THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni geosiyasi qüvvə: Türkiyə-Çin əməkdaşlığı inkişafda

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2846
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyul 2019 – Newtimes.az

Hazırda dünyada geosiyasi proseslər daha mürəkkəb və daha təhlükəli polimorf transformasiyalar şəraitində cərəyan edir. Xüsusilə, böyük dövlətlər arasında münasibətlərdə yeni risklər meydana gəlir. Hər kəs bilir ki, ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Çin münasibətləri kifayət qədər gərgindir. Onların, bütövlükdə, bəşəriyyət üçün təhlükələr yaratdığı da sirr deyil. Bu səbəbdən, "Böyük iyirmilər"in (G20) Osaka sammitinə ümid çox idi. Orada ikitərəfli danışıqlar formatı da diqqət mərkəzində olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya və Çin rəhbərliyi ilə geniş müzakirələr aparıb. Yaponiyada Şinzo Abe ilə ayrıca görüşdükdən sonra, Çinə səfər edən Türkiyə dövlət başçısı Pekində olduqca əhəmiyyətli razılaşmalar əldə edib. İki ölkə, demək olar ki, bütün sahələrdə layihələr realaşdırmaqla bağlı ortaq fikrə gəliblər. Buraya iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, müdafiə və hərbi sənaye də daxildir. Həmin məsələlərin fonunda Türkiyə Prezidentinin Çin səfərinin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac gördük.

Ankara-Pekin xətti: fərqli əməkdaşlıq ritminə keçid

Türkiyə Prezidenti R.T.Ərdoğanın G20 ölkələri liderlərinin sammitindən sonra Asiya qitəsinin nüfuzlu dövlətlərinin başçıları ilə apardığı müzakirələrin qlobal geosiyasi dinamikaya təsir edəcəyi ehtimal olunur. Ekspertlər, faktiki olaraq, Ankaranın ciddi geosiyasi addım atdığını yazırlar. Doğrudan da, müzakirə edilən mövzularla bağlı əldə edilən razılıqlara baxdıqda, bu fikrin reallığa uyğun olduğunu görürük.

Hələ "İyirmilik" qrupu ölkələrinin sammitində Türkiyə rəhbəri Çin, Rusiya və Yaponiya liderləri ilə səmərəli görüşlər keçirmişdi. Vladimir Putinlə aparılan müzakirələr haqqında geniş informasiya verilib. Yaponiyanın Baş Naziri Ş.Abe ilə keçirilən görüş də maraqlı olub. Tərəflər böyük əməkdaşlıq layihələri həyata keçirmək barədə razılıq əldə ediblər. Yaponiya Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olan ölkədir. Bundan başqa, iki dövlət İran məsələsində ortaq mövqedədir. R.T.Ərdoğan jurnalistlərlə söhbətində Ş.Abenin Tehranda İran rəhbərliyi ilə görüşünün detallarını açmadığını vurğulamaqla yanaşı, ümumi bir razılığın əldə edilmədiyini də deyib.

Belə məlum olur ki, İranla sıx münasibətlərinin olmasına baxmayaraq, Ş.Abe Amerika-İran münaqişəsində vasitəçi rolunu oynamaqda çətinlik çəkir. Həmin səbəbdən, Yaponiyanın Baş Naziri R.T.Ərdoğanla birlikdə hərəkət etmək təklifində bulunub. Bunu Türkiyə Prezidenti məmnunluqla qarşılayıb. Eyni zamanda, qeyd edib ki, digər böyük dövlətlər, məsələn, Amerika belə bir təklif etməyib. Ümumiyyətlə, Qərb dövlətləri Türkiyə ilə bu barədə danışmağa meylli deyillər. Səbəbi aydındır: Qərb hesab edir ki, müsəlman Türkiyə İranın tərəfini tutacaq. Qərbə isə ancaq öz maraqlarına xidmət edə bilən "obyektiv vasitəçi" lazımdır. Problemin kökü bundadır.

Belə çıxır ki, Yaponiya ABŞ və Avropa dövlətlərindən fərqli olaraq, həqiqi mənada İranla bağlı yaranmış çətinliyi ədalətli yoluna qoymaqda maraqlıdır. Ancaq çətin ki, Qərb buna imkan vermək istəsin. Artıq onlar İranı vurmağın müxtəlif ssenarilərindən bəhs edirlər. Hətta ABŞ, Böyük Britaniya və İsrailə məxsus F-35-lərin İraq və Suriyada koordinasiyalı hərəkəti məşq etdiklərindən yazırlar. Bunun İrana ola biləcək hücum öncəsi təlim kimi də qiymətləndirirlər.

