THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (I hissə)

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2397
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 iyul 2017 – Newtimes.az

Xülasə: Məqalədə Avropa İttifaqının ötən 60 il müddətində keçdiyi yola təşkilatın geosiyasi transformasiyaları kontekstində nəzər salınır. Göstərilir ki, bu müddətdə Aİ əvvəllər nəzərdə tutulan inteqrasiya modelini tam yerinə yetirə bilməyib. Müəyyən mənada o, böhran vəziyyətinə düşüb. Meydana xeyli sayda çətinliklər çıxıb. Onların əksəriyyəti daxili siyasi mühitə aiddir. İndi bir sıra ekspertlər, ümumiyyətlə, vahid Avropa ideyasının taleyindən narahatlıqlarını ifadə edirlər. Həmin aspektdə böyük güclərin geosiyasi rəqabətinə ayrıca yer verirlər. Sirr deyil ki, Qərbin böyük dövlətləri dünya ağalığı uğrunda amansız mübarizə aparmaqdadırlar. Bunun fonunda Aİ-də real inteqrasiya prosesi ciddi maneələrlə üzləşir. Yeni Roma bəyannaməsi bu problemlər fonunda ciddi aktuallıq kəsb edir. Çünki Avropa İttifaqının üzləşdiyi problemlərdən çıxış yollarını ilk növbədə Brüssel tapmalıdır. Ekspertlər hesab edirlər ki, yeni bəyannamə bu baxımdan ciddi addımlardan biri sayıla bilər. Sənəddə vurğulanan 4 yeniləşmə, yaxud inkişaf istiqamətləri də buna xidmət edir. Məqalədə həmin istiqamətlərin təhlili verilir. Onun əsasında konkret nəticələr çıxarılır.

Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil. İtaliyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməyə toplaşmış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar maraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Aİ faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fəaliyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yeniləşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünki ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.

Birinci bəyannamədən sonra: Avropanın "xəstəhallığı"

60 il əvvəl Romada Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyinin əsası qoyularkən, onun gələcək taleyi haqqında konkret təsəvvürlər yox idi. 2017-ci il mart ayının 25-də də "gicgahları ağarmış" (Fyodor Lukyanov) Avropa İttifaqı yubileyini yaşadığı böhranların kədərini büruzə verərək qeyd etdi. Yer dəyişməyib – Roma şəhəri! Lakin real vəziyyət çox dəyişib. Hətta əksər kütləvi informasiya vasitələri Avropa İttifaqının "xəstəhal" durumda bayram etdiyini, təşkilatın yolayrıcında olduğunu, qarşıda isə müəmmaların dayandığını vurğuladılar. Bütün bunlara baxmayaraq, Aİ hələ də qlobal geosiyasətdə böyük yeri və nüfuzu olan güc kimi qəbul edilir. Onun 60 illik yolda topladığı təcrübə hər bir inteqrativ təşkilat üçün əhəmiyyətli ola bilər.

Avropa humanistlərinin (Dante, Kant və s.) böyük arzusu olan vahid Avropa ideyası iki qlobal savaşdan – I və II Dünya müharibələrindən sonra reallaşmağa başladı. Lakin siyasi inteqrasiya cəhdləri uğurlu olmadı. 1951-ci il aprelin 18-də Fransa, Almaniya, İtaliya, Belçika, Lüksemburq və Hollandiya Avropa Kömür və Polad Birliyi adı altında Avropa əməkdaşlıq təşkilatını yaratmaq barədə müqavilə imzaladılar. Bununla da qitədə iqtisadi inteqrasiyanın konkret formatına start verildi (bax: Юрий Борко. Шестидесятилетняя Европа на перепутье. Уроки и перспективы интеграции в Старом Свете / "Независимая газета", 27 mart 2017).

