THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İransayağı İslam həmrəyliyi: arxadan zərbə

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10546
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Allah-Taala insanı cəzalandırmaq istəyəndə onun ağlını əlindən alır. Ağlını itirmiş adamdan ağırlıq umulmaz. Belə adamın sözünün nə sərhədi olar, nə də məzmunu. Sədi deyirdi ki, "insanı məsxərə edən, dilidir”. Hakimiyəti də verdiyi bəyanatlar, atdığı addımlar həm öz xalqı, həm də dünya qarşısında məsxərəyə qoya bilər. Hakimiyyətin "ağlını itirməsi” bu səbəbdən daha faciəli nəticələr verir...

İranın hakimiyyət dairələrinin son vaxtlarda danışdıqları və hərəkətləri İran dövləti üçün eyni faciəli nəticələr verə bilər. Elə bir məqam gəlir ki, ən güclü hərbi silah və ideologiya belə faciənin qarşısını ala bilmir. Müdrik dövlətin gücü hərbdə deyil, ölkəni o uçuruma aparmamaqdadır.

İran tez-tez hərbi gücü ilə qonşularını hədələyir. İrana qonşu olan dövlətlər bu çılğınlığa və məsxərəyə təmkinlə cavab verirlər, çünki əsl gücün mədəniyyətdə, düşüncədə və sözdə olduğunu bilirlər. Bu keyfiyyət tarixən formalaşır. Firdovsinin aşağıdakı sözləri çox dərin mənalardan xəbər verir: "Xam düşüncələri ancaq ağıl bişirər”. Nə yazıq, İranda bəzilərinin başı siyasi nəfslərinə və ədalətsiz ambisiyalara dəstək verməyə o qədər qarşıb ki, öz klassiklərini belə oxumurlar. Görünür, onlar Beydəbanın "hökumətlərin ən pisi, günahsızı qorxudandır” tövsiyəsini eşitmək belə istəmirlər. Hər halda İran rəsmiləri öz yolunu seçib və sağa-sola hədələr yağdırmaq, şər-böhtan atmaq, günahsızı qorxutmaq kimi işlərlə insanları aldatmağa çalışırlar. Son günlərin bəzi hadisələrinə nəzər salaq. Öncə İranın daxili siyasi durumunun bir sıra məqamlarına diqqət edək.

"Köhnə İran, köhnə siyasət”

Bu ilin mart ayında İran parlamentinə keçirilən seçki cənub qonşumuzun indiki və gələcək siyasi xəttinin əsas məqamlarını anlamağa yardım edir. Analitiklər seçkidə islahatçıların faktiki olaraq iştirak etməməsinin səbəbini İranın daxili və xarici siyasət strategiyasının mahiyyəti ilə izah edirlər. İslahatçı Məhəmməd Xatəmiyə yaxın olan siyasi qrupların hamısı seçkidə iştirakdan müxtəlif üsullarla uzaqlaşdırıldılar. Əvəzində mühafizəkarların dini lideri Seyid Əli Xamneyinin nəzarətində olan 6 siyasi qruplaşma (Mühafizəkarların Birləşmiş Cəbhəsi, İslam İnqilabının Sabitliyi Cəbhəsi, Müqavimət Cəbhəsi, Vəhdət və Ədalət Cəbhəsi, Bəsirət və İslami Oyanış Cəbhəsi, Millətin Səsi Cəbhəsi ) seçkidə iştirak etdi. Bu qruplaşmaların hamısı üçün ortaq olanı İranın dəmir əllərlə idarə edilməsinə üstünlük vermələridir. Onlar İslam inqilabının ixrac edilməsini əsas xətt sayırlar. Yeri gəlmişkən, hələ 2001-ci ildə bu məsələ mühafizəkarlarla islahatçılar arasında əsas toqquşmaya səbəb olmuşdu. Onda Xamneyi tərəfdarları o zaman prezident olan M.Xatəminin konstitusiyadan inqilab ixracına rəvac verən maddələrin (152-155-ci maddələr) çıxarılması təklifinin qarşısını almışdılar. İslahatçılar İranın xarici siyasət kursunda ciddi dəyişikliklər etmək istəyirdilər. Onlar daxili vəziyyəti dözümsüz hala gətirmiş bir konsepsiyanı başqalarına da sırımağın gülünc olduğunu deyirdilər. Bütün bunlara görə, builki parlament seçkisi faktiki olaraq İranın dövlət kimi daxili və xarici siyasətinin məğzini ifadə edir.

