THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1416
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 dekabr 2017 – Newtimes.az

Qafqaz bütün bəşər tarixi boyu daim təlatümlü bir region olmuşdur. Bu ilk növbədə regionun coğrafi və strateji mövqeyi, eləcə də müxtəlif dinlərin və sivilizasiyaların kəsişməsində yerləşməsi ilə əlaqədardır. Bu faktorlar yaşadığımız minillikdə də Qafqazın geosiyasi mövqeyinin müəyyən olunmasında əhəmiyyətli yer tutur. Lakin fikrimizcə, günümüzdə Qafqazda mövcud vəziyyətin daim bir barıt çəlləyini xatırlatması XVII-XVIII əsr Rusiya-Türkiyə və Rusiya-İran müharibələri nəticəsində ermənilərin bu regiona kütləvi köçürülməsi ilə birbaşa əlaqədardır. Təsadüfi deyil ki, bütün tarix boyunca "böyük dövlətlərin maşası'' rolunu yerinə yetirən ermənilər son 200 il ərzində bütün Qafqazda sabitliyi pozan, dağıdıcı funksiya yerinə yetirmişlər. Ermənilərin bu dağıdıcılıq funksiyası həm Cənubi Qafqazın müstəqil respublikaları olan Azərbaycan və Gürcüstanda, həm də ümumilikdə bütün Qafqazda özünü göstərir.

Cəmi bir neçə yüz il əvvəl bu regiona köçürülən və XX əsrin əvvəllərində öz xüsusi "xidmətlərinə'' görə qədim Azərbaycan torpaqlarında "dövlət payı'' əldə etdikdən sonra da erməni adı Qafqazda separatizmin simvolu kimi tanınır. Belə ki, artıq özgə torpaqlarında özünə yuva quran ermənilər üçüncü minilliyə doğru Qafqazda yeni separatizm ocaqlarını alovlandırırlar. Buna şərait yaradan isə ilk növbədə böyük dövlətlərin – güc mərkəzlərinin region ölkələrinə yanaşmada ikili standartlardır. Keçən əsrin sonlarında Ermənistanda yaşayan azərbaycanlılar və gürcülər tarixən sahibi olduqları torpaqlardan qovuldular. İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə mahallarında bir azərbaycanlı belə qalmadısa, Gürcüstanla sərhəddə yerləşən Lori vilayətindən də gürcü və azərbaycanlılar qovuldu.

Yeni hədəflər Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Samsxe-Cavaxetiya və Abxaziya bölgələridir. Azərbaycanın Dağlıq Qarabağ ərazisi artıq 25 ildən çoxdur ki, erməni işğalı altındadır. Gürcüstanda "Cavaxk'' separatist hərəkatı müxtəlif sahələr üzrə Gürcüstanda erməniləşdirmə təbliğatı aparır. Gürcüstanın separatistlərin nəzarətində olan hər iki bölgəsində - Abxaziya və Tsxinvalidə (Cənubi Osetiya) erməni izi var. Əslində Rusiyanın Krasnodar və Stavropol vilayətlərində ermənilərin güclənməkdə olan mövqeyinin separatizm iddialarına çevrilməyəcəyinə də zəmanət vermək mümkün deyil. Ümumiyyətlə ermənilərin regionda qonşularına qarşı əsassız ərazi iddiaları davam etdikcə Qafqazda davamlı sülh və sabitlik haqqında düşünmək mümkün deyil. "Böyük Ermənistan'' şovinist ideyalarına son qoyulmayınca Qafqazda heç zaman daimi sabitlik olmayacaqdır.

