THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət: İkinci Qarabağ müharibəsinin başlanması, təhdidlər və təhlillər

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6439
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 oktyabr 2020 – Newtimes.az

Müharibə ədalətin pozulduğu anda baş verir. Ədaləti tənzimləyən sistem beynəlxalq hüquqdur. Böyük dövlətlərin isə ədaləti yox, geosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təhdid edən və sabitliyi pozan dövlət Ermənistan, ədaləti bərpa etmək istəyən, öz haqq işi uğrunda mübarizə aparan tərəf isə Azərbaycandır. Lakin bu mübarizə və müharibədə geosiyasi maraqlarını əsas tutan böyük güclər isə həmişə olduğu kimi ədalət mövqeyindən yox, ikili standartlar mövqeyindən çıxış edirlər. Təxminən 30 ilə yaxındır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və buna mane olunur. Atəşkəs haqqında razılıq əldə edildiyi tarixdən etibarən hər iki ölkədə qarşı tərəfə münasibətdə "düşmən'' obrazı möhkəm yer aldığına və tərəflər arasında "nə sülh, nə də müharibə'' kimi qeyri-müəyyən vəziyyətin yarandığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilir. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməmişdir.

Ermənistan tərəfinin izahına görə, münaqişə Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək istəyi və bu istəyin Azərbaycan tərəfinin güc tətbiq etməklə qarşısının alınmasına göstərilən cəhdlər nəticəsində baş vermişdir. Ermənistan Dağlıq Qarabağ ermənilərini dəstəkləmək məqsədilə münaqişəyə qoşulmuş və nəticədə, "status-quo” formalaşmışdır. Azərbaycan tərəfi isə münaqişəni Ermənistanın aqressiv və işğalçı siyasətinin bir nəticəsi olaraq izah edir. Belə bir vəziyyətdə problemin hansı formatda olmasına baxmayaraq, həlli məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmələrini məqbul hesab edərək, bunu da xüsusi olaraq vurğulayırdılar ki, konfliktin həllində qalib tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil tapıb barışmalıdırlar. Şübhəsiz ki, Ermənistanın iddia etdiyi bu torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyildi. Azərbaycan tərəfi də torpaqlarını heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə həmişə bəyan etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan tərəfi ənənəvi olaraq Dağlıq Qarabağa digər tərəfdən daha əvvəl gəldiyini və bu torpaqlar üzərində öz varlığının qanuni olduğunu iddia edir. Əlbəttə ki, məsələyə tarixi reallıqlar prizmasından baxılarsa, ermənilərin Dağlıq Qarabağa azərbaycanlıların onlardan sonra gəldiklərini və bu torpaqlar üzərində mövcudiyyətinin qanuni olduğunu iddia etmələrinin heç bir əsası olmadığı ortaya çıxar. Lakin problemin tarixi həqiqətlər əsasında həlli heç bir vəchlə reallığı əks etdirməz. Təsadüfi deyildir ki, Ermənistanın dövlət rəhbərləri Dağlıq Qarabağı heç vaxt Azərbaycanın idarəsinə verməyəcəyinibildirmişdilər. Ermənistanda 2018-ci ilin başlarında baş verən hakimiyyət dəyişikliyindən sonra da dövlətin Dağlıq Qarabağla bağlı siyasətində hər hansı bir dəyişikliyin olmasını və ya münaqişənin nizamlanması istiqamətində konstruktiv addımlar atacağını gözləmək məntiqli görünmürdü. Bu baxımdan Ermənistanın Baş naziri Nikol Paşinyan da sələflərinə sadiq qalaraq eyni fikirləri səsləndirməkdən çəkinməmişdir.

Azərbaycan tərəfi də öz əzəli torpaqlarını heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir. Belə bir vəziyyətdə Ermənistan ilə Azərbaycan arasında "sülh'' variantının yeri görünmədiyindən, müharibə vəziyyəti daha real və məqbul variant kimi qəbul edilirdi. Son dövrlərə qədər problemhaqlı olaraq "labirint”olaraq dəyərləndirilir, "Kəşmir'' və ya "Fələstin sindromu''na bənzədilirdi.

