla iflic edilib. Hava hücumundan müdafiə sistemi məhv edildikdən sonra pilotsuz uçan aparatları vura bilmirlər. Bundan sonra Ermənistan ordusuna istədiyiniz kimi zərbə endirə bilərsiniz.

Silahlı Qüvvələrimizin döyüş meydanında qazandığı uğurlar Azərbaycan Prezidentinin xalqa müraciətində və xarici ölkə medialarına verdiyi müsahibələrində yer alıb. Sentyabrın 27-dən bəri müasir silahlarla silahlanmış ordumuz düşmənin 2 milyard dollar civarında hərbi texnikasını məhv edib. Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "France 24'' televiziya kanalına müsahibəsində bildirib ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır.

Hərbi ekspertlərlə yanaşı, işğalçı ölkənin baş naziri də ölkəsinin məğlubiyyətini Azərbaycan Ordusunun döyüş taktikasının dəyişilməsi ilə əlaqələndirib. Xalqa müraciətində o çoxlu itkilərinin olduğunu, Ermənistan ordusunun münaqişə zonasında şimal və cənub istiqamətində geri çəkildiyini, Azərbaycan Ordusunun taktikasını dəyişərək kiçik qruplarla hücuma keçdiyini bildirib. O, Azərbaycan Ordusunun uğurlarını erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratması ilə əlaqələndirib.

Paşinyanın etirafı XXI əsrin başlanğıcında Azərbaycan Ordusunun müasir müharibələrə xas olan ənənələrə daha yaxşı yiyələnməsindən xəbər verir. Daha yaxşı təlim keçmiş kiçik qruplarla hücuma keçib müvəffəqiyyət qazanmaq, dronlarla düşmənin bir milyard dollarlıq hərbi texnikasını məhv etmək, erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratmaq – bunlar müasir döyüş səhnəsində müzəffər ordumuzun konvensional savaş taktikasını yeni elementlərlə zənginləşdirmək məharətindən xəbər verir.

30 il ərzində işğal edilmiş ərazilərdə yaradılmış eşelonlaşdırılmış müdafiə sədlərini yarmaq olduqca çətin vəzifədir. Məhz bu səbəbdən düşmənə qarşı Blitskriq ssenarisi tətbiq etmək əvvəlcədən də qeyri-mümkün görünürdü. Azərbaycan Ordusunun tətbiq etdiyi "vertikal zərbə'' metodu (havada hegemonluğu ələ keçirməklə yüksək dəqiqlikli silahların köməyi ilə düşmənin havadan müdafiə sistemini məhv etmək, onun artilleriya sistemlərinin döyüşə daxil olmadan məhv edilməsi) düşmənin hərbi müqavimət qabiliyyətini ciddi şəkildə sarsıtmaqdan, komanda idarəetmə məntəqələri arasında subordinasiyanı pozmaqdan, onun silahlı qüvvələrini və hərbi-iqtisadi bazasını məhv etməklə təslim olmağa məcbur etməkdən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsini "Sülhə məcburetmə'' əməliyyatı adlandırıb. Sülhə məcburetmə – dövlətlərarası və dövlətdaxili silahlı qarşıdurmaya son qoymaq məqsədilə həyata keçirilən fəaliyyətlərdir. Bu cür hərəkətlər həm silahlı qüvvələr (iqtisadi, hüquqi, maliyyə sanksiyaları) tətbiq olunmadan, həm də silahlı qüvvələrin istifadəsi ("sülhün qorunması əməliyyatları") ilə həyata keçirilə bilər. Amerika Birləşmiş Ştatlarının Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin 1995-ci il təlimatında sülhməramlı əməliyyatlar iki növə bölünür: sülhü mühafizə əməliyyatları və sülhə məcburetmə əməliyyatları. Aralarındakı fərq ondan ibarətdir ki, sülhü mühafizə əməliyyatları bütün əsas münaqişə tərəflərinin razılığı ilə həyata keçirilir və artıq əldə edilmiş atəşkəs razılaşmalarına nəzarət etmək və onun həyata keçirilməsinə yönəldilir, sülhə məcburetmə əməliyyatları isə barışıq və ya atəşkəs üçün atmosfer yaratmaq məqsədi ilə həyata keçirilir. Sülhə məcburetmə əməliyyatları zamanı silah və hərbi texnika yalnız özünümüdafiə məqsədləri üçün deyil, həm də hərbi obyektlərin və münaqişədə iştirak edən silahlı qrupların məhv edilməsi üçün də istifadə edilə bilər. Sülhə məcburetmə əməliyyatlarının aparılmasının beynəlxalq hüquqi əsasını BMT Nizamnaməsinin VII Fəsli əsasında qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarı təşkil edə bilər. Həmin qərar sülhə təhdid olacağı təqdirdə məcburi tədbirlərin görülməsini nəzərdə tutur.