Rəsmi Tehran cəmiyyəti demokratikləşdirmək əvəzinə onu ətraf aləmdən daha çox təcrid edir, sərt və mərkəzləşdirilmiş idarəetməyə üstünlük verir, ənənəvi düşmən-dost bölgüsünü davam etdirir. Həmin məqam bir çox məsələlərdə İran və Ermənistanın geosiyasi seçimlərinin üst-üstə düşdüyü təəssüratı yaradır. İranın ətrafında baş verən hadisələrin mahiyyəti və ölkənin təcrid vəziyyətinə düşməsinin kökündə məhz bu məqam durur. İranın qonşulara qarşı atdığı konkret geosiyasi addımların mahiyyəti bu fikri tam təsdiqləyir.

Məsələn, Azərbaycan hakimiyyətinə qarşı Avropanın bəzi dairələrinin və Ermənistanın atdığı addımlarla müsəlman İranın etdikləri üst-üstə düşür. Avropa və Ermənistan mediasının Azərbaycan əleyhinə istifadə etdiyi mövzular həm də İran jurnalistlərinin sevimli məşğuliyyətinə çevrilib. "Avroviziya” mahnı müsabiqəsi, İsrail-Azərbaycan münasibətləri, Azərbaycan rəhbərliyinin yeritdiyi siyasət, insan haqları, "siyasi məhbuslar” və azərbaycanlıların milli kimlikləri ilə bağlı mövqedə son zamanlar Berlin və İrəvan ilə Tehranın arasında elə bir fərq qalmayıb.

Sual olunur: "İranı Avropa demokratiyasının düşməni sayanlarla, İsrail və Avropanı İslamın düşməni elan edənləri Azərbaycan məsələsində bir araya gətirən nədir?”. Bunların heç birininmi ədalət hissi yoxdur? Məsələ ədalətdə deyil – yeridilən xarici siyasətin mahiyyətindədir. Tarix sübut edir ki, Azərbaycanın (ümumiyyətlə, türklərin) dövlət müstəqilliyi, inkişafı, geosiyasi statusunun yüksəlməsi məsələsi gələndə özünü müsəlman sayanlar kafir adlandırdıqları ilə bir gəmiyə minirlər. İslami dəyərlərin üstündə əsdiklərini deyən mühafizəkarların müsəlmanların qatilləri ilə dostluq etməsini sağlam düşüncə qəbul etməz. İslam həmrəyliyini əldə bayraq tutub, müsəlman ölkələrinə qarşı məkrli siyasət yeritməyin adı yoxdur. İran Azərbaycanı "Avroviziya” məsələsində İslamın qoruyucusu adı ilə ittiham edir. Lakin nədənsə İran siyasiləri Xomeyninin "Avroviziya” ideyasının geniş yayıldığı Fransada bir zamanlar sığınacaq tapmasını normal sayırlar. Keçən il prezident Əhmədinejat Xomeyninin həmin gəlişini tam ifadə edən səhnə düzəltmişdi. Nədənsə onda da rəsmi Tehran Fransanı "Avroviziya” ideyasına görə qınamadı.

İran indi də ermənilərlə geniş siyasi-diplomatik, iqtisadi və mədəni əlaqələrini inkişaf etdirir. Bölgədə strateji problemlərin həllində Tehran həmişə rəsmi İrəvanı dəstəkləyib. Özü də Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olması rəsmi Tehranın bu məsələdə mövqeyini dəyişməyib. Bu kontekstdə bəzi faktlara nəzər salmağın faydası vardır.

Ermənistan silahlı qüvvələri Qarabağda məscidləri dağıdıb. Allah-Taalanın ilahi kəlamı sayılan müqəddəs "Qurani-Kərim”i yandırıb. Müsəlman qəbiristanlıqlarını dağıdıb və qəbirləri təhqir edib. Ermənilər hər fürsətdə İslam sivilizasiyasının nadir incilərini yer üzündən silməyə çalışıblar, mədəniyyət nümunələrini oğurlayıblar.