Sovetlər İttifaqının dağılmasından sonra yeni geosiyasi şəraitdə Cənubi Qafqazda yaranmış müstəqil dövlətlərdə yaşayan müxtəlif xalqlar arasında münasibətlər də sınaq qarşısında qaldı. Həmin dövrdə digər qonşularında olduğu kimi Gürcüstan ərazisində yaşayan fərqli xalqların nümayəndələrinin münasibətləri də çətin bir mərhələdən keçdi. Gürcü-abxaz, gürcü-osetin münasibətləri ilə yanaşı gürcü-erməni, gürcü-azərbaycanlı münasibətləri də ilk dövrlər ciddi toqquşmalarla müşayiət olunurdu. Əlbəttə ki, xaricdən idarə olunan qüvvələrin təsiri ilə vəziyyət olduqca gərginləşmişdi. O vaxt Gürcüstanın ərazi bütövlüyü və ümumiyyətlə var olmaq məsələsi gündəmdə idi. Məhz belə bir dövrdə Gürcüstanda yaşayan müxtəlif xalqların bu ölkənin ərazi bütövlüyünə sədaqəti ölkənin gələcəyi üçün əsas çağırış idi. Suxumi və Tsxinvalidə separatistlər nəzarəti ələ keçirdilər. Ölkədə ən böyük etnik azlıqlar olan azərbaycanlı və ermənilərin mövqeyi isə tamamilə fərqli oldu.

Sovet imperiyası dövründə məshəti türklərinin Orta Asiyaya sürgün edilməsi Samsxe-Cavaxetiyada ermənilərin say üstünlüyünün yaranmasına səbəb olmuşdur. Ermənilərin buranı "tarixi vətənləri” hesab etmələri uydurma olsa belə, reallıq budur ki, regiona köçürüldükləri cəmi 150-200 il ərzində onlar azlıqdan çoxluğa çevrilə bilmişlər. Müstəqillik illəri ərzində də Samsxe-Cavaxetiyada ermənilərin separatçı iddiaları daim gündəmdə olmuşdur. Hazırda onlar ilkin mərhələdə ərazi-inzibati bölgü baxımından Kvemo-Kartli regionuna daxil olan Çalk bələdiyyəsinin (əhalisinin təxminən yarısı ermənilərdir) Cavaxetiyaya birləşdirilməsini tələb edirlər. Növbəti addımlar kimi Samsxe-Cavaxetiyaya muxtariyyət verilməsi, erməni dilinə rəsmi dil, erməni qriqorian kilsəsinə isə statusun verilməsi ilə bağlı iddialar səsləndirirlər. Gürcüstanın separatçıların nəzarətində olan bölgələrində isə ermənilərin iddiaları daha da böyükdür.

Məlumdur ki, ermənilər Gürcüstanın ərazi bütövlüyü uğrunda gürcü-abxaz və gürcü-osetin münaqişələri zamanı daha çox separatistləri dəstəkləmişlər. Ümumiyyətlə, Abxaziya ərazisində 1830-cu illərdə Rusiya-Türkiyə müharibələrindən sonra regiondan köçürülən çərkəzlərin yurdlarına yerləşən ermənilər müharibədən öz məqsədləri üçün istifadə etməyi bacardılar. Belə ki, gürcü-abxaz münaqişəsindən əvvəl Abxaziya bölgəsində sayları 30 minə çatmayan ermənilərin qondarma rejimin hakimiyyəti altında sayları kəskin artdı. Münaqişədən sonra regionda etnik gürcü, rus, yunan, ukraynalıların saylarının azalması demoqrafik xəritədə yeni bir mənzərənin yaranmasına səbəb oldu. Hazırda qondarma qurumda ermənilər sayca ikinci ən böyük etnosdurlar. Faktiki olaraq abxazların sayı 100 minə çatmadığı halda, ermənilər artıq 70 mindən çoxdur. Abxazların özlərinin Türkiyə və Rusiyaya miqrasiyası etdiyi, ermənilərin isə əldə etdikləri üstün siyasi, iqtisadi mövqenin təsiri altında qondarma qurum ərazisinə yeni axınları müşahidə edilir. Bu isə yaxın gələcəkdə Qafqazda əhalisinin çox hissəsi erməni olan ikinci bir separatist bölgənin formalaşmasına səbəb ola bilər.