Həqiqətən də labirintin girişi olsa da, çıxışı çətin və yolları dolaşıq, qarmaqarışıqdır. Labirintə daxil olub müəyyən məsafə qət etdikdən sonra düzgün yolu tapa bilmədikdə giriş və çıxışın statusu bərabərləşir. Beləliklə, çıxış yolu tapmaq ümidi ilə yorulanadək ortada dolaşmaqdan başqa bir yol qalmır. Bu mənada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "labirint''ə bənzədilməsində doğruluq payı yüksək idi. Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, problemin hər dəfə nizamlanması istiqamətində durğunluq yarananda və Azərbaycan alternativ həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflər irəli sürərək Azərbaycanın danışıqlara olan inamını bərpa etməyə çalışırdılar. Danışıqlar həlledici mərhələyə çatdıqda, Ermənistan tərəfinin geri çəkilməsi nəticəsində bütün proses yenidən durğunluq vəziyyətinə qayıdırdı. Münaqişənin həlli yolunda ATƏT-in Minsk Qrupu nəzdində heç bir irəliləyişin olmaması və hər dəfə yenidən durğunluq vəziyyətinə qayıtması, dolayısı ilə "Fələstin sindromu'' və ya "Kəşmir sindromu''na çevrilməsi problemin daha uzun illər davam etməsi və ya "ani müharibə''nin baş verməsi istiqamətində şübhələr oyandırmaqdaydı. Heç təsadüfi deyildir ki, Azərbaycan hərbi güc tətbiq etməkdən belə çəkinməyəcəyini hər dəfə vurğulayırdı. Düzdür, Azərbaycanın hərbi büdcəsini artırması Ermənistan tərəfindən siyasi manevr olaraq qəbul edilsə də, 8 iyun 2010-cu ildə Hərbi Doktrinanın qəbulu Azərbaycanın bu məsələdə son dərəcə ciddi olduğunu ortaya qoydu. Doktrinada beynəlxalq hüququn Azərbaycana tanıdığı haqlar çərçivəsində hərbi güc tətbiq edərək işğal altında olan torpaqların qaytarılması təsbit edilmiş və bu məsələ dəfələrlə təkrarlanmışdır.

Məhz ikili standartlar siyasətinin nəticəsi idi ki, münaqişənin həlli ilə bağlı önə sürülən prinsiplər və imzalanan bəyannamələr heç bir nəticə verməmişdir. Bu da hər şeydən əvvəl onunla əlaqədardır ki, qoyulan müddəalar ya hər iki tərəfi qane etmir, ya da bəzi tövsiyələr müsbət qarşılansa da, bəziləri qəbulolunmaz olurudu. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın üzləşdiyi təcavüz və separatizmə qarşı dünya dövlətlərinin və beynəlxalq qurumların mövqeyi qətiyyətli olmamışdır. Təcavüzkar dövlət ilə təcavüzə məruz qalan dövlət arasında heç bir şəkildə kompromis ola bilməz. Belə məsələlərdə təcavüzkar dövlətin beynəlxalq hüquq normalarına əməl etməsi kəskin şəkildə tələb edilməli, əks təqdirdə cəzalandırılmalıdır.

Burada bəzi məsələlərə xüsusilə diqqət çəkmək istərdik. Məlumdur ki, ATƏT-in Minsk Qrupu 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik etməyi öz üzərinə götürüb. Lakin 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, Minsk Qrupunun regionda sülh yaratmaq cəhdləri iflasa uğrayıb. Əlbəttə ki, ATƏT münaqişələrin həlli üçün müəyyən səylər göstərib, lakin bu səylərdə ciddi çatışmazlıqlar var. İlk öncə qeyd edək ki, ATƏT hökumətlərarası qurum kimi heç bir fövqəladə gücə malik deyil. Hökumətlərarası sözünün mənası odur ki, ATƏT-in bu quruma üzv olan dövlətlərdəki fəaliyyəti və missiyası bütün üzvlərin yekdil razılığı, xüsusilə də qurumun fəaliyyət göstərdiyi, yaxud ATƏT-in missiyasının həyata keçirildiyi ölkələrin razılığı ilə yerinə yetirilir. ATƏT-in və Minsk Qrupunun fəaliyyətindəki əsas çatışmazlıq, onun heç bir tərəfə ziyan vurmamağa çalışmasıdır. Minsk Qrupu neytral olmağa çalışıb, lakin bu neytrallıq ona ədalətli və qərəzsiz olmağa imkan verməyib. Güman edilib ki, ATƏT-in Minsk Qrupunun Ermənistanı açıq-aşkar təcavüzkar adlandırması və bu ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırması bu qurumu Ermənistanın gözündən sala bilər. Qeyd edək ki, 822, 853, 874 və 884 saylıqətnamələrə əsasən Dağlıq Qarabağda yerləşən hərbi birləşmələr qeyd-şərtsiz çıxarılmalıdır. Lakin son vaxtlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi haqda dəqiq mövqelərini bəyan etməkdən çəkinirdilər. Bu qurum çox vaxt ümumi və qeyri-müəyyən bəyanatlar verir və bir-birinə zidd olan fikirlər səsləndirirdi. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər verdiklərini iddia edirdilər. Lakin münaqişənin həlli ilə bağlı güclü mövqeyin nümayiş etdirilməsi lazım olduqda, Minsk Qrupu Azərbaycan ilə Ermənistanın bu problemi öz aralarında həll etməli olduğunu və qəbul ediləcək bütün qərarların qurum tərəfindən dəstəklənəcəyini bildirirdi. Məsələyə belə münasibət və qurumun məkik diplomatiyasının iflasa uğraması Azərbaycanda haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inamsızlıq yaratdı.

