THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya-Türkiyə: İdlib maneəsi və yeni əməkdaşlıq imkanları

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4259
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 avqust 2019 – Newtimes.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri Suriyanın İdlib əyalətində vəziyyətin gərginləşməsi fonunda baş tutdu. Əslində, məhz orada cərəyan edən hadisələrdən sonra Türkiyə lideri Vladimir Putinə zəng edib, görüşmək lazım gəldiyini ifadə edib. Rusiya Prezidenti də onu ölkəsinə səfərə dəvət etdi. Bu səfərin bir sıra aspektdən əhəmiyyətli olduğu aydın oldu. Tərəflər geosiyasi məsələlərlə yanaşı, hərbi sahədəki əməkdaşlıqla da bağlı müzakirələr aparıblar. O cümlədən masada Rusiyanın müasir döyüş təyyarələrinin Türkiyəyə satılması imkanları olub. Bunun fonunda, təbii ki, İdlib məsələsi ciddi müzakirə edilib. Bütövlükdə Moskva və Ankara anlaşıblar. Maraqlıdır ki, konkret detalları dövlət başçıları açıqlamayıblar. Bu proseslərin kontekstində Türkiyə Prezidentinin Rusiyaya səfərinin geosiyasi aspektlərinin analizi üzərində geniş dayanmaq istərdik.

Suriya müharibəsi: İdlibdə toqquşmalar və Ankara-Moskva xəttində gərginlik

Rusiya-Türkiyə münasibətlərinin inkişaf dinamikasının pozulduğunu düşünənlər son vaxtlar az deyildi. Bunu daha çox İdlibdə baş verənlərlə bağlayırdılar. İdlibdə rejim güclərinin Türkiyənin hərbi məntəqələrinə hücum etməsi haqqında informasiyaların fonunda bu, inandırıcı görünürdü. Üstəlik, Kremlin Ankaranın Amerika ilə birlikdə təhlükəsizlik zonası yaratmasından narazı qaldığını deyirdilər. Prezident R.T.Ərdoğanın Rusiyaya səfərindən sonra real vəziyyətin xeyli fərqli olduğu üzə çıxdı.

Proseslərin gedişindən aydın olur ki, Avrasiyanın iki böyük dövləti arasında münasibətlər bir qədər mürəkkəbləşib. Xüsusilə İdlib məsələsində Ankara ilə Moskvanın mövqe fərqləri qalmaqdadır. Burada Türkiyə müxaliflərin bir qrupunu, Moskva isə Bəşər Əsədi dəstəkləyir. Türkiyə Əsəd rejiminin sünnilərə etdiyi zülmləri unutmur. Bu səbəbdən də Rusiya və Türkiyə arasında Suriya iqtidarı ilə bağlı fikir ayrılığı qalır. Kreml açıq şəkildə Dəməşqin mövqeyini hər kəsin qəbul etməsini tələb edir. İdlibə gəldikdə isə burada vəziyyət sadə deyil.

Doğrudan da, Suriyanın bu əyalətində radikal silahlılar çoxdur. Lakin onlara məhz hökumət strukturları bir qədər əvvəl başqa bölgələrdən İdlibə köç etmələri üçün şərait yaratmışdı. Nəticədə, İdlibin ərazisinin 90 faizini radikallar zəbt etdilər. İndi də guya ki, həmin radikallardan B.Əsəd canını xilas edir. Təbii ki, terrora qarşı mübarizə olmalıdır. Və son halda kimsə B.Əsədi terrorla mübarizəyə görə ittiham edə bilməz. Ancaq real sahədə konkret geosiyasi məqsədləri də bilmək gərəkdir.

Bu baxımdan Moskvanın Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi ilə bağlı fikirləri maraqlıdır. Prezident V.Putin bəlkə də çoxları üçün gözlənilmədən Türkiyənin təhlükəsiz bölgə yaratmaq fəaliyyətini dəstəklədiklərini bəyan etdi. Yəni məsələ həmin bölgəni konkret olaraq kimlərlə yaratmaqda deyil. Əslində, Rusiya üçün ən yaxşı variantlardan biri məhz Türkiyənin bu prosesdə iştirak etməsidir. Çünki Ankara həqiqi mənada Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlıdır. Türkiyə terrorla mübarizəsində bu məqamı daim vurğulayır. Bu səbəbdən hətta amerikalıların iştirak etdiyi bir layihədə türklər Suriyanın ərazi bütövlüyünün pozulmasına imkan verməzlər.

Rusiyanın dövlət başçısı bütün bunları daha yaxşı bilir. Deməli, Rusiya-Türkiyə münasibətlərində müəyyən mürəkkəblik yaranırsa, burada konkret mexanizmlərdən söhbət gedə bilər. O cümlədən Rusiya İdlibdə üstünlüyə malik olmağa çalışar. Moskva Suriyanın bütün ərazisində B.Əsədin nəzarətini arzulayır. Bunun üçün isə yeni konstitusiyada B.Əsədin daha möhkəm mövqe tutmasına nail olmaq gərəkdir. İdlibdə hətta mötədil müxalifət belə üstünlük təşkil etsə, B.Əsədin mövqeyi zəifləyər. Belə çıxır ki, əsas məsələ İdlibdə hansı nöqtəyə kimin hücum etməsində deyil, bütövlükdə siyasi, hərbi və geosiyasi üstünlüyün kimin tərəfində olmasındadır. Rusiya döyüş meydanında məhz bu üstünlüyü təmin etməyə cəhd göstərir.

Prezident R.T.Ərdoğanın Rusiyaya səfərinə vurğulanan məqamların işığında baxdıqda, çox vacib məsələlərin müzakirə olunduğunu deyə bilərik. Həm də bütün bunlar iki ölkə arasında hərbi əməkdaşlığın güclənməsi ilə bağlı aparılan müzakirələr fonunda baş verir. Konkret olaraq, Türkiyə Prezidenti aviasiya sərgisinin açılışında iştirak edərək rus istehsalı olan yeni nəsil hərbi təyyarələrlə tanış olub. Ekspertlər daha çox "Su-35" və "Su-57"lərə diqqət göstəriblər. R.T.Ərdoğan bu təyyarələrlə maraqlanıb. Prezident V.Putinlə söhbətdə "Su-57" qırıcılarını ala biləcəklərini ifadə edib. Rusiya Prezidenti də bunun mümkün olduğunu deyib, lakin bir qədər sonra.

Əməkdaşlığın davamı: prezidentlər razılığa gəldilər

Bu dialoqdan sonra Rusiya KİV-i rəsmi mənbələrə istinad edərək iki ölkə arasında yeni nəsil döyüş təyyarələrinin Türkiyəyə satılması haqqında danışıqların başladığından yazır, V.Putinin Türkiyənin özünün istehsalı üzərində işlədiyi yeni nəsil qırıcı təyyarələrin hazırlanmasında iştirak edə biləcəklərini təklif etdiyini də vurğulayır.

Bu hadisələrin fonunda iki Prezidentin Suriya məsələsində müəyyən razılığa gəldiyi təsəvvürü də yaradılır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu dövlət başçılarının görüşündən sonra İdlibdə sülhün bərqərar olacağına inandıqlarını ifadə edib. Bu zaman o, Suriyadakı bütün terror qruplarının neytrallaşdırılması zərurətini bir daha vurğulayıb. Bunlara rəğmən, Türkiyə Prezidenti B.Əsədə bağlı hərbi qrupların İdlibi bombalamasının yolverilməz olduğunu bəyan edib.

Prezident V.Putin Türkiyənin bu məsələdə həssaslığını anladığını deyib. O, "kifayət qədər həssas məsələdən" bəhs edildiyini söyləyib. Ekspertlərin rəyinə görə, faktiki olaraq, prezidentlər İdliblə bağlı ümumi mövqeyə gəliblər. Qalan məsələ B.Əsəd ordusunun haraya qədər irəliləməsi ilə bağlıdır. Burada vəziyyəti gərginləşdirən Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin atəşə tutulmasıdır. Kreml də, görünür, bu cəhətə elə də etiraz etmir.

Deməli, İdlibdə qarşıdurma hələ davam edəcək. Orada müxalifət B.Əsəd və ona yardım edən kənar qüvvələrin hücumuna qarşı dirəniş göstərməkdə davam edəcək. Son məlumatlara görə, Türkiyə Prezidenti Rusiyaya getməmişdən bir neçə saat öncə İdlibdə müxalif qüvvələr Suriya ordusunun Xan-Şeyhundakı mövqeyinə hücum ediblər.

Ancaq bölgədən qaçqınların sayının artması vəziyyəti gərginləşdirir. Hətta 500 min dinc insanın İdlibdən çıxması gözlənilir. Türkiyə onları qəbul etməyəcəyini bildirib. Deməli, Avropa yeni miqrant axınına məruz qala bilər. Bütövlükdə belə bir vəziyyət narahatlıq doğurur. Rusiya da suriyalılar arasında nüfuzunu itirmək təhlükəsi ilə qarşılaşmış olur.

Maraqlıdır ki, bütün bunlarla yanaşı, Rusiya və Türkiyənin Yaxın Şərqdə təhlükəsizliklə bağlı konkret fikirləri səsləndirilməyib. Bu da bir çox ekspertlərin onların danışıqlarının bir qisminin məzmununun açıqlanmadığı haqqında nəticə çıxarmasına yol açıb. Hər bir halda, prezidentlərin məsələnin bu aspekti ilə bağlı apardıqları müzakirələr maraqlı olardı.

Bu deyilənlər R.T.Ərdoğanın Rusiya səfərinin bir çox cəhətdən əhəmiyyətli olduğunu göstərir. Hər şeydən öncə, aydın olur ki, Yaxın Şərqdəki münaqişələri Türkiyəsiz həll etmək mümkün deyil. Rusiya ekspertləri də ifadə edirlər ki, V.Putin Türkiyənin geosiyasi maraqlarının təmin edilməsinə etiraz etmir. Məsələn, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasını Kreml normal qarşılayır. Lakin Moskva istəyir ki, bütövlükdə Suriya ərazisinə B.Əsəd nəzarət etsin.

Digər məqam ondan ibarətdir ki, Rusiya və Türkiyə İdlibdəki anlaşılmazlığa rəğmən, əməkdaşlığı davam etdirəcəklərini nümayiş etdirdilər. Hətta hərbi sferada daha da geniş əlaqələrdə maraqlı olduqlarını göstərdilər. Buradan bir məntiqi nəticə çıxır: bəzi ekspertlərin təqdim etməyə çalışdığı kimi, Türkiyə kimsənin yanında dayanmır, əksinə, müstəqil regional güc kimi geosiyasi mübarizədə əzmlə və qətiyyətlə iştirak edir. Kənardan belə görünə bilər ki, Ankara gah ABŞ-a, gah da Rusiyaya üz tutur. Qətiyyən elə deyil, Ankara hər iki istiqamətdə öz müstəqil sözünü deyir və göstərir ki, o, artıq müstəqil marağa və mövqeyə malik güclü dövlətdir. Belə təəssürat var ki, Kreml bunu qəbul etməkdədir.

Bunlarla yanaşı, Türkiyə Prezidentinin səfəri göstərdi ki, Yaxın Şərqdə nüfuz dairələrinin yeni geosiyasi bölgüsü uğrunda mübarizə nəinki səngimir, hətta bir sıra aspektlərdə yeni çalarlar almağa başlayır. Hələlik əsas fiqurlar kimi Amerika, Türkiyə və Rusiya çıxış edirlər. Lakin digər güclü oyunçuları da kənara atmaq olmaz. Lazımi anda onlar da özlərini göstərəcəklər. Ayrıca, İrana bağlı silahlı qruplar İdlibdə indi də döyüşürlər. Onlar, faktiki olaraq, B.Əsəd ordusunun əsas hissəsini təşkil edirlər.

Nəhayət, Rusiya-Türkiyə münasibətlərinin dinamikası çoxqütblü dünya nizamının yaranması ehtimalının az olmadığını göstərir. İki böyük dövlət bir sıra hallarda heyrətedici dərəcədə bir-birini anlayır. Bu, özlüyündə Avrasiya məkanında maraqlı və perspektivli geosiyasi konfiqurasiyanın yaranma ehtimalından xəbər verir. Lakin o da unudulmamalıdır ki, geosiyasət risklər və gözlənilməzliklərlə doludur!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...