THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda antisemitizm

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6242
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 oktyabr 2020 – Newtimes.az

Ermənistanda milli azlıqlara qarşı ictimai həyatda baş verən mənfi münasibət özünü müxtəlif formalarda göstərir. Ermənistanda yaşayan yəhudilər də bu ayrı-seçkiliyə məruz qalırlar.

Yəhudilər mənşəyi qədim Yaxın Şərqdə yaşamış yəhudilər və ya İbranilərə söykənən, dərin dini və etnik quruluşa sahib olan, dünyanın müxtəlif yerlərinə səpələnmiş bir xalqdır. Yəhudi dini ilə yəhudi xalqı arasında güclü bir bağlılıq mövcuddur ki, bunun kökləri xalqın tarixi ilə əlaqədardır. Yəhudilər tərkib baxımından 3 əsas qrupa bölünür: aşkenazilər, səfəradilər, mizrahilər.

2018-ci ilin statistik göstəricilərinə görə, dünyadakı yəhudilərin sayı 14606 milyon nəfərdir. Onların 46,2 faizi İsraildə, digərləri isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Ən çox geniş yayıldıqları ölkələr ABŞ (47,7 faiz), Fransa (3,1 faiz), Kanada (2,1 faiz), İngiltərə (2 faiz), Argentina (2,1 faiz), Rusiya (1,2 faiz) və sairdir. Yəhudilər digər ölkələrlə yanaşı, Cənubi Qafqaz regionunda da tarixin müxtəlif mərhələrində məskunlaşmış və yaşamışlar. 2017-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda 7800 nəfər, Gürcüstanda 1600 nəfər yəhudi mövcuddur. Ermənistanda yaşayan yəhudilərin sayı isə bəzi mənbələrdə 100 nəfər, bəzi mənbələrdə isə 500 nəfər göstərilir. Onlar əsasən aşkenazi və mizrahi mənşəli yəhudilərdir. Müasir dövrdə yəhudilər əsasən paytaxt Yerevanla yanaşı, Sevanın Yelenovka kəndində və Vanadzor şəhərində də məskunlaşmışlar. 1988-ci il dekabrın 7-də baş verən Spitak zəlzələsindən əvvəl Gümrüdə də kiçik yəhudi qrupları məskunlaşmışdı.

Yəhudilərin Ermənistanda məskunlaşmasının bir sıra səbəbləri var idi. İkinci Dünya müharibəsi illərində təqiblərə məruz qalan yüzlərlə yəhudi müharibədən sonrakı illərdə sovet Ermənistanına köçmüşdür. Buna görə də İkinci Dünya müharibəsindən sonra sovet Ermənistanındakı yəhudi əhalinin sayı 5000 nəfərə çatmışdı. 1959-cu ilin statistik göstəricilərində isə sovet Ermənistanında yəhudi əhalisinin sayı 10 min nəfər göstərilirdi.

1965-1972-ci illərdə sovet respublikalarında baş verən iqtisadi yüksəliş ilə əlaqədar olaraq Rusiya və Ukraynadan Ermənistana yəhudilərin köçü intensiv xarakter aldı və yəhudilərin sayı Ermənistanda artmağa başladı. Lakin bu artım SSRİ dağıldıqdan sonra davam etmədi, əksinə, yəhudi əhali getdikcə azalmağa başladı. Bunun əsas səbəbi isə antisemitizmin artması, dövlət siyasətinə çevrilməsi və iqtisadi böhran vəziyyətində ölkədə yaşamağın qeyri-mümkünlüyü idi.

Ermənistan müstəqillik elan etdikdən sonrakı illərdə bir sıra səbəblərdən 1989-cu ildə 1246 yəhudi, 1992-1994-cü illərdə 6000-dən çox yəhudi Ermənistandan köçmüş və İsrailə geri dönmüşdülər.

Qeyd olunduğu kimi, yəhudilərin ölkəni tərk etməsinin tək səbəbi iqtisadi böhran deyildi. Belə ki, Ermənistanda yəhudilərin təcrid siyasəti açıq-aydın şəkildə özünü göstərməyə başlamışdı. Ölkədə yaşayan digər millətlərə və etnik azlıqlara qarşı münasibət çox pis idi. Digər millətlərə qarşı aparılan bu təcrid siyasəti yəhudilərə də təsir edirdi. Yəhudilərə qarşı aparılan bu siyasət ümumilikdə "antisemitizm” adlandırılır. Antisemitizm - millətçilik, irqçilik ideologiyasının bir növüdür. Digər millətçilik formalarından fərqi onun yalnız bir xalqa - yəhudi millətinə və mədəniyyətinə, iudaizm dininə qarşı nifrət bəsləməsi və onları təqib etməsidir.