Sonrakı mərhələdə Avropa İqtisadi Birliyi (AİB) yarandı ki, bu da qitədə inteqrasiya proseslərinin ana xəttini, vahid Avropanın formalaşdırılması kursunu müəyyənləşdirməyə imkan yaratdı. Bundan sonrakı dövrdə isə Avropa İqtisadi Birliyi 3 iqtisadi inteqrasiya mərhələsini yaşadı. Bu transformasiyanın simvolik ifadəsi AİB-in Aİ-yə çevrilməsi oldu. Bu dəyişiklik 1992-ci ildə baş verdi.

Avropa İqtisadi Birliyinin ümumiyyətlə Avropa İttifaqı ilə əvəz olunması bütövlükdə təşkilatda özünü göstərən struktur və funksional dəyişikliklərlə əlaqəli idi. Hər şeydən öncə, burada iqtisadi inteqrasiyanın genişlənməsi qeyd edilə bilər. Birinci mərhələdə gömrük ittifaqı və ümumi ticarət bazarı yaradılmışdı. İkinci mərhələdə vahid daxili bazara keçid baş verdi. Üçüncü mərhələ isə iqtisadi və maliyyə ittifaqının yaradılması ilə xarakterizə olundu.

Bu təkamül xətti göstərir ki, Avropada inteqrasiya iqtisadi sahədə konkret sferalardan başlayaraq, 50 ildən çox müddətdə tədricən bütün iqtisadi sistemi və maliyyəni əhatə edib. Lakin təcrübə bu prosesin hamar olmadığını, ciddi ziddiyyətlər və münaqişəli situasiyalarla müşayiət olunduğunu da göstərdi. 60 illik yubileyin problemli olduğunu göstərən əsas faktor bundan ibarətdir. Analitiklər vurğulayırlar ki, "...heç bir ildönümü bu dərəcədə yüksək qeyri-müəyyənlik və çaşqınlıq ab-havasında qeyd edilməyib" (bax: Федор Лукьянов. Праздник с сединою на висках / "Россия в глобальной политике", 23 mart 2017).

Aİ daxilində inteqrasiya prosesinin gedişatında iqtisadi ilə yanaşı, siyasi, struktur-funksional, ideoloji, geosiyasi, təhlükəsizlik kimi sahələrdə baş verən dəyişikliklər özünü göstərib. İqtisadi sahədə 3 inteqrasiya mərhələsinin kataklizmlərində həmin faktorların rolu ciddi olub. Burada mütəxəssislər təşkilatın genişlənməsi fəlsəfəsini də vurğulayırlar. 1990-cı illərin ortalarına yaxın üzv dövlətlərin sayı 15 oldu, 2004-2007-ci illərdə isə daha 10 ölkə Aİ-yə qəbul edildi. Həmin prosesin davam etməsi gözlənilir. Hazırda Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə üzv dövlətlərin sayı 27-dir! Etiraf edək ki, kifayət qədər geniş tərkibdir. Və şübhəsiz ki, bu cür genişlik özü ilə təşkilata pozitiv hallarla yanaşı, həllini tələb edən neqativ halları da gətirib. Məhz bu prizmadan iqtisadi inteqrasiya ilə başqa sahələrdəki əlaqələrin inkişaf tempini müqayisə etdikdə, meydana bir sıra problemlər çıxır. Onların ucbatından Aİ indiki mərhələdə dərin böhran keçirir. Vahid Avropa quruculuğu müstəvisində bu məqam son dərəcə düşündürücü təsir bağışlayır.

İdeyanın iflası: birləşmənin çətinlikləri

Vahid Avropa strategiyası sözün həqiqi mənasında inqilabi mahiyyətlidir. Mütəxəssislər belə düşünürlər ki, bu kontekstdə milli təcridçilik və qanlı savaşlar meydanı olan Avropa sülh və əməkdaşlıq məkanına çevrildi. Qərbi Avropa ölkələrinin əksəriyyətində radikal islahatlar həyata keçirildi. İdarə edilən bazar iqtisadiyyatı formalaşdı. Sosial əməkdaşlığın yeni forması yarandı. Qanunun aliliyi və şəxsiyyətin hüquqlarının təmini gücləndi. Bunlar inteqrasiya prosesinin tərkib hissəsi olmasa da, qarşılıqlı etimadı artırdı, inteqrasiyaya stimul verdi, daxili stabilliyi möhkəmləndirdi (bax: əvvəlki mənbəyə).

