THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2018: Rusiyanın xarici siyasət kursunun əsas tendensiyaları

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2662
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 fevral 2018 – Newtimes.az

Bir qrup rusiyalı analitik ölkənin 2018-ci ildə xarici siyasətini təhlil edərək, maraqlı proqnozlar veriblər. Onlar Moskvanın xarici siyasətdə üstünlük verə biləcəyi istiqamətləri göstərməklə, qarşıya çıxa biləcək müxtəlif faktorları da araşdırıb, bir neçə prioritet istiqamət üzrə gözlənilən proseslərə nəzər salıblar. Həmin aspektdə Qərb, Yaxın Şərq, Yaxın xaric və Asiya-Sakit okean geosiyasi məkanlarına diqqət yetiriblər. Sadalanan prioritet istiqamətlərdə riskləri, təhlükələri, ziddiyyətləri müəyyənləşdirməklə, onlar Kremlin necə davrana biləcəyi ilə bağlı proqnozlar formalaşdırıblar. Həmin sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müəyyən düşündürücü tezislər irəli sürüblər. Bütövlükdə analitiklərin hazırladıqları məruzə Rusiyanın cari ildə xarici siyasətdə hansı tendensiyalara üstünlük verə biləcəyi müstəvisində maraqlı bilgilər verir. O cümlədən Rusiyada gözlənilən prezident seçkisinin xarici siyasətə mümkün təsirləri ilə bağlı fikirlər irəli sürülüb. Hesabat-məruzənin üzərində daha geniş dayanmaq faydalı olardı.

Dörd prioritet istiqamət: risklər və təhlükələr

Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) mütəxəssisləri 2018-ci il üçün ölkənin xarici siyasəti ilə bağlı proqnostik xarakterli məruzə hazırlayıblar. Sənəddə Rusiyanın 2017-ci ildə xarici siyasətində baş verən əsas hadisələrin və qlobal geosiyasətin ümumi xarakteristikası əsasında cari ildə gözlənilən proseslər haqqında konkret mövqe ortaya qoyulub. Bütövlükdə mütəxəssislər bir neçə istiqamətə nəzər salıblar. Buraya Qərb, Yaxın Şərq, Yaxın xaric və Asiya-Sakit okean geosiyasi məkanı daxildir (bax: Кортунов А.В. Внешняя политика России: взгляд в 2018 год: прогноз. докл. Российского совета по междунар. делам: доклад № 36/2017 / Российский совет по междунар. делам. – М.: НП РСМД, 2017. – 28 с.).

Məruzəçilər xarici siyasəti hər bir istiqamət üzrə hansı problemlərin və çətinliklərin gözləyə biləcəyini araşdırmağa çalışıb, eyni zamanda, imkanları analiz ediblər. Bununla da Rusiyanın 2018-ci ildə xarici siyasət kursuna təsir edə biləcək pozitiv və neqativ faktorlar müəyyən dərəcədə sistemləşdirilib.

Bizim üçün də maraqlı olan postsovet məkanında Rusiyanın xarici siyasətinə təsir edə biləcək faktorlar sənəddə kifayət qədər geniş təmsil olunub. RBMŞ analitiklərinin fikrincə, 2018-ci ildə Ukraynanın şərqində vəziyyətin kəskinləşməsi ehtimalı az deyil. Burada sülh danışıqları iflasa uğraya bilər, Luqanskda daxili vəziyyət nəzarətdən çıxar və silahlı toqquşmalar artar. Belə bir ssenari özlüyündə Minsk sazişinin yerinə yetirilməməsi anlamına gəlir ki, bu da hesabatda qeyd edilib. Bununla yanaşı, Donbasda vəziyyətin daha da gərginləşməsi Rusiya-Avropa və Rusiya-ABŞ münasibətlərində qeyri-müəyyənliyin artmasına da təkan verə bilər. Deməli, analitiklər belə bir situasiyanın 2018-ci ildə yarana biləcəyini istisna etmirlər.

