THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Zəngəzur dəhlizi: regional və qlobal geosiyasətdə yeri və rolu

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16786
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 iyun 2021 – Newtimes.az

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı qələbə geniş geosiyasi məkanda ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Həmin bucaq altında Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi də çox aktualdır. Ekspertlər bu məsələ ilə bağlı öz fikirlərini ifadə edir, müəyyən proqnozlar verirlər. Maraqlıdır ki, proqnozların mütləq çoxluğu Zəngəzur dəhlizinin regional əməkdaşlıqda müstəsna rol oynayacağına olan inamla bağlıdır. Bütün bunların fonunda Zəngəzur dəhlizinin geosiyasi, geoiqtisadi, nəqliyyat-logistika və coğrafi aspektlərdə təhlilinin zəruriliyi daha aydın görünür. Biz məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Zəngəzur dəhlizi tarixi və geosiyasi reallıqlar işığında

Ermənistanla Azərbaycan arasında ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatandan sonra ekspertlərin daha çox müzakirə etdikləri məsələlər sırasında Zəngəzur dəhlizi də vardır. Bu məsələyə maraq nəinki azalmayıb, əksinə, ortaya onun əhəmiyyətini daha da qabardan yeni-yeni faktlar çıxmaqdadır. Dünyanın tanınmış siyasətçiləri və ekspertlər Zəngəzur dəhlizi ilə bağlı fikirlər bildirirlər.

Bunlar səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Bu məsələ ərafında baş verən hadisələr göstərir ki, o, çoxparametrli, müxtəlif sahələri əhatə edən faktorlarla əlaqəlidir. Burada geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə çulğaşıb. Məhz həmin səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil – onun arxasında müxtəlif vacib faktorlar dayanır.

Bu mülahizələr prizmasından Zəngəzur dəhlizi ilə əlaqəli olan bir sıra əhəmiyyətli məqamlara nəzər salmağa çalışaq. Hər şeydən öncə, Zəngəzurun son 300 illik tarixinin özəlliyini vurğulamaq lazımdır. Rusiya imperiyasının Cənubi Qafqaza gəlişi burada bir sıra ərazi-inzibati dəyişikliklərə səbəb oldu. Xüsusilə Azərbaycana aid olan ərazilərlə bağlı süni manipulyasiyalar çoxaldı. Keçən əsrin ilk onilliklərində Zəngəzurda da erməni terrorunun yaratdığı qanlı hadisələr baş verdi. Terrorçu Njde xüsusi amansızlığı ilə seçilirdi. Nəticədə 100 minlərlə türk yaşadıqları Zəngəzur ərazisindən deportasiya olundular. Sovetlərin gəlişi ilə isə Zəngəzuru süni yaradılan Ermənistan SSR-in ərazisi etdilər. Bununla da regionda tarixi və coğrafi bütövlük pozuldu.

Tarixən ticari-iqtisadi və mədəni-mənəvi ünsiyyətin əsas yollarından biri olan qədim Azərbaycan torpağı Zəngəzur, keçən əsrin 20-ci illərindən 2020-ci ilə qədər türk dünyasını ayıran, azərbaycanlı qardaşları bir-birindən təcrid edən, bölgə xalqlarının əlaqələrini kəsən, dünya ticarətinin bu coğrafiyadakı yoluna ciddi əngəl olan bir məkana çevrildi. Məhz bu reallıq prizmasından İkinci Qarabağ müharibəsinin Zəngəzur məsələsində nəinki region, hətta bütün dünya, o cümlədən türk dünyası üçün açdığı yeni imkanları tam təsəvvür etmək mümkündür.

Təsadüfi deyil ki, Çinin müxtəlif KİV orqanları, siyasətçiləri, analitikləri, iş adamları "Bir kəmər, bir yol" layihəsi çərçivəsində həmişə "Orta yol" adlandırdıqları nəqliyyat dəhlizinə ciddi önəm verir və həmin kontekstdə son zamanlar Zəngəzur dəhlizini mütləq vurğulayırlar. Bu dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Təbii ki, burada Çinin qazana biləcəyi daha çoxdur.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Asiya-Sakit okean regionu ölkələrini Zəngəzur dəhlizinin yaradılması imkanlarına diqqətlə yanaşmağa dəvət edib. İlham Əliyev bu barədə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında konkret fikir bildirib. Azərbaycan Prezidenti vurğulayıb: "Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi" üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm".

Lakin bütün bunların reallaşması Zəngəzur dəhlizinin region ölkələri üçün oynadığı roldan birbaşa asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bu aspektdə ifadə etdiyi fikir açar rolunu oynayır. Dövlət başçısı vurğulayıb: "Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır".