Lakin təşkilatın sayca genişlənməsi meydana konkret struktur-funksional dəyişikliklər də çıxardı. Bunun kulminasiya nöqtəsi Avropa Konstitusiyası haqqında müqavilə oldu. Bu sənəddə söhbət faktiki olaraq federasiyanın yaradılmasından gedirdi. Yəni Aİ vahid dövlətə çevrilməli idi. Bu isə tamamilə fərqli bir situasiyanın yaranması demək idi. Maraqlıdır ki, gözlənilməyən yerdən – Fransa və Hollandiyadan həmin ideyanın qarşısı alındı. 2005-ci ildə bu dövlətlər Konstitusiyanı rədd etdilər. Bu, "şok yaratdı, lakin təsadüf (ötəri hadisə, real kökü olmayan olay – müəllif) kimi qəbul edildi" (bax: Юрий Борко. Шестидесятилетняя Европа на перепутье. Уроки и перспективы интеграции в Старом Свете / "Независимая газета", 27 mart 2017).

Təcrübə isə başqa reallığı ortaya qoydu. Sonrakı hadisələr göstərdi ki, Konstitusiya ilə bağlı müqavilənin iflası bütövlükdə Aİ-də yeni inteqrasiya mərhələsinə təkan verə bilər. Bu mərhələ isə daha çox neqativ məqamlarla xarakterizə olunur. Onun necə və nə zaman sonuclanacağı məlum deyil. Hazırda təşkilat böhrandan böhrana keçir. Belə ki, 2005-2009-cu illərdə institusional, 2008-2009-cu illərdə maliyyə və iqtisadi, 2012-2013-cü illərdə iqtisadi təlatümlər və nəhayət, son illərdə miqrasiya və Rusiya ilə münasibətlərdə yaranan böhranlar Aİ-ni möhkəm silkələməkdədir (bax: əvvəlki mənbəyə).

Bu böhranlar təbiətcə fərqli olsalar da, ortaq xüsusiyyətləri də vardır. Onların hamısı Aİ-dəki köklü dəyişikliklərlə, dünya siyasəti və iqtisadiyyatında müşahidə edilən yeniləşmələrlə, təşkilatın quruluşundakı nöqsanlarla, avrozonadakı problemlərlə, elitanın özündən razılığının artması ilə əlaqəlidir. Bu bağlılıqda dünya siyasətində müşahidə edilən dəyişmələri, qlobal miqyasda meydana gələn ziddiyyətləri, Brüssellin yeritdiyi ikili standartlar siyasətini və radikal millətçiliyin vüsət almasını ayrıca vurğulamaq gərəkdir.

Həmin faktorlar hazırda Aİ üçün ciddi əngəllər yaratmaqda davam edir. Mütəxəssislərin təşkilatın gələcəyi ilə əlaqəli ehtiyatlı proqnozlar verməsində də bunlar az rol oynamırlar. "The New York Times" qəzetində dərc olunmuş analitik bir məqalədə bu aspektdə diqqəti çəkən fikirlər yer alıb (bax: Steven J. Erlanger. E.U. Is Turning 60 and Searching for Something to Celebrate / "Nytimes.com", 24 mart 2017).

