THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstan Prezidenti Bakıda: strateji tərəfdaşlıqda yeni mərhələ

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3531
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 mart 2019 – Newtimes.az

Gürcüstanda prezident seçkisindən sonra Salome Zurabişvilinin regionun hansı ölkəsinə ilk səfərini edəcəyi haqqında fərqli fikirlər söylənilirdi. Bir sıra dairələr iki qonşu dövlət arasında ixtilaflar axtarmaqla məşğul idi. Ekspertlər sırasında S.Zurabişvilinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında müəyyən neqativ fikirlər söylədiyindən bəhs edirdilər. Bunun əvəzində Gürcüstan Prezidentinin Poti və Batumi limanlarını inkişaf etdirməyə daha çox önəm verdiyini yazırdılar. Bundan başqa, bəzi ekspertlər "erməni faktoru"nu ortaya atmağa çalışırdılar. Lakin S.Zurabişvilinin dövlət başçısı kimi hansı siyasəti yeridə biləcəyini Azərbaycana səfəri aydın göstərdi. Tbilisi ənənəni pozmaq fikrində deyil. Gürcüstan Azərbaycan faktoruna önəm verməkdə davam edir. Məsələnin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Tarixdən gələn dostluq: müasir strateji tərəfdaşlığın kökləri

Gürcüstan Prezidenti S.Zurabişvilinin Azərbaycana səfər edəcəyi gözlənilirdi. Regionda ilk xarici səfərini Azərbaycana etməklə S.Zurabişvili iki ölkə arasındakı əməkdaşlığa əvvəlki kimi böyük önəm verdiklərini nümayiş etdirdi. Bakıda Prezident İlham Əliyevlə aparılan müzakirələrin məzmunu da təsdiq edir ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı uğurla davam edir. Cənubi Qafqazın iki qonşu ölkəsi arasında əlaqələr keçən əsrin 90-cı illərində əldə etdikləri müstəqillikdən sonra bütövlükdə yüksələn xətlə inkişaf edib. Bunun kökünün tarixə gedib çıxdığını hər iki dövlət başçısı vurğulayıb. Yəni Azərbaycan və Gürcüstan rəhbərliyi ölkələr arasında əməkdaşlığın dərin köklərinin olmasını və müasir mərhələdə onun yeni məzmun kəsb etdiyini ifadə ediblər.

Prezident İlham Əliyev bu barədə mətbuata verdiyi bəyanatında açıq fikir bildirib. Ölkə rəhbəri vurğulayıb: "Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir".

Gürcüstan Prezidenti Azərbaycanın dövlət başçısı ilə tam həmfikir olduğunu deyib. S.Zurabişvili mətbuata bəyanatında iki ölkə arasındakı əlaqələrin tarixi ilə bağlı söyləyib: "Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir".

Bu fikirlər bir daha onu göstərir ki, Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olmaları təsadüfi deyil – bunun qədim tarixi vardır! Deməli, bu iki qonşu və dost ölkə arasında nifaq salmağa cəhd edənlər boş yerə vaxt itirirlər. Məsələ geosiyasi kontekstdə daha böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, Azərbaycan və Gürcüstanı energetika, iqtisadiyyat və coğrafi yerləşmə ilə yanaşı mədəniyyət, demoqrafik faktor, insani münasibətlər kimi humanitar sferalar da birləşdirir. Belə ki, Gürcüstanda yüzminlərlə aborigen azərbaycanlılar əsrlərdir ki, gürcü xalqı ilə mehriban qonşuluq şəraitində yaşayırlar. Eləcə də Azərbaycanda özlərini tamhüquqlu vətəndaş kimi hiss edən gürcülər mehriban mühitlə əhatə olunublar. Bu aspektdə Gürcüstan Prezidentinin bir təklifi maraqlıdır.

S.Zurabişvili Bakıda deyib: "Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərimizdir. Biz buna Qafqaz xarakteri verə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var". Doğrudan da, gürcülərlə bərabər azərbaycanlılar da tarixən tolerantlıqları ilə fərqləniblər. Təsadüfi deyil ki, Azərbaycan dövlət səviyyəsində multikulturalizm siyasətini aparan nadir ölkələrdəndir və yanılmırıqsa, MDB məkanında təkdir. Tarixi faktlar aydın sübut edir ki, azərbaycanlılar hər zaman yanaşı yaşadıqları xalqlara qarşı çox anlayışlı və dözümlü olublar. Bu səbəbdən UNESCO-nun belə bir qərar qəbul etməsi tarixi həqiqətin təsdiqi olardı. Bu da öz növbəsində ermənilərin azərbaycanlılar haqqında uydurduqları yalan və böhtanları alt-üst edərdi.

