THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kədərli sonluq: Transatlantik məkanda ayırıcı xətlər sərtləşir

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4114
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 mart 2019 – Newtimes.az

Təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən ənənəvi Konfrans bu dəfə gözlənilən ümidləri doğrultmadı. İştirakçılar hesab edirlər ki, aparılan müzakirələrdən müsbət nəticələr alınmadı. Demək olar ki, bütün böyük dövlətlərin təmsilçiləri bədbin fikirlər söyləyiblər. Onlar daha çox fikir ayrılığından, təhlükələrdən və risklərdən danışıblar. Ayrıca, supergüclər arasında da dartışmalar özünü göstərib. Müxtəlif regionlarda münaqişələrin həlli ilə bağlı hansısa razılıq əldə edilməyib. Əvəzində, ayrı-ayrı məsələlər üzrə tərəflər öz mövqelərində qaldıqlarını bəyan ediblər. Nəticədə, Konfransın yekun sənədində daha çox pessimist məqamlar yer alıb. Belə bir vəziyyətin qlobal geosiyasi mənzərəyə necə təsir edə biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.

Daha çox fikir ayrılığı: təhlükəsizliyin təhlükəli tərəfləri

Almaniyanın Münxen şəhərində keçirilən və beynəlxalq təhlükəsizliyə həsr edilən Konfrans haqqında ekspertlər fərqli fikirlər ifadə edirlər. Ənənəvi keçirilən bu tədbiri ümumi olaraq "kədərli Konfrans" kimi qiymətləndirirlər. Bunun səbəbi odur ki, müxtəlif ölkələrdən gəlmiş 100-dən çox nümayəndə başlıca olaraq münaqişələri, siyasi riskləri, böyük dövlətlərin geosiyasi maraqlarını və nüfuz dairələrini yeni reallıqlara uyğun bir şəkildə formalaşdırmaq cəhdlərini müzakirə ediblər. Almaniyanın Kansleri Angela Merkel isə dünyanın liberal nizamından narahatlığını bəyan edərək ABŞ və Rusiyanı ittiham edib.

Konfransın yekunu kimi Qərb ölkələri arasında birliyin zəifləməsi fikrinin açıq ifadə edilməsini, "Şimal axını 2" layihəsinə qarşı mövqenin sərtləşməsini, Xuan Quaydonu Venesuelanın Prezidenti kimi tanımağı ABŞ-ın tələb etməsini, A.Merkelin Rusiyaya qarşı sanksiyaları dəstəkləməsini və digər məqamları da vurğulayırlar.

Doğrudan da, Konfransda çıxış edən liderlər demək olar ki, nikbin fikir ifadə etməyiblər. Onlar daha çox şübhələrdən, qeyri-müəyyənliklərdən, risklərdən və münaqişəli vəziyyətlərdən danışıblar. Təhlükəsizlik üzrə Münxen Konfransının qocaman iştirakçılarından biri, Estoniyanın keçmiş Prezidenti Tomas Hendrik İlves "Alman dalğası" agentliyinə müsahibəsində deyib ki, "keçəndəfəki Konfransdan sonra mən bədbin idim, ancaq indiki Konfransdan sonra anladım ki, onda bu, nikbinlik imiş".

Bu sözlərdə bir il müddətində qlobal siyasətin nə dərəcədə çətinliklərlə üzləşdiyi və böyük qüvvələr arasında fikir ayrılığının hansı səviyyədə dərinləşdiyi ifadə olunub. T.H.İlvesin bədbinliyini motivasiya edən əsas faktor ABŞ-Almaniya, ABŞ-Avropa İttifaqı münasibətlərinin gərginləşməsidir. Münxen Konfransı başlıca olaraq Amerika ilə Avropanın tərəfdaşlığının nümayişi kimi qəbul edilir. Bu, İkinci dünya müharibəsindən sonra formalaşmışdı. Lakin Donald Tramp hakimiyyətə gələndən sonra bu tərəfdaşlığın əsasları sarsılmağa başlayıb. T.H.İlves hesab edir ki, "indiki administrasiya ABŞ-a olan təməl etibarı dağıdıb. Onu yenidən qurmaq lazım gəlir".