Təbii ki, bu, çox qorxulu gedişatdır və başqa böyük dövlətlərin də öz tədbirlərini almasını şərtləndirir. Bu aspektdə Türkiyə-Rusiya-Çin-Yaponiya xəttində baş verə biləcək hadisələr maraq doğurur. Həmin çərçivədə R.T.Ərdoğanın Çinə səfəri olduqca böyük əhəmiyyət kəsb edir. Çin KİV-lərinin yazdığına görə, iki böyük dövlət demək olar ki, bütün məsələlərdə ortaq fikrə gəliblər. Xüsusilə, uyğur məsələsində R.T.Ərdoğanın son dərəcə böyük səbir və xoş niyyətlilik nümayiş etdirməsi Pekini məmnun edib. Belə görünür ki, uyğurlarla bağlı vəziyyəti süni olaraq şişirdən dairələr mövcuddur. Ankara bunun fərqindədir və təxribatlara qarşı zəruri tədbirlər görüləcək.

Bunlarla yanaşı, Çin və Türkiyə əhəmiyyətli iqtisadi, nəqliyyat və geosiyasi razılıqlar əldə ediblər. İki ölkə ticarət dövriyyəsini 50 milyard ABŞ dolları səviyyəsinə yüksəltməyi qərara alıblar. Bu, indiki həcmdən iki dəfə çoxdur. Maraqlıdır ki, Pekin bu təklifə çox müsbət yanaşıb və tərəflər asanlıqla razılığa gəliblər.

Lakin ekspertlər məsələnin heç də iqtisadi faktorlarla məhdudlaşmadığını ayrıca vurğulayır, bu kontekstdə iki məqama diqqət yetirirlər. Birincisi, Türkiyənin "Bir kəmər, bir yol" təşəbbüsündə daha aktiv iştirakını təmin etməklə bağlıdır. İkincisi, qlobal geosiyasi məsələlərdə Ankara ilə Pekinin ortaq fəaliyyət göstərməsi ilə əlaqəlidir. Hər iki problem üzrə razılıq əldə edilib.

Ticarət, sabitlik və təhlükəsizlik: ümidlər artır

Türkiyə Cümhuriyyətinin "Bir kəmər, bir yol" layihəsində iştirakı çox əhəmiyyətli və perspektivli sayılır. Çünki Türkiyə inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Ona gedən yollar Mərkəzi Asiyadan, İrandan, Azərbaycan və Gürcüstandan keçir. Türkiyə həm də Avropaya birbaşa çıxışdır. Ankara üçün xarici sərmayələrin əhəmiyyətinin nə dərəcədə böyük olduğu sirr deyil. Çünki ölkənin təbii ehtiyatları azdır. Xarici sərmayədarlar son illər bu ölkəyə gəlişlərini azaldıblar. Çin isə həmin itkiləri örtə bilər. Pekinin "Bir kəmər, bir yol" layihəsi ilə bağlı ayrıca maliyyə proqramları mövcuddur. Onların Türkiyədə də reallaşması üçün heç bir maneə yoxdur. Pekində aparılan danışıqlarda bu məqam aydın görünüb.

Bunlardan başqa, Türkiyə Çinin bu böyük layihəsi çərçivəsində əsas nəqliyyat məkanlarından biri rolunu oynaya bilər. Ankara buna hazırdır. Onun Azərbaycan və Gürcüstandan keçən layihələrdə iştirakı həm təcrübə qazanmağa, həm də infrastrukturu təkmilləşdirməyə imkan verib. İranla da müxtəlif sferalarda əməkdaşlıq yaxşı inkişaf edib. Deməli, Çinin yeni layihəsi çərçivəsində iki ölkə perspektivli əməkdaşlıq edə bilərlər.