Məqalədə vurğulanır ki, Avropa İttifaqı, ümumiyyətlə, müəyyən məqamda yolundan sapdı (bax: əvvəlki mənbəyə). Təşkilat təkamül xəttini düzgün müəyyənləşdirə bilmədi. Fransız diplomatı Pyer Vimonta görə, bunun səbəblərindən biri təşkilatın tərkibinə daha çox sayda üzv qəbul etməsi oldu ki, bu da onun təməl prinsiplərini sarsıtdı. Konkret olaraq, Avropa İttifaqı üçün ciddi əhəmiyyəti olan həmrəylik prinsipi itirildi. Bu, Mərkəzi və Şərqi Avropa ölkələrini Aİ-yə qəbul etdikdən sonra baş verdi. Diplomatın fikrincə, "…əgər bu sadə ideya yoxdursa, onda bizim (yəni avropalıların – müəllif) böyük problemlərimiz vardır. Əgər bizim ideyamız yoxdursa, onda nəyə görə irəli hərəkət etmək lazımdır?" (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Avropa İttifaqının əsas bəlası həmrəylik ideyasının itirilməsindən ibarətdir. Çünki solidarlıq inteqrasiyanın bütün formalarının əsas reallaşma mexanizmidir. Bu mexanizm olmadıqda, həmin istiqamətdə heç bir real addım atmaq mümkün deyil. Bunlardan əlavə, məqalədə vurğulanır ki, vahid bazar, vahid valyuta və təhlükəsizliyin təmin edilməməsi ciddi neqativ amillərdəndir. Qloballaşma isə yerli sənayeni batırıb. Avropa dövlətlərinin son zamanlar suverenlikdən daha çox danışmasının arxasında bu səbəb dayanır (bax: əvvəlki mənbəyə).

Əsas maneə: böyük güclərin rəqabəti, yoxsa daxili problemlər?

Bütün bunlardan İtaliyanın NATO-dakı keçmiş nümayəndəsi Stefano Stefanini maraqlı nəticə çıxarır. O deyir ki, Avropa layihəsini inamsızlıq bürüyüb. Aİ Trampdan nə gözləməli olduğunu bilmir. Amerika prezidenti təşkilata saymazyana yanaşır. Bununla Qərb öz-özü ilə savaşır və "onun rəqibləri olan Çin, Rusiya və Türkiyə öz mövqelərini gücləndirirlər" (bax: əvvəlki mənbəyə).

Son Roma bəyannaməsi vurğulanan məqamlar fonunda bir sıra maraqlı özəlliklərlə səciyyələnir. Sənəddə Avropa İttifaqının yaradılmasının böyük hadisə olduğu xüsusi vurğulanır. Bu layihənin "cəsarətli və uzun müddətə hesablanmış olması" tezisi də nəzərə çatdırılır (bax: Римская декларация. 27 mart 2017. https://eeas.europa.eu/headquarters/headquarters-homepage/23531/rimskaya-deklaraciya_ru).

Yeni Roma bəyannaməsində Aİ sülh, demokratiya, insan haqları və hüququn üstünlüyünün hökm sürdüyü, nəhəng iqtisadi güc, yüksək sosial müdafiə və rifaha malik məkan kimi təqdim edilir. Sənəddə ayrıca qeyd olunur ki, bu gün Avropa birdir və möhkəmdir, ittifaqdakı həyat Avropadakı yüz milyonlarla insanın maraqlarına cavab verir (bax: əvvəlki mənbəyə).

Lakin belə qısa girişdən sonra bəyannamədə Aİ-nin qarşılaşdığı problemlər sadalanır. Onlar "misli görünməmiş qlobal və daxili çağırışlar" kimi xarakterizə edilir. Bunlara regional münaqişələr, terrorizm, artan miqrasiya təzyiqi, proteksionizm, sosial və iqtisadi qeyri-bərabərlik aiddir (bax: əvvəlki mənbəyə).

Sadalanan problemlər özlüyündə bir sual yaradır: bu dərəcədə geniş çətinliklərin olduğu bir siyasi birlik "çiçəklənən məkan" ola bilərmi?