Maraqlıdır ki, Münxen Konfransının rəhbəri Volfqanq İşinger də ümidsiz danışıb. O, etiraf edib ki, problemlər həqiqi mənada mövcuddur. Artıq dünya uçurumun kənarına yaxınlaşıb və "geriyə dönüşün əlaməti yoxdur".

Bu fikirlərdən aydın olurr ki, Münxen Konfransının təməlində dayanan fəlsəfə itməkdədir. Amerikaya olan inamın azalması bütövlükdə dünyanın təhlükəsizliyini təmin etmək prosesinin böhrana uğraması anlamına gəlir. Hər halda, Qərb siyasi liderləri belə hesab edirlər. Bunun əvəzində isə yeni prinsiplərin formalaşması prosesi hələ müşahidə edilmir. Deməli, son Münxen Konfransı müəyyən mənada Transatlantika dünyasının parçalanması faktının təsbit edilməsi ilə yadda qala bilər.

Bu mənada ekspertlərin "Münxendə iki Amerika" ifadəsini işlətməsi səbəbsiz görünmür. Hələ 2017-ci ildən Konfrans iştirakçıları iki fərqli ABŞ-dan bəhs edirdilər. ABŞ-ın vitse-prezidenti Maykl Pens onda deyirdi ki, Transatlantik alyans möhkəmdir və Amerika əvvəlki kimi Qərb dünyasına başçılıq edir. NATO da "görünməmiş dərəcədə güclüdür". Lakin Vaşinqtonun ritorikası getdikcə daha da sərtləşir. Məsələn, M.Pens Münxendə ultimativ şəkildə avropalılardan tələb edib ki, İranla imzalanmış sazişdən çəkilsinlər.

Parçalanan Transatlantika: Avropanın Amerikadan küskünlüyü

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp Münxenə hökumətin əsas simalarını göndərməyib. Tədbirə nə Con Bolton, nə də Mayk Pompeo getməyib. M.Pompeo Konfrans keçirilən günlərdə qonşu Polşada olub. Doğrudur, Konfransda respublikaçı Co Bayden avropalılara ümid verməyə çalışıb ki, "bu da keçəcək və biz qayıdacağıq", lakin ona inanan azdır. Çünki qayıdışı göstərə bilən əlamət yoxdur.

Ekspertlər onu da vurğulayırlar ki, Konfrans haqqında yalnız Qərb siyasiləri bədbin fikir bildirməyiblər. Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak deyib ki, "nəticə əldə etməyə həvəs yox idi". Bütövlükdə o, tədbirdən narazı qalıb. Xarici işlər naziri Sergey Lavrov isə Avropanı birləşmək imkanını əldən verməkdə tənqid edib. O, "vahid Avropa" yaratmağı təklif edib. Təbii ki, bu layihədə Amerika aparıcı rol oynamamalıdır. Avropalılar bu təklifə inamsız yanaşıblar, çünki "Avropa evi" qurmağı təklif edən ölkə Ukraynadakı hərəkətləri ilə Avropanın təhlükəsizliyi sistemini dağıdır. Bundan başqa, ekspertlər ona da diqqət yetirirlər ki, nüvə silahı üzərində nəzarət və Suriyada münaqişəni həll etmək məsələsində də Amerika ilə Rusiya arasında dərin ziddiyyətlər qalır.

Qərblə Rusiya arasında fikir ayrılığı Ukrayna məsələsində də özünü göstərib. Münxen Konfransında bu barədə Avropanın demək olar ki, bütün liderləri danışıblar. Ukrayna Prezidenti Petro Poroşenkonu bu məqam sevindirib. Ayrıca Angela Merkel vəd edib ki, "Şimal axını 2" layihəsi reallaşsa belə, Rusiyanın Ukraynadan keçməklə Avropaya qaz nəqlini təmin edəcək. Lakin Münxen Konfransında ənənə halını almış "Normand dördlüyü" liderlərinin sammiti bu dəfə baş tutmayıb. Bunu ekspertlər Ukrayna ilə bağlı ziddiyyətlərin azalmadığının əlaməti kimi qiymətləndiriblər. Yəni Münxen Konfransı bu istiqamətdə ümidverici heç nəyə nail olmayıb.