Ermənistan havadarlarının yardımı ilə 1 milyon azərbaycanlı müsəlmanı öz yurdundan didərgin salıb. Bütün bunlara nədənsə İranın dini dairələrindən tutarlı bir etiraz olmayıb. Azərbaycanda bir yazıçının məqaləsi ilə bağlı fətva verən İran ayətullahları müsəlman məscidlərini təhqir edən, müsəlman qadınların namusuna toxunan, 1 milyon müsəlmanı yurdundan qovan xristian terrorçulara fətva verməyib. Rəsmi Tehran bir an da olsun bu cinayətləri törətmək əmri vermiş Ermənistan rəhbərliyi ilə əlaqələri kəsməyib. Ermənilər indi də deyirlər ki, Qarabağ müharibəsi zamanı İran onlar üçün həyat yolu olub. İran prezidentləri R.Koçaryanı və S.Sarkisyanı tez-tez Tehranda qəbul edib, əməkdaşlıq sazişləri imzalayıblar.

İran-Ermənistan münasibətlərində təhlükəsizlik aspekti də ciddi yer tutur. İran tərəfi həmişə Ermənistana təhlükəsizliyin təminində yardım edib və bu, indi də davam edir. Ermənistan Qərbin qoyduğu qadağalara baxmayaraq İrandan qaz kəməri çəkilişinə başlayıb. Son vaxtlar İran və Ermənistan rəsmiləri yenə də yüksək səviyyədə görüşlər keçiriblər və strateji əməkdaşlığı inkişaf etdirmək haqqında bəyanat veriblər. Qərbin Ermənistana elə bir irad tutduğunu eşitməmişik. Niyə? Ermənistanın əvəzinə Azərbaycan bu cür hərəkət etsəydi, Qərb nə deyərdi? Tamam başqa vəziyyət yaranardı. Hətta Qərbin arxa durduğu İsrailin Azərbaycana silah satmasını Qərb mediası qərəzli şəkildə və bizim əleyhimizə informasiya məkanında müxtəlif məqsədlərlə yaymaqda davam edir. Bütün bunların fonunda Qərb və Ermənistan mediasında Azərbaycana qarşı aparılan kampaniyanın faktiki olaraq İran tərəfindən davam etdirildiyi qənaətinə gəlmək çətin deyil. Bu məqam həm də ona görə təəssüfedicidir ki, İranın dövlətçilik tarixində azərbaycanlıların yeri və rolu əvəzsizdir.

İran dövlətçiliyi və azərbaycanlılar

Tanınmış fransız yazıçısı və siyasi xadimi Alfons dö Lamartin (XIX əsr) yazırdı ki, "Tarix hadisələrə qərəzsiz və sakit yanaşmalıdır. Əks halda o, dəhşətə gələr və öyrənməyinə girişdiyinin həqiqi təbiətini anlamaz”. İran tarixində azərbaycanlıların həlledici rolunu qəbul etməmək Lamartinin qeyd etdiyi bu yanlışlığa düçar olmaq deməkdir. Bu bir gerçəklikdir ki, hazırda İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Bu rəqəm İran tarixində dövlətçilik və mədəniyyət baxımından əsas rol oynamış etnosun kimliyini aydın göstərir. Yəni İran Azərbaycan türklərinin bu coğrafiyada yaratdığı imperiyalara daxil olmuşdur. 642-ci ildə ərəblər Nəhavənd yaxınlığında farsların ordusunu darmadağın etdikdən sonra 1400 il onların dövləti olmayıb. Səlcuqlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar XX əsrin əvvəllərinə qədər İran coğrafiyasında dövlət sahibləri olublar. İranın zəngin dövlət ənənəsi məhz bu oğuz-türk tayfalarının tarixi xidmətidir. Təbriz həmişə İranın paytaxtı olub. İranda "Azərbaycan şahzadəsi” kübarlığın və hakimliyin rəmzi idi. XX əsrin əvvəllərində Qacarların hakimiyyətini ingilislərin siyasəti və rusların silahı ilə məhv edəndən sonra fars məsələsi önə çıxarıldı. 1935-ci ildə "İran” dövlət adı kimi işlənməyə başladı ki, bu da ölkənin türk tarixini baltalamaq yolunda atılmış növbəti addım idi. Sonra Cənubi Azərbaycanın parçalanması və əhalinin süni miqrasiyası prosesi başladı.