Bu gün İsrail ilə dostluq münasibətləri qurmağa cəhd edən Ermənistanda yəhudilərin əleyhinə çağırışların mövcudluğu əfsanə deyil, reallıqdır. Belə ki, Ermənistanda millətçilik və antisemitizm dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

Ermənistan Konstitusiyasının 41-ci maddəsinə əsasən, "Hər kəsin milli və etnik kimliyini qorumaq haqqı vardır. Milli azlıqlara mənsub insanlar ənənələrini, dinlərini, dillərini və mədəniyyətlərini qorumaq və inkişaf etdirmək haqqına malikdir”. Əlbəttə, bu Konstitusiyaya əsasən, ölkədə yaşayan yəhudilər kağız üzərində azaddırlar, amma ölkənin etnik tərkibinə nəzər yetirdikdə bunun əksini görmək mümkündür. İsrailli mütəxəssis Arye Qut Amerikada nəşr olunan "The Algemeiner” yəhudi qəzetində "Ermənistanda yəhudilərə qarşı: açıq-aşkar və təhlükəli” adlı məqaləsində yazır: "Erməni cəmiyyətində antisemitik hərəkətlərin artması və iqtisadi vəziyyətin çökməsi yəhudiləri ölkəni tərk etməyə vadar etmişdir''. Cəmi 20 il ərzində Ermənistanın yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir neçə yüz nəfərə enmişdir.

Belə bir sual meydana çıxır: erməni cəmiyyətindəki yəhudi azlığa qarşı bu nifrətin səbəbi nə ilə əlaqədardır? Əslində, bu, ermənilərin etnopsixoloji xüsusiyyətləri ilə əlaqədardır. Lakin bu problemin ikinci bir səbəbi isə bəzi tarixçilər tərəfindən iddia edilən avantürist fikirlərdir. Tarixi sübutlarla dəstəklənməyən bu nəzəriyyənin iddialarına görə, uydurma "erməni soyqırımı''nda Osmanlı yəhudiləri iştirak etmiş və Osmanlı əsgərlərinə dəstək olmuşlar. Nəticədə isə bu saxta iddialar bütün erməni xalqı, siyasətçiləri tərəfindən mənimsənilmişdir. Lakin bu iddialar reallığı əks etdirmir. Əgər erməni xalqı bunu reallıq kimi qəbul edirsə, o zaman minlərlə yəhudinin ölümünə səbəb olan alman faşist generalı Njde Qaregin və "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın öz ölkələrində qəhrəman kimi təbliğ olunduğunu unutmamalıdır. Bununla yanaşı, Azərbaycan və İsrail arasında münasibətlərin yaxşılaşması və inkişafı da Ermənistanda antisemitizmi gücləndirən səbəblərdən biridir.

Ermənistanda antisemitizm 3 səviyyədə mövcuddur:

– erməni cəmiyyəti arasında mövcud olan antisemitizm;

– hakimiyyət və siyasətçilər tərəfindən dəstəklənən antisemitizm;

– KİV vasitəsilə təbliğ olunan antisemitizm.

Erməni cəmiyyətindəki yəhudi nifrəti bir çox hallarda əməli fəaliyyətdə özünü göstərir. 2003-cu ildə Yerevanda Holokost qurbanlarının adına qoyulmuş memorial abidənin yerinin dəyişdirilməsi qərarı qəbul edildi. Səbəb isə bu ərazidə yeni bir obyektin tikilməsi idi. Əslində isə əsas səbəb erməni əhalinin abidəyə vurduğu ziyanı gizlətmək üçün onun gözdən uzaqlaşdırılması idi. Lakin yəhudi icmasının səyləri nəticəsində abidə şəhər daxilində başqa bir əraziyə köçürüldü. Abidə yerləşdirildikdən qısa müddət sonra onun üzərində yenə müxtəlif xəsarətlər meydana gəlməyə başlamışdır. Naməlum şəxslər tərəfindən çəkic və mismar ilə abidə üzərindəki yəhudi atributunun silinməsinə cəhdlər edilmişdir. Ermənilər yəhudilərə olan nifrətini bu abidə üzərindən nümayiş etdirirdi: Yerevanda 2004-ci il yəhudi yeni ilinin son günü kimliyi bəlli olmayan erməni vətəndaşları şəhər mərkəzindəki ictimai parkda Holokost qurbanlarının memorial abidəsi üzərinə 666 saylı "şeytan'' rəqəmini yazmışdılar. Çox keçmədi ki, 2005-ci il yanvarın 26-da antisemitistlər tərəfindən həmin abidə üzərində qara boya ilə böyük faşist simvolu çəkildi. Yazı dərhal park işçiləri tərəfindən təmizlənsə də, bu hadisəni gizlətmək mümkün olmadı.

