THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanda xarici serialların yayımının dayandırılması niyə bu qədər qısqanclıq yaradır?

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17317
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Azərbaycan Milli Televiziya və Radio Şurasının qərarına əsasən may ayının 1-dən etibarən ölkədə xarici serialların yayımı dayandırılmışdır. Azərbaycanın kino industriyasının inkişafına yönəlmiş bu addımın zamanın tələbi olması heç şübhəsizdir. Lakin təəssüf ki, Azərbaycan teleməkanının milli mədəniyyəti və mentaliteti təbliğ və təşviq etməsi xarici ölkələrdə bəzi dairələri narahat edir. Son günlər Türkiyənin əksər mərkəz mətbuat orqanlarında bu qərara müxtəlif don geyindirmək cəhdləri müşahidə olunur. Əsassız ittihamlar daha çox bu arqument üzərindən qurulub ki, Azərbaycan teleməkanında türk seriallarının dayandırılması qardaş zərbəsidir və "bir millət iki dövlət” prinsipinə ziddir. Bu əsassız ittihamların geniş vüsət aldığını görərək, məsələni bir az aydınlaşdırmaq qərarına gəldik.

Məlum olduğu kimi, dünyada kinonun real təsir vasitəsi olaraq tətbiq olunması ABŞ-ın Hollivud filmləri ilə başlamışdır. Qərb mədəniyyətini, həyat tərzini, ideologiyasını bütün dünyaya tanıtmaqda və eyni zamanda vahid kosmopolit dəyərlər aşılamaqda kinonun və serialların gücü ortaya qoyulmuşdur. Sonrakı mərhələdə Latın Amerika serialları bütün dünyaya səs saldı. Lakin zamanla bu seriallarla ayrı-ayrı ölkələrin reallıqları arasında bir disharmoniya müşahidə olundu. Bununla da hər bir ölkə öz serial çəkilişlərinə başladı.

Türkiyədə serialların populyarlıq qazanması son 10 ilə təsadüf edir. Bu vaxta qədər türk tamaşaçısı də uzun illər serial ehtiyacını fərqli dəyərləri təqdim edən əcnəbi istehsalı hesabına ödəyirdi. Lakin son illər Türkiyə kino industriyasının inkişafı serialların populyarlıq qazanmasına və kino-biznesinin genişlənməsinə təkan verdi. Qərb və Latın Amerikası dəyərlərindən fərqli olaraq bu regionun mentalitetinə yaxın dəyərləri əks etdirməklə türk serialları ətraf ölkələrdə də qısa müddətdə məşhurlaşdı və gəlirli biznesə çevrildi. Hazırda Balkan, Qafqaz, Mərkəzi Asiya, Ərəb ölkələri türk seriallarının əsas auditoriyasını təşkil edir. Təsadüfi deyil ki, 2011-ci ildə türk kino sənayesi 76 ölkəyə serial ixrac etmişdir və 60 milyon dollar gəlir gətirmişdir.

Seriallar Türkiyə iqtisadiyyatına da ciddi təsir imkanlarına malikdir. Bu sektor özünün qazandığı qazancla yanaşı turizmi, reklam olunan türk mallarının ixracını təşviq edir və ölkəyə sərmayə axınına təkan verir. Türkiyənin tikinti sektoru belə seriallardan faydasını görür. 2011-ci ildə "Televiziya Ulduzlarının Mükafatlandırma Mərasimi”nə sponsorluq edən inşaat sektorunun aparıcı isimlərindən biri bildirmişdir ki, "Türk seriallarının ərəb ölkələrində populyarlığının təsiri hesabına Körfəz ölkələrindən bir qrupa 220 mln. dollara 700 ev satmışıq. Növbəti 2 ildə türk dizilərinin sayəsində 2 milyard dollar satış həyata keçirmək niyyətindəyik”. Azərbaycan qardaş ölkə olaraq bu uğurlara və Türkiyə iqtisadiyyatının güclənməsinə hər zaman sevinir.

Bütün bunları sadalamaqda məqsədimiz odur ki, serialların Azərbaycanda yayımının dayandırılmasının niyə türk mətbuatının bəzi dairələrində sanki qardaşlıq zərbəsi kimi qiymətləndirilməsinə aydınlıq gətirək. Görünən odur ki, bu qərar kimlərinsə biznes maraqlarına uyğun gəlmir. Və belə olan halda onlar kommersiya maraqları ilə qardaşlıq bağlarını qarışdırırlar. Bu biznes maraqlarının danışdırdığı Türkiyənin bəzi mətbuat dairələri isə Azərbaycanı qardaşlığa sığmayan addımlarda ittiham edirlər.