Bütün bunlara rəğmən, bu gün də İranda azərbaycanlıların siyasi, iqtisadi, mədəni, elmi təsiri böyükdür. İran hakimiyyətində azərbaycanlılar çoxluq təşkil edirlər. Xamneyi və Şəbüstəri də Azərbaycan türkləridirlər. Lakin tarixin istehzasıdır ki, Tehrandan Xamneyi Təbrizdəki Şəbüstəriyə müasir tarixi mərhələdə bütün azərbaycanlıalrın yeganə müstəqil dövləti olan Azərbaycana qarşı aksiya təşkil etmək göstərişini verir. Özü də əsası olmayan, böhtan xarakterli məsələləri bəhanə edərək bu addımı atırlar. Azərbaycanlıların mərdliyini, kişiliyini bilə-bilə guya "mavi”lərin paradını keçirəcəklərini demək, öz kökünə xəyanətdir. Ona görə də Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun önündə azərbaycanlıları azərbaycanlılara qarşı aksiya keçirməyə məcbur edənlər bir sıra tarixi məqamlara diqqət etsinlər. İran dövlətçiliyi Azərbaycan türklərinə borcludur.

Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi həm də İran üçün iftixar qaynağı olmalıdır. Bunun əvəzində "Səhər-2”telekanalının efirindən "zəhər tökmək” həm də oturduğun budağı kəsmək mənasını verir. Ermənistan mediası Azərbaycan rəhbərliyinin uğurunu hansı mənfi çalarda təqdim edirsə, İran mediası da eyni üslubdan istifadə edir. Onda belə çıxır ki, hər ikisi eyni mərkəzdən sifariş alır. Bu mərkəzin xristian ölkələrinin birində olduğu aydınlaşanda İranın öz ayıbına kor olmadığı da bəziləri üçün aydın olacaq. Nə yazıq ki, bu gün Təbriz və Tehranda Azərbaycana etiraz edən sadə dindaşlarımız rəsmi Tehranın din faktorunu istismar etdiyini, öz siyasi məqsədləri üçün alətə çevirdiyini yalnız o zaman başa düşəcəklər. Gec olmayacaq ki?! Bizcə, İranın indi dost itirən vaxtı deyil. Azərbaycanlılar İranın dövlətçilik tarixində həlledici rol oynadığı kimi, müasir Azərbaycan dövləti İranın suverenliyinə hörmətlə yanaşır. Ona görə də elə bu gün Azərbaycanın İran siyasətini Tehranda qərəzsiz və sakit dərk etməyə çalışmalıdırlar.

Unutmamalıdırlar ki, Azərbaycan Prezidenti ölkəmizin ərazisindən İrana qarşı kimsənin hərbi əməliyyatlar aparmaq üçün hər hansı şəkildə istifadə edə bilməyəcəyini dəfələrlə bəyan edib. Azərbaycan BMT-də İrana qarşı sanksiya tətbiq etməyi nəzərdə tutan sənədə səs verməyən dövlətlərdən biridir. Deməli, Azərbaycan İranın dövlət maraqlarına hörmətlə yanaşır və sözsüz ki, özünə qarşı da bu cür münasibət gözləyir.