2005-ci ildə isə abidə tamamilə aşırdılmış şəkildə tapılmışdır. Bu hadisə yəhudi icmasının rəhbərlərini və yəhudi cəmiyyətini narahat edən antisemitizm aktlarının ən əsası oldu. Bu hadisədən sonra yəhudi icmasının üzvləri hadisəni dərhal polisə bildirmiş, lakin təhqiqat obyektiv aparılmamış və icma üzvlərinə tam məlumat verilməmişdir. Bir müddət sonra isə verilən açıqlamada abidəni saxlayan sütunlarda problem olduğu və abidənin buna görə aşdığı qeyd olunmuşdur. Lakin bu cavabla kifayətlənməyən yəhudi icması üzvləri abidənin yerləşdiyi ərazidə sorğu aparmışdır. Sorğuda iştirak edən Qukas Harutyunyan qeyd edirdi ki, bu və buna bənzər hadisələr abidə qoyulduğu ildən bəri 6 ya da 7 dəfə təkrarlanmışdır. Eyni zamanda o, qeyd edirdi ki, abidənin sütunları çox möhkəmdir və bu səbəbdən onun aşmağı inandırıcı deyil.

Ölkədə antisemitizm yalnız xalq tərəfindən deyil, hakimiyyət və siyasətçilər tərəfindən də dəstəklənir. Erməni millətçiləri ötən bir neçə il ərzində mətbuatda antiyəhudi şərhlər yaymaqla daha da aktivləşmişlər. Ermənistan Ari Birliyi Partiyasının keçmiş lideri, milliətçi Armen Avetissiyan İsrailin "erməni soyqırımı''nı qəbul etməməsini bəhanə edərək, Ermənistandakı İsrail səfiri Rivka Coheninin ölkə üçün arzuolunmaz adam elan edilməsi çağırışı etmişdi. Bununla kifayətlənməyən A.Avetissiyan "Yerevanq'' qəzetində antisemit məqaləsini dərc etdirmişdi. Məqalədə yazılırdı: "Yəhudi azlığına malik olan hər bir ölkənin sabitliyində böyük təhlükə yaranır”. O, 2003-2004-cü illərdə Ermənistan mediasında haqqında ən çox danışılan insan oldu. İştirak etdiyi verilişlərdən birində Ermənistanda 50 min "gizli” yəhudinin yaşadığını və onların təsbit edilib ölkədən çıxarılmalı olduğunu vurğuladı.

Arye Qutun fikrincə, Ermənistan gözdən pərdə asmaq üçün Holokostu qəbul edir, lakin bununla bərabər Ermənistanda faşizm ideologiyası, irqi ayrı-seçkilik dövlət səviyyəsində təbliğ olunur, faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni millətçilərinə abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə və başqa obyektlərə onların adları verilir. Bu ölkədə faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilməsinin sübutudur. Yəni Ermənistanda antiazərbaycan siyasəti ilə yanaşı, antisemitizm də tüğyan edir.

Ermənistan müstəqilliyini elan etdikdən sonra hakimiyyətə gələn millətçi qüvvələr demək olar ki, "faşizmin erməni modelini'' yaratdılar. Ermənistandakı yəhudi icmasını hiddətləndirən digər hadisə isə erməni hökumətinin dini və etnik azlıqlarla bağlı idarəsinin rəhbəri, etnoloq Hranuş Xaratyanın "Golos Armenii” qəzetinə verdiyi müsahibə olmuşdur. O, müsahibəsində yəhudilərin Şabat ayinlərində yəhudi olmayanlara qarşı düşmənçilik etdiklərini, onlarla heyvan kimi davrandıqlarını qeyd etmiş, yəhudiləri antixristian fəaliyyətlə məşğul olmaqda ittiham etmişdir. Bunun cavabında yəhudi icmasının üzvləri H.Xaratyanın sözlərini prezident Robert Koçaryana göndərdikləri məktubda "yalan, böhtan və cahillik'' kimi xarakterizə etmiş və R.Koçaryan hakimiyyətindən Ermənistandakı antisemitizmi görməsini tələb etmişdilər. Lakin yəhudi icmasının bu müraciəti hakimiyyət tərəfindən cavabsız qalmış və H.Xaratyan isə üzr istəməyəcəyini bildirmişdir.

Ölkədə antisemitizmin siyasətçilər tərəfindən dəstəkləndiyini göstərən vizual fakt isə faşist Almaniyasının generalı Njdenin şərəfinə 2016-cı ilin may ayında Yerevanda ucaldılan heykəlin açılışında S.Sarkisyanın iştirak etməsi olmuşdur. Lakin bundan əvvəl 2006-cı il yanvarın 27-də Ermənistan Yəhudi İcmasının təşəbbüsü ilə "Holokostu Anma Günü'' adlı tədbir təşkil olunduğu zaman bir çox erməni dövlət adamları və məşhur şəxslər bura dəvət olunsa da, tədbirə yalnız parlamentin deputatı Mkrtiç Minasyan qatılmışdır. Prezidentliyi illərində Njdenin şərəfinə abidənin açılışında iştirak edən S.Sarkisyan o zaman müdafiə naziri vəzifəsində olmuş, lakin o, bu tədbirdə iştirak etməyi lazım bilməmişdi.

Bununla kifayətlənməyən antisemitik dövlət olan Ermənistan "Njdeizm'' ideologiyasını təbliğ edərək onu tədris müəssisələrinin proqramlarına daxil edir və gələcək nəsli bu "dəyərlər'' əsasında böyüdür. Arye Qut öz məqaləsində qeyd edir ki, minlərlə yəhudinin qətlə yetirilməsində şəxsən iştirak etmiş millətçi qoşun başçısı Dro başda olmaqla erməni legionunun məqsədi alman ordusu üçün "arzuedilməz'' yəhudilərin və başqa millətlərin məhv edilməsi idi. Bununla da Ermənistan rəhbərləri özlərinin faşist və millətçi yanaşmalarını nümayiş etdirdilər.

Lakin yəhudilərə qarşı olan bu "mədəni zorakılıq'' yalnız xalq və hakimiyyət tərəfindən deyil, media nümayəndələri və KİV tərəfindən də dəstəklənir. Ölkədə antisemitist məzmunda kitablar nəşr edilir, televiziya verilişləri yayımlanır, media nümayəndələri antisemit çıxışlar edirlər.

1998-ci ildə erməni müəllifi İqor Muradyan "Ermənistanın səsi'' qəzetində yayımlanan məqaləsində yəhudilərin etnik qarışıqlıq yaratdığını və Dağlıq Qarabağ problemində əlləri olduğunu bildirmişdi. O, eyni zamanda türklərlə yaxınlıq edən yəhudiləri Ermənistan üçün təhlükə adlandırmışdı.

"ALM Mediya'' şirkətinin sahibi Tiqran Karapetyan öz çıxışında yəhudiləri təhqir edən ifadələrdən istifadə etmişdi. Onun fikrincə, yəhudilər dünyaya hakim olan qeyri-kafi irqdir və onlar Ermənistana zərər verə bilər. T.Karapetyan həm də yəhudilərin Tövrat qədər hörmət etdiyi "Talmud''u (Yəhudilərin mədəniyyətini, adət-ənənələrini, əfsanələrini birləşdirən dini mətinlər toplusu) təhqir edərək kitabda "davakar ideologiya'' təbliğ edildiyini iddia etmişdir. Bütün bunlar sübut edir ki, Ermənistanda antisemitizm dövlət səviyyəsində dəstəklənir.

Yerevanda rus və erməni dillərində nəşr olunan "Milli sistem'' adlı kitab da Ermənistanda antisemitizmin daha bir təzahürü olmuşdur. Romen Yepiskopyanın müəllifi olduğu bu "elmi əsər''də ermənilərin başına gələn bütün müsibətlərdə yəhudilər ittiham edilir, türklər "sui-qəsdçi millət'', yəhudilər isə "məhv edən millət'' adlandırılırdı. Eyni zamanda kitabda müəllif Holokostun bir mif olduğunu bildirirdi. Hətta o, "erməni soyqırımı''nda da yəhudiləri ittiham edirdi. Sonradan rus dilində çap olunan "Ermənistan Respublikası'' qəzeti bu kitabı qınasa da, bu əslində Ermənistan dövlətinin öz mövqeyini gizlətmə cəhdi idi. Bu da sübut etdi ki, erməni hökuməti ölkədə antisemitizmin qarşısının alınması ilə bağlı problemləri həll etmək və ya idarə etmək üçün heç bir tədbir görmür.

Baş verən bütün hadisələrə rəğmən Ermənistan hökuməti hələ də ölkədə antisemitizmin olmadığını iddia edir. Ermənistandakı Yəhudi İcmasının sədri Rima Varjapetyan öz çıxışında "Ermənistanda antisemitizm yoxdur. Yəhudiliklə əlaqədar heç bir problem yoxdur'' açıqlamasını versə də, antisemitizm Ermənistanda reallıqdır. 2018-ci il martın 28-də "PEW'' Araşdırma Mərkəzi tərəfindən açıqlanan məlumatda Şərqi Avropanın 18 ölkəsi arasında Ermənistan yəhudilərə qarşı ən az tolerant olan ölkə seçilmişdi. Digər ölkələrə nisbətən burda antisemitizm 32%-dir ki, bu, çox böyük bir göstəricidir.

Bütün bu faktlar göstərir ki, Ermənistanın yəhudi soyqırımını tanımağına baxmayaraq, bu ölkədə yəhudilərə qarşı qəddar antisemitizm və dərin bir nifrət var.

Aynur Əzimzadə,

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...