Mövqe aydındır – Azərbaycanın dövlət başçısı Zəngəzur dəhlizini əməkdaşlıq, təhlükəsizlik, tarixi ədalətin bərpası, qlobal əlaqələrin davamlı olması istiqamətində atılmalı olan vacib addım kimi təqdim edir. Bunun da son dərəcə tutarlı əsasları vardır. Məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl regional əməkdaşlıq qarşısında illərdir dayanan maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Burada məsələnin bir tərəfi Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlıdırsa, digər aspekti kommunikasiyaların açılmasını əhatə edir. Hər iki məsələ isə regional əməkdaşlığa və sabitliyə imkan yaradacaq uyğun sazişin imzalanması ilə əlaqəlidir. Konkret olaraq Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasını, ərazi bütövlüyünün tanınmasını və regional əməkdaşlığı nəzərdə tutan uyğun sənədləri imzalamalıdır. Belə çıxır ki, Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsi olmalıdır. O ciddi, ədalətli, hüquqi cəhətdən normal qaydalara əsaslanmalıdır. Ekspertlər bu səbəbdən Zəngəzur dəhlizini yalnız geosiyasi deyil, həm də siyasi, hüquqi, iqtisadi, nəqliyyat-logistika və digər faktorlarla əlaqədə analiz edirlər.

Qarabağın bərpasında Zəngəzur dəhlizinin əhəmiyyəti: ilk addımlar fonunda

Bunların fonunda Azərbaycan rəhbərliyinin Qarabağın bərpası və ölkəyə reinteqrasiyası üçün qətiyyətli addımlar atması çox vacib faktordur. Artıq Azərbaycan dövləti bərpa işlərinə 1,3 milyard ABŞ dolları həcmində vəsait ayırıb. Paralel olaraq dünyanın müxtəlif ölkələrinin şirkətlərinin bərpa işlərində iştirakını təmin edir. Hazırda bir neçə dövləti təmsil edən şirkətlər müxtəlif sferalar üzrə fəaliyyətə başlayıblar. O cümlədən "ağıllı şəhər", "ağıllı qəsəbə", "ağıllı kənd" kimi maraqlı layihələr gündəmdədir. Hava limanlarının tikilməsi, yolların çəkilməsi, turizm sektoruna aid işlərin görülməsi, müxtəlif istehsal müəssisələrinin yaradılması, təbii ehtiyatların istifadəsinin inkişaf etdirilməsi və s. kimi mühüm proqramlar reallaşmaqdadır. İqtisadi və maliyyə tərəfindən başqa, bu prosesin çox əhəmiyyətli geosiyasi və tranzit-logistika aspekti də var. Çünki dünyanın müxtəlif ölkələri bərpa və yenidənqurma işlərinə həvəslə daxil olurlarsa, mütləq uyğun, sabit, təhlükəsiz hərəkət dəhlizinə ehtiyac da artır. Zəngəzur dəhlizi bu bağlılıqda da dünya üçün strateji əhəmiyyət kəsb edir.

Vurğulanan fikirlərin işığında Zəngəzur dəhlizini ekspertlərin beynəlxalq əməkdaşlıq layihələri və onların reallaşmasına birbaşa aidiyyəti olan nəqliyyat marşrutları ilə əlaqələndirmələri tamamilə məntiqli, obyektiv və əhəmiyyətlidir. Məsələnin bu aspekti üzərində daha geniş dayanmağa ehtiyac vardır.

Ekspertlər Çinin "Bir kəmər, bir yol" layihəsinin qlobal geosiyasi və geoiqtisadi düzəni yeniləşdirə biləcəyinə inanırlar. Layihə quru və dəniz marşrutları üzrə müxtəlif ölkələri əhatə edən nəhəng bir sistemi xatırladır. Həmin prosesə Asiya və Avropanın çoxlu sayda dövləti qatılmaqdadır. Layihə üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri ticari-iqtisadi əlaqələrin ucuz, təhlükəsiz, sürətli yolla təşkil edilməsindən ibarətdir. Bu məqsədlə dövriyyəyə şərti olaraq "Şimal yolu", "Orta yol" və "Cənub yolu" kimi terminlər də daxil edilib. "Şimal yolu" Rusiya ərazisindən keçərək Avropaya uzanan, "Orta yol" Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən marşrutu, "Cənub yolu" isə Cənubi Asiya ölkələri ərazisindən keçərək İranı da əhatə edən istiqamətdir.