Vurğulanan məqamlar üzrə A.Merkelin nitqi daha böyük marağa səbəb olub. Almaniyanın Kansleri dünyanın liberal nizamının təhlükədə olduğunu bəyan edib, bu vəziyyətin yaranmasında ABŞ və Rusiyanın günahkar olduğunu deyib. T.H.İlves bu qiymətləndirməni "çox təsirli" adlandırıb. Bununla yanaşı, Almaniyanın Kanslerinin "Şimal axını 2" layihəsini dəstəkləməsi və Rusiya ilə əməkdaşlığı inkişaf etdirməkdən danışması narazılıq doğurub. Avropalı siyasi liderlər A.Merkelə xatırladıblar ki, 1990-cı ilin əvvəllərində Rusiya siyasi motivlərə görə Baltik ölkələrinə qaz verilişini dayandırmışdı. 2000-ci illərin ortalarında isə Ukraynaya qarşı eyni hərəkət oldu. Bütün bunlar onu göstərir ki, Moskva etibarlı tərəfdaş deyil. Ancaq A.Merkel Rusiyadan olan təhlükədən deyil, Amerika təhlükəsindən bəhs edib. O, D.Trampın alman avtomobillərinə əlavə vergi tətbiq etmək haqqında danışmasını "çox qorxunc" adlandırıb.

Bütün bunların fonunda Münxen Konfransında bir sıra liderlərin əvvəllər olduğundan daha aqressiv və hədələyici ritorika nümayiş etdirirməsi qeyri-adi görünmür. Məsələn, İran və İsrail bir-birini xəritədən silməklə hədələyiblər. Amerikalılar da İrana qarşı sərt ifadələr işlətmədən çəkinməyiblər. Ümumiyyətlə, siyasətçilərin ritorikalarında sərt ifadələrin getdikcə daha çox yer alması narahatlıq yaradır. Belə görünür ki, real siyasətdə anlaşılmazlıqlar getdikcə daha da artır.

Bütövlükdə Münxen Konfransının nəticələrini geosiyasi aspektdə necə qiymətləndirmək olar? Bizcə, burada əsas olaraq iki məqam özünü göstərib. Birincisi, Münxen Konfransı göstərib ki, artıq "Transatlantik birlik" deyilən bir şey yoxdur. Amerika ilə Avropa arasında mövqe fərqləri getdikcə artır. Vaşinqtonun Avropa ilə hədə dilində danışması onun ciddiyyətini göstərir. Avropalılar bundan bədbinləşib yeni dayaq meydanı axtarırlar. Hələlik bunu üzərinə götürə biləcək bir qüvvə yoxdur. Almaniya və ya Fransanın onu həyata keçirə biləcəyinə inam azdır. Bu isə o deməkdir ki, yaxın perspektivdə Qərb siyasi məkanında birliyi gözləmək ehtimalı azdır.

İkincisi, ümumən qlobal geosiyasi proseslərdə qeyri-müəyyənlik artıb. Meydana əvvəllər görünməyən risklər çıxıb. Onların sırasında regional münaqişələrin həllinin dalana dirənməsi və böyük güclər arasında ortaq mövqenin formalaşmaması xüsusi yer tutur. Bunlardan başqa, Təhlükəsizlik üzrə Münxen Konfransı çərçivəsində aparılan müzakirələrdə beynəlxalq münasibətlərin nizamlanmasında beynəlxalq təşkilatların iştirakından demək olar ki, bəhs edilməməsi çox düşündürücüdür. Bu o deməkdir ki, güc faktoru önə çıxır və beynəlxalq hüquq ciddi böhrana qədəm qoyur. Ən təhlükəli tendensiya da bundan ibarətdir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...