Etiraf edək ki, bu məqam cari ildə Avrasiya məkanında qeyri-sabitliyin və qeyri-müəyyənliyin daha da artmasının Rusiya xarici siyasətində nəzərə alındığını göstərir. Şübhəsiz ki, həmin vəziyyət Moskvanın başqa vacib istiqamətlərdəki siyasətinə də təsir göstərəcək (bax: əvvəlki mənbəyə). Bu bağlılıqda bizim üçün daha aktual olanı Cənubi Qafqazdır.

Hesabatda ayrıca vurğulanır ki, 2018-ci ildə Dağlıq Qarabağda vəziyyət kəskinləşə bilər. KİV-də Ermənistanla Azərbaycanın mübarizəsi yeni səviyyəyə yüksələ bilər ki, bu da bütövlükdə münaqişə ətrafında daha mürəkkəb situasiya formalaşdırar. Lakin bu məsələyə analitiklərin keçmiş sovet məkanında, ümumiyyətlə, terror problemindən kənarda baxması daha çox maraq doğurur. Onların fikrincə, İŞİD üzvlərinin Mərkəzi Asiyaya qayıtması ilə regionda durum sabitlikdən çıxa bilər. Buna Mərkəzi Asiya ölkələrinin biri və ya bir neçəsində sabitliyin pozulması ciddi təsir göstərə bilər. Qeyri-sabitlik və terror əsas olaraq Əfqanıstandan regiona ixrac olunar.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində bir sıra ziddiyyətlərin özünü qabartması bunlara ayrıca dinamika verəcək. O cümlədən mütəxəssislər Qazaxıstan-Qırğızıstan və Qazaxıstan-Ermənistan münasibətlərinin gərginləşməsi ehtimalından bəhs edirlər. Qazaxıstan və Ermənistanın özəl olaraq Avropa İttifaqı (Aİ) və Aİİ ilə münasibətlərini uzlaşdırmağa çalışmaları müəyyən ziddiyyətlərlə müşayiət oluna bilər. Bununla analitiklər hesab edirlər ki, 2018-ci ildə Moskva hər iki müttəfiqindən öz geosiyasi mövqelərini dəqiqləşdirmələrini tələb edəcək. O halda keçmiş sovet məkanında bir-biri ilə əlaqəli olan ziddiyyətlər şəbəkəsinin 2018-ci ildə daha aydın özünü göstərə biləcəyini proqnozlaşdırmaq olar. Həmin ziddiyyətlər həm regional təşkilat daxilində, həm eyni təşkilata üzv olan ölkələr arasında, həm də bu quruma üzv olmayan ölkə ilə Aİİ üzvü arasında münasibətlərin kəskinləşməsindən meydana gələ bilər.

Cənubi Qafqaz: "kəfkir" məntiqi və "optimal qarşılıqlı əlaqə axtarışı"

Konkret deyilsə, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsini mütəxəssislər Mərkəzi Asiyada terrorun tüğyan etməsi, həmin regionun ölkələri arasında münasibətlərin gərginləşməsi və ayrıca Aİ-Aİİ münasibətlərində ziddiyyətlərin daha qabarıq özünü göstərməsi ilə əlaqələndirir. Bütün bunların fonunda, maraqlıdır ki, sənəd müəllifləri Dağlıq Qarabağdakı vəziyyəti "kəfkir" məntiqi ilə xarakterizə edirlər. Yəni situasiya daim müəyyən həddə qədər kəskinləşir, lakin saat kəfkiri kimi əvvəlcədən qoyulmuş həddi keçmir. Bunun nə dərəcədə qalıcı və real olduğu haqqında fikir bildirmək istəmirik. Lakin Rusiyanın xarici siyasəti kontekstində Dağlıq Qarabağdakı durumun bu cür qiymətləndirilməsi düşündürücüdür. Çünki Rusiya həm böyük qonşu, həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir.

