THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm önəm daşıyır

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
50053
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 iyun 2021 – Newtimes.az

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət'' prinsipinə uyğun olaraq, bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, "kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın'' anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.

Xatırladaq ki, ötən il oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev "CNN International'' televiziya kanalına verdiyi müsahibədə jurnalistin – "Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə, guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?'' – sualına cavabında da bildirirdi ki, bəli, Azərbaycan Silahlı Qüvvələrində türk avadanlığı var, amma türk qüvvələri yoxdur: ''Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki onun sizdən eşitdiyim sözləri tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır'' ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər''.

Dövlətimizin başçısı daha sonra Ermənistanın prezidentinə xitabən bildirmişdi ki, 1990-cı illərin əvvəlində işğalçı tərəfindən Azərbaycan torpaqları ələ keçirildikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan rəhbərinin "Azərbaycana kimsə kömək edir'' deməsi tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.

Bəli, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.

Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.

Hazırda hər iki dövlət başçısının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bu barədə deyib: "Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır…''.

Dövlətimizin başçısı daha sonra bu sözlərin çox ciddi mesaj, siqnal olduğunu, Azərbaycanın əks-hücum əməliyyatını uğurla reallaşdırmağa müsbət təsir göstərdiyini, hər hansı bir kənar qüvvənin məsələyə müdaxilə etməsinə imkan vermədiyini və bütün bu dəstəyə görə qardaş Türkiyəyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürünü bildirib.

Burada bir məqamı da vurğulamaq istərdik. İki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu əlaqələr getdikcə möhkəmlənir. Dövlətlərimiz ara­sında münasibətlərin inkişafında təbii ki, ölkə rəhbərlərinin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən "Baykar'' şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi də bu fikrin bariz ifadəsidir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulması, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi də önəmli fakt kimi diqqət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin "Baykar'' şirkətinin texniki direktoru Selçuk Bayraktarı və "ASELSAN'' şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edərkən də bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı görüşdə qardaş ölkənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunaraq, Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, "Baykar'' şirkətinin istehsalı olan məhsulların torpaqlarımızın düşməndən təmizlənməsi zamanı işğalçı texnikasının məhv edilməsindəki rolunu vurğulayıb.

Bu amil Türkiyədə müdafiə sənayesinin yüksək sürətlə inkişafından xəbər verir. Artıq dünya üçün sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da Vətən müharibəsində məharətlə istifadə edərək, böyük üstünlük qazanıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı "Qarabağ” ordeni ilə təltif edib.

Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanıl­ması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.

Burada onu da deyək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyəcək. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: "Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər''.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onların digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edəcəkləri nəzərdə tutulur.

Hazırda ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.

Xatırladaq ki, bu gün Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib. İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu, özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə "Əsrin müqaviləsi'' ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.

Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investisiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf po­tensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərirlər.

Vaqif Bayramov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...