Münaqişə vaxtı ermənilərin "Baqramyan adına batalyon”unun törətdiyi vəhşilikləri Gürcüstan ictimaiyyəti yaxşı xatırlayır. Bondo Arveladze və Teymuraz Mibçuani 2009-cu ildə nəşr olunan "Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi” adlı kitabda erməni vəhşiliklərini şahidlərin dili ilə ətraflı göstərmişlər. Təxminən 2000 nəfərlik bu batalyonun üzvləri Abxaziya ərazisində 7 min nəfərə yaxın gürcünü vəhşiliklə öldürmüşdür. Bu da bir faktdır ki, batalyonun fəal başkəsənləri Abxaziyadan əvvəl Dağlıq Qarabağda azərbaycanlılara qarşı qəddarlıqlar törətməkdə "zəngin'' təcrübə toplamışdılar. Ermənilərin Gürcüstanın ərazi bütövlüyünə xəyanətinin nəticəsidir ki, 7 erməni döyüşçü qondarma Abxaziyanın "Milli qəhrəmanı'', 20 döyüşçü "Leon'' ordeni , 100-dən çox döyüşçü isə "İgidliyə görə'' medalı ilə təltif edilmişdir.

Ümumilikdə Gürcüstan ərazisində bütün separatist ocaqlarda ermənilərin müəllif izləri var. Xüsusi qeyd etmək istərdik ki, bir ölkədə 3 bölgədə – Samsxe-Cavaxetiya, Abxaziya və Tsxinvalidə separatizmə meyl edən ermənilər dini baxımdan da bölücülüyə çalışır, tarixin saxtalaşdırılmasına, millətlər və dinlər arası nifaqın yaranmasını təşviq edirlər. Maraqlıdır ki, hər 3 bölgədə ermənilər dini təbliğat sahəsində fərqli mövqe tutublar. Belə ki, Samsxe-Cavaxetiyada ermənilər bu regiondakı, eləcə də Tbilisidəki bütün xristian abidələrin erməniləşdirilməsinə səy göstərirlər. Erməni milli identikliyinin, kimliyinin qorunmasında məhək daşı olan qriqoryan kilsəsi Gürcüstan ərazisində 465 xristian məbədə sahiblənmək üçün iddia qaldırmışdır. Gürcüstanda ermənilərin sayının 200 minə çatmadığını nəzərə aldıqda (Abxaziyada yaşayanlar nəzərə alınmadan), bu, abidələrin dini ibadət üçün deyil, tarixi miras kimi sahiblənmək niyyətindən xəbər verir. Abxaziyada yaşayan ermənilərin erməni kilsələrinə və ümumiyyətlə xristian dini abidələrinə münasibəti isə tamamilə fərqlidir. Belə ki, təxminən 60-70 minlik erməninin cəmi bir kilsəsi var (Qaqra şəhərində). Eyni zamanda bu regionda tərk edilmiş, dini ibadət həyata keçirilməyən kilsə və məbədlərə ermənilər hələ ki iddia etmirlər. Görəsən niyə belə təzadlı mövqe yaranıb? Gürcüstanda az qala bütün xristian mədəni-dini irsinə iddiaçı ermənilər işğal altında Gürcü pravoslav kilsəsinə aid olan və hazırda sahibsiz qalan kilsələrə yiyələnmirlər. Yəqin ki, bunun müəyyən siyasi səbəbləri var.

Tsxinvalidə isə ermənilər dini mühitdə xüsusi yer tutmağa çalışırlar. Bu qondarma rejimin nəzarəti altındakı ərazilərdə yaşayan ermənilərin sayı azdır. Eyni zamanda osetinlərin dini bağlılığı zəifdir və xristianlıqla yanaşı İslam və əcdadlarının ənənəvi dini inancına etiqad edənlər də var. Buna görə də sayları heç 1000 nəfərə çatmayan ermənilər regionda xristian dini abidələrinə sahiblənməyə çalışırlar. Regionun ən mühüm xristian abidəsi olan Tsxinval şəhərindəki Müqəddəs Məryəm kilsəsi tipik pravoslav kilsəsi olduğu halda, ermənilər kilsənin əsasının onlar tərəfindən qoyulduğunu və sonradan gürcüləşdirildiyini iddia edirlər. Halbuki kilsədə heç bir qriqoryan arxitekturasının əlaməti yoxdur. Görünən odur ki, Abxaz Pravoslav Kilsəsinin reaksiyasından ehtiyat edən ermənilər Tsxinvalidə belə bir reaksiyanın olmadığını görərək xristian abidələrin erməniləşdirilməsi istiqamətində addımlar atırlar.