Belə çıxır ki, RBMŞ mütəxəssisləri hesab edirlər ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin dəyişikliklər olmamalıdır və Moskva problemin birdəfəlik həllinə deyil, mövcud vəziyyətin saxlanmasına üstünlük verəcək. Görünür, hesabatda "regional problemlərin həllində xarici oyunçularla optimal qarşılıqlı əlaqə yollarının axtarışı" ifadəsi həm də vurğulanan aspektdə məzmun kəsb etməkdədir. Məruzə müəllifləri "xarici oyunçular" dedikdə, ABŞ, Aİ, Çin, Türkiyə və İranı nəzərdə tuturlar (bax: əvvəlki mənbəyə, s. 12).

Burada düşündürücü məqamlardan biri analitiklərin Mərkəzi Asiya ölkələrinin birində siyasi böhranın meydana gələ bilməsini proqnozlaşdırmasıdır. Bu, hansı ölkə ola bilər? Burada konkret ad çəkilmir. Lakin onların məntiqindən başa düşmək olar ki, həmin ölkə terrora qarşı ən zəif olanı olacaq. Çox güman ki, o, həm də Çinlə birbaşa sərhədi olan dövlət olsun. Hər bir halda RBMŞ-in mütəxəssislərinin 2018-ci il üçün verdikləri bu proqnozun real olub-olmayacağını zaman göstərəcək.

Yuxarıda vurğulanan məqamlara Rusiyanın xarici siyasəti kontekstində baxdıqda, onlar bir-biri ilə sıx əlaqədə görünürlər. Xüsusilə ABŞ və Avropa istiqamətində gözlənilən dəyişikliklər maraqlı mənzərə yaradır. Mütəxəssislər sanksiyaların artması ilə Vaşinqton-Moskva xəttində gərginliyin yüksəlməsindən ehtiyat edirlər. Bu da Kremlin Aİ ilə münasibətlərinin tənəzzülünə və hətta həmin istiqamətin bütövlükdə Amerika xəttinə köklənməsinə təkan verə bilər (bax: əvvəlki mənbəyə). Həmin bağlılıqda Rusiyanın Yaxın Şərq siyasətinin məzmunu da dəyişikliklərə uğraya bilər. Burada həm regionun bəzi ölkələri ilə münasibətlərin gərginləşməsi, həm də ölkənin daha çox terror hədəfinə çevrilməsi gözləniləndir.

Nəhayət, Moskva 2018-ci ildə Asiya-Sakit okean hövzəsi istiqamətində də aktiv siyasət yeritməyə qərarlıdır. Burada analitiklər daha çox Şimali Koreya məsələsinə və Hindistanla münasibətlərə üstünlük verirlər. Şimali Koreyanın nüvə proqramını region üçün əlavə qeyri-müəyyənlik mənbəyi hesab edirlər. Bu yöndə Kremlin konkret addımlar atması mümkündür. Hindistan istiqamətində isə daha çox fəallığa vurğu edilir. Çünki 2017-ci ildə Dehli ilə əlaqələrdə bir durğunluq müşahidə edilib. Çinlə münasibətlərin daha da inkişaf etdirilməsi isə indi Rusiyada az qala aksiom kimi qəbul edilir.

Beləliklə, Rusiya Beynəlxalq Məsələlər Şurası mütəxəssislərinin hazırladığı məruzə-hesabat göstərir ki, 2018-ci ildə Rusiya Federasiyasının xarici siyasətində müəyyən yeniliklər ola bilər. Bunun başlıca səbəbi kimi mütəxəssislər 2018-ci ildə Rusiyada prezident seçkisinin keçirilməsini göstərirlər. Onlar faktiki olaraq xarici siyasətdə yeni bir mərhələnin başlayacağından bəhs edirlər. Bunun pozitiv tərəfləri ilə yanaşı, neqativ aspektləri də meydana çıxa bilər. Bütövlükdə isə xarici siyasətdə çoxvektorluğun artması proqnozlaşdırılır. Belə görünür ki, rusiyalı mütəxəssislər Rusiyanın xarici siyasətində kəskin dəyişiklik gözləmir, lakin risklər və qeyri-müəyyənliklər arta bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...