THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hökumət başçılarının Aşqabad sammiti: MDB-nin perspektivinin müzakirəsi

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2207
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 iyun 2019 – Newtimes.az

Türkmənistanın paytaxtında MDB-yə üzv dövlətlərin hökumət başçılarının növbəti iclası keçirilib. Orada təşkilat üçün çox vacib olan məsələlər müzakirə edilib. Müzakirələr səmərəli olub və müxtəlif sahələr üzrə doqquz sənəd imzalanıb. Həmin sənədlərdə təşkilata üzv olan ölkələrin əməkdaşlığının bir sıra aspektləri öz ifadəsini tapıb. Onların sırasında ekspertlər üçün tranzit imkanlarının genişləndirilməsi və intellektual mülkiyyətin qorunması xüsusi maraq kəsb edib. Bu məsələlər bütün dünya üçün aktualdır. MDB-yə üzv ölkələrin qarşılıqlı əlaqələrinin inkişafında isə onların daha böyük əhəmiyyəti vardır. Bütövlükdə iclas müsbət əhval-ruhiyyədə keçib. Onun bir sıra geosiyasi aspektləri üzərində geniş dayanmağa ehtiyac vardır.

Yeni əməkdaşlıq səviyyəsinə yüksəliş: üzv ölkələr üçün aktual olan məsələ

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının Aşqabad sammiti kifayət qədər səmərəli keçib. Gündəliyə çıxarılan bütün məsələlər üzrə anlaşma əldə edilib. Azərbaycanı Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyəti fəal iştirak edib. Ölkənin milli maraqları əsas götürülüb. Ekspertlərin fikrinə görə, MDB hökumət başçıları təşkilatın gələcəyi baxımından əhəmiyyətli məsələləri müzakirə ediblər.

İlk növbədə, iştirakçılar MDB-nin gələcək taleyi haqqında fikir mübadiləsi aparıblar. Təşkilatın sürətlə dəyişən müasir geosiyasi şəraitdə daha çevik və əhatəli fəaliyyətə keçməsi zərurəti vurğulanıb. MDB dünya miqyasında mövqeyini möhkəmləndirmək istəyirsə, müasir tələbləri mütləq nəzərə almalıdır. Türkmənistan Prezidentinin fikrincə, bu kontekstdə təşkilat Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat imkanlarını daha da genişəndirməlidir. Həmin bağlılıqda Azərbaycanın Mərkəzi Asiya-Xəzər dənizi-Qara dəniz xəttində inteqrativ proseslərə təkan verən təşəbbüsləri dəstəklənməlidir. Bu, bütövlükdə Asiya-Avropa əlaqələrinin yeni səviyyəyə yüksəlməsində ciddi rol oynaya biləcək təşəbbüsdür. MDB təşkilat kimi Bakının bu addımına geniş dəstək verməlidir.

MDB üçün geosiyasi və xarici siyasi aspektlərdə aktual olan digər məsələ beynəlxalq təşkilatlarda üzv dövlətlərin fəaliyyətlərinin koordinasiya edilməsi ilə bağlıdır. O cümlədən BMT və ATƏT kimi təşkilatlarda qarşılıqlı əlaqə prinsipi üzrə fəaliyyətə daha çox diqqət yetirilməlidir. Bu bağlılıqda terrorçuluq, ekstremizm, narkotik maddələrin qanunsuz dövriyyəsi, kibercinayətlərə qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmini kimi məsələlərdə ortaq hərəkət etməyin vacibliyi vurğulanıb. Məsələnin bu tərəfi Azərbaycan üçün də aktualdır.