Ancaq yaddan çıxarmamaq lazımdır ki, Azərbaycanda yalnız Türkiyənin TRT kanalı adi antenna vasitəsilə yayımlanır və burda türk seriallarına heç bir qadağa yoxdur. Yeri gəlmişkən, Türkiyədə heç bir Azərbaycan kanalı bu imtiyaza sahib deyil. TRT–dən başqa Azərbaycan teleməkanında heç bir digər xarici kanalın belə bir imkanı yoxdur. Hətta bu addımda belə Azərbaycan öz payına düşəni etmişdir. İkincisi, Azərbaycan tamaşaçısının kabel televiziyası vasitəsilə, o cümlədən sputnik televiziya sistemində dünyanın istənilən kanalına sərbəst şəkildə baxmaq imkanı var.

Məsələnin bir başqa tərəfi də var. Azərbaycan ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal olunmuş bir ölkədir. Dağlıq Qarabağ münaqişəsi işğaldan keçən 20 ildə hələ də həll olunmamışdır. Yəni münaqişənin həll variantı kimi müharibə Azərbaycanın gündəliyində alternativ olaraq hər zaman qalır. Belə olan halda Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun tələbatını milli teleməkan hesabına ödənilməsi labüddür.

Qərbin bəzi dairələrinin Azərbaycan cəmiyyətinə türk serialları vasitəsilə təsir etmək planları isə heç kəsə sirr deyil. Cari ilin mart ayında Türk İqtisadi və Sosial Tədqiqatlar Fondu (TESEV) və Avrasiya Əməkdaşlıq Fondunun Tiflisdə keçirdiyi tədbirdə türk seriallarının Azərbaycan təsir etmək planları müzakirə olunmuşdur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalovitz, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabine Freizerin qatıldığı tədbirdə türk seriallarının Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycanı sülhə yönləndirmək üçün istifadə edilə biləcəyi bir tələb olaraq ortaya qoyulmuşdur.[1]

Qərb türk seriallarının təsir gücünü yüksək qiymətləndirir. Dünyaca məşhur "Time” jurnalı türk seriallarını Obamanın əsgəri qüvvəsindən, Çin dövlət rəhbərinin maliyyə qüvvəsindən belə daha güclü olduğunu iddia etmişdir. Bu səbəbdən digər qüvvələrin Azərbaycan ictimaiyyətinə seriallar vasitəsilə təsir etmək planları da ortadadır.

Bu yönləndirmənin isə Azərbaycanın milli maraqlarına xidmət edib-etməyəcəyinə zəmanət yoxdur. Əsas maliyyə dayağı "Soros Fond”u olan TESEV-dən bunu gözləmək isə sadəlövhlük olar.

Türkiyə və Azərbaycan qardaş və dost dövlətlərdir. Bu münasibətlərə isə hər hansı bir üçüncü qüvvənin müdaxiləsi yolverilməzdir. Azərbaycan Türkiyə ilə Ermənistan arasında protokollar imzalananda artıq bu qüvvələrin müdaxiləsini görüb. Protokollar imzalanması mərasimində Qərb liderlərinin birbaşa iştirakına başqa ad vermək mümkün deyil. Danışıqların gizli aparılması da bu məqsədə xidmət etmişdir.

Narahatlıq doğuran bir başqa məqam da var. Türk seriallarında azərbaycanlıların daha çox mənfi obrazının yaradılması da xoşagələn deyil. Belə ki, "Möhtəşəm Yüzyıl” güclü Osmanlı dövlətini təbliğ etməklə yanaşı, Azərbaycan Səfəvi dövləti ilə bağlı mənfi imic yaratmağa çalışır. "Kurtlar Vadisində” azərbaycanlı Fərman satqın kimi təqdim olunur, "Yahşi Cazibe”de azərbaycanlı qız geri qalmış, sadəlövh obrazında verilir. Bütün bunlardan bir qardaş olaraq narazı qalmaq da olar. Lakin qarşılığında türk mətbuatının qardaş zərbəsi ittihamı isə ən azı insafsızlıqdır.

Əslində bu ittihamlardansa Türkiyə mətbuatından seriallarla bağlı hər iki tərəfin maraqlarına uyğun təşəbbüslər gözlənilirdi. Çünki belə təşəbbüslər də səslənir. Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan-Türkiyə birgə istehsalı olan kino və serialların çəkilməsi təklifi ilə çıxış etmişdir. Bu təklifin reallaşdırılması qardaş ölkələrin ortaq dəyərlərinin təbliği, hər iki ölkənin daha yaxından tanıdılması və turizm potensialının təqdim edilməsi baxımından olduqca faydalı olar. Türk mətbuatındakı bəzi dairələr ara qarışdırmaqdan, düşmən dəyirmanına su tökməkdənsə belə təşəbbüsləri dəstəkləməyi düşünsələr daha yaxşı olar. Bütün hallarda bu ara qarışdıranlara bir sözümüz var: "Kimsə Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirə bilməyəcək. Azərbaycan və Türkiyə iki dövlət bir millətdir.” 

Ərəstü Həbibbəyli (Ph.D)

 
[1] Pınar Ersoy Türkiye Kafkaslar’ı unuttu mu? 11 Mart 2012. Milliyet.com.tr  http://dunya.milliyet.com.tr/turkiye-kafkaslar-i-unuttu-mu-/dunya/dunyadetay/11.03.2012/1513824/default.htm

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...