"Avroviziya” yarışmasının Bakıda keçirilməsi İranın dini dairələrinin və dünya erməniliyinin (Bu gün İranın din qardaşı sanki Ermənistandır) əlinə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirmək üçün sanki yeni bəhanə verib. Azərbaycanın "Avroviziya”ya ev sahibliyi etməsi ermənilərə ona görə sərf etmir ki, dünya azərbaycanlıların nə qədər inkişaf etmiş olduğunu öz gözü ilə görəcək, Azərbaycanın bu cür möhtəşəm tədbirləri keçirmək qüdrətində olduğuna əmin olacaq. Əslində, müsəlmanların xeyirxah, mədəni və başqalarına qarşı dözümlü olduğunu göstərmək İrana da çox lazımdır. Axı, bu dövlət dünyaya car çəkir ki, "mən müsəlmanların haqqını, hüququnu müdafiə edirəm”. Bəs onda nə üçün Azərbaycanın müsəlmanların terrorçu olmadığını, mədəniliyini, qüdrətini dünyaya göstərməsinə rəsmi Tehran terror törətmək hədələri ilə cavab verir? Ona görə ki, rəsmi Tehran dindən sui-istifadə edir, onu müsəlmanların mədəni və sivil obrazı maraqlandırmır. Görünür, İranda bəzi dairələr müsəlmanların qorxunc terrorçu obrazının qalmasında maraqlıdır ki, bundan bir sıra dövlətlərə qarşı şantaj və hədə kimi yararlana bilsin. Bu siyasət müsəlmanlarla dünyanın başqa xalqları arasına sədd çəkir ki, İranın köhnəlmiş, kif iyi verən, insanları zorla təsiri altında saxlayan idarəetmə fəlsəfəsi bir az da nəfəs ala bilsin. Məhz bu kimi məqamda rəsmi Tehranla bəzi xristian dövlətlərin (məsələn, Ermənistanın) maraqları üst-üstə düşür.

"Haqsızlığa baş qaldırmayanlar onlardan gələcək hər pisliyə qatlaşmalıdırlar”

Təbii ki, İranın ziddiyyətli mövqeyinə baxmayaraq, Azərbaycan dövləti İslama diqqət yetirməkdə davam edəcək. Əgər sovet dönəmində Azərbaycanda cəmi 18 məscid vardısa, indi 2000-ə yaxın məscid fəaliyyətdədir. Son 10 il ərzində Azərbaycanda dövlətin yardımı ilə 417 məscid təmir edilib. Azərbaycan dövləti ölkədən kənarda da dini məbədlərin tikilməsi və bərpasına böyük yardımlar göstərir. Dünya üzrə müsəlmanların hüququnu qorumaq sahəsində addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının aktiv üzvlərindəndir. Azərbaycanın İslama bu cür önəm verməsi fonunda İranın hakim dairələrinin etdikləri başa düşülən deyil. Bu haqsızlığa qarşı çıxılmalıdır. Həzrət Əlinin (ə) yuxarıda gətirdiyimiz sözləri bunu təsdiq edir. Yəni siyasət nə qədər zalım və amansız olsa da, insanlar haqsızlığa mütləq baş qaldırırlar. İranın dövlətçilik ənənəsinin memarları olan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun əlindən alınması heç bir çərçivəyə sığmır. Onlar baş qaldıracaqlar. Azərbaycanlıları yeganə müstəqil dövlətləri olan Azərbaycanla düşmən etmək cəhdi odla oynamaqdır. Buna da etiraz edəcəklər. Qarabağda əli qana bulaşmış ermənilərin Təbrizdə biznesinə, "soyqırımı” yürüşlərinə, mədəniyyət tədbirlərinə şərait yaradanlara qarşı çıxış edənlər də az olmayacaq. Olmayan "erməni soyqırımı”nı müdafiə edən bəzi İran rəsmilərindən Qarabağda qətlə yetirilmiş müsəlman uşaq, qadın və qocanın hüquqlarından niyə danışmadıqlarını, Xocalıda yaşanan insanlıq dramına niyə soyqırımı demədiklərini soruşacaqlar. Beydəbanın bir tövsiyəsini unutmamaq faydalı olardı: "İnsan zəhərli ağac əkdiyini o zaman başa düşür ki, ağacın meyvəsini onun özünə yedizdirirlər”.

Azərbaycan təbii ki, müstəqil xarici siyasət kursunu bundan sonra da davam etdirəcəkdir. "Avroviziya” yarışması uğurla keçəcəkdir. Azərbaycana, onun rəhbərinə atılan böhtanlar boşa çıxacaqdır. Necə deyərlər, "görünən dağa bələdçi lazım deyil”. Bütün bunlardan sonra, İran siyasiləri öz vətəndaşları olan azərbaycanlıların üzünə necə baxacaqlar? Hansı mənada müsəlmançılıqdan, İslam həmrəyliyindən, dini təəssübkeşlikdən danışacaqlar? Onda İranda kimlərinsə nəfəsi daralacaq. Bu, mütləq baş verəcək!

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...