THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Bloomberg"in 2017-ci il proqnozları: "Brexit"dən "Frexit"ə doğru

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1739
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 mart 2017 – Newtimes.az

Dünyanın analitik mərkəzləri və agentlikləri qlobal siyasətdə baş verə biləcək prosesləri öncədən təxmin etməyə çalışır və bu zaman fərqli, bəzən də bir-birini təkzib edən qənaətlərə gəlirlər. Ancaq burada rasional bir məqam vardır ki, bu da mütəxəssislərin gözlənilən hadisələr barədə fikirlərinin məntiqi əsaslara söykənməsidir. Belə olduqda, dövlətlər və cəmiyyətlər müəyyən risklərə və təhlükələrə hazır olmağa cəhd edirlər. Bu isə son nəticədə müsbət haldır. Amerikanın "Bloomberg" agentliyinin 2016-cı il üçün verdiyi iki proqnoz özünü doğruldandan sonra ona olan mütəxəssis marağı daha da artdı. Qeyd edilən agentliyin 2017-ci il üçün proqnozları bu baxımdan ekspertlərin diqqətini çəkib. Analitiklər onları müxtəlif aspektlərdən şərh edirlər. Onların bir sıra mülahizələri və qənaətləri ilə razılaşmamaq olar. Ancaq bütövlükdə qlobal geosiyasətə sirayət edə biləcək siyasi məqamların həmin proqnozlarda və onlara verilən şərhlərdə yer aldığını da etiraf etməliyik. Bu kontekst üzərində geniş dayanmağa ehtiyac görürük.

Üç böyük risk: Qərbi gözləyən təhlükələr

İndi çoxlu sayda "beyin mərkəzləri" geosiyasi proqnozlar verirlər. Onların hamısının ciddi arqumentlərə əsaslandığını demək çətindir. Xüsusilə müəyyən dairələrin təsiri altında olanlar özlərinə sərf edən proqnozları verirlər. Ancaq özünü doğruldan proqnozlar irəli sürən mərkəzlər də az deyildir. Onların sırasında ABŞ-ın "Bloomberg" agentliyi də var. Bu təşkilatın 2016-cı il üçün verdiyi proqnozlardan ikisi – "Brexit" və D.Trampın qalib gələcəyi özünü doğrultdu. Bu faktlar mütəxəssislərin agentliyə olan marağını artırıb. Qərb mətbuatı "Bloomberg"in 2017-ci il üçün proqnozlarını geniş şəkildə təhlil edir. Orada bizim üçün də maraq doğuran bir sıra məqamlar mövcuddur.

"Bloomberg"in proqnozları ümumilikdə pessimist adlandırılır (bax: The Pessimist’s Guide to 2017 / "bloomberg.com", 6 dekabr 2016). Fransız analitik R.Panfili onları təhlil edərkən "pessimist bələdçi" və "az təsəlliverici" adlandırıb. Bu cür qiymətləndirmənin səbəbləri vardır. Agentliyin proqnozuna görə, dünya üçün 2017-ci ildə 3 böyük risk olacaq. Onlardan birincisi D.Trampın yeridəcəyi siyasətdir. Daxildə D.Trampa müxalif qüvvələrin fəallaşması və etiraz aksiyalarının keçirilməsi müşahidə edilə bilər. Xarici siyasətin nəticəsində isə hətta Birləşmiş Ştatlar NATO və BMT-ni tərk edə bilər. İŞİD yaranmış bu boşluqdan istifadə edərək Mərkəzi Asiyada təsir dairəsini genişləndirər, Əfqanıstanda isə faktiki olaraq hökmranlığı ələ ala bilər. Şimali Koreyanın nüvə silahı sahəsində yeni uğurlar əldə etməsi ilə ABŞ-ın Asiyadakı siyasi nüfuzu aşağı düşəcək. Bu, D.Trampı Çindən yardım istəməyə təhrik edəcək.

İkinci risk Avropa ölkələrində antiqlobalist və milliyyətçi siyasi qüvvələrin hakimiyyəti ələ keçirməsi ilə əlaqədar meydana çıxacaq. Burada ilk növbədə Fransanın adı çəkilir. Sonra Hollandiya, Almaniya və İtaliya gəlir. "Bloomberg"in proqnozuna görə, Fransada sağçı M.Le Pen prezident seçkisində qalib gələcək. Bu, "Frexit" prosesinin başlaması ilə nəticələnəcək. Yəni Le Pen Fransanın Aİ-dən uzaqlaşmasına çalışacaq. "Brexit"dən sonra "Frexit" bütövlükdə Aİ-yə böyük zərbə vuracaq. Böyük Britaniyanın özündə də Aİ-dən uzaqlaşmaq prosesi dərinləşəcək. Baş nazir T.Meyin daha radikal siyasətçi tərəfindən əvəz edilməsi gözlənilir.

Hollandiyada ifrat sağçı G.Vildersin partiyasının parlament seçkisində qələbə qazanacağını agentlik yüksək ehtimallı hadisə adlandırır. Rəyi soruşulan mütəxəssislərin 29%-i bu fikirdədir. G.Vilders kimdir? O, sağçı Azadlıq partiyasının rəhbəridir. Onun partiyası indidən liberallarla təqribən eyni reytinqə malikdir.

Seçkilər isə 2017-ci ilin martında olmalıdır. Bu, həmin G.Vildersdir ki, 2009-cu ildə Hitlerin "Mənim mübarizəm" kitabı ilə Qurani-Kərimi müqayisə etmişdi. İslama qarşı olanlardan biri kimi tanınır. Həmin keyfiyyətinə görə onun İngiltərəyə girişi qadağan olunub. G.Vildersin siyasi platformasında seçicilərə ölkəni müsəlmanlardan təmizləmək vədi xüsusi yer tutur.