Avropalı mütəxəssislərin özləri vurğulayırlar ki, hazırda Aİ-də inteqrasiya prosesinə ən çox mənfi təsir edən məqamlardan biri üzv dövlətlərin fərqli inkişaf tempinə və xarakterinə malik olmasından ibarətdir. Bir qrup məhdud sayda ölkə daha çox inkişaf edib. Məsələn, Almaniya və Fransa yüksək inkişaf etmiş ölkələrdəndir. Digərləri, məsələn, Belçika, İspaniya, İtaliya, orta templərlə inkişaf edirlər. Nəhayət, üçüncü qrup zəif və ləng templərlə inkişaf edən Şərqi Avropa ölkələrindən ibarətdir. Buraya Yunanıstanı da əlavə etmək olar.

Mütəxəssislər həmin kontekstdə Böyük Britaniyanın İttifaqı tərk etməsini ayrıca vurğulayırlar. Bu hadisə kifayət qədər geniş təhlil edilir. Çünki Böyük Britaniya təşkilatın ən güclü üzvlərindən biri idi. Onun gedişi ciddi itki sayılır. Bununla yanaşı, Aİ rəsmiləri hesab edirlər ki, Londonun təşkilatı tərk etməsinin arxasında ABŞ dayanır. Donald Tramp Avropa İttifaqının həddən çox güclənməsinə və dünya ağalığına iddia etməsinə qarşıdır. Belə çıxır ki, 60 illik yubiley ərəfəsində Aİ məhz inteqrasiya və birləşmək aspektində təsirli zərbəyə məruz qalıb (bax: Жизнь после Brexit: лидеры 27 стран определили будущее Евросоюза / РИА Новости, 25 mart 2017).

Romada toplaşan 27 dövlət başçıları Aİ-də Böyük Britaniyanın ardınca başqalarının da təşkilatdan çıxmaq arzusundan ehtiyatlandıqlarını müxtəlif aspektlərdə ifadə ediblər. Sənəddə bu məqam yer almasa da, imzalama mərasimindən öncə bir sıra liderlər təşkilatda dövlətlər arasında fərq qoyulmasını istəmədiklərini bəyan ediblər. Məsələn, Polşa tərəfi sənəddə Avropa birliyi, NATO məsələsi, milli parlamentlərin gücləndirilməsi və vahid bazar prinsiplərinə əməl olunması şərtlərinin qoyulmasını tələb edib.

Maraqlıdır ki, Almaniyanın kansleri Angela Merkel də problemlərin olduğunu, vəziyyətdən çıxış yolunun tapmalı olduğunu vurğulayıb. Avropalılar daha sıx birləşməli, bir yerdə hərəkət etməlidirlər. Bunun üçün "yaxşı əsas var" (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, Yunanıstanın baş naziri A.Tsiprasın bir fikri çox düşündürücüdür. Onun dediyinə görə, Avropada problemləri yaradan əsas səbəb ideoloji faktordur. Belə ki, hazırda Aİ-də neoliberal siyasət və ideologiya hökm sürür ki, bu da ifrat sağçılığa yol açır. Nəticədə, sosial ədalət prinsipi zərər görür, ittifaqda əlaqə telləri zəifləyir (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, Avropada böhranın kökləri çox dərindir və əsasən ideyanın iflasına bağlıdır. Tarixi rakursda bu, kifayət qədər ciddi faktor təsiri bağışlayır və həmin çətinlikdən çıxmanın asan olmayacağı da aydın olur.

Angela Merkel isə daha konkret səbəbləri göstərir. Birincisi, hərəkət azadlığının fonunda İttifaqın xarici sərhədlərinin qorunması yaxşı düşünülmədir. İkincisi, həmrəylik lazımi səviyyədə deyil. Üçüncüsü, vahid valyutanı böhranlara davamlı edə biləcək mexanizmlər yaxşı işlənməyib (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan məntiqi bir nəticə alınır: Avropa İttifaqı çox çətin problemlərlə üzləşib və Brüsselin əsas vəzifəsi onlardan çıxış yolu tapmaqdan ibarət olmalıdır. Yeni Roma bəyannaməsi bu baxımdan ciddi addımlardan biri sayıla bilər. Sənəddə vurğulanan 4 yeniləşmə, yaxud inkişaf istiqamətləri də buna xidmət edir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...