Perspektiv: regional əməkdaşlıq və təhlükəsizlik yolunda

Bu günün reallıqları prizmasından yuxarıda ifadə edilən tezisə nəzər saldıqda onu təsdiq edən çoxlu sayda fakt tapa bilərik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra xristian ölkəsi olan Gürcüstanla bütün sahələrdə, ilk növbədə enerji və nəqliyyat sferalarında perspektivli əməkdaşlığa başladı. Ulu öndər Heydər Əliyevin yüksək siyasi iradəsi, lider qətiyyəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan layihələrinin reallaşmasına imkan yaratdı. Bunlarla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və nəhayət, Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsi həyata keçdi. Bütün bunları ümumi bir mövqedən təhlil etsək, görərik ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığı Cənubi Qafqazda regional əməkdaşlığın şah damarıdır və bunu inkar etmək mümkün deyil.

Prezidentlər də mətbuata verdikləri bəyanatda məsələnin bu tərəfi ilə bağlı fikirlər söyləyib, Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin perspektivi barədə çox nikbin fikirlər səsləndiriblər. S.Zurabişvili açıq bəyan edib ki, Azərbaycanın dövlət başçısı ilə əməkdaşlıq məsələlərində fikirləri üst-üstə düşür. Öz növbəsində İlham Əliyev Tbilisi-Bakı münasibətlərinin uğurla inkişaf edəcəyini bildirib. Deməli, S.Zurabişvilinin Bakı səfəri Cənubi Qafqazda strateji tərəfdaşlıq və regional təhlükəsizliyin təmini aspektlərində əhəmiyyət daşıyır. Təbii ki, buraya münaqişələrin həlli məsələsi də daxildir.

Lakin Azərbaycan-Gürcüstan əməkdaşlığı yalnız iki ölkə sərhədləri ilə məhdudlaşmır. Çin və Avropa istiqamətlərində beynəlxalq layihələrdə iştirak imkanları getdikcə daha aktual məzmun kəsb edir. Gürcüstan Prezidenti İlham Əliyevi Batumidə Gürcüstan-Avropa İttifaqı münasibətlərinin 10 illiyi münasibətilə keçiriləcək konfransa dəvət edib. Orada Gürcüstanın Rumıniya, Bolqarıstan və Ukrayna ilə dəniz limanları vasitəsilə daha sıx əməkdaşlıq potensialı nəzərdən keçirilməlidir.

Eyni zamanda, Azərbaycan Prezidenti Çində uyğun tədbir üçün ortaq fəaliyyət göstərməyi təklif edib və Gürcüstanın dövlət başçısını orada iştiraka dəvət edib. Bununla bağlı S.Zurabişvili aşağıdakı fikirləri ifadə edib: "Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir".

Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin əhəmiyyətini regional və dünya miqyasında daha yaxşı dərk etməyə yardım edə bilər. Xüsusilə hazırda regionda geosiyasi proseslərdə ziddiyyətlər və gərginlik artmaqdadır. Aydın olur ki, Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizliyin təminatçıları Azərbaycanla Gürcüstandır. Onlar həm də Türkiyə ilə əlaqələrə ciddi fikir verirlər. Bununla da bu üç ölkə arasında bütün sahələri əhatə edən strateji əməkdaşlıq formalaşır.

Azərbaycan-Gürcüstan əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu da iki qonşu dövlət arasında nifaq salmağa çalışanların uğursuz olacağına dəlalət edən faktorlardandır. Növbəti geosiyasi məqam Ermənistanın bu əməkdaşlığa qoşula bilməsi imkanları ilə bağlıdır. Prezidentlər adını çəkməsələr də, əməkdaşlığın ümumu şərtləri ilə əlaqəli ifadə etdikləri tezislər göstərir ki, Ermənistan Azərbaycan torpaqlarından çəkilməsə, hansısa regional əməkdaşlıqdan söhbət gedə bilməz. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı mövqeyi hər kəsə məlumdur. Bakıda S.Zurabişvilinin bir neçə dəfə hər iki ölkənin ərazisinin işğal edildiyi və "ərazi bütövlüyünün hələ də bərpa olunmadığını" vurğulaması yuxarıdakı qənaəti əldə etməyə imkan verir. Deməli, siyasi və geosiyasi aspektdə də Bakı-Tbilisi əməkdaşlığı inkişaf edəcək.

Beləliklə, Gürcüstan Prezidentinin Bakı səfəri bir daha təsdiq edir ki, Azərbaycan regionun lider dövlətidir. Burada reallaşan beynəlxalq layihələr regionun dünyaya inteqrasiyasına güclü təkan verməkdədir. Azərbaycan və Gürcüstan həmin istiqamətdə səylərini daha da artırmağı düşünürlər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...