Məlum olduğu kimi, danışıqlar prosesinə Rusiya, ABŞ və Fransa nəzarət edir. Üstəlik, münaqişənin həlli ilə bağlı onların hər birinin öz mövqeyi var ki, bu da danışıqlarda uğur əldə edilməsini çətinləşdirir.Bu bir həqiqətdir ki, Minsk Qrupunun həmsədr ölkələri qlobal güc mərkəzlərini təmsil edirlər. Həmin ölkələr təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malikdirlər. Məsələ burasındadır ki, əsas problem böyük dövlətlərin münaqişəni həll etmək bacarıqlarında yox, onların siyasi iradələrindədir. Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi marağın olmamasının nəticəsidir ki, qurum öz öhdəliklərini yerinə yetirməyib. Minsk Qrupunun həmsədrləri sırf münaqişənin gərginləşməsinin qarşısını almaq üçün regiona səfərlər ediblər. Beləliklə də onlar daha çox "münaqişənin həlli mexanizmləri''nin icrası ilə deyil, "münaqişənin idarə edilməsi'' ilə məşğul olublar. Azərbaycan ictimaiyyətində də həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq "turistik ekskursiya” kimi qiymətləndirilib.

Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu üzvlərinin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl­linə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2-5 aprel 2016-cı il tarixində baş vermiş müharibə Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etməsiylə vəziyyət əvvəlki məcrasına qayıtdı. Lakin Ermənistan vəziyyətin həmişə bu cür davam edəcəyini hesablayaraq, növbəti dəfə təxribatlara əl atmaqda davam etdi. Heç təsadüfi deyildir ki, Ermənistan yenə də havadarlarından ilham alaraq 2020-ci ilin iyul ayında da növbəti təxribata əl atdı. Əlbəttə, bunun müəyyən səbəbləri var idi:

Əvvəla, Ermənistanın Tovuz istiqamətində sərhəddə təxribat törətməkdə əsas məqsədi ilk olaraq Baş nazir N.Paşinyanın təmas xəttindən diqqəti yayındırmağa çalışması olmuşdur.

İkincisi, həmin ərazilərdən Azərbaycanın beynəlxalq layihələri olan Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tiflis-Ərzurum-Qars, Bakı-Tiflis-Qars və Böyük İpək yolu keçir. Ermənistan yüksəklikləri ələ keçirib öz istəyinə nail olmaq məqsədində idi.

Üçüncüsü, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin diqqətini tamamilə fərqli istiqamətə yönəltmək istəyirdi, amma bunların heç biri alınmadı.

Əlbəttə ki, məsələnin pərdəarxası məqamları da vardır ki, şübhəsiz bunun arxasında Rusiyanın olduğu reallıqdır və Azərbaycanda bu münaqişənin gərginləşməsində Rusiya faktorunun olduğu çox aydın şəkildə bilinir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, erməni faktoru Rusiyanın siyasi olmaqla yanaşı, iqtisadi baxımdan da Azərbaycana, Gürcüstana, Türkiyə və daha geniş mənada Avropaya qarşı təzyiq vasitəsidir. Tovuz bölgəsinə edilən hücum, digər bir ifadə ilə, 12 iyul hadisələri bunun ən bariz nümunəsidir. Bölgədən enerji xətlərinin keçdiyi nəzər alınarsa, bu hücumun sadəcə Azərbaycana qarşı olduğunu düşünmək yanlış olar. Rusiya təlimatlandırdığı bu hücum ilə bölgədən keçən enerji xətlərini atəş altına almaq, Türkiyə üzərində daha çox təzyiq qurmaq istədi. Əgər Rusiya ilə Ermənistanın niyyəti sadəcə Azərbaycana hücum etmək olsaydı, əsl tərcih Qarabağ tərəfdən olacaqdı.