Lakin praktikada bu cür əməliyyatlar BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan da həyata keçirilmişdir. Bu cür əməliyyatlara NATO-nun 1995-ci ildə Bosniyadakı fəaliyyətləri, 1999-cu ildə Kosovodakı münaqişə ilə əlaqədar NATO təyyarələri tərəfindən Yuqoslaviyanın bombalanması və s. göstərilə bilər. Azərbaycanın apardığı "sülhə məcburetmə'' əməliyyatı düşməni işğalçılıq siyasətindən çəkindirmək, hərbi əməliyyat zonasını legitim silahlı qarşıdurmanın aparılması üsul və vasitələri ilə məhdudlaşdırmaq, dinc insanların müharibə qurbanlarına çevrilməsinə yol verməmək və nəhayət işğalçını öz mənfur siyasətindən əl çəkməyə və sülhə vadar etməkdən ibarətdir.

Düşmən isə daha güclü və müasir silahlarla silahlanmış və mükəmməl təlim keçmiş Azərbaycan Ordusuna qarşı qeyri-legitim, hibrid zorakılıq yolu ilə mübarizə aparmaq zorundadır. Belə ki, düşmən döyüş səhnəsində düçar olduğu uğursuzluğu hərbi əməliyyatlardan uzaqda olan ərazilərə operativ taktiki raket zərbələri endirmək, dinc insanları məhv etmək, mülki obyektləri dağıtmaq yolu ilə kompensasiya edir. N.Paşinyanın hərbi məsələlər üzrə baş müşaviri, keçmiş müdafiə naziri Vaqarşak Arutunyan "Rossiya 1'' telekanalının "Vesti'' verilişinə verdiyi müsahibəsində etiraf edib ki, Ermənistan məqsədyönlü olaraq, Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutur. O çıxışında bəyan edib ki, hazırda artilleriyaları vurmaq taktikasını hazırlayırlar. Və gələcəkdə çaxnaşmaya səbəb olmaq üçün dinc yaşayış məntəqələrini vuracaqlar. Erməni rəsmisinin bu açıqlamasının insanlığa qarşı cinayət olduğunu dərk edən aparıcı verilişi yarımçıq kəsməyə məcbur olub. İşğalçının Gəncədə və digər dinc şəhərlərimizdə törətdiyi qanlı cinayətlər separatçı rejim tərəfindən deyil, rəsmi İrəvanın sanksiyalaşdırılmış qərarıdır.

Beləliklə, Azərbaycan Ordusunun bu gün işğal edilmiş ərazilərimizdə apardığı "sülhə məcburetmə'' əməliyyatları aşağıdakı məqsədlərin gerçəkləşməsinə xidmət edir:

– ərazilərimizin deokkupasiyası və legitim status-kvonun bərpası;

– müasir hərbi texnologiyaların istifadəsini legitim hərbi hədəflər ilə məhdudlaşdırmaq;

– güc tətbiqinin beynəlxalq-hüquqi tənzimlənməsi qaydalarına (beynəlxalq hüquq normaları, Haaqa və Çenevrə Konvensiyaları) ciddi əməl etmək;

– hərbi əməliyyatların münaqişə zonasında deskalasiyasına nail olmaq;

– işğalçını setsessiya planından (Miatsum) imtina etməyə vadar etmək və ona Azərbaycanın ədalətli mövqeyini qəbul etdirmək.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...