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizə yollarında bu ölkə vətəndaşı olan azərbaycanlıların həyat hekayəsi isə tamamilə fərqlidir. Müstəqilliyin ilk illərində müxtəlif qüvvələr tərəfindən təhrik edilən millətçilər yaşadıqları torpaqların yerli əhalisi olan azərbaycanlıları da sıxışdırmağa başladılar. Z.Qamsaxurdiyanın yarıtmaz siyasəti nəticəsində Gürcüstanda bütün digər xalqlara qarşı dözümsüzlük siyasətindən azərbaycanlılar da əziyyət çəkdi. Buna görə də Borçalıda yaşayan azərbaycanlılar ilk növbədə öz evlərini, obalarını, yurd yerlərini qorumağa çalışdılar. Lakin bu heç də Borçalı azərbaycanlılarını yaşadıqları dövləti – Gürcüstanı dar gündə tək qoymağa vadar etmədi. Yüzlərlə azərbaycanlı gənc Gürcüstanın ərazi bütövlüyü uğrunda müharibədə gürcülərlə çiyin-çiyinə bu ölkənin bölünməzliyi uğrunda vuruşdular. Təsadüfi deyil ki, Ənvər Hümbətov, Qəhrəman Musayev, Zaur Abdullayev kimi Azərbaycan əsilli döyüşçülər Gürcüstan uğrunda canlarından keçmişlər və bu ölkənin orden və medalları ilə mükafatlandırılmışlar. Misal üçün Marneulidən Ənvər Hümbətovun 30 dekabr 1994-cü ildə ölümündən sonra Gürcüstanın dövlət mükafatı – "Vaxtanq Qorqasali'' ordeninə layiq görülməsi bu ölkədə azərbaycanlıların Gürcüstanın ərazi bütövlüyünə verdiyi töhfənin bariz göstəricisidir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, həm Gürcüstanda, həm də Azərbaycanda Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən bu qəhrəmanlar haqqında kifayət qədər tədqiqat aparılmamışdır. Gürcüstanın bölünməzliyi uğrunda döyüşən bu şəxslər Gürcüstanın müasir tarixinə düşərək, adlarının əbədiləşdirilməsinə, gələcək nəsillərə bir nümunə kimi öyrədilməyə layiqdirlər. Bu, Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq, dostluq və strateji müttəfiqlik münasibətlərinin də ruhuna uyğundur. Bu mənada bu yaxınlarda Tiflisdə dərc olunan "Gürcüstanın ərazi bötüvlüyü uğrunda həlak olan azərbaycanlılar'' adlı kitabda müəllif David Maisuradzenin Gürcüstan uğrunda canından keçən bu qəhrəmanların adlarının əbədiləşdirilməsini, tarix kitablarına salınmasını, onlar haqqında sənədli filmlər çəkilməsini zəruri hesab etməsi təqdirəlayiqdir. Etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın azadlığı uğrunda mübarizə bu ölkədə xalqların birgəyaşayışına vətəndaş borcudur. Bu mənada Gürcüstan vətəndaşı azərbaycanlılar yaşadıqları ölkənin müstəqillik tarixinə qəhrəmanlar kimi yazılmışlar.

Beləliklə, Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə "Baqramyan batalyon''un üzvlərindən fərqli olaraq Gürcüstan vətəndaşı olan azərbaycanlılar fəal iştirak etmişlər. Gürcüstanın müstəqillik tarixinə adını yazdıran bu insanların tanıdılması isə hər iki ölkədə vətəndaş cəmiyyətinin bütün institutlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin üzərinə düşür.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini

Müəllifi Twitterdə izləmək üçün: @AHabibbayli

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...