Agentliyin Almaniya ilə bağlı proqnozunda A.Merkelin bu ilin payızında keçiriləcək seçkilərdə uduzacağı yer alıb. A.Merkelin reytinqi getdikcə aşağı düşür. İctimai rəy sorğusunda daha çox yüksələn siyasətçi isə "Almaniya üçün alternativlər" partiyasının sədri F.Petridir. Bu lider Merkelin miqrantlara açıq qapı siyasətinin kəskin tənqidçisidir. O, cəmi 20000 miqrantı qəbul etmək təklifini verib. Müsəlmanların çarşab geyinməsini qadağan etmək fikrindədir. Hətta F.Petri alman sərhədçilərinə miqrantlara atəş açmaq səlahiyyətinin verilməsindən də danışır. Daha geniş kontekstdə İslamın Almaniya mədəniyyəti ilə uyğun gəlmədiyini müdafiə edir. Düşündürücüdür ki, belə radikal mövqeyi olan liderin partiyası reytinqdə 3-cü sıraya yüksəlib. Bu, alman cəmiyyətinin əhval-ruhiyyəsinin radikallaşması əlaməti sayıla bilər ki, əsl təhlükə də elə bundan ibarətdir.

İtaliyada isə məzhəkəçi C.Qrillonun 2009-cu ildə yaratdığı "Beş ulduz" hərəkatının populyarlığı getdikcə daha da artır. O, antimüsəlman mövqedə olan komik siyasətçi olaraq tanınır. Hətta Londonun merinin müsəlman seçilməsini belə ciddi tənqid edir. O, nə vaxtsa, bu müsəlmanın Londonun mərkəzi meydanında özünü partladaraq şəhid olacağından bəhs edir. Bunu ekspertlər C.Qrillonun "bütün müsəlmanlara etibar edilməz" mövqeyində olması kimi qiymətləndirirlər. C.Qrillo həm də xeyli dərəcədə avroskeptikdir. O, Avropada inteqrasiyanı qəbul etmir. Son olaraq İtaliyanın artıq keçmiş baş naziri olan M.Rensinin vəzifəsindən getməsinin əsas səbəbkarı kimi "Beş ulduz"u göstərirlər. "Bloomberg" bütün bunlar əsasında seçkilərdə məzhəkəçi siyasətçinin qalib gələcəyini ehtimal edir.

Nəhayət, 3-cü risk mənbəyi Rusiyanın beynəlxalq arenada daha da aktivləşməsi ilə bağlıdır. Kreml hətta Kubada belə ABŞ-dan daha fəal mövqeyə malik olacaq. Bunu D.Trampın yeridəcəyi yanlış Kuba siyasəti ilə əlaqələndirən agentlik rus kəşfiyyatının "yenidən Havanada tüğyan edəcəyini" vurğulayır.

Son nəticə: risklər və qeyri-müəyyənliklər mərhələsi

Agentliyin digər proqnozlarında da neqativ məqamlar az deyil. Təbii ki, onların hamısının reallaşacağını gözləmək sadəlövhlük olardı. Hətta bəziləri absurd nəticə təsiri bağışlayır. Məsələn, Amerikanın NATO və Birləşmiş Millətlər Təşkilatını tərk etməsi ağlabatan deyil. Maraqlıdır ki, bu kimi proqnozları "Bloomberg"in özünün verdiyi başqa proqnozlar təkzib edir. Deyək ki, bir tərəfdən Amerikanın NATO və BMT-dən çəkilməsi iddia edilir, digər tərəfdən isə bu dövlətin müxtəlif regionlarda hərbi iştirakı daha effektiv səviyyəyə qaldırmasından bəhs edilir. Donald Trampın hərbi sahədə üstünlük vermək istədiyi generallar da "qırğıdırlar". Onlar NATO-dan heç zaman uzaqlaşmağa imkan verməzlər. Əslində, Amerikanın bunun əksinə daha çox ehtiyacı vardır. Ən azından dünyada Çin və Rusiya kimi hərbi güclər daha fəal mövqe tutmağa hazırlaşırlar.

BMT-yə gəldikdə isə, bu təşkilatdakı islahatlar gündəmdədir. Onun rolunun beynəlxalq münasibətlərin tənzimlənməsində daha da artırılmasından danışırlar. İşlək beynəlxalq hüquqa ehtiyacın olduğu bir zamanda ABŞ təcrid olmaq xəttini seçməz. Hansı məntiqlə bu cür məsul bir dövrdə rəsmi Vaşinqton BMT-ni tərk edə bilər? Mümkün deyildir.

Bunlara baxmayaraq, "Bloomberg"in 2017-ci il üçün irəli sürdüyü proqnozlardan müəyyən nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl, bu ilin geosiyasi aspektdə təlatümlü və risklərlə dolu olacağını demək olar. Bütövlükdə dünyanın yeni nizamının formalaşması prosesi başa çatmaya bilər. Hətta yeni xaos mənbələri də meydana gələ bilər. Bunun fonunda regional münaqişələrin həllinə ümid azalır. Ola bilsin ki, bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda münaqişələr daha kəskin bir fazaya keçsin. Bu isə bəzi dövlətlərin region üçün təhlükə və qeyri-müəyyənlik mənbəyi kimi qalacağı nəticəsini çıxarmağa imkan verir. Həmin sırada Ermənistanın adı birinci çəkilməlidir.

Deməli, 2017-ci ilin müstəqil siyasət yeridən ölkələr üçün mürəkkəb il olacağı gözlənilir. Milli maraqları qorumaq və təmin etmək üçün daha fəal mövqe tutmağa ciddi ehtiyac yarana bilər. Bu isə xarici siyasətdə müəyyən düzəlişlər etmək zərurətini göstərir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...