Məsələnin bu tərəfi Türkiyə ilə Çinin hərbi-sənaye və müdafiə sferalarında əməkdaşlıqları üçün də yaxşı zəmin hazırlayıb. Pekindəki görüşdə ifadə olunub ki, hər iki ölkə hərbi texnologiyalar sahəsində müstəqil addımlar atırlar. Onların bu istiqamətdə fəaliyyətləri birləşdirmələri faydalı olardı. O cümlədən müasir hərbi texnika və silahların ortaq istehsalı mümkündür. Bu prosesə Türkiyənin NATO üzvlüyü və Rusiya ilə olan əməkdaşlığı qətiyyən maneə törətmir. Ekspertlər də hesab edirlər ki, vurğulanan sferalarda iki ölkənin ortaq layihələrdə iştirakı şansı yüksəkdir.

Bütün bunlar iki böyük dövlətin qlobal geosiyasi məsələlərdə, xüsusilə, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığının çox vacib olduğunu göstərir. Ekspertlər bu aspektə də xüsusi maraq göstərməkdədirlər. Türkiyə-Çin geosiyasi tandemi yarana bilərmi? İki ölkə arasında əlaqələrin inkişaf potensialı varmı? Ekspertlərə görə, hər iki dövlət müstəqil hərəkət etsə, bu imkan yüksək olacaq. Çünki Türkiyə Avrasiyanın qərbində, Çin isə şərqində parlayan ulduzdur. Onlar böyük bir geosiyasi məkanda həlledici rol oynaya bilərlər.

Üstəlik, Türkiyə İslam aləminin nüfuzlu dövləti olduğundan, onun vasitəsilə Çin bütün müsəlman ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə yüksəldə bilər. Ayrıca, uyğur məsələsində yeni müsbət qərarlar alına bilər. Belə çıxır ki, Türkiyə-Çin geosiyasi əməkdaşlığı geniş bir məkanda mənzərəni tamamilə dəyişə bilər. Buraya Rusiya və İran da əlavə olunsa, çox ciddi qlobal geosiyasi güc mərkəzi yaranmış olur.

Təsadüfi deyil ki, ekspertlər Türkiyə Prezidentinin Çinə səfərinin qlobal geosiyasi proseslərdə yeni vəziyyət yaratdığını bildirirlər. Çin və Türkiyənin qarşılıqlı fayda əsasında fəaliyyət göstərməsi bütövlükdə qüvvələr nisbətini dəyişir. İndi bu cür vədlərin reallaşmasından çox şeylər asılıdır.

Beləliklə, Türkiyə Prezidentinin G20 sammiti çərçivəsində apardığı müzakirələr və ayrılıqda Yaponiya və Çin rəhbərləri ilə keçirdiyi görüşlər əhəmiyyətli və maraqlı nəticələr verib. Türkiyənin ticari əlaqələrinin bir neçə dəfə artması perspektivi yaranıb. Bu, Qərbin sanksiyalar siyasətinin tüğyan etdiyi bir mərhələdə əhəmiyyətli prosesdir. Əgər hadisələr həmin aspektdə inkişaf etsə, onda Qərbin dünya miqyasında təsiri xeyli azalmış olacaq. Artıq orada anlamalıdırlar ki, dünyanı təzyiq və cəzalarla idarə etmək zamanı keçmişdə qalıb. İndi qarşılıqlı fayda verə bilən layihələrin zamanıdır. Bu meyarı gözləməyənlərin perspektivi dumanlı görünür.

Türkiyəyə gəldikdə isə, bu ölkə müstəqil siyasəti ilə öz real gücünü getdikcə daha açıq şəkildə ortaya qoyur. İndi Ankaranın iştirakı olmadan Yaxın Şərqdə heç bir problemi həll etmək mümkün deyildir. Liviyadakı hadisələr və Kipr ətrafında baş verənlər də bunu bir daha təsdiq etməkdədir. Türkiyə heç bir sahədə geri addım atmaq fikrində deyil, əksinə, vədlərinə tam əməl etməyə çalışır.

Əlbəttə, Türkiyənin daha sürətli inkişafı region dövlətlərinin hamısına sərfəlidir (Təbii ki, Ermənistanla bağlı tərəddüdlər qalmaqdadır). Çünki tarixən siyasətdə ədalətə daha çox türk dövlətləri sahib çıxıblar. İndi də dünyanın ədalətə və beynəlxalq hüquqa ehtiyacı çoxdur. Buna görə də Türkiyənin uğuru həm də Azərbaycanın qazancıdır. Türkiyənin inkişafı ədalətin yayılması perspektivinin genişlənməsi deməkdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...