Özünü Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının icraçısı kimi görən və həmişə dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam edir, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışır və qıcıqlandırmametodlarından istifadə edirdi. Əlbəttə ki, Azərbaycan tərəfi strateji məqamı gözləməkdə səbr edirdi. Təxminən 30 il səbr edən Azərbaycan nəhayət ki, əlverişli strateji məqamı ələ keçirdi. Olduqca səriştəsiz bir siyasətçi olan NikolPaşinyanın "Qarabağ Ermənistandır. Nöqtə'' kimi özündənrazı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiyləatdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi. Halbuki Paşinyanaqədərki Ermənistanın dövlət başçıları və rəsmiləri həmişə münaqişənin əsas tərəfləri kimi Azərbaycan və Dağlıq Qarabağ olaraq dünyaya çatdırmaq istəyir və müharibənin Azərbaycanla Dağlıq Qarabağ arasında olduğunu irəli sürürdülər. Onlar guya Ermənistan tərəfinin danışıqlar prosesində konstruktiv olmaq istədiklərini qeyd ediblər. Hətta dünya birliyinə Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etməsini istədiklərini, heç bir ərazi iddialarının olmadığı kimi təqdim ediblər. Əgər Ermənistan danışıqlar prosesində Dağlıq Qarabağı respublika kimi tanısaydı, bu, o demək idi ki, rəsmi Yerevan danışıqlardan çıxır. Bu da Azərbaycana faktiki olaraq müharibə elan etmək deməkdir. Amma bu addımı atmadan faktiki olaraq ərazi işğal altında qalırdı və proses ola bilsin ki, bir az da uzana bilərdi. Lakin Nikol Paşinyanın "Qarabağ Ermənistandır. Nöqtə'' bəyanatı belə demək mümkündürsə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Ermənistan artıq bütün dünyaya özünün necə bir dövlət olduğunu tanıtdı.

27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum "ani müharibə''nin başlanmasının işarəsi oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalqda artan torpaqların qaytarılması arzusu da bu işarənin xəbərçisi idi. Bu da beynəlxalq arenada münaqişənin dondurulmuş olmadığını ortaya qoydu. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, tarixi torpaqları, strateji əraziləri və yüksəklikləri ələ keçirdi.

"Qarabağ Ermənistandır'' deyən, Şuşada yallı oynayıb andiçmə mərasimlərində iştirak edən, işğal altındakı torpaqlarda məskunlaşma aparan və oraya terrorist qruplar yerləşdirən, danışıqlarda əldə olunmuş razılıqları alt-üst edən Nikol Paşinyanın məzlum vəziyyətə düşərək dünya liderlərindən imdad dilədiyini bütün dünya gördü. Çünki o, aqibətinin necə olacağını yaxşı bilir.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Paşinyan düşdüyü vəziyyət qarşısında ənənəvi erməni psixologiyasından çıxış edərək, Azərbaycanda guya Suriyadan gətirilən muzdlu döyüşçülərin, xüsusilə cihadçı qruplarınolması ilə bağlı növbəti feyk-nyus yaymaqdadır. Əlbəttə ki, dünya miqyasında təxribatçı xarakter daşıyan belə məlumatları ortaya atmaqla Ermənistan dünyanın xristian ölkələrinin, xüsusilə də böyük güclərin diqqətini özünə çəkmək istəməkdə və xristian dövlətlərin Azərbaycana qarşı səlib yürüşlərinin başlanmasına cəhd göstərməkdədir. Heç təsadüfi deyildir ki, Fransa Prezidenti EmmanuelMakron"Dağlıq Qarabağda suriyalı cihadçılar məsələsi 'oyunu dəyişdirən' çox ciddi reallıqdır'', – deyərək,şantaj mahiyyətli bu məsələnin Avropa Şurasının müzakirəsinə çıxarılmasının vacibliyi ilə bağlı ənənəvi ermənipərəst mövqeyiniortaya qoydu. Halbuki hazırda İraq, Suriya və Livandan PKK və digər terrorçularının Ermənistana gətirilməsi və daha sonra Ermənistan tərəfindən işğal olunmuş Qarabağdakı Azərbaycan torpaqlarına yerləşdirilməsi, eyni zamanda muzdlu döyüşçülərin bölgədəki fəaliyyəti barədə kifayət qədər məlumatlar vardır. Ancaq Fransa və onun kimi düşünən dövlətlər və dövlət rəsmiləri nədənsə Ermənistanın özünün terrorist təşkilatlarla sıx əlaqə içərisində olduğunu görməzdən gəlirlər. Bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın tərəfsiz mövqe nümayiş etdirməli olduğu xüsusilə qeyd edilməlidir.