Məsələ burasındadır ki, bu üç əsas yol Cənubi Qafqazda Azərbaycan ərazisində kəsişir. Rusiyadan "Şimal-Cənub" dəhlizi vasitəsilə Azərbaycana istiqamət vardır, Mərkəzi Asiyadan gələn əsas yol – "Şərq-Qərb" dəhlizi timsalında Azərbaycandan keçir, "Cənub yolu" isə "Cənub-Qərb" marşrutu ilə yenə də Azərbaycan ərazisindən keçir. Sonuncu üçün Azərbaycanda iki istiqamət mövcuddur: biri Gürcüstan istiqaməti, digəri isə Zəngəzur vasitəsilə Türkiyə-Avropa istiqaməti. Eyni zamanda, cənubdan gələn yolun bir qolu şimala, Rusiyaya tərəf ayrıla bilər. Buna oxşar qayda ilə Türkiyədən gələn yolun bir istiqaməti İran, digər istiqaməti isə Rusiya ola bilər. Onların arasında isə tamamilə Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyaya uzanan marşrut vardır. Bunlardan başqa, "Bir kəmər, bir yol" layihəsi çərçivəsində "Şimal-Cənub" və "Cənub-Qərb" marşrutlarının Azərbaycan ərazisində kəsişərək Zəngəzur dəhlizi vasitəsilə Avropaya yönləndirilməsi planı da mövcuddur.

Beləliklə, beynəlxalq layihələr üçün Azərbaycan ərazisi sözün əsl mənasında regionun nəqliyyat qovşaqlarının habı rolunu oynayır. Zəngəzur dəhlizi bu baxımdan Azərbaycanı bir neçə istiqamətdə region, Asiya və Avropa ilə birləşdirən strateji məkan statusunu ala bilər. Təcrübə göstərir ki, faktiki olaraq, dünyanın böyük gücləri Zəngəzur dəhlizinin bu funksiyasını artıq qəbul edib ona dəstək ifadə edirlər.

ABŞ və Rusiya prezidentlərinin son görüşündə Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması zərurəti bir daha vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ prezidentləri ilə bu məsələni müzakirə edib, ortaq razılığa gəlinib. Türkiyə və Azərbaycan rəhbərliyi məsələni daim gündəmdə saxlayır. Son olaraq Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan müttəfiqlik haqqında birgə Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizi müddəa kimi nəzərdə tutulub. İki qardaş ölkə Zəngəzur dəhlizini reallaşdırmaqda qərarlıdır.

Azərbaycan Prezidenti Rusiya dövlət başçısı ilə mütəmadi olaraq bu məsələni müzakirə edir. Vladimir Putinin də Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi qətidir. Ermənistanda parlament seçkisindən sonra Rusiya rəhbəri Nikol Paşinyana bir daha xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli bəyanatında nəzərdə tutulan öhdəliklərə əməl olunmalıdır. Orada kommunikasiya xətlərinin açılması prinsipial qaydada vurğulanıb.

Bunlar onu göstərir ki, Zəngəzur dəhlizi regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası aspektlərində böyük dövlətlər üçün də əhəmiyyət kəsb edir. Bu marşruta müxtəlif istiqamətlərdə əməkdaşlığın mühüm bəndlərindən biri kimi baxılır.

Əhəmiyyətlidir ki, region dövlətlərinin Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiya şəbəkəsindən səmərəli və koordinasiyalı istifadə edilməsinə imkan verən əməkdaşlıq formatı haqqında təklifin də təşəbbüskarı Azərbaycandır. Söhbət artıq ekspertlərin də maraqla müzakirə etdiyi "Altılıq" platformasından gedir. Burada Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanın əməkdaşlıq və təhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərmək üçün xüsusi platformada birləşməsi nəzərdə tutulub. Yəni, bu ölkələr regiondan kənarda olan qüvvələrlə əməkdaşlıq və təhlükəsizlik məsələlərində razılaşdırılmış formada və bir əməkdaşlıq formatının üzvləri kimi iştirak etməlidirlər. Deməli, Zəngəzur dəhlizi həmin altı dövlət üçün geosiyasi və geoiqtisadi aspektlərdə eyni dərəcədə əhəmiyyət kəsb edir və onun təhlükəsizliyi onların hər birinin vəzifəsidir.

Regional əməkdaşlıq formulu və Zəngəzur dəhlizi: müstəqil Azərbaycanın daha bir uğuru

Eyni zamanda, gələcəkdə regionun altı dövləti müxtəlif beynəlxalq layihələrdə bir tam kimi iştirak edə bilərlər. Bu isə, birincisi, regional təhlükəsizliyin davamlı təminatı, ikincisi, regional əməkdaşlıqla qlobal əməkdaşlıq arasında sağlam əlaqənin yaradılması deməkdir. Bu prosesin mərkəzində Zəngəzur dəhlizinin dayandığını təsəvvür etmək çətin deyil. Son zamanlar İran mətbuatında yayılan bir sıra informasiyalar bu aspektdə maraq doğurur.

"Qafqaz.ir" portalında dərc edilən yazılardan birində Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi fonunda Çinin region ölkələri ilə əlaqəsinin Zəngəzur dəhlizi kontekstində müəyyən xarakteristikası verilib. Çinin Avropa ilə ticarətinin 96 faizinin okean vasitəsilə həyata keçirilməsinə baxmayaraq, 2013-cü ildə "Bir kəmər, bir yol" təşəbbüsündən sonra Cənubi Qafqazın əhəmiyyəti Pekin üçün çox artıb. Buna görədir ki, Çin "Şərq-Qərb" marşrutu kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TITR) layihəsinə investisiya qoymağa başlayıb. Həmin bağlılıqda rəsmi Pekin Avropaya açılan istənilən təhlükəsiz marşruta ciddi dəstək verir.

Şübhəsiz ki, Çin-Rusiya-İran-Azərbaycan xəttində mühüm məntəqə olan Zəngəzur dəhlizi də Pekin üçün Türkiyə vasitəsilə Avropa və Körfəz ölkələrinə, Afrikaya yeni imkan deməkdir. Bu marşrut həm ucuz, həm də digərlərinə nisbətən qısadır. Bu reallıq fonunda Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin 2017-ci ildə 1,3 milyard ABŞ dolları (Azərbaycanın ümumi xarici ticarətinin təxminən 6 faizi) həcminə çatması təsadüfi deyil. Eyni qaydada rəsmi Pekin digər region ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır və böyük sərmayələr yatırır.

Lakin bütün bunlardan qonşu ölkənin mətbuatında yanlış bir nəticə çıxarılır. Bir tərəfdən, Çinin Zəngəzur dəhlizinin açılması üçün ciddi maraqlarının olduğu vurğulanır, digər tərəfdən isə İranın bu prosesdən zərər görə biləcəyi iddia edilir. Guya Tehranın manevr imkanları məhdudlaşa bilər. Əslində isə Zəngəzur dəhlizinin işləməsi İran üçün də yeni manevr imkanları açır. Çünki Tehran, faktiki olaraq, bir neçə dövlətin ortaq razılığı ilə işləyəcək Zəngəzur dəhlizi vasitəsilə dünyanın ən ucqar ölkələri ilə iqtisadi-ticari əlaqələr qurmaq üçün yeni şans əldə edir.

O başqa məsələdir ki, artıq Cənubi Qafqazda hansısa dövlətin hegemon davranışına son qoyulur. Burada Azərbaycan, Rusiya, Türkiyə və İran bir yerdə aparıcı rol oynamalıdırlar. Bundan kimsənin rahatsız olmasına isə heç bir əsas yoxdur. Həmin bucaq altında Gürcüstanda da bir sıra dairələrin Zəngəzur dəhlizinə ehtiyatla yanaşmasının ciddi geosiyasi, geoiqtisadi və kommunikativ əsası olmadığını düşünürük. Azərbaycan Prezidenti dəfələrlə məsələnin bu aspektinə vurğu edib. Prezident İlham Əliyev ifadə edib ki, Gürcüstan Azərbaycana dost və qardaş ölkədir və onunla əməkdaşlığın inkişaf etdirilməsi üçün bundan sonra da fəallıq göstəriləcək.

O cümlədən Zəngəzur dəhlizinin açılması Gürcüstan marşrutuna alternativliyi deyil, onların bir-birini tamamlamasını ifadə edir. Çünki söhbət yalnız Azərbaycandan Gürcüstana yüklərin daşınmasından getmir. Gürcüstan həm özünün, həm Qara dəniz hövzəsi ölkələrinin, həm də Avropadan yüklərin Zəngəzur dəhlizi vasitəsilə İrana, Körfəz ölkələrinə və başqa regionlara münasib qiymətə çatdıra və bundan xeyli gəlir əldə edə bilər. Bu o deməkdir ki, Zəngəzur dəhlizi ancaq bir istiqamətdə və seçilmiş hansısa ölkələrin mənafeyinə xidmət edəcək kanal olmayacaq – ondan bütün region ölkələri müxtəlif istiqamətlərdə yaradılacaq əlaqələr əsasında faydalanacaqlar.

Bunlar onu göstərir ki, regional və qlobal miqyasda Zəngəzur dəhlizinin işə düşməsi ciddi geosiyasi və geoiqtisadi yeniliklərə təkan verəcək. Bunlarla yanaşı, Zəngəzur dəhlizinin Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq statusunun daha da yüksəlməsində əhəmiyyətli rolu olacağını düşünürük. Bu tezisin doğruluğunu bir neçə faktla sübut etmək olar. Hər şeydən öncə, İkinci Qarabağ müharibəsinin baş memarı Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsində də kifayət qədər təşəbbüskar, praqmatik, ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərir. Hərbi əməliyyatların başa çatması ilə İlham Əliyev ardıcıl, məntiqli və inandırıcı surətdə regional əməkdaşlığın vacibliyini vurğulayır və həmin kontekstdə kommunikasiya xətlərinin açılması zərurətini önə çəkir.

Bununla yanaşı, Azərbaycan Prezidenti dünyaya Ermənistana qarşı son dərəcə humanist mövqe tutduğunu nümayiş etdirir. Artıq Ermənistanın ən qızğın havadarları belə İlham Əliyevin arqumentləri ilə razılaşırlar. Bunu may ayının 28-də Respublika Günü münasibəti ilə dünyanın nüfuzlu dövlətlərinin Azərbaycan rəhbərinə ünvanladıqları təbrik məktublarında həm də əməkdaşlıqda maraqlı olduqlarını ifadə etmələri sübut edir. Ayrıca, Azərbaycanın dövlət başçısının Zəngəzur dəhlizindən danışanda, daim Ermənistanın da fayda götürəcəyini qeyd etməsi, rəsmi Bakının məsələyə qarşılıqlı faydalı əməkdaşlıq prizmasından yanaşdığını təsdiq edir.

Bunlardan başqa, Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi irəliyə doğru ciddi bir addım atdığını nümayiş etdirir. Belə ki, Rusiya və Türkiyə kimi böyük dövlətlərin başçıları Zəngəzur dəhlizinin açılmasını ilk növbədə müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin nəticələrindən biri kimi qəbul etdiklərini vurğulayırlar. Əslində, Şuşa Bəyannaməsində də həmin məqam öz əksini tapıb.

Vurğulanan məsələnin geosiyasi özəlliyi milli dövlətçilik baxımından çox əhəmiyyətli olan bir məqamı da ortaya qoyur. Biz müstəqil Azərbaycanın enerji sferasından sonra nəqliyyat-logistika və təhlükəsizlik sahələrində də regionun geosiyasi düzənini dəyişə bilən addım atdığını nəzərdə tuturuq. Yəni, artıq müstəqillik tarixində ikinci dəfədir ki, Azərbaycan geniş məkanda geosiyasi mənzərəni yeniləyə biləcək proqram həyata keçirir. Zəngəzur dəhlizi bu anlamda bir sıra ekspertlərin təsəvvür etdiklərindən daha geniş rakursda geosiyasi əhəmiyyətə malikdir. Bu fakt, əslində, digər uğurlarla yanaşı, Azərbaycanda müstəqil və demokratik dövlət quruculuğunun yeni səviyyəyə keçməsini ifadə edir. Əlbəttə, Zəngəzur dəhlizinin bu cür geosiyasi qiymətləndirilməsinin həm də tarixi-siyasi əhəmiyyəti vardır. Çünki Azərbaycan postsovet məkanında ilk dövlətdir ki, ərazi məsələsini dərin qatlarda geosiyasi, tarixi, siyasi, iqtisadi və mədəni aspektlərin vəhdəti kimi dünya gündəminə çıxara bilir. Bu məqam Azərbaycan Prezidentinin mövzu ilə bağlı hər bir çıxışında ana xətt kimi keçir.

Beləliklə, Zəngəzur dəhlizinin işə düşməsi, faktiki olaraq, dünya miqyasında mühüm tarixi hadisə kimi qəbul edilir. Onun müxtəlif aspektləri vardır. Lakin həmin aspektlər kompleks şəkildə Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun uğurlarını ifadə edir. Əhəmiyyətlidir ki, bu məqam bütövlükdə region və beynəlxalq aləm üçün pozitiv bir məqamı əks etdirir. Yəni, Azərbaycan müasir tarixi mərhələdə xalqların rifahının yaxşılaşmasına, dövlətlərin suverenliyinin möhkəmlənməsinə xidmət edən proqramlar həyata keçirir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dünya miqyasında müstəqil mövqeyi olan və sözünə qiymət verilən nüfuzlu dövlətdir!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...