Ancaq problem ondadır ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə, MDB daxilində yuxarıda arzulanan koordinasiyalı fəaliyyəti yaratmaq mümkün deyildir. Həm BMT, həm də ATƏT-in qəbul etdiyi sənədləri yerinə yetirməyən, Azərbaycanın ərazi bütövlüyünü pozan bir ölkə ilə xarici siyasətdə necə koordinasiyalı hərəkət etmək olar? Bu səbəbdən Aşqabadda səsləndirilən bu kimi xoş fikirlərin reallaşdırılması üçün real şəraitin yaradılması məsələsi daha aktualdır. Ermənistanın təcavüzkar siyasətini dayandırıb, işğal etdiyi Azərbaycan torpaqlarından silahlı dəstələrini çıxarması bu istiqamətdə ilk addım olardı. Təəssüf ki, Aşqabad sammitində bu barədə müzakirə aparılmayıb.

Hökumət başçılarının iclasında bir neçə vacib sənədin qəbul edilməsi təbii ki, müsbət haldır. Sammit çərçivəsində doqquz sənəd imzalanıb. Onlar gömrük orqanlarının fəaliyyəti, nəqliyyat imkanlarının genişləndirilməsi, antiterror mərkəzində kadr dəyişikliyi, muzey işinin təşkilində əməkdaşlıq, fundamental tədqiqatlar sahəsində əməkdaşlıq, məhsulların gömrükdən keçidinə nəzarət qaydalarında dəyişiklik, intellektual mülkiyyət məhsullarına gömrük nəzarəti mexanizmini təkmilləşdirilməsi, innovasiya əməkdaşlığının inkişaf etdirilməsi və məhsul istehsal edən ölkələrin müəyyən edilməsi qaydaları ilə bağlı olub. Bu sahələrin hər biri təşkilatın funksional imkanlarının inkişaf etdirilməsi üçün aktuallıq kəsb edir. Onların yerinə yetirilməsi müsbət nəticələr verə bilər. Ekspertlər burada bir sıra məqamları ayrıca vurğulayırlar. Məsələn, fundamental tədqiqatlar üzrə və innovasiyalı əməkdaşlıq bu qəbildəndir. Hər iki məsələ müasir dövrün tələbləri ilə sıx bağlıdır.

İntellekt və innovasiya: iki vacib faktorun qorunması

Ekspertlərin rəyinə görə, innovasiyalı inkişafla bağlı proqramın hazırlanması onu göstərir ki, MDB ilə bağlı irəli sürülən bir sıra bədbin proqnozların əsası yoxdur. Belə ki, bu təşkilatın potensialının tükənməkdə, onun gələcəyinin isə şübhə altında olduğu kimi fikirlər səsləndirilirdi. 2030-cu ilə qədər innovasiyalı inkişafın nəzərdə tutulması bu proqnozun əsassız olduğunu təsdiq edir.

İnnovasiyalar müasir cəmiyyətlər üçün olduqca vacib bir faktordur. İnkişafın innovasiyalı olması isə tamamilə yeni bir yanaşma tələb edir. Bunun reallaşdırılması MDB ölkələrinin birgə fəaliyyətində təsirli yeniləşmələrin sayəsində mümkündür. Bu baxımdan innovasiyalı inkişafa diqqət yetirilməsi özlüyündə ciddi infrastruktur, təşkilati, tədqiqat və çevik fəaliyyət mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu kimi vacib istiqamətlərin həyata keçirilməsi isə kompleks proqramların reallaşdırılması halında müsbət nəticə verə bilər.

Həmin bağlılıqda fundamental tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi əhəmiyyətli məqam kimi görünür. Bu, faktiki olaraq, MDB çərçivəsində elm sahəsində ortaq fəaliyyət mexanizminin yaradılması anlamına gəlir. Əlbəttə, onun reallaşdırılması asan məsələ deyil. Eyni zamanda, bunun üçün böyük maliyyə vəsaiti lazımdır. Ancaq ideya olaraq bu istiqamətdə ortaq fəaliyyət proqramlarının işlənib hazırlanması və konkret layihələrdə reallaşdırılması vacib bir özəllikdir. Təcrübə bu istiqamətdə üzv dövlətlərin nə dərəcədə qərarlı olduğunu göstərəcək.

Ekspertlər onu da vurğulayırlar ki, yuxarıda qeyd edilən məqamların işığında intellektual mülkiyyətin qorunması məsələsi xüsusi aktuallıq kəsb edir. Aşqabadda hökumət başçıları həmin məsələni iki aspektdə müzakirə ediblər. Onlardan birincisi birbaşa intellektual mülkiyyətin qorunmasına aiddir. Bu məsələ bütün dünya üçün aktualdır. MDB-yə üzv dövlətlərin intellektual mülkiyyətinin qorunması isə onların hər birində ixtiralar və kəşflərin müəlliflik hüququnun qorunmasına bağlıdır. Bu, həmin sahədə yeni texnologiyaların qanuni əsasda tətbiqi üçün də əlavə imkanlar yaradır.

Bu kontekstdə gömrük nəzarət-keçid məntəqələrində intellektual mülkiyyət kateqoriyasına daxil olan məhsullara nəzarət mexanizminin daha da təkmilləşdirilməsi zərurəti meydana çıxıb. Aşqabadda hər iki aspekt üzrə konkret sənəd qəbul edilib. Gözləmək olar ki, təşkilata daxil olan dövlətlər bu istiqamətdə addımlarını atacaqlar.

Təbii ki, Aşqabad sammitində aktual olan məsələlərdən biri kimi nəqliyyat-tranzit imkanlarının genişləndirilməsini vurğulamaq lazımdır. Görünür, təşkilata üzv olan dövlətlər bir sıra beynəlxalq layihələrdə daha fəal mövqe tutmaqda qərarlıdırlar. O cümlədən "Bir kəmər, bir yol" beynəlxalq layihəsi coğrafi olaraq MDB ölkələri ilə sıx əlaqəlidir. Çindən başlayıb Avropaya gedən yol üzərində bir neçə MDB ölkəsi var. Çinin irəli sürdüyü layihədə MDB-yə üzv dövlətlərin müstəqil iştirak etdiyi məlumdur. Lakin onlar həm də MDB-nin üzvləri olduqlarından, obyektiv olaraq, təşkilat üzvü kimi də müəyyən fəaliyyətləri koordinasiya etməli və hüquqi aspektdə tənzimləməlidirlər.

Beləliklə, hökumət başçılarının Aşqabad sammitinin səmərəli olduğunu demək olar. Orada qəbul edilən sənədlər reallaşdırılsa, təşkilat daha güclü struktura və funksional imkanlara malik olar. Ancaq bununla yanaşı, indidən diqqət yetirilməli və prinsipial xarakter daşıyan məqamların da olduğunu unutmaq olmaz. Bu sırada MDB-yə üzv olan ölkələr arasında münaqişələrin mövcudluğu xüsusi qeyd edilməlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən, iki ölkənin MDB üzvü kimi əməkdaşlığı mümkün deyildir. Azərbaycan Ermənistanı təcavüzkar siyasətinə görə bütün regional layihələrdən təcrid edib. Erməni ordusu işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyənə qədər bu vəziyyət davam edəcək. Bu səbəbdən qəbul edilən sənədlər nə qədər aktual və perspektivli olsa da, münaqişələr həll edilməyincə onların həyata keçməsi imkansızdır.

Buradan məntiqi bir nəticə əldə edilir: Aşqabad sammiti bir daha təsdiq etdi ki, MDB məkanında mövcud olan münaqişələr mütləq həll edilməlidir. Bu istiqamətdə təşkilat fəallığını xeyli artırmalıdır. Onun bütün proqramlarının gələcəyi münaqişələrin taleyi ilə əlaqəlidir. Həmin məsələyə dair Aşqabadda sənəd imzalanmasa da, yazılmamış qanun kimi aktual olduğu bir daha aydın oldu.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...