Bundan başqa, Ermənistan Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin də müharibədə iştirakını yalandan qabardaraq saxta xəbərləri dünyanın ayrı-ayrı ölkələrinin media resurslarında tirajlamaqda davam etməkdə və aparıcı güclərdən dəstək almağa çalışmaqdadır.Lakin sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox tutarlı, sərrast cavablar və arqumentlərlə həm cihadçılar məsələsi ilə bağlı, həm dəTürkiyənin müharibədə iştirakı iləbağlı "Rossiya 1'' telekanalının "60 dəqiqə'' proqramında Ermənistan tərəfinin bütün yalanlarını ifşa etdi. Ümumiyyətlə, Prezident İlham Əliyev digər ölkələrin dövlət telekanallarına da bu cür iddialara yönəlik ciddi arqumentlərlə cavab verərək, bu kimi iddiaları ortaya atanları da ifşaetməkdədir.

Bütün bunlarla yanaşı, olduqca vacib bir məqama da diqqət çəkməyi məqsədəuyğun hesab edirik ki, bu da atəşkəslə bağlı məsələdir. 26 illik atəşkəs anlaşmasından sonra siyasi konyunkturanın yaranması ilə Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarımızda irəliləməsi və nəzarəti ələ keçirdiyi bir zamanda regionda kilid önəmə sahib olan Rusiyanın mövqeyinin necə olacağı hər kəs tərəfindən düşündürücü idi. Heç təsadüfi deyildir ki, müəyyən vaxtlarda cərəyan edən toqquşmalarda və ya qısamüddətli müharibələrdə bir tərəfin üstünlüyü Rusiyanın ümumi siyasətinin xaricinə çıxmazsa, rəsmi Moskva bu cür toqquşmaya müvəqqəti olaraq səssiz qala bilir və ya öz varlığının əhəmiyyətini hiss etdirmək istəyərsə, buna icazə verirdi. 2016-cı ilin aprel ayında gerçəkləşən "Dördgünlük müharibə''də də bunu göstərdi. 27 sentyabrda başlayan şiddətli müharibənin 13-cü günündə isə Rusiya təkrar müdaxilə etməyə çalışaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini Moskvaya dəvət etdi. Oktyabrın 10-da hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi ilə bağlı humanitar atəşkəs elan olundu. Cənubi Qafqazı öz "arxa baxça''sı olaraq dəyərləndirən Rusiya baxımından atəşkəsin təmin edilməsi olduqca vacib idi. Öz nüfuzunu ortaya qoyması və müharibədə kilid önəmə sahib olduğunu bir daha dünyaya göstərməsi lazım gəlirdi. Lakin atəşkəsin müvəqqəti xarakter daşıdığı onsuz da bəlli idi. Toplantının ardından 24 saat (və ya daha az) belə keçmədən Gəncə, Mingəçevir, Bərdə, Goranboy, Tərtər və digər şəhər, rayon və kəndlərə Ermənistan ərazisindən raketlər atıldı. Xüsusilə mülki əhalinin hədəf alındığı, çox sayda insanın öldüyü və yaralandığı ikinci böyük şəhər olan Gəncənin vurulması həm erməni terrorunun yeni bir təzahürü oldu, həm də Rusiyanın xarizmasını cızma məqsədli bir akt olduğunu ortaya qoydu. Bu hal Ermənistanın mülki vətəndaşlar qarşı terror cinayətləri törədəcək qədər zavallı bir vəziyyətə düşməsi şəklində də xarakterizə oluna bilər. Rəsmi Yerevanın yeganə ümidi rəsmi Bakının bu hücuma Ermənistan ərazisinə əks-hücumla cavab verməsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dərhal müdaxilə etməsinə fürsət yaratmaq olsa da, əslində rəsmi Moskvanın nüfuzuna ciddi bir zərbə oldu.

Atəşkəsin pozulması məsələsi Ermənistanın amerikanpərəst mövqeyini ortaya qoydu. Heç təsadüfi deyildir ki, Rusiyanın müttəfiqi olan Ermənistan rəsmi Moskvanın rəqiblərinin dəstəklədiyi bir sima olan Qərb və Soros tərəfindən dəstəklənən Nikol Paşinyan tərəfindən idarə olunmaqdadır. Lakin Rusiyanın Qafqazdakı ən önəmli müttəfiqi olan Ermənistandan əl çəkməsi də məntiqli görünmür. Sadəcə olaraq Paşinyanın iqtidardan uzaqlaşdırılması planlaşdırılır. Lakin Azərbaycan da 1990-cı illərdəki vəziyyətdə deyil, olduqca güclü bir orduya və silahlara sahibdir. Eyni zamanda Qarabağ müharibəsi xarici işlər nazirləri çərçivəsində həll oluna biləcək bir problem olmayıb, daha geniş mahiyyətli bir məsələdir. Zatən Azərbaycan Ermənistanın atəşkəsi pozacağını hesab edərək masaya əyləşdi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də ifadəsi ilə desək, Azərbaycan tərəfindən Ermənistana verilən son şans idi. Lakin buna baxmayaraq, Ermənistan atəşkəsi pozaraq mülki əhaliyə hücum etdi və danışıqlar yolu ilə işğal etdiyi torpaqları geri qaytarmayacağını göstərmiş oldu. Əlbəttə, hadisələrin necə formalaşacağını əlahəzrət "Zaman” göstərəcək. Azərbaycan müharibədə və diplomatiyada haqlı mübarizəsinə davam edir, uyğun zamanda ortaya çıxan fürsətləri öz lehinə çevirməyə çalışır. Bu istiqamətdə uğurlu addımlar atdığı da şübhəsizdir. Prezident İlham Əliyevin tələbinə əsasən qrafik üzrə Ermənistan işğal etdiyi torpaqlardan çıxmadığı təqdirdə müharibənin daha da şiddətlənəcəyivə Azərbaycan ordusunun irəliləyəcəyiheç də sürpriz deyil. Torpaqları işğal edən, atəşkəsə riayət etməyən, mülki əhalini hədəf alan tərəf Ermənistan, torpaqları işğal altında olan, beynəlxalq hüquqa hörmət göstərən, atəşkəsə riayət edən tərəf isə Azərbaycandır. Dolayısı ilə, Azərbaycan haqlılığını itirməyən tərəf olaraq öz duruşunu nümayiş etdirir. Bu məsələ əlbəttə ki, böyük bir səbrlə və lazım gələrsə müzakirə, lazım gələrsə sahədə hərbi əməliyyatlarla davam etdirilməlidir.

Ümumiyyətlə, BMT, Avropa Şurası, Avropa İttifaqı ölkələri, ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, Fransa və ABŞ tərəfindən Ermənistanın Qarabağa heç bir aidiyyəti olmayan Azərbaycanın digər önəmli tarixi ərazilərindəki mülki əhalini hədəf olan təcavüzkar hərəkətinə qarşı heç bir qınayıcı bəyanatlar gəlmədiyini biz müşahidə edirik. Bunun əvəzinə müharibənin dayandırılması, silahların susması, dərhal müzakirələrə başlanması kimi ənənəvi ifadələrə yer verilir. Azərbaycan tərəfi isə hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını, bu davada haqlı tərəf olduğunu ortaya qoyaraq, heç bir güzəştə getməyəcəyini, "Vətən müharibəsi''ndə geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərməkdədir. Əgər beynəlxalq təşkilatlar və dövlətlər həqiqətən müharibədən narahatdırlarsa, insan ölümünə səbəb olan bu vəziyyətdən gərgin hisslər keçirirlərsə, ədalətin bərqərar olmasını istəyirlərsə, işğalçı tərəf olan Ermənistanın BMT qətnamələrinə əməl edərək dərhal işğal etdiyi əraziləri boşaltmasını təmin etməli, lazım gələrsə təzyiq göstərməlidirlər. Qeyd olunduğu kimi, Azərbaycan heç bir dövlətin ərazisinə hücum etməyib, hərbi əməliyyatları öz işğal olunmuş torpaqlarında aparır. Bu, Azərbaycanın haqlı davasıdır. İnanırıq ki, bu davada Azərbaycan qısa bir müddətdə qalib gələcək. Qarabağ Azərbaycanındır! Bunu heç bir qüvvə dəyişdirə bilməz.

Emin Arif Şıxəliyev,

Tarix üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...