THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-Türkiyə: "Bir millət, iki dövlət" prinsiplərinə sədaqət

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1874
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyul 2019 – Newtimes.az

Azərbaycan və Türkiyə arasında qədim tarixi olaylara, həmçinin mədəni və etnik bağlara əsaslanan xüsusi münasibətlər mövcuddur. Azərbaycanlılar və türklər eyni türk mənşəlidirlər və ortaq əcdadları var. Oğuz türkləri tərəfindən təşkil olunmuş Səlcuq imperiyası bugünkü Türkiyə və Azərbaycanın bünövrəsi hesab olunur. Hər iki ölkə coğrafi cəhətdən yaxındır və Azərbaycan Türkiyə ilə Naxçıvan regionunda kiçik bir sərhədi paylaşan yeganə türkdilli dövlətdir. Bütün bunlar müasir günümüzün Azərbaycanı və Türkiyəsi arasında xüsusi əlaqələrin qurulmasına öz töhfəsini vermişdir.

Bu iki ölkə arasındakı əlaqələri daha yaxşı anlamaq üçün biz Osmanlı imperiyasının Birinci Dünya müharibəsi dövründəki tarixinə nəzər salmalıyıq. Həmin dövrdə Osmanlı ordusu çox çətin durumda idi və imperiya özü isə tənəzzülə gedirdi. Müharibənin ilk illərində bütün bu çətinliklərə baxmayaraq, Çanaqqala (Gelibolu) savaşında Osmanlının zəfəri çox mühüm, lakin olduqca çətin qələbə idi. Çanaqqala savaşı Birinci Dünya müharibəsi zamanı Antanta İttifaqına daxil olan dövlətlərin Avropadan Rusiyaya olan dəniz yolunu öz nəzarəti altına keçirtmək üçün bir cəhd idi. Həmin kampaniya ilk olaraq Britaniya və Fransa gəmiləri tərəfindən Dardanel boğazında 1915-ci ilin fevralında dəniz hücumu ilə başladı və aprelin 25-də Britaniya və Fransa qoşunları, Avstraliya və Yeni Zelandiya ordu korpusları tərəfindən Gelibolu yarımadasının zəbti ilə davam etdi. Boğazların işğalı İttifaq dövlətlərinə Rusiya ilə Qara dənizdə birləşməyə imkan verəcək və onlar birgə fəaliyyət göstərərək Türkiyəni sıradan çıxara biləcəkdi. Lakin doqquz ay Osmanlı dövlətinin əsgərləri öz vətənlərini çoxsaylı xarici qüvvələrin işğaldan müdafiə etmək üçün mərdliklə savaşdılar. Osmanlı əsgərləri Mustafa Kamal Atatürkün başçılığı ilə ölüm-dirim savaşına hazır idilər. Onlar vətənlərinin müdafiəsini özləri üçün müqəddəs bir vəzifə bilirdilər. Çanaqqala savaşında hər iki tərəfdən böyük itkilər oldu. Osmanlı ordusu qətiyyətlə savaşaraq qələbə çaldı. Osmanlı ordusunun Qafqaz kampaniyasında türklərə qoşulan azərbaycanlılar da müttəfiqlərə qarşı Çanaqqala savaşında əzmlə mübarizə apardılar. 4 minə yaxın azərbaycanlı osmanlı türkləri ilə çiyin-çiyinə xarici işğala qarşı mübarizə apararaq canlarından keçdilər. Bu, möhtəşəm bir qardaşlıq nümunəsi idi.

İki ölkə arasındakı bu xüsusi münasibətlərin daha bir gözəl nümunəsi 1918-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı dövrünə təsadüf edir. Azərbaycandakı vəziyyət hadisələri surətlə gərginliyə doğru aparırdı. Belə ki, bolşeviklər və Erməni İnqilab Federasiyasının (Daşnaklar) birləşmiş qüvvələri Bakıdakı hakimiyyəti ələ keçirmişdi. Bu hərəkatın mühüm dönüş nöqtəsi isə indi Mart günləri kimi tanınan, erməni daşnakları və bolşevik qoşunları tərəfindən 30 mart və 3 aprel 1918-ci il tarixlərində 12 min azərbaycanlının Bakıda qətl edilməsi idi. Bunun ardınca 1918-ci ilin aprelində Bakı Xalq Komissarları Soveti yaradıldı və özünü Sovet Rusiyasının ayrılmaz hissəsi olduğunu bəyan etdi. Azərbaycan Demokratik Respublikasının qurucuları, müstəqillik hərəkatına rəhbərlik edənlər 1918-ci ilin mayın 28-də Tiflisdə müstəqillik elan etdilər. ADR hökuməti 1918-ci ilin iyunun ortalarında Tiflisdən Gəncəyə köçəndə əsas hədəf Bakını işğaldan azad etmək idi. Gənc respublikanın hələ müntəzəm nizami ordusu olmadığına görə Azərbaycan Osmanlı dövlətindən yardım istədi. 4 iyun 1918-ci il tarixində Azərbaycan və Osmanlı dövləti Batumda dostluq və əməkdaşlıq anlaşması imzaladılar. Həmin anlaşmanın 4-cü bəndinə əsasən Osmanlı dövləti Azərbaycana onun təhlükəsizliyini qoruyub sülhü bərpa etmək üçün hərbi yadım göstərməli idi. Batum anlaşması Azərbaycan Demokratik Respublikasının xarici dövlətlə bağladığı ilk razılaşma oldu. Həmin anlaşmaya əsasən Türk qüvvələri Nuri paşanın komandanlığı altında 14 sentyabrda şəhərə daxil olaraq Bakı uğrunda savaşa başladılar və növbəti gün qələbə qazandılar. Yeni Qafqaz İslam Ordusu Osmanlı hərbi qüvvələri, azərbaycanlı əsgərlər və Dağıstandan gələn könüllülərdən ibarət idi. Bunun nəticəsi olaraq Azərbaycan Demokratik Respublikası öz paytaxtını Bakıya köçürdü.

Daşnak hərbi qüvvələrinin Birinci Dünya müharibəsi illərində (1914-1918) Osmanlı ərazilərində "böyük Ermənistan'' yaratmaq planları iflasa uğradıqdan sonra Cənubi Qafqaza geriləməli oldular və İrəvan da daxil olmaqla Azərbaycanın əyalətlərində qətliamlar törətməyə başladılar. 1918-ci ilin əvvəllərində Daşnakların İrəvanda azərbaycanlılara qarşı apardığı etnik təmizləmə zamanı orada yaşayan nənəmin ailəsi böyük faciələrlə qarşılaşdı. Nənəmin atası, mənim ulu babam axund Hacı Əliqulu cəmiyyətdə tanınan, o dövrün mütərəqqi ictimai xadimlərindən idi. O, İrəvan əhalisini erməni qırğınlarından xilas etmək üçün onların şəhərdən çıxmasına rəhbərlık edənlərdən biri olmuş, lakin özü bu missiyanı həyata keçirən zaman Araz çayının keçidində arxadan güllələnmişdi. Nənəmin böyük qardaşı, o dövrün mütərəqqi Rus-Tatar məktəbinin tələbəsi bizim ailənin bu hadisələr zamani növbəti qurbanı oldu. Nənəm isə canını ölümdən güclə qurtara bildi. Ulu nənə-babamın və onların ailəsinin hekayə və xatirələri hələ də ailəmizdə nəsildən-nəslə ötürülərək yaşadılır. 1918-1920-ci illərdə Azərbaycanın tarixən doğma torpaqları olan İrəvan əyalətində 132 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Xilas ola bilənlər isə İranda, Türkiyədə və Azərbaycanın digər bölgələrində qaçqın kimi yaşamağa məcbur olmuşdu.

Erməni qoşunları 1918-ci il boyunca nəinki Azərbaycan Demokratik Respublikasında, Cənubi Azərbaycanda da yerli əhaliyə hücumları davam etdi. Cənubi Azərbaycanın Urmiya, Xoy, Təbriz, Səlmas və digər əyalətləri erməni hərbi qüvvələrinin törətdiyi dəhşətli cinayətlərə məruz qaldilar. Bu hadisələr bir çox tarixi mənbələrdə sənədləşdirilmişdir. Həmin faciəli günlərdə Osmanlı dövləti minlərlə günahsız insanı xilas etmək üçün yardım əlini uzadaraq öz qoşun hissələrini göndərmişdi.

İşğala məruz qalan ərazilərə yaxından bələd olan yerli hərbi dəstələr Osmanlının xilaskar ordusuna qoşulurdu. Onlardan biri də babamın əmisi oğlu Yaqub Əli oğlu Namazov idi. Ətrafdakılar onu Yaqub ağa kimi tanıyırdılar. O, İrəvanın Uluxanlı qəsəbəsində silahlı dəstəyə başçılıq edirdi. Türk hərbi komandanlığı onu Osmanlının xüsusi təyinatlı qoşun hissəsində yüzbaşı təyin etmişdi. Bu hərbi hissə Yaqub ağanın silahlı dəstəsi ilə birlikdə İrəvanda və Cənubi Azərbaycanda xilasetmə əməliyyatları həyata keçirmışdi. Daşnaklar 1918-ci ilin martında Xoy şəhərinə daxil olan zaman yerli əhali onlara köməyə gələn Osmanlı qoşunları ilə birləşib düşməni geri çəkilməyə məcbur edə bilmişdi. Ailəmiz Yaqub ağanın xilasetmə missiyasında iştirakını əziz xatirə kimi bu gün də yaddaşında saxlayır.

Azərbaycanın Osmanlı dövləti ilə əlaqələri bolşeviklərin 1920-ci ilin aprelində Bakının işğalından sonra da davam etmişdi. Həmin zaman Azərbaycan Sovet Respublikasının əsası qoyuldu və 1922-ci ilin sonunda SSRİ-yə tamamilə birləşənə qədər Türkiyə ilə sıx münasibətlər davam etmişdi. Bu münasibətlər Mustafa Kamal Atatürkün milli azadlıq hərəkatına dəstək üçün əlverişli şərait yaratmışdı. Azərbaycandakı milli müstəqillik hərəkatında fəal olan bir çox azərbaycanlı mütəfəkkir yeni türk respublikasının qurulmasına kömək etmək üçün Türkiyəyə köçmüşdü. Müasir Türkiyə Respublikasının formalaşması üçün maddi yardım çox mühüm idi və bu yardım Türkiyənin Ərzurum şəhəri ilə Sovet Azərbaycanının Bakı şəhərini birləşdirən dəmiryol xətti ilə çatdırılırdı.

1991-ci ildə SSRİ-nin süqutundan və Varşava paktının qüvvədən düşməsindən sonra Türkiyə regionun super gücünə çevrildi və yeni müstəqillik qazanmış dövlətlərlə qərb dünyası arasında körpü rolunu oynamağa başladı. Türkiyə dəyərli müttəfiqlik və güclü liderlik nümayiş etdirir və regionda NATO-nun mühüm üzvlərindən biri kimi yaradıcı diplomatiya ilə seçilirdi. Türkiyənin beynəlxalq müstəvidə artan nüfuzu bu ölkəni regionun etibarlı və qüdrətli dövlətinə çevirdi. Yeni meydana gələn müstəqil ölkələr üçün Türkiyə özünün demokratik mahiyyəti və azad bazar iqtisadiyyatı ilə nümunə rolunu oynayırdı. Bu rol Qərb müttəfiqləri tərəfindən də təşviq edilir və Türkiyənin nüfuzu sayəsində regionda Rusiya və İranın təsirinin azaldacağına ümid bəslənilirdi.

Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Azərbaycanın müstəqilliyinin ilk günlərində gənc Azərbaycan diplomatları üçün Türkiyə öz diplomatik missiyalarında lazımi iş şəraiti yaratmaq üçün əlindən gələni əsirgəmirdi. Türk və Azərbaycan diaspora təşkilatları Qərb ölkələrində öz maraqlarını müdafiə etmək üçün uğurla əməkdaşlıq edirlər. Azərbaycan-Türkiyə münasibətləri Qafqaz regionunun geosiyasətində də mühüm rol oynayır və regionun digər ölkələri ilə, xüsusən də Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş qonşu Ermənistan ilə münasibətləri formalaşdırır. 2008-ci ildə Türkiyə Avropa İttifaqına qoşulmaq istiqamətində atılan addımların bir hissəsi kimi Qarabağ məsələsində mövqeyini yumşaltmağa başladı. Avropa İttifaqı ilə ABŞ-ın təzyiqi altında Türkiyə Ermənistana qarşı ticarət embarqosunun qaldırılmasına çalışdığı hiss olunurdu. Qlobal siyasi təsir altında 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan "Sürix protokolları" imzalandı. Amma işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsindən əvvəl Türkiyə Respublikasının Ermənistan-Türkiyə sərhədini açmaq və Ermənistanla ticarət əlaqələrini bərpa etmək istəyi rəsmi Bakıya qarşı yönəlmiş xəyanət aktı kimi görünürdü. Əlbəttə ki, rəsmi Ankara öz niyyətləri barədə Bakıdakı həmkarlarını məlumatlandırsa da, Azərbaycan torpaqlarının işğalı məsələsinin həlli ilə bağlı ölkəmizi danışıqlara cəlb etmək barədə öz nüfuzlu həmkarları ilə birlikdə məsləhətləşmələr aparmağa nail ola bilməmişdi.

Türkiyənin bu siyasi addımı onun Azərbaycanla olan münasibətlərinə mənfi təsir etmiş və ölkəmiz buna qarşı öz məyusluğunu ifadə etmişdi. Prezident İlham Əliyev Türkiyədə keçirilməsi nəzərdə tutulan vacib beynəlxalq və ikitərəfli görüşlərdə iştirak etməkdən imtina etmiş və 2009-cu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli İstanbul zirvə toplantısına planlaşdırılan səfərini də ləğv etmişdi. Türkiyənin Prezident İlham Əliyevin bu tədbirdə iştirakını təmin etmək cəhdləri uğursuzluğa məruz qalmış, eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klintonun da İstanbul zirvə toplantısında Prezident Obamanın Azərbaycan dövlət başçısı ilə görüşü barədə telefon danışıqları da bir nəticə verməmişdi.

Türkiyə Prezidenti Ərdoğan Azərbaycanla münasibətlərin qorunub saxlanılması kimi çətin bir məsələ ilə üzləşmişdi. Nəticədə o, Ermənistanla münasibətlərin qurulması sahəsində geriyə doğru bir addım atdı. Ermənistanla sərhədin açılması ölkə daxilində güclü etirazlara səbəb ola bilərdi. Türk cəmiyyəti də bu dəyişiklikləri çox diqqətlə izləyirdi. Türk mətbuatı və ölkənin əsas müxalifət partiyaları Azərbaycana və onunla olan qardaşlığa qarşı xəyanət etmək istəyinə görə yerli hökuməti tənqid atəşinə tutur və yaranmış bu yeni siyasi şəraitin "bir millət – iki dövlət" prinsiplərini təhlükə altına atan addım kimi qiymətləndirdi. Nəticə etibarilə, Ərdoğan Ermənistanın Azərbaycan torpaqlarının azad edilməsini Türkiyə-Ermənistan protokollarının imzalanması və təsdiqlənməsi üçün ilkin şərt olaraq qaldığını bəyan etdi.

Qərbin təzyiqi ilə Türkiyənin Ermənistan məsələsində mövqeyini yumşaltmaq cəhdləri Azərbaycanın maraqlarına qəti uyğun gəlmirdi. Bakıdakı hökumət rəsmiləri bildirirdilər ki, Azərbaycan da Türkiyə maraqlarına aid məsələlərdə böyük təzyiqlərə məruz qalmış, lakin Azərbaycan rəhbərliyi bu təzyiqlərə təslim olmayıb və Türkiyə ilə olan münasibətlərini təhlükə altına atmayıb. Prezident Heydər Əliyev Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün əsas ixrac neft kəmərini Türkiyənin Ceyhan limanına qədər uzadılmasını təklif edəndə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin bir çox səhmdarları buna qarşı çıxır və onlar Rusiya ərazisindən keçən şimal marşrutu və Gürcüstan ərazisindən keçən qərb marşrutu və ya bərə vasitəsilə İran ərazisindən keçən cənub marşrutu kimi digər beynəlxalq satış istiqamətlərini təklif edirdilər. Mən əsas ixrac boru kəmərinin seçilməsi ilə bağlı baş verən bütün bu proseslərin şahidi olmuşam və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ilk prezidenti Terri Adamsın diplomatcasına dediyi fikirləri yaxşı xatırlayıram: "Əsas ixrac marşrutu ya Rusiya ərazisindən keçə bilər, ya Supsa terminalı vasitəsilə, ya da ki, Ceyhan limanına qədər uzana bilər''.

Prezident Heydər Əliyev Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin səhmdarları arasında boru kəmərinin marşrutu ilə bağlı yaranan mübahisələrdən çox narazı idi. Əsas ixrac boru kəməri vasitəsilə ilk neftin nəqli üçün 54 aylıq bir müddət müəyyən edilmişdi və işin icrası bu mübahisələr səbəbindən gecikirdi. Bakı-Tbilisi-Ceyhan marşrutu Heydər Əliyevin təkid etdiyi yeganə variant idi.

Heydər Əliyev çıxışlarının birində belə demişdi: "İmzaladığımız müqaviləyə və Bakı-Tbilisi-Ceyhan nəqliyyat marşrutuna qarşı çıxan insanlar var idi... Onlar Azərbaycana qarşı maneələr yaradırdılar. Axı, neft bizə məxsusdur və neft üçün ixrac marşrutunu müəyyən etmək də ilk növbədə, bizim hüququmuzdur. Bizi çox böyük təzyiqlərə məruz qoyurdular... Sonda biz bütün bunlara qalib gəldik və həmin müqaviləni imzaladıq... Onlar Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına qarşı çıxırdılar... Amma biz qətiyyətimizi nümayiş etdirərək öz yolumuzdan dönmədik''.

Enerji və nəqliyyat sahəsindəki sıx əməkdaşlıq Azərbaycanı Türkiyənin regiondakı ən böyük tərəfdaşına çevirdi. Bakı ilə Türkiyənin Qars vilayəti, daha sonra isə Balkanlarla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan daha bir mühüm regional layihədir. Bakı-Tbilisi-Ceyhan neft və Cənub Qafqaz Qaz Boru kəmərləri, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən "Şahdəniz-2'' meqa layihəsi də bu əməkdaşlıqda mühüm rol oynayır.

Mən Türkiyə ilə Azərbaycan arasındakı bu strateji tərəfdaşlığın böyük nailiyyətlərinin və qardaşlığın formalaşmasının şahidi olmuşam. BP-nin dünyada ən böyük neft və qaz terminalı olan Bakı yaxınlığındakı Səngəçal terminalında Türkiyədən olan bir sıra yüksək səviyyəli nümayəndə heyətlərini qəbul etmək mənim üçün böyük şərəf olub. Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Parlamentinin spikerləri Bülent Arınç və Köksal Toptan, o cümlədən çoxsaylı hökumət nazirləri və digər görkəmli şəxslərlə görüşmək, onları neft və qaz sektorunda baş verən proseslər haqqında məlumatlandırmaq böyük şərəf idi. Osmanlı ordusunun İrəvan şəhərində xilasetmə əməliyyatlarına qatılan bir ailənin nümayəndəsi kimi türk ordusunun hərbi komandirləri ilə görüşməkdən mən xüsusilə şərəf duymuşam. Qarabağ müharibəsi veteranı kimi Türkiyənin Ordu generalları ilə görüşməkdən böyük qürur hissi keçirmişəm. Türkiyənin əsrlərboyu davam edən şanlı tarixində bir çox dəyişikliklər baş versə də, dəyişməz qalan bir şey var, o da türk ordusunun nümayiş etdirdiyi peşəkarlıqdır. Onlar bu gün də öz ölkələrinin milli təhlükəsizliyini müdafiə edən qəhrəman döyüşçülərdir. Türkiyənin ordu generalları Hilmi Özkök, İlker Başbuğ, Həsən Iğsız və NATO-nun Cənub-Şərq hərbi kontingentinin komandiri Oktar Atamanla Səngəçal terminalında görüşlərim zamanı onlar Türkiyə silahlı qüvvələri barəsində danışarkən qeyd ediblər ki, Türkiyə ordusu bu gün özünün ən yaxşı formasındadır. NATO-nun əsas üzvlərindən biri kimi türk ordusu Azərbaycanın karbohidrogen məhsullarının Avropa İttifaqı ölkələrinə çatdırılmasını və Avropada enerji təhlükəsizliyini dəstəkləmək üçün boru kəmərlərinin mühafizəsini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Türkiyə hərbçiləri Azərbaycan ordusu ilə müdafiə və təhlükəsizlik məsələlərində sıx əməkdaşlıq edir və ölkəmizə NATO standartlarına çatmaq istiqamətində köməklik edirlər. Azərbaycanla Türkiyə arasında olan strateji əməkdaşlıq təkcə Cənubi Qafqazda deyil, o cümlədən Avropada da bütün ölkələrə iqtisadi dividendlər qazandırır və sabitlik gətirir.

Qivami Rəhimli,

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Hökumətlə işlər üzrə baş müşavir, BP Azərbaycan